Stephen Hawking – astrofizik haqqında bilinməyənlər
Fizika sahəsində baş verən yenilikləri izləməsiniz belə yəqinki Stephen Hawking haqqında müəyyən məlumata sahibsiniz. Stephen Hawking fizika sahəsindəki anlayışları daha sadə dildə insanlara təqdim edirdi. Hətta onun “Zamanın qısa tarixi” adlı əsəri ən çox satılan kitablar siyahısındadır. Bu dəfəki yazımızda Stephen Hawking haqqında bəhs edəcəyik.
Stephen Hawking fizika sahəsində göstərdiyi fəaliyyətlərə görə Nobel mükafatı almadı, lakin o, çox fərqli bir insan idi. Hawking 8 yanvar 1942-ci ildə anadan olmuşdu. Bu tarix həm də Galileonun ölümünün 300-cü ildönümü idi. Hawking 8 yaşında olarkən ailəsi ilə birlikdə Londonun yaxınlığındakı Sr. Albans adlı qəsəbəyə köçdü.
Hawkingin riyaziyyata olan marağı 14 yaşında özünü biruzə verdi, ancaq fizika ilə universitet illərinə qədər maraqlanmamışdı. Məktəbi bitirdikdən sonra Hawking Oxford universitetinə daxil oldu, ancaq atası dönəmin tanınmış həkimlərindən olmağı bacarmışdı və oğlunun da bu sahədə irəliləməsini istəyirdi. Buna rəğmən Hawking artıq öz yolunu seçmişdi.
Universitetdə fizika üzərində işləyərkən Hawking, bir çox tələbə kimi, avarçəkmə komandasında və universitetin əyləncələrində iştirak etdi. Dostları və həmkarları onu səmimi yumor hissi və gənc yaşlarındakı populyarlığı ilə xatırlayırlar. Ancaq diplomunu aldıqdan sonra Cambridge universitetində doktoranturaya qəbul olunan Hawking ömrünü bu sahəyə həsr etməyə başlayır.
Hawking həyatı bundan sonra köklü dəyişir.
Hawking həyat yoldaşı Jane Wilde ilə tələbəlik illərində tanış olmuşdu. 1965-ci ildə isə onlar evlənirlər. Daha sonra isə sinir hüceyrələrini sıradan çıxarması ilə bilinən və insanın iflic olmasına səbəb olan ALS xəstəliyinə çox gənc dönəmində – 21 yaşında yaxalanır. Hətta iddialara görə həkimi ilk vaxtlar ona sadəcə 2 il ömrünün qaldığını demişdi.
Bütün bunlar Hawking üçün yeni baxış bucağı qazandırır. Cambridge universitetində kosmos üzrə doktoranturasını tamamlamaq üçün faəliyyətini daha da intensivləşdirir. Onun üzərində işlədiyi mövzu zamanla ona 12 fəxri doktorluq ünvanı qazandırdı və İsaac Newton və Charles Babbage kimi tanınmış elm adamlarına verilən Lucasian professorluğu dərəcəsini aldı. Hawking danışmaq üçün nitq sintezatoruna ehtiyac duyduğu üçün müəyyən mövzularda söyləyəcəyi sözlərdə çox seçici idi.
Elm sahəsində uğurlu olsa da, Hawkingin ailə həyatında bir sıra problemlər var idi. Onların 3 uşağı var idi. Xanımının sözlərinə görə uşaqlar və həyat yoldaşının baxımı ailə üzərində böyük təzyiq yaratmışdı, hətta Hawkingin davakar eqosu olduğunu da söyləyirdi. Jane sonradan evləndiyi ikinci həyat yoldaşı Hellyer Jones ilə də elə bu dönəmlərdə tanış olmuşdu. Məsələyə reaksiya verən Hawking isə “Onu sevməyə davam etdiyinə görə heç bir problem yoxdur” demişdi. Hawkingin baxıcısı Elaine Mason ilə münasibəti 1991-ci ildə Jane ilə boşanmasına səbəb oldu.
Hawking və Mason 1995-ci ildə evləndilər, lakin 2006-cı ildə onlar da boşandı. Boşanma prosesində Hawkingin Masona şiddət tətbiq etdiyi iddiaları dolaşmağa başlamışdı, lakin Hawking bu iddiaları rədd edərək polisə ifadə verməkdən imtina etmişdi.
Qara Dəliklər
Hawkingin elmi fəaliyyətinin böyük hissəsini məkan-zaman anlayışlarını parçalayan və ulduzların gücünü itirərək yox olması nəticəsində yaranan qara dəliklərin öyrənilməsinə və müəyyənləşdirilməsinə həsr olunmuşdu. Hawkingin elmə verdiyi töhfələrini anlamaq üçün kainatdakı hər şeyi əhatə edən kiçik subatomik hissəciklərə nəzər salmalıyıq. Məsələn, cüt hissəciklər davamlı və birlikdə görünür və yox olur. Hər bir cütdə bir hissəcik və bir anti-hissəcik var. Bu hissəciklər eyni zamanda meydana çıxır, bir-birini tarazlaşdırır və meydana gəldikləri anda yox olurlar.
1970-ci ildə Hawking qara dəliklərlə bağlı maraqlı fikirlər səsləndirdi: qara dəliklər bir hissəciyi, ümumi olaraq isə anti-hissəciyi özünə çəkir, digər hissəciklər isə bu məhvolmadan qaçır. Hawking nəzəriyyəsinə görə qara dəliyin girişində meydana gələn və “Hawking radiasiyası” kimi tanınan bu radiasiya hissəciklərin qaçması nəticəsində ortaya çıxır. Hawking bunun digər hissəciklərin qara dəliyə düşməsi ilə tədricən genişlənən qara dəliklərin miqdarını azaltmağa kömək etdiyi ilə bağlı fərziyyə irəli sürdü. Zaman keçdikcə qara dəliklərin kütləsində azalma baş verir və partlayaraq gücünü itirir.
Tədqiqatçılar qara dəliyin mövcudluğunu dolayı yolla qiymətləndirməli olduqları üçün Hawking nəzəriyyəsini təsdiqləmək və ya ona qarşı çıxmaq çətin görünür. Bir tədqiqat qrupu laboratoriya şəraitində miniatür qara dəlik yaradaraq Hawking radiasiyasının həqiqi ola biləcəyini müşahidə edə bilmişdi. Ancaq bu nəzəriyyənin yalnız həqiqi qara dəliklə sübut ediləcəyi düşünülür.
Hawking öz üzərində işləməyi də bacarırdı. 1997-ci ildə tələbə yoldaşı John Preskill ilə mübahisəsi olmuşdu. Hawkingə görə bilgi qara dəliyin içinə düşərsə həmişəlik olaraq itirdi. Ancaq 2004-cü ildə Hawking bilginin yox olmadığını, əksinə başqa formalarda kainata yenidən sızdığını etiraf etmişdi.
Sizə maraqlı ola biləcək yazı: Kainatın qaranlıq üzü: Qaranlıq Enerji və ya hər şeyin sonu
Hawking sərhədsiz idi
Stephen Hawkingin fikirləri onu kainatın ucsuz bucaqsız nöqtələrinə aparırdı, ancaq daha da önəmlisi o öz işlərində Böyük Partlayışa xüsusi yer ayırırdı. Hawking elm adamı James Hartle ilə bu barədə fikirlər də irəli sürmüşdü. Kainat daim genişləndiyinə görə, elm adamları kainatın mənşəyini onun əksinə hərəkət edərək izləyə biləcəklərini irəli sürdülər, lakin ikili, Big Bang nəzəriyyəsinə görə kainatın başlanğıcındakı şiddətli partlayış üçün lazım olan son dərəcə sıx və yüksək enerjili topa çatana qədər kainatın kiçildiyini gördü; kainatın mənşəyi subatomik səviyyədə, getdikcə kiçilən formada müşahidə olunurdu.
Onların bu fikri çox qarışıq səslənirdi. Çünki onlara görə olduqca kiçik və detallı səviyyəyə endikdə – hissəciklər təsadüfi olaraq bir araya gəlib yox olduqda – kainatın zamandan ayrıldığı üzə çıxırdı. Başqa sözlə, bizim zaman haqqında anlayışımız vu səviyyələrdə artıq öz mənasını tamamilə itirirdi. Nəticədə Böyük Partlayışdan əvvəlki hadisələri qiymətləndirmək daha da çətinləşirdi.
Hawking və Hartle Yer kürəsinin dairəvi və bucaqsız olduğu kimi kainatın da sərhədi olmadığını söyləyirdilər. “Hawking və Hartle” vəziyyəti adlanan bu fikirləri izah etmək üçün sadə misal önə çəkilirdi; Cənub qütbünə çatdığınız anda “cənub” ifadəsinin mənası itir. Buna görə də, Böyük Partlayışdan əvvəlki hadisələri qiymətləndirərkən zaman anlayışı geriyə doğru müşahidə zamanı öz qavramını tamamilə itirir.
Tanrı, yadplanetlilər və Hawking
Hawking ölümünə yaxın həyat, ölüm, insanın kainatda tək ola bilməsi haqqında da fikirlər irəli sürürdü. 2011-ci ildə Hawking The Guardian-a verdiyi müsahibəsində deyirdi: “Beynin komponentləri sıradan çıxdıqda işini dayandıran kompyuter kimidir. İşləməyən kompyuterlər üçün ölümdən sonrakı həyat deyilən bir şey yoxdur; bu sadəcə qaranlıqdan qorxanlar üçün uydurulmuş bir nağıldır.” Məşhur alimin bu inancının təməlində dayanan fikir isə kainatın başlamaq üçün bir yaradıcıya ehtiyac duymaması fikri idi. Hawking kainatın yaranmasına səbəb kimi partlayış anında meydana gələn şərtlərin təsadüfi şəkildə baş verdiyinə inanırdı.
Hawkingi ateist kimi qələmə verirdilər, ancaq ona yaxın olan insanlar alimin özünü belə tanıtmadığını deyirdi. Əksinə, Hawkingə görə Tanrı fizika qanunlarının bir simvolu idi. 2012-ci ildəki müsahibəsində “Bu sizin həyatınıza və şəxsi münasibət qurduğunuz kainata müdaxilə edən bir Tanrı modeli deyil.” demişdi. Hawking Hartle ilə birlikdə irəli sürdükləri nəzəriyyənin Tanrını bir yaradıcı olaraq görmək ehtiyacının ortadan qaldırdığını söyləyirdi.
Məşhur alim həm də yadplanetlilərin varlığı barədə kifayət qədər spekulyativ idi. Başqa həyat növlərinin də ola biləcəyini vurğulayan alim, yadplanetlilərin Dünyaya mümkün səfərlərini Kolumbun Amerikaya səfərinə bənzədirdi. Onun inancına görə yadplanetlilərin texnologiyası bizim sahib olduqlarımızdan qat qat üstün idi və belə olduqda onların bizi tapa bilməməsi ən ideal variant sayılırdı.
Zehni sərhədsiz idi
21 yaşında yan amiotrofik sklerozun ilkin əlamətlərinin müşahidə olunmasından sonra Hawking yaşadığı ağır xəstəlik ilə akademik həyatı arasındakı balansı tarazlamalı idi. Xəstəliyi onun bütün bədənini iflic vəziyyətinə salmışdı. Xəstəliyinin ilk illərində onun vəziyyəti sürətlə pisləşirdi. 1974-cü ildə hətta bəslənə biləcək vəziyyətdə belə deyildi. Bir müddət sonra xəstəliyi yavaşladı və zaman zaman Hawking yaxşılaşmağa başladı. Buna rəğmən illər keçdikdə o artıq əllərini və üz ifadələrini də idarə edə bilməməyə başladı.
Əvvəllər Hawking kompyuteri və səs sintezatorunu barmağı ilə idarə edə bilirdi, ancaq əllərinə nəzarəti itirdikdən sonra ünsiyyət qurmağın yeganə yolu yanaq əzələlərini hərəkətə keçirmək idi. Onun üçün dizayn edilmiş bir çox kompyuterdə söz siyahıları var idi. Kompyuterdəki göstərici istifadə etmək istədiyi sözün üstünə gəldikdə Hawking yanaq əzələsini tərpədir, cümlə qurana qədər bu üsulla sözləri seçirdi. 1990-cı ildə o, dəqiqədə 10-15 söz arası seçim edə bilirdi.
Stephen Hawking 76 yaşında Cambridge şəhərindəki evində dünyaya gözlərini yumdu. Onun üç oğlu və üç nəvəsi var idi. 2018-ci ildə ölümündən sonra oğlu atası haqqında belə demişdi: “Bir dəfə bizə dedi ki, sevdiyimiz insanlar olmasaydı, kainatın bir mənası olmazdı.”