Science

Hiperrealıq haqqında qısa şərh…

Həqiqət sizindir. Həqiqəti siz yaradır və siz istehlak edirsiniz. Filosofların yuxusunu qaçıran həqiqət və reallıq 21-ci əsrdə öz mənalarını artıq itirmiş vəziyyətdədir. Çünki müasir dövr rəqəmsal dünyanın hegomaniyasına girmişdir – bu dünyada reallıqlara yer yoxdur. Onun yerini reallığa oxşar, ancaq  “reallıqdan daha yaxşı formada” olan fenomenlər almışdır. Sosial media hər bir cismin, əşyanın, mənzərənin və hətta insanın filtr, foto-sessiya və video-çarxlarla inşa edildiyi bir prosesə çevrilmişdir. Virtual dünya artıq hiperreallıq dünyasıdır.

Bütün bu qarmaşanı anlamaq üçün sıfırdan təriflər vermək, ən məqbul hesab edilən yoldur. Əvvəla reallıq nədir: reallıq, insandan müstəqil və obyektiv şəkildə, insan xaricində; daima mövcud olan varlıq dünyasıdır. Reallıq dünyası insanın varlığından asılı olmadan davamiyyətini sürdürür. Lakin real bir varlıq olaraq insan da həmin dünya ilə münasibətə girərək ona təsir göstərə bilməkdədir. Həmçinin əks-təsir də mövcuddur. Reallığın insan şüuruna təsir edən tərəfi isə həqiqətdir. İnsan düşüncəsindəki, hissiyatındakı, idrakındakı hökmlərin real dünya ilə üst-üstə düşməsinə həqiqət deyilir. Mühakimələrimizin gerçəklik ilə nisbəti onun həqiqi və yalanlığının dərəcəsini bizə göstərməkdədir.

XX-ci əsr və xüsusən də XXI əsrdə rəqəmsal dünyanın inkişafı ilə insanlıq başqa bir dövrə addım atır. İlkin olaraq həqiqətin məzmunu deyişir. Modernizmdə həqiqət, intellektualların yaratdığı bir məfhumkən post-modernizmlə bərabər həqiqət hər kəsin yaratdığı bir xüsusiyyət qazanır. Çünki müəyyən əldə toplanmış yaradıcılıq qabiliyəti Nasizm, Faşizm kimi ideologiyaların cəmiyyətlər tərəfindən mənimsədilməsində vasitəçilik göstərir. Digər yandan rəqəmsal dünyanın və ələlxüsus internetin inkişafı böyük kütlələrin bir-birinə bağlaması ilə bərabər, real dünyaya parallel virtual dünyanın meydana gəlməsinə də yol açır. Artıq insanlar üz-üzə münasibət qurduqları zamanları aşıb, ölkələr arası əlaqələr yaratmağa, öz düşüncələrini bütün dünyaya yaymağa da qadir olurlar. Nəticədə bugün hər hansı bir yerdə yaranan hadisə dünyanın dörd bir tərəfində oxuna, öyrənilə bilir və şərh edilə bilincəcək hal alır. Bu, artıq internetdən istifadə edən hər bir şəxsin fenomenlər üzrə öz həqiqətlərini yaratmalarına səbəb olur. Sosial medianın quruluşu ilə bərabər reaksiyalarımız artıq gün üzünə çıxır. Halbuki burada yaşanan problem: bizim düşüncələrimizin virtual bir dünyadan öyrənilən məhdud məlumatlar ilə yaranması və məhdud reallığa məhdud biliyimiz vasitəsi ilə ona bir həqiqilik verməyimizdir. Beləliklə mərkəzsiz, təyin edilməmiş bir çox həqiqət peyda olmaqdadır. Reallıq artıq özlüyünü itirmişdir və üstəlik çoxluq reallığın nədən ibarət olması ilə maraqlanmır. Fərdlərin maraq dairəsi internet aləmində onlarla qurulan yaxud onların düşüncələrinə verilən münasibətin keyfiyyəti ilə bünövrələnmişdir. Fərdlərin həqiqəti, obyektiv reallıqla deyil, bəyənmə sayına görə sistemləşir. Artıq həqiqət bizim yaratdığımız və bizim istehlak etdiyimiz bir şeydir.  Ona veriləcək mənanı da biz təyin edirik. Bütün bu proses nəticəsində post-truth yəni gerçəklikdən uzaqlaşdırılmış həqiqət anlayışı yaranmışdır.

Bununla yanaşı həyatımızın hər sahəsinə sadəcə yazılı informasiyalar deyil, virtual informasiyalar da nüfuz etməyə başlamışdır . Cibimizdə daşıdığımız və asanlıqla yüksək keyfiyyətdə video-çarx və foto-şəkil çəkən ağıllı telefonlarla insanın ən ibtidai xislətinə toxunan və onu şövqə gətirən görünüş dünyasını da dəyişdirə bilirik. Müxtəlif proqramlar vasitəsi ilə bizim həyatımızın müəyyən bir anını datalaşdıran foto-şəkil və video-çarxlar bəyənilmə sayına görə formalaşır və virtual dünyada başqa insanların da bəyənməsi üçün təqdim olunur. Bu dünyada reallığın əhəmiyyəti yoxdur. Çünki hər şəy başqalarının bəyənmə reaksiyasından asılıdır. Ancaq bu dediklərimiz müasir dünyanın ən sadə açıqlamasıdır. XX-ci əsrdə yaşamış Fransız filosof  Jean  Baudrillardın məfhumlaşdırmasında istifadə edərsək, həmin dünya simulasiya dünyasıdır. Simulasiya dünyası simulakr adlanan ən ümumi zərrələrdən meydana gəlir. Bunlar, həqiqət və reallıqla əlaqəsi olmayan; fərdlərin özlərini cəmiyyətdə qəbul etdirmək üçün yaratdığı fenomenlərdir. Bu fenomenlər CV-lərimizdən tutmuş, instagram hekayələrinə qədər geniş bir spektruma sahibdir. Simulakrlarla – mövcud olan həyatımızdan başqa bir həyatı – internet dünyası yükləyir və o cür yaşadığımızı dünyaya elan edirik. Şəxslərə gələn bəyənmə və reaksiyalar, həmin simulakrlara görə yaranır; və bəzi simulakrlar kütlələr tərəfindən bəyənilərək simvollaşdırıla bilinir. Simulativ dünyada hər şey mümkündür. Çünki bu mühitdə mütləq bir zəmin yoxdur. Hansı reallıqdan danışıldığı bilinməzdir. Fərdlər, imkan qabiliyyətində yeni bir fərdi dünya yaratmağa qadirdir. Bu səbəb ilə post-modern era hər şəyin bilindiyi, ancaq heç nəyin mütləq olmadığı, anlaşılmaz bir eradır.

Post-truth informasiya ilə simulativ dünyanın sistemləşdiyi və daha böyük bir struktur halını aldığı reallığa verilən ad isə hiperreallıq deyilir. Hiperreallıq sizin siz olmadığınız, ancaq sizin yaratdığınız, sizin yaradıb istehlak etdiyiniz və sosio-iqtisadi olaraq cəmiyyətdə müəyyən bir yer əldə etməyə çalışdığınız yaxud bunun kommunikasiya vasitəsi olduğuna inandığınız üçün bir ehtiyac olduğunu söylədiyiniz ya da tərsinə bunların heç biri olan bir reallıq növüdür. O həm vardır, həm də yoxdur. Çünki orada heç nə tam həqiqi deyildir.   

What's your reaction?

Excellent
0
image/svg+xml Happy
0
In Love
0
Wow
0
Funny
0

Comments are closed.

0 %