🎞 Images of All time

“Bütün ZAMAN-ların ən təsirli 100 fotoşəkli” #21

“Bütün ZAMAN-ların ən təsirli 100 fotoşəkli” seriyasından olan növbəti postu “Facebook”un İctima Davranış Qaydaları səbəbilə bloqda paylaşmalı oluruq. Seriyadan növbəti fotoşəkillərdə də “Facebook”un qaydalarına əks hər hansı kontent olarsa, onlar da bloqda paylaşılacaqdır. 

Əvvəlcə bioqrafiya

Gördüyünüz bu fotoşəklin müəllifi Henrix Hofmandır. 12 sentyabr 1885-ci ildə doğulan Henrix atası kimi fotoqraf olmaq yolunu seçmişdi. Bu yolda məşhurluğunu isə 1908-ci ildə çəkdiyi qəza fotoşəkli ilə qazanır. 

İllər keçdikcə məşhurluğu və nüfuzu artan Henrix Hofman 1920-ci ildə yaranan Nasional Sosialist Alman Fəhlə Partiyasına (NSAFP) üzv olur. Bu zaman artıq Hofmanın çəkdiyi fotoşəkillər poçt markaları, kartpostallar, posterlər və ayrıca şəkilli kitablar şəklində çap olunurdu.  

1920-ci illər eyni zamanda elə bir dövrə təsadüf edir ki, bu zaman həm NSAFP-ın, həm də Hitlerin nüfuzunun sürətlə yüksəlişi baş verir. Vəziyyətdən istifadə edən fotoqraf poçt markaları üzərində Hitlerin fotoşəkillərinin istifadəsini təklif edir və bu təklif həyata keçirilir. 

1933-cü ildə o, Reyxstaqa üzv seçilir. 1938-ci ildə isə Henrix Hofmana Adolf Hitler tərəfindən Professor elmi adı verilir. Beləliklə, fotoqraf artıq Nasist Partiyasının mətbuat orqanlarında, propaqanda mətnlərində hər zaman imzası olan şəxslərdən birinə çevrilir. Hitlerin ən sevimli fotoqrafı olmaq da ancaq belə bir şəxsə yaraşardı. Henrix Hofman öz nüfuzunu qızı Henrietanı “Hitler Gəncliyi” təşkilatının qurucusu Baldur fon Şirax ilə evləndirərək daha da möhkəmləndirir.

Ancaq bu nüfuz və şöhrət II Dünya müharibəsində Almaniyanın məğlubiyyəti ilə sona yetir. O, 10 may 1945-ci ildə ABŞ hərbçiləri tərəfindən ələ keçirilir və məhkəmənin qərarı ilə 4 il müddətinə həbs edilir. 1950-ci ildə azadlığa çıxan Henrix Hofman 1957-ci ildə doğulduğu Münhen şəhərində vəfat edir. 

Fotoşəkil haqqında

“Hitler Nasist Partiyasının Mitinqində” (Hitler at a Nazi Party Rally), 1934 

Bükeburq Məhsul Festivalı, 30 sentyabr 1934-cü il

Nasistlər üçün görünüş oksigen qədər önəmli idi. Henrix Hofman da bu faktoru Hitlerin hakimiyyət uğrunda mübarizəsini səhnələşdirmək və insanlara təqdim etmək üçün istifadə etdi. 1920-ci ildə Partiyaya qoşulan və Adolf Hitlerin şəxsi fotoqrafı və eyni zamanda sirdaşı olan Hofman rejimin propaqanda karnavallarının xareoqrafiyasının hazırlayır və bu görüntüləri Böyük müharibədən məğlub çıxmış alman xalqına təqdim edirdi. Onun hazırladığ səhnələr və fotoşəkillər arasında ən uğurlusu isə Fürerin 1934-cü ilin sentyabrında Bükeburq Məhsul Festivalında çəkilmiş görüntüsü idi.

Bu simmetrik fotoşəkildə Fürer şeytani görüntüsü ilə öz əsgərlərinin əhatəsindədir. Arxa fonda isə onu dəstəkləyən alman xalqı görünür. Henrix Hofman fotoşəkillər ilə alman propoqanda maşınını bəsləyir və rejimin şeytani gücünü yayılmasına çalışırdı. Bu məqsədlə o, Liderinin 2 milyondan çox fotoşəklini çəkmişdi.

 Birinci dünya müharibəsindən məğlub çıxan alman xalqı alçaldılmışdı, böyük təzminatlarla cəzalandırılmışdı. Mənlik duyğusunu geri qazanmağa can atan xalq 1930-cu illərdə nüfuzu sürətlə yüksələn, məğlubedilməz görünən Adolf Hitlerin ətrafında birləşməyə başlayır. Bu yolda Hofmanın çəkdiyi və nasist propaqandasına xidmət edən fotoşəkillər də az rol oynamadılar. Nəticədə isə bütün dünya yeni bir müharibəyə doğru yuvarlanmış oldu.

JSaffar
Bookworm, captain of Diplomaticos team

    Comments are closed.

    0 %