Elm

Səmadakı möhtəşəm “Meduza”

Əgər nə vaxtsa bir fırtına zamanı göy üzünə baxmısınız və orada nəhəng qırmızı meduza görmüsünüzsə, narahat olmayın bu, kabus deyildi. 

Çadıra bənzəyən görünüşləri ilə çox qısa zaman ərzində baş verən şimşəkləri görmək, fotoqraflar tərəfindən şəklini çəkmək olduqca çətin olduğundan onları “ruh” (səmanın ruhu) adlandırırlar. Avropa Kosmik Agentliyi bu şimşəklərin atmosferin yuxarı qatlarında (təqribən 60-80 km) çaxan və kosmosa doğru yönələn ultrasürətli elektrik axınları olduğunu bildirir.

Bu atmosfer fenomeni nadir xüsusiyyətə malik olmaqla sadəcə saniyənin onda biri qədər müddətdə davam edir. Qeyd olunan şimşəklərin Yerdən görülməsini çətinləşdirən digər bir amil də fırtına buludlarıdır. Ancaq McDonald Rəsədxanasının “qaranlıq səma” üzrə mütəxəssisi Stephen Hummel bu “ruh”lardan birinin görüntüsünü 2 iyul tarixində çəkməyi bacarıb. O, bu görüntünü Texasdakı Locke dağının zirvələrinin birində əldə edib.

“Ruh şimşəklər adətən çox qısa müddətdə sönük və boz tonlarda gözə görünürlər. Görə bilmək üçün gərək onları axtarasınız. Əksər vaxtlarda şəkil çəkdikdə ruh şimşəkləri gördüyümə kamerada fotoşəkilləri təkrar-təkrar yoxlayana qədər əmin olmuram”, – deyir mütəxəssis. 

Stephen Hummel bu fotoşəkli çəkdiyi gecə görüntünü əldə edənə kimi 4 saat yarımlıq video görüntü lentə alıb. “Bu il ümumilikdə 70 saatlıq video görüntü və təqribən 70 “ruh”un fotoşəklini çəkə bilmişəm”, – deyən Hummel bu “ruh”ların yarısını tək bir fırtınada qeydə aldığını bildirir.

Stephen Hummelin 2 iyulda çəkdiyi meduza

Alyaska Universitetinin 2011-ci ildə vəfat edən professoru Davis Sentman bu atmosfer fenomeninə “ruh” adının verilməsini təklif etdi. O, bu sözün şimşəyin ruha bənzəyən, qısa müddət davam edən təbiətinə tam uyğun gəldiyini bildirirdi.

Bəzi “ruh”lar Hummelin çəkdiyi kimi meduza formalı olurlar. Digərləri isə yuxarıdan aşağıya doğru uzanan, qırmızı şaquli sütunlar formasındadırlar. Bunlara isə “kök ruh”lar (carrot sprites) deyilir.

Meduza şimşəkləri olduqca nəhəng ola bilirlər. Hummelin şəklini çəkdiyi şimşək çox güman ki, 50 km enində və 50 km uzunluğunda idi. Onların bəzilərini isə hətta 500 km uzaqlıqdan görmək mümkündür. 

Bu hava fenomeni ona görə baş verir ki, ildırım yeri vurduqda o, səmanın başqa hissəsində bərabər və əks yüklü enerji ilə balanslaşdırılmalı olan müsbət elektrik enerjisini buraxmağa meyllidir. Yəni bu “ruh”lar balanslaşdırıcı funksiyasını yerinə yetirən elektrik boşalmalarıdır. 

Hummel “Bir fırtına nə qədər güclüdürsə və nə qədər çox şimşək yaradarsa ruh şimşəklərin baş vermə ehtimalı da o qədər artar”, – deyir.

“Meduza”lar kosmosdan ani baxışla görülə bilər 

Elektrik yüklü hava, buludlar və torpaq arasında baş verən adi şimşəklərdən fərqli olaraq ruhlar Yer səthindən olduqca uzaqda baş verirlər. Bəzən astronavtlar onları Beynəlxalq Kosmik Stansiyadan müşahidə edə bilirlər. 

Astronavtların Beynəlxalq Kosmik Stansiyadan gördükləri ruh şimşək. Avqust 2015, NASA

Ruh şimşəklər çaxdıqda Yer atmosferindən qalxan azot qazı səbəbilə qırmızı rəng alırlar. Belə ki, qaz elektrik partlayışı ilə həyəcanlanır və ətrafa qırmızı parıltı yaymış olur. 

Mənbə: AYLIN WOODWARD, BUSINESS INSIDER

JSaffar

Bookworm, captain of Diplomaticos team

Oxşar yazılar

Back to top button