Bir şəhərin içində gizlənən ən böyük piramida
Meksikada yerləşən Böyük Çolula piramidası 2500 ildən çoxdur ki, kimlər tərəfindən və niyə tikildiyi bilinmir. Bununla da Piramida dünyanın ən böyük sirli piramidası ünvanını qoruyur. Meksiyadakı Çolula şəhərini kəşf edən ispan tədqiqatçı Hernan Cortes şəhərin gözəlliyinə heyran qaldığını öz qeydlərində vurğulayırdı, ancaq onun gözündən qaçırdığı önəmli nüans var idi: şəhərin mərkəzindəki düzənlikdəki nəhəng təpə. Cortes bunun təbii xüsusiyyət olduğunu düşündürdü, ona görə də buna xüsusi diqqət ayırmadı. Təpənin yerli dildəki adı Tlachihualtepetl (süni dağ) idi və Böyük Çolula Piramidası da bu təpənin zirvəsində gizlənmişdi.
İspanların bu piramidanı gözdən qaçırmalarının sadə açıqlaması var. Palçıq əsaslı kərpicdən hazırlanan bu tikilinin üzəri torpaqla da örtüldüyü üçün onu təpədən fərqləndirmək mümkün olmayıb. Halbuki 400 metr enliyə və 65 metr hündürlüyə sahib bu piramida ölçü və həcminə görə dünyanın ən böyük piramidasıdır. Calgary Universitetindən arxeoloq Geoffrey McCafferty bu nəhəng piramidanı araşdırarkən onun haqqında çox az adamın bilməsinə təəccüblənirdi. Piramida haqqında bir sıra nəzəriyyə və fərziyyələr mövcuddur; onu kimin və niyə tikməyə başlaması da buna daxildir. Təxminən bir əsrlik arxeoloji tədqiqatlara baxmayaraq, McCafferty qeyd edir ki, “2500 illik Çolula Mezoamerikanın ən böyük sirlərindən biri olaraq qalır”.
Çolula piramidası haqqında ciddi araşdırmalara 1930-cu ildən sonra başladı. Arxeoloqlar bu tikilinin iç içə keçmiş silsilə piramida sistemi olduğunu kəşf etdilər. Çolula üst-üstə tikilmiş dörd fərqli piramidadan ibarət bir meqa-piramida idi. Üstəlik, bu təbəqələr fərqli inşaat texnologiyalarını və memarlıq yanaşmalarını təcəssüm etdirirdi, yəni fərqli dövrlərdə və bəlkə də fərqli sivilizasiyalar tərəfindən hazırlanmışdır.
Sizin üçün maraqlı ola biləcək yazı: Həyatdan dəyərli ölüm – ölü sevgisi və heyvan vəhşəti
McCafferty yaradıcılarının bu piramidanı “Axis mundi” (yeraltı dünyanın, yerin və göylərin kosmik qovşağı) olmasını nəzərdə tutduğuna inanır. İçəri divarlarında təsvir olunmuş ilan, yaquar, kəllə rəsmləri buna bir işarədir, lakin piramida ilə bağlı tarixi sənədləri əldə etmədən bu barədə dəqiq fikir söyləmək çətindir. Hekayənin ən təəccüblü nöqtələrindən biri də ispanların fərqində olmadan təpənin zirvəsinə kilsə tikməsi ilə Piramidanın tarixində yeni səhifə açmış olmasıdır. La Iglesia de Nuestra Senora de Los Remedios adlanan bu kilsə 500 il əvvəl inşa edilib və hələ də piramidanın üzərində dayanır.