Facts
Trending

“Dəmir qübbə” hava hücumundan müdafiə (HHM) sistemi

2016-cı ilin Aprel döyüşlərindən sonra və xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın da sahib olması söyləntiləri dolaşan “Dəmir qübbə” HHM sistemi son günlər İsrail polisi ilə fələstinlilər arasında baş verən toqquşmalar və ardınca baş tutan raket hücumları zamanı müdafiə olunmada etibarlılığını bir daha sübut edir.

Sosial mediada paylaşılan bir çox video və foto görüntülərdə “Dəmir qübbə”nin effektivliyinin əyani şahidi olmaq olar.

Bəs nədir “Dəmir qübbə”?

“Dəmir qübbə” İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən istehsal olunan, istənilən hava şəraitində işləməyi bacaran, qısa mənzilli, çoxməqsədli və mobil hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa mənzilli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır.

“Dəmir qübbə” Qəzzə ərazisindən atılan qısa və orta mənzilli raketlərə cavab olaraq İsrailin qarşı-qarşıya qaldığı təhdidlərə cavab olaraq ABŞ və İsrail tərəfindən birgə yaradılmış və inkişaf etdirilmiş hava hücumundan müdafiə sistemidir. Bu sistem həmçinin Hizbullahın Livan ərazisindən atdığı raketlərin də qarşısını almaq məqsədini daşıyır.

Sistem qeyd olunan mərmiləri İsrail ərazisinə düşməzdən əvvəl havada müəyyən edib məhv etmək bacarığına sahibdir və hal-hazırda dünyada ən etibarlı raketdən müdafiə sistemlərindən biri hesab olunur. “Dəmir qübbə” HHM sistemi üç əsas hissədən ibarətdir: “Elta” müdafiə şirkəti tərəfindən yaradılan konstruksiya və izləmə radarı; “mPrest Systems” proqram təminatı şirkəti tərəfindən hazırlanan döyüş idarə olunması və silah nəzarət sistemi; və nəhayət, “Rafael Advanced Defence Systems Ltd” tərəfindən istehsal olunan raket atəş etmə qurğusu.

Bu sisteminin raketlərinin hər biri 20.000 dollara istehsal olunur. Raketlər birgə çalışan operativ komanda tərəfindən hədəfə doğru atəşlənir. Raketlər radarlı erkən xəbərdarlıq sistemi ilə birlikdə hərəkət edirlər. “Dəmir qübbə” HHM sistemi İsrail səmasına daxil olan raketləri izləyə bilmək üçün yüksək dəqiqlikli “EL/M-2084 Active Electronically Scanned Array” radarına etibar edir. Əgər raketin insanlar məskunlaşan ərazini hədəf aldığı müəyyən olunarsa, o havada məhv edilir.

Jurnalist Sebastian Roblinin sözlərinə görə “sistemdə istifadə olunan Tamir raketi yerdən idarə olunan sistem tərəfindən səsdən 2.5 dəfə artıq sürətlə hərəkət edir. Eyni zamanda, 3 metr uzunluğundakı raketlərin burun hissələrinə yerləşdirilmiş elektro-optik sensorlar hədəfə yaxınlaşdıqca daha həssas idarə olunmanın həyata keçirilməsini nəzərdə tutur. Hədəf raketin mənzilinə daxil olduqda təqribən 16 kiloqramlıq döyüş başlığı hədəfə doğru atəşlənir”.

2008-2010-cu illər ərzində “Dəmir qübbə” sistemi çoxsaylı sınaq testlərindən keçirilib və 2011-ci ilin martında artıq fəaliyyətə başladığı açıqlanıb. Sistem 7 aprel 2011-ci il tarixində Qəzzə ərazisindən İsrailə doğru atılan ilk mərminin qarşısını uğurla alır. Növbəti gün isə sistem Qəzzədən atılan növbəti 3 raketi məhv edir.

2012-ci ilin mart ayında Qəzzə ərazisindəki terrorist birləşmələr 72 saaatdan da qısa müddət ərzində İsrailin cənubuna təqribən 200 raket atırlar. Bu hücumlar zamanı “Dəmir qübbə” Beer-Şeva, Aşdod və Aşkelon şəhərlərini hədəf alan azı 52 raketi uğurlu şəkildə məhv edir.

2011-ci ildən bəri bu sistem 2500-dən çox düşmən raketinin ələ qarşısını alıb. Bu da İsrailə atılan raketlərin 90 %-dən çoxunu təşkil edir.

Xarici satışlar

AICE (American-Israeli Cooperative Enterprise) adlı qeyri-kommersiya təşkilatının yayımladığı məlumata əsasən “Dəmir qübbə” sistemi 2016-cı ildə ilk xarici satışını Azərbaycana həyata keçirmişdir. Həmin zamandan bu yana Hindistan və Rumıniya ilə də sistemin satışı ilə bağlı müqavilələrin imzalandığı bildirilir. Hətta Körfəz Əməkdaşlıq Şurasının üzvü olan Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi ərəb ölkələri də bu sistemi əldə etməkdə maraqlı olduqlarını açıqca ifadə etmişlər.

2016-cı ilin sonlarına doğru Ermənistanın “İsgəndər-E” raketini keçirilən hərbi paradda nümayiş etdirməsindən sonra Azərbaycanın “Dəmir qübbə”yə sahib olması ətrafında gedən müzakirələr artmağa başlayır. Azərbaycanın İsraillə bir çox sahədə, eləcə də hərbi sahədə yüksək səviyyəli əməkdaşlıq içərisində olması heç kimə sirr deyildir. Ancaq hər nə qədər Azərbaycanın “Dəmir qübbə”yə sahib olması ilə bağlı iddialar səsləndirilsə də, bu istiqamətdə müəyyən razılaşmaların əldə edilməsinə baxmayaraq, Azərbaycanın müdafiə arsenalında “Dəmir qübbə”nin olması ilə bağlı hər iki tərəfdən də hər hansı rəsmi açıqlama yoxdur.

Sizə maraqlı ola biləcək yazı: Varfolomey gecəsi – Məzhəb müharibələrinin qanlı tarixi

Son olaraq

2021-ci ilin martında İsrail Müdafiə Nazirliyi “Dəmir qübbə” sisteminin yenilədiyini və artıq raketlər, yaylım atəş sistemləri və həmçinin birdən çox pilotsuz uçuş aparatlarına qarşı da effektli olduğunu açıqlayır. Görünən odur ki, İsrailin “Dəmir qübbəsi” texnoloji inkişafa da uğurla ayaq uyduraraq HHM sistemləri arasında öz yerini hələ uzun müddət qorumaqda israrlıdır.

JSaffar

Bookworm, captain of Diplomaticos team
Back to top button