Faktlar

Varfolomey gecəsi – Məzhəb müharibələrinin qanlı tarixi

Varfolomey gecəsi Fransada dini müharibələr nəticəsində 24 avqust 1572-ci ildə Parisdə baş vermiş hadisədir. Bu dəhşətli gecə barədə bir sıra filmlər çəkilmiş və bədii əsərlər yazılmışdır. “Varfolomey gecəsi” ifadəsi bir çox xalqların dilinə daxil olaraq, mənfi çalar qazanmış və müqavimətə gücü çatmayan günahsız insanların kütləvi halda qətlə yetirilməsi mənasını almışdır.

Varfolomey faciəsinin baş verməsinə müəyyən proseslər səbəb olmuşdur. XVI əsrdə Avropada Roma Papası və hakim Roma Katolik Kilsəsinə qarşı yönəldilmiş reformasiya (dində islahatçılıq) hərəkatının geniş vüsət alması nəticəsində yeni xristian məzhəbi olan protestantlıq meydana gəlmiş və Qərb dünyası iki hissəyə parçalanmışdır. Protestantlarla katoliklər arasında fikir ayrılığı teoloji-elmi müstəvidən uzaqlaşaraq, hərbi toqquşmalara, qanlı müharibələrə gətirib çıxarmışdır. Məzhəb ayrıseçkiliyi cəmiyyətdə təbəqə, qohum, dost, həmvətən anlayışını ortadan qaldırmış, hamı bir-birini etiqadına görə qiymətləndirməyə başlamışdı. XVI əsrdə digər Avropa ölkələrində olduğu kimi, Fransanı da məzhəb müharibələri bürümüşdü. Bu ölkədə qugenot (ilk vaxtlar katoliklərin protestantlara həqarətlə verdikləri, sonradan isə protestantların mənimsədikləri ad) müharibələri adlanan üç hərbi münaqişə baş vermişdir.

1570-ci ildə Sen-Jermen müqaviləsinin bağlanması ilə III Qugenot müharibəsi bitmiş, uzunmüddətli mübarizədən sonra qugenotlar müəyyən hüquqlar əldə etmiş, onların rəhbəri admiral Kolinyi isə Fransa Kral şurasına daxil olmuşdu. Çox keçmədən, admiral Kolinyi Fransa kralı IX Karlın hüsnü-rəğbətini qazana bilmiş və onun ən yaxın məsləhətçisinə çevrilmişdi. Qatı katolik olan kralın anası Yekaterina Mediçi və ona yaxın zadəganlar admiral Kolinyinin sarayda artan nüfuzundan çəkinmiş, Fransanı tamamilə Katolik kilsəsinin qoynuna qaytarmaq istəmişdi. Zəif sülhü gücləndirmək məqsədilə kralın bacısı, katolik şahzadə Marqarita Valua ilə qugenotların başçılarından sayılan Navarralı Henri arasında nigah bağlanmışdı. Toy ərəfəsində Parisə xeyli yüksək rütbəli qugenotun axışmasından, əsasən, katoliklərdən ibarət şəhər əhalisi narazı qalmışdı.

18 avqust 1572-ci ildə keçirilmiş möhtəşəm toy mərasimi və qugenotların kral əyanlarının arasında olması katolikləri daha da qəzəbləndirmişdi. Hadisələr sürətlə inkişaf etmiş, 22 avqustda admiral Kolinyiyə qarşı sui-qəsd təşkil olunmuşdu. Fanatik katolik və böyük nüfuz sahibi hertsoq Henrix de Giz həmin əməliyyatın rəhbəri idi. Protestant zadəganları kraldan hertsoqun cəzalandırılmasını tələb etmişdi. Yeni müharibənin başlamasından ehtiyat edən qugenotlar Parisi tərk etməyə başlamışdı. Yaranmış vəziyyətdən istifadə etmək qərarına gələn kralın anası hökmdarı yeni vətəndaş müharibəsinin qarşısını almaq naminə protestant başçılarının öldürülməsinin zəruri olduğunu inandıra bilmişdi. Bu planın həyata keçirilməsi üçün Müqəddəs Varfolomey günü, yəni 1572-ci il avqustun 24-ü seçilmişdi. O gün şəhər qapıları bağlanılmış və hərbi dəstələr hazır vəziyyətə gətirilmişdi. Gecə sui-qəsdçilər yaralı admiralın otağına daxil olaraq, onu və mühafizəsini qılıncdan keçirmiş, sonra isə kilsə zənglərinin işarəsi ilə şəhər əhalisi protestantları qətlə yetirməyə çağırılmışdı. Parisdə başlanmış bu qırğın, kralın xeyir-duası ilə ölkənin digər şəhərlərinə də yayılmışdı. Azğınlaşmış əhali protestantların əvvəlcədən təbaşirlə işarələnmiş evlərinə girərək onları eyvandan küçəyə atmış, qadınlara təcavüz etmiş, soyğunçuluqla məşğul olmuşdu. Qadın-uşaq demədən hər kəs öldürülmüş, təkcə protestantlar deyil, hətta katolisizmə məxsus olmayan digər din nümayəndələrinə də mərhəmət edilməmişdi.

Bu qətliam təqribən bir həftə davam etmiş, küçələr qana boyanmışdır. Tarixçi Jül Mişelin sözləri ilə desək, “Varfolomey gecəsi sadəcə bir gecə deyildi. O, bir mövsüm idi”. Katolik ruhanilər bu qəddarlığa pis münasibət bəsləyənləri kilsədən uzaqlaşdırmaqla hədələmiş, canilərin günahlarını isə elə küçədə, meyitlərin üzərində “bağışlamışdılar”. “Varfolomey gecəsi”nin qurbanlarının sayı barədə yekdil fikir yoxdur. Hesab edilir ki, Parisdə təqribən üç min, bütün Fransada isə on min ilə əlli min arasında protestant qətlə yetirilmişdir. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası XIII Qriqori bu faciəni alqışlayaraq Vatikanda fişəng atılmasını və medal təsis edilməsini əmr etmişdir. Ədalət naminə qeyd etmək lazımdır ki, 425 il sonra Roma Papası II İoann Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır. “Varfolomey gecəsi” kimi din və məzhəb zəminində yaranmış faciələrin təkrar baş verməməsi üçün onların yad edilməsi və öyrənilməsi zəruriliyini önə sürmüşdür. Çünki, məhz belə qanlı tarixi hadisələr dar məzhəb düşüncəsinin müəyyən mənafelər naminə təhlükəli vasitəyə və silaha çevrilə biləcəyini, günahsız insan qanının axıdılmasına səbəb olacağını göstərirdi.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button