Məhəmməd Əmin Rəsulzadə – həyatını Azərbaycana adamış ulu öndər
Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin yanvar ayının 31-də Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur. O, ilk təhsilini İkinci Rus-Tatar məktəbində almış, sonra Bakı-Texniki məktəbinə daxil olmuşdur. Burada bir qədər oxuduqdan sonra təhsilini yarımçıq qoyub, bütün fəaliyyətini siyasətə yönəltmişdir. M.Ə.Rəsulzadənin ilk mətbu yazısı 1903-cü ildə Tiflisdə çıxan “Şərqi Rus” qəzetində çap olunur. “Bakıdan məktub” başlığı altında nəşr edilən bu məqalədə M.Ə.Rəsulzadə elmin, təhsilin, məktəbin vacibliyindən bəhs edirdi.
1909-1913-cü illər arasında Məhəmməd Əmin Rəsulzadə İrana, oradan isə Türkiyəyə gedərək geniş fəaliyyət göstərir. 1913-cü ildə isə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvdən sonra M.Ə.Rəsulzadə Bakıya qayıda bilir. Qayıtdıqdan sonra Müsavat partiyasının rəhbərliyinə keçən M.Ə.Rəsulzadə, onun proqramını formalaşmış yeni siyasi şəraitə uyğun şəkildə işləyib hazırladı və partiyanı türk-islam sintezini əsas tutan türkçü bir quruluş halına gətirdi.
1917-ci ilin 27 fevralında Rusiyada Fevral-Burjua inqilabının baş verməsi Azərbaycandakı ictimai-siyasi proseslərə ciddi təsir göstərdi. Fevral inqilabından sonra 1917-ci ilin martın 29-da Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi yaradıldı. Müvəqqəti Komitənin sədri M.H.Hacınski, onun müavini isə Məhəmməd Əmin Rəsulzadə seçildi. Həmin ildə aprelin 15-dən 20-dək Qafqaz müsəlmanlarının qurultayı keçirildi. M.Ə.Rəsulzadə milli qruplara azad özünütəyinetmə hüquqlarının verilməsini tələb edərək, Rusiyanın ayrı-ayrı xalqları sonradan milli-ərazi muxtariyyəti prinsipləri əsasında İttifaq dövləti yarada biləcəklərini vurğulayırdı. Mayın 1-dən 11-dək Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayı zamanı M.Ə.Rəsulzadə “Ərazi Muxtariyyəti” ideyası ilə çıxış edərək, Rusiyanın idarəsinin federativ olmasını bildirirdi. Onun bu ideyası 271 səsə 446 səslə qəbul edildi.
1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş dövrü başladı. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdülər. 1918-ci ilin fevralından, Zaqafqaziya Seyminin fəaliyyətə başlamasından sonra Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsinin yeni mərhələsi başlandı. Həmin ilin fevralın 23-də Tiflisdə Zaqafqaziyanın qanunverici orqanı – Zaqafqaziya Seyminin açılışı oldu. Seymdə Azərbaycan fraksiyası 44 millət vəkili ilə təmsil olunurdu.
1918-ci ildə baş verən azərbaycanlılara qarşı erməni soyqırımı Zaqafqaziya Seymindəki münasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Seymin bu məsələyə laqeyd qalması azərbaycanlı nümayəndələrin etirazlarına və narazılıqlarına səbəb oldu. Eyni zamanda Seymin gürcü-erməni çoxluğu Bakı Sovetinə ciddi təsir göstərmək istəmirdi. Gürcülər və ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idi. Zaqafqaziya hökumətinin Türkiyə ilə apardığı müharibə 8 gündən artıq çəkmədi. Aprelin 19-da Seymə daxil olan Azərbaycan nümayəndələrinin birgə yığıncağında onlar Zaqafqaziyanın müstəqilliyini tələb etdilər, əks halda onlar Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklərini bildirdilər. 1918-ci ilin aprelin 22-də Zaqafqaziyanın müstəqilliyi elan edildi.
Zaqafqaziya Seymi daxilindəki narazılıqlar mayın 25-də gürcülərin Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə nəticələndi. 1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası keçirildi və fəaliyyəti dayandırıldı. Seymin fəaliyyəti dayandırıldıqdan sonra 1918-ci ilin mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. Müsavat Partiyası M.Ə.Rəsulzadənin sədrliyini irəli sürdü. İttihad Partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın Sədri seçildi. Mayın 28-də Milli Şuranın ilk iclasında bir sıra məsələlər müzakirə edildi. Elə həmin gün Azərbaycanın müstəqilliyi də elan edildi.
1918-ci il sentyabrın 15-də türk qoşunlarının və Azərbaycanın yeni yaranmaqda olan hərbi hissələrinin kəskin hücumu ilə Bakı şəhəri alındı. 1918-ci ilin dekabrın 7-də, gündüz saat 13:25-də Azərbaycan Parlamentinin açılış mərasimi oldu. Məhəmməd Əmin Rəsulzadə öz nitqi ilə çıxış etdi: “Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi.” Azərbaycan Parlamentində Müsavat Partiyasının bəyannaməsini də təşkilatın lideri M.Ə.Rəsulzadə elan etdi. Həmin tarixi bəyannamədə göstərilirdi: “Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqram- dır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalıdırlar.”
Məhəmməd Əmin Rəsulzadə 1918-1920-ci illərdəki fəaliyyətində Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətlə mübarizə aparırdı. Ancaq Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq nüfuzunun artdığı bir zamanda 1920-ci ilin 27 aprel işğalı baş verdi. Aprelin 27-də azərbaycanlı bolşeviklər gündüz saat 12-də Azərbaycan K(b) P MK, RK(b)P Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından parlamentə 12 saatlıq ultimatum verdilər. Ultimatumu müzakirə etmək üçün yaradılan parlament komissiyası ilə kommunistlər arasında gedən danışıqlardan sonra qərara alındı ki, bu məsələ parlamentin fövqəladə iclasına çıxarılsın. Azərbaycan Parlamentinin 1920-ci ilin 27 aprelində sonuncu 145-ci iclası keçirildi. M.Ə.Rəsulzadənin təklifi ilə iclasın açıq formada olması qərara alındı.
Axşam saat 19:30-da parlamentin fövqəladə iclasında M.Hacınski komissiya adından bildirdi ki, kommunistlərin ultimatumunun bütün şərtləri müsavatçıların lideri Məhəmməd Əmin Rəsulzadə istisna olmaqla komissiya tərəfindən qəbul edilir. M.Ə.Rəsulzadə son dəfə olaraq parlamentin iclasında çıxış edərək deyir: “Əfəndilər, mötəcaziz bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təxmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur, istila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcavizanə ultimatumu rədd etməliyik.” Sədr M.Y.Cəfərov verilən ultimatumu səsə qoydu, üç nəfər bitərəf qalmaqla hakimiyyət bolşeviklərə verildi.
1920-ci ilin aprelin 27-də baş verən hadisələrdən sonra M.Ə.Rəsulzadə gizli fəaliyyətə başladı. Azərbaycanın işğalının ilk günündən bolşeviklər qanlı üsullara əl atdı. Bu dövr Azərbaycanda bolşevik rejiminin ən təhlükəli zamanı idi. Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək M.Ə.Rəsulzadə şəhəri tərk etməyi qərara aldı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustunda Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. 1920-ci ildə o, Stalinin əmri ilə azad olunur. Həbsdən azad edildikdən sonra M.Ə.Rəsulzadə ailəsi ilə qısa müddətdə görüşüb Stalinlə Moskvaya yola düşdü. Moskvada o, bir müddət RSFSR Millətlər Komissarlığında çalışdı, sonra ora dan Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan Türkiyəyə getdi. 1922-ci ilin sonlarından M.Ə.Rəsulzadə İstanbulda fəaliyyətə başladı.
Məhəmməd Əmin Rəsulzadə Türkiyədə “Yeni Qafqasya” jurnalını təsis edərək Azərbaycanla siyasi əlaqələrinin qopmadığını göstərirdi. Ancaq Sovet hökuməti hər vasitə ilə “Yeni Qafqasya”nı bağlamağa çalışırdı. Nəhayət, 1927-ci ildə Sovet dövlətinin təzyiqi ilə Türkiyə hökuməti “Yeni Qafqasya”nın nəşrini qadağan etdi. “Yeni Qafqasya”nın nəşri dayandırıldıqdan sonra M.Ə.Rəsulzadə böyük cəhdlərlə “Azəri Türk” jurnalının çapına nail oldu. Jurnal 1928-ci ildə İstanbulda nəşrə başladı. M.Ə.Rəsulzadə 1931-ci ildən sonra Türkiyədə fəaliyyətlərinə imkan verilmədiyinə bərk təəssüflənir, Azərbaycan istiqlalçılıq məfkurəsi səsinin boğulmasından narazılıq edir, bildirirdi ki, bu iş qardaş Türkiyənin əli ilə edilmişdir.
1934-cü ilin noyabr ayından başlayaraq Məhəmməd Əmin Rəsulzadə Berlində “Qurtuluş” jurnalını nəşr etdi. 1936-cı ilin sentyabrından Polşada “Müsavat Bülleteni”ni də nəşr etməyə başladı. M.Ə.Rəsulzadə 1931-ci ildə Türkiyəni tərk etmək məcburiyyətində qaldıqda ona və dostlarına sığınacaq verən məhz Polşa və Almaniya olmuşdu. Bundan əlavə M.Ə.Rəsulzadənin 1938-ci ildə Polşada Azərbaycan xalq nəşriyyatı tərəfindən polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabı da çap olunmuşdu. 1939-cu ildə Sovet qoşunları Polşanı işğal etdikdə M.Ə.Rəsulzadə ölkəni tərk etmək məcburiyyətində qaldı. O, Rumıniyanın paytaxtı Buxarestə gedib burada fəaliyyətini davam etdirdi. Məhəmməd Əmin Rəsulzadə Hitlerin ideya və fikirlərini qəbul etmirdi. Almanlar hər vasitə ilə onunla işbirliyi etmək istəsələr də, M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinin elan edilməsinin alman siyasəti ilə uyğunlaşmadığını görüb Berlindən ayrılır və Buxarestə gedir.
Məhəmməd Əmin Rəsulzadə 1948-ci ildə Türkiyəyə qayıtdıqdan sonra Ankarada Azərbaycan Kültür Dərnəyinin yaradılmasına nail olur. M.Ə.Rəsulzadənin sonrakı fəaliyyətində bir mühüm təşəbbüs də, 1952-ci ilin 11-16 dekabrında Münhendə Ümumi Qafqaz Konfransının keçirilməsinə nail olması idi. 1953-cü ildə M.Ə.Rəsulzadə Azərbaycan İstiqlalının 35-ci ildönümü münasibəti ilə “Amerikanın səsi” radiosundan Azərbaycan xalqına müraciət etdi. 1955-ci il martın 6-da Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu Məhəmməd Əmin Rəsulzadə Ankarada vəfat etdi. Son sözləri isə üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” olmuşdur. ****Ankara radiosu martın 7-də saat 22.45-də M.Ə.Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı. M.Ə.Rəsulzadənin Azərbaycanda yaşayan ailəsi Stalin repressiyalarından kənarda qalmadı: oğlu Rəsul 20 yaşında güllələndi, bütün ailəsini, əksər qohumlarını Qazaxıstana sürgünə göndərdilər. Sürgündə M.Ə.Rəsulzadənin analığı Maral xanım, həyat yoldaşı Ümmülbanu xanım vəfat etdi. Bir qızı (Lətifə) soyuqdan donaraq dünyasını dəyişdi. Digər qızı Xalidə Bakıya qayıtdıqdan sonra itkin düşdü. Yeganə sağ qalan oğlu Azər isə 1993-cü ildə Qazaxıstanda, Karaqandada dünyasını dəyişdi.