AkademiyaYouTube

Güclü Research Proposal necə yazılır?

Əgər xaricdə araşdırma yönümlü doktorantura və ya magistratura təhsili düşünürsünüzsə, o zaman sənədlərinizin arasında tədqiqat planı və ya research proposal olmalıdır. Magistr proqramlarında bu sənəd daha çox motivasiya məktubu şəklində tələb olunur. Ancaq bir çox təqaüd proqramlarında tədqiqat planına dair öz planlarınızı yazmağınız istənilir.

Research Proposal nədir, necə hazırlanır | Nümunələrlə ətraflı izah

Research Proposal hazırlamaq asan görünsə də, bir o qədər də çətindir. Çünki onun standartları digər sənədlərdən daha yüksəkdir. Buna görə də research proposal hazırlanarkən xüsusi təlimatlara əməl edilməlidir. Tədqiqat planının iki əsas məqsədi var: birincisi bu sənəd mövcud problemi və onu araşdırmağın önəmini göstərir, ikincisi isə bu araşdırmanı davam etmək üçün tətbiq oluna biləcək strategiyaları müəyyənləşdirir. Bütün research proposallar demək olar ki, müraciət edilən qurumdan asılı olmayaraq, tədqiqatı bəyəndirmək və onun dəyərini izah etmək üçün yazılır. Ona görə də, bu sənədi hazırlayarkən cəlb edici və detallı işləmək lazımdır. Bu videoda research proposal nədir, necə hazırlanır və bu sənədi hazırlayarkən edilən səhvlərdən bəhs edəcəm.

Research Proposal nədir?

Research Proposal təklif edilən araşdırmanın qısa və tutarlı xülasəsidir. Bu sənəd özündə araşdırmaq istədiyiniz mövzudakı problemləri və ya sualları müəyyənləşdirir. Mövcud ədəbiyyatı və tədqiqatları da nəzərə alaraq, tədqiqat sahəsinin əsas xətlərini üzə çıxarır.

Təəssüf ki, bir çox tələbə və yeni başlayan tədqiqatçılar research proposal haqqında kifayət qədər biliyə sahib olmurlar, onun nə anlama gəldiyini bilmirlər və dəyərini də anlamırlar. Ancaq birinci məqam budur ki, yaxşı araşdırmanı üzə çıxaran həmişə düzgün tərtib olunmuş research proposal olur. Zəif hazırlanmış tədqiqat planı bir şəkildə qəbul alsa da, gələcəkdə tədqiqata mənfi təsir edir. Ancaq güclü tədqiqat planı sadəcə tədqiqatın uğurlu olmasına səbəb olmur, eyni zamanda akademik əmək bazarında sizin potensialınızı da artırır.

Research Proposalın hazırlanma qaydası akademik sahələrə və onların tələblərinə uyğun olaraq dəyişir. Ancaq ümumi olaraq minimum 2000-2500 söz aralığında olmalıdır. Hər bir qurumun texniki tələblərini isə onların elanlarından öyrənib tətbiq etməlisiniz.

Research proposal məqsədi nədir?

Əvvəl də qeyd etdiyim kimi, akademiklər layihələrini maliyyələşdirmək üçün research proposal yazmalı olurlar. Ancaq research proposal sadəcə doktorantura təhsili zamanı deyil, bakalavr və magistr oxuyarkən diplom işi barədə komissiyaya məlumat verərkən də lazım ola bilər.

Tədqiqat planını hazırlayarkən 4 əsas nüansa diqqət yetirmək lazımdır.

AktuallıqOxucunu layihənizin maraqlı, orijinal və əhəmiyyətli olduğuna inandırmalısınız.
KontekstSahə ilə tanış olduğunuzu, mövzu ilə bağlı araşdırmaların mövcud vəziyyətini başa düşdüyünüzü və fikirlərinizin güclü akademik əsaslara malik olduğunu göstərməlisiniz
YanaşmaTədqiqat aparmaq üçün ehtiyac duyacağınız məlumatlar, alətlər və prosedurlar haqqında diqqətlə düşündüyünüzü göstərərək metodologiya barədə nümunə model yaratmalısınız.
MümkünlükLayihənin proqram, təşkilat və ya maliyyə baxımından praktik məhdudiyyətlər daxilində mümkün olduğunu təsdiq etməlisiniz.

Bu mərhələdə artıq özünüzə spesifik suallar verməlisiniz, hansı ki bu suallar sizin tədqiqatın istiqamətini tam təyin edəcək:

  • Araşdırmaq istədiyim mövzu nədir?
  • Bu mövzu nə üçün önəmlidir?
  • Hansı praktiki problemləri həll edəcək?
  • Mövzu ilə əlaqədar mövcud araşdırmaları necə tamamlayır və ya yaxşılaşdırır?
  • Qarşımda duran əsas tapşırıqlar nələr olacaq?
  • Araşdırma mövzumu tamamlaya bilmək üçün kifayət qədər resurs və zaman varmı?

Ümumiyyətlə, tədqiqat planının əsas məqsədi sizin mövzu ilə bağlı biliklərinizi göstərmək və bu mövzuya dair marağınızı üzə çıxarmaqdır. Əgər mövzu barədə tərəddüdləriniz varsa, dünyada hansı növ layihələrin və tədqiqatların maliyyələşdirilməsinə nəzər yetirməyinizdə fayda var. Bu, sizə ümumi olaraq başlanğıc üçün istiqamət verəcək, ancaq mövzu seçimini etmək üçün spesifik olaraq universitetləri, professorları, təqaüd verən orqanları araşdırmalısınız. Bu da uzun vaxt tələb edən prosesdir, ona görə də bu mərhələdə daha çox səy göstərməlisiniz.

Research Proposal Strukturu

Research Proposal hazırlayarkən bir çox bilik və bacarığa sahib olmalısınız. Ancaq onları üç əsas qrupda ümumiləşdirmək olar:

  1. Mövzu bilikləri və tədqiqat bacarıqları: mövzu biliklərinizi və mövcud tədqiqat tendensiyaları ilə tanışlığınızı nümayiş etdirmək.
  2. Tənqidi düşünmə bacarıqları: qabaqcıl analiz, qiymətləndirmə, yaradıcılıq və sintez bacarıqlarını göstərmək.
  3. Ünsiyyət bacarıqları: özünüzü qısa və konkret şəkildə ifadə etməyi bacarmaq.

Bu bacarıqlar əslində hamıda var, sadəcə onları üzə çıxarmaq üçün çalışmaq lazımdır. Research proposal hazırlayarkən isə mövcud biliyiniz və bacarıqlarınız çərçivəsində struktur yaratmalısınız.

Giriş (Introduction and R.Questions)

Tədqiqat təklifinin hazırlanma məqsədlərindən asılı olmayaraq ciddi yanaşmaq və bacardıqca detallandıraraq cəlb edici etmək lazımdır. İstifadə edəcəyiniz detallar sizdən asılıdır, ancaq bəzən adi hesab elədiyimiz məlumat belə tədqiqat prosesinə elə uyğun olur ki, seçim prosesində təyin edici faktor olur.

Tədqiqat planının giriş hissəsi olduqca vacibdir. Bu hissədə oxucuya araşdırma mövzunuzun əhəmiyyətini və dərinliyini qısa şəkildə çatdırmağı bacarmalısınız. Giriş hissəsini oxuduqdan sonra oxucularınız nə etmək istədiyinizi dəqiq başa düşməlidir. Eyni şəkildə, mövzuya olan həvəsinizi və potensial tədqiqat nəticələrinizi də dəyərləndirməyi bacarmalıdırlar. Giriş hissəsini sadalanan elementlərə cavab verən 2 və 4 paraqraf aralığında bir hekayə olaraq təqdim etməlisiniz. İşinizi hekayələşdirərkən isə bu elementlər arasındakı məntiqi ardıcıllığı da qorumalısınız.

Çünki bu elementlər arasında qırılmalar yaşansa, tədqiqat işinizin konkteksti oxucuya aydın olmayacaq. Bir çox hallarda oxucular zəif təsir bağışlayan research proposalları sona qədər oxumurlar. Ona görə unutmayın ki, giriş hissəsi işinizin ən güclü hissəsi olmalıdır.

Ümumi olaraq bu bölməni toplasaq, bu hissəni yazarkən əmin olun ki, tədqiqat işinizin möhkəm inandırıcılıq çərçivəsi vardır. Bu bölmədə qeyd olunacaq ən önəmi hissələr isə bunlardır:

  • research questions (araşdırma sualları) – adətən 1-3 sual təyin olunur, daha sonra isə bu sualların niyə soruşulduğu izah olunur.
  • ən əsas yanaşmalar – konseptual, nəzəri, empirik və ya normativ yanaşmalarınızı burada göstərməli və əsaslandırmalınız. Bu, daha sonra sizin tədqiqat işinizin istiqamətini də təyin edir.
  • akademik işin önəmi – qəbul komitələri və ya elmi rəhbərlər üçün bu çox önəmlidir. Universitetlər öz reytinqlərinə görə orijinal və keyfiyyətli mövzuları seçirlər. Yəni bir tələbə əgər işlənmiş mövzunu bir daha işləmək istəyirsə, o zaman universitetlər bu layihəni maliyyələşdirməkdə maraqlı olmurlar. Lakin mövcud ədəbiyyatda kritik boşluq tapılırsa və bu boşluq ədəbiyyata yeni ‘nəfəs’ gətirəcəksə, o zaman qəbul şansı daha da çoxalır.

Mövcud elmi-ədəbiyyat icmalı (Literature Review)

Tədqiqat təklifinin konktekstini izah etmək və əhəmiyyətini aydın şəkildə göstərmək üçün mövcud elmi ədəbiyyatın icmalını hazırlamaq lazımdır. Bəzən bu hissəni giriş hissə ilə birləşdirsələr də, bu axıcılığı pozur və research proposalda xaotik vəziyyət yaradır. Ona görə də bu hissəni ayrıca detallı şəkildə yazmaq lazımdır.

Bu hissəni necə hazırlamağa gəldikdə isə qarşınızdakı oxucunu nəzərə almasınız. Məlum məsələdir ki, ədəbiyyatda minlərlə yazı və məqalə ola bilər. Bunların hamısını bu hissədə yazmağa nə vaxtınız, nə də enerjiniz çatar. Ona görə də ədəbiyyatda mövcud olan əsas araşdırmaları, konseptləri və son illərdə bu konspesiyalar əsasında tətbiq olunmuş nəzəriyyələrin icmalını bu hissəyə əlavə etməlisiniz. Bu həm mövzunu nə qədər dərindən bildiyinizi, həm də yenilikləri daim izlədiyiniz göstərir.

Bununla yanaşı ədəbiyyat icmalı edərkən ən önəmli məsələlərdən biri, mövcud ədəbiyyatı öz baxış bucağınızdan təhlil etmək, onları başa düşmək, mövcud boşluqları göstərmək və sizin araşdırmanızın ədəbiyyatın hansı hissəsini tamamlayacağını təyin etməkdir. Ədəbiyyat icmalı həm də araşdırma suallarına cavab vermək, istiqamətləndirmək və xüsusilə ona aid potensial literaturun oxuyucuya çatdırılması baxımından önəmlidir. Burada ədəbiyyatlardakı bütündebatlar, istiqamətlər və s. haqqında detallı məlumat verməyə gərək yoxdur, əsas sizin ədəbiyyatla tanışlıq səviyyəniz və araşdırmanızın bu ədəbiyyatdakı yeridir.

Tədqiqat dizaynı və metodologiya (Research design & methodology)

Tədqiqat təklifində metodologiya və dizayn bölməsinin xüsusi çəkisi var. Bu sənədi hazırlayarkən tədqiqat aparmadığınız üçün mümkün qədər bölmələr arasındakı məntiqi birləşməni qorumalısınız. Yəni, oxucularınız tədqiqatın davam etdirilməsinin mümkünlüyünə inanmalıdır.

Bu bölmənin əsas məqsədi oxucunu tədqiqat dizaynının və təklif olunan analitik strategiyaların tədqiqat problemlərini düzgün həll edəcəyinə inandırmaqdır. Həm də oxucunu seçilmiş metodların ehtimal olunan tədqiqat nəticələrini səmərəli şəkildə şərh etmək üçün vasitələr təklif etdiyini təmin etməkdir. Qısaca, tədqiqat dizaynınız və metodlarınız tədqiqatınızın xüsusi məqsədləri ilə birbaşa əlaqəli olmalıdır.

Bu bölməni effektiv yazmağın yollarından biri də ədəbiyyat icmalından qısa konkret nümunələr göstərməkdir. Digər yazılardakı tədqiqat metodologiyalarını diqqətlə gözdən keçirin, hətta sizin araşdırmağınıza uyğundursa, referans verərək istifadə edin.

Məlumat toplamaq üçün istifadə etmək istədiyiniz metodoloji üsullar, məlumatlarınızı təhlil etmək üçün istifadə edəcəyiniz strategiyalar və tətbiq edəcəyiniz etibarlılıq testləri haqqında da xüsusi qeydlər edin.

Ümumi olaraq isə istifadə edəcəyiniz üsulları təsvir edərkən bir neçə məqamı da əhatə etdiyinizə əmin olun.

  • Birincisi tədqiqat problemi ilə əlaqədar nəticələri şərh etmək üçün istifadə edəcəyiniz metod da daxil olmaqla tədqiqat prosesinin müddətini təyin edin.
  • İkincisi seçəcəyiniz metodlardan istifadə edərək nə etməyi planlaşdırdığınızı müzakirə etməklə yanaşı, həm də bu üsullardan istifadə edərkən zamanı necə istifadə edəcəyinizi təsvir edin.
  • Üçüncüsü, metodlar bölməsi yalnız fəaliyyətlər toplusu deyil. Niyə bu yanaşmaları seçdiyinizi, və sizə görə niyə ən yaxşı yanaşma olduğunu da göstərməlisiniz. Bunu açıq şəkildə izah edin.
  • Sonuncusu, tədqiqat dizaynınızı həyata keçirərkən mümkün ola biləcək maneələri və çatışmazlıqları öncədən müəyyənləşdirin. Bunları araşdırma dövründə necə həll edəcəyinizi də plan şəklində izah edin.

Unutmayın ki, hər hansı bir tədqiqat işi üçün mükəmməl metod və ya dizayn yoxdur. Bununla yanaşı, digər tədqiqatçıların təcrübələrini izləsəniz və seçimlərinizi aydın izah etəsiniz, qarşınıza çıxa biləcək hər hansı bir tənqidi asanlıqla həll edə bilərsiniz.

Elmi yeniliklər, Etik prinsiplər, Büdcə və Zaman

Research Proposal strukturları mövcud proqramlara görə dəyişir. Əvvəldə qeyd olunanlarla yanaşı tədqiqat təklifinizdə işinizin elmə gətirəcəyi yenilikdən, etik prinsiplərdən, büdcə və araşdırmanız üçün lazım olan zamandan da bəhs etməlisiniz. Ancaq bu sadalanan elementlərin research proposalda göstərilməsi tamamilə müraciət olunan qurum və proqramlardan asılıdır. Elə proqramlar var ki, təqaüd və ya maaş təklif edir, ona görə də büdcə bölməsini yazmağa ehtiyac qalmır. Ancaq ümumiləşdirsək, elmi yeniliklərdən bəhs edərkən tədqiqatınızda əldə edəcəyiniz biliklərin mövcud ədəbiyyatı necə inkişaf etdirəcəyini, dəyişdirəcəyini və ya genişləndirəcəyinizi vurğulamalısınız. Tədqiqat hədəflərinizdən yola çıxaraq gözlənilən nəticələrin gələcək araşdırmalara, nəzəriyyələrə, prosedurlara necə təsir edəcəyindən bəhs edin. Etik prinsiplər bölməsi ilə tamamilə qurumların proqramlarından asılıdır. Əgər tədqiqatınızda APA konvensiyalarına riayət edirsinizsə, etik qaydalar “intellektual mülkiyyət hüquqlarını qorumaq, tədqiqat iştirakçılarının hüquqlarını və rifahını qorumaq və elmi biliklərin düzgünlüyünü təmin etmək” kimi məqsədləri yerinə yetirmək üçündür. Son olaraq isə tədqiqat prosesinin müddəti barədə məlumat verməsliniz. Burada təbii ki, hər şey dəqiqliklə yazıla bilməz, ancaq ehtimal yürüdərək reallıqları da nəzərə alıb zaman planlaması qurmalısınız.

Ən çox edilən səhvlər

Bura qədər research proposal nədir və necə yazılır ətraflı izah etdik. İndi isə bu prosesdə insanların etdiyi səhvlərdən bəhs edək. Çox tez-tez tələbələr universitetlərin bütün tələblərinə cavab versə də, yekunda qəbul komitəsindən rədd cavab alırlar. Bunun bir çox səbəbi var.

  1. Qısa və konkretlikdən uzaq olmaq: Research proposal hazırlayarkən birinci məqam fikirlərinizi qısa və aydın şəkildə çatdırmağı bacarmaqdır. Unutmayın ki, proqrama sadəcə siz müraciət etmirsiniz. Bu faktor təyinedici də ola bilir, çünki oxuculara fikrinizi uzatmadan səlis şəkildə necə ifadə etdiyiniz maraqlıdır, bu gələcəkdə sizin orada konkret nəticələr əldə edə biləcəyiniz təəssüratını yaradır.
  2. Ədəbiyyat icmalında lazımi və doğru mənbələri istifadə etməmək: Əlbəttə ki, bütün ədəbiyyata hakim olmaq mümkün deyil. Bu gün dünyada minlərlə yazı yazılır, kitab nəşr olunur. Ancaq təklif olunan məsələnin əhatə dairəsi və burada mövcud olan “duayen”ləri bilməlisiniz.
  3. Kontekstual sərhədlərin müəyyən edilməməsi: Limitlər önəmlidir. Bu tədqiqatınızda qarşılaşa biləcəyiniz problemləri göstərir. Ona görə research proposal oxucuya mövzunu necə tədqiq edəcəyinizi aydın göstərməlidir.
  4. Tutarlı arqumentin təyin olunmaması: Təklif etdiyiniz arqumentlər kifayət qədər güclü və məntiqli olmalıdır. Bu kritikdir. Arqumentlər məntiqli və yenilikçi olmalıdır. Maraq cəlb etməlidir. Əks halda oxucuların diqqətini çəkməyə bilər. Unutmayın ki, gələcəkdə bu sahənin mütəxəssisi olacaqsınız. Ona görə də oxucunu razı salmağı bacarmalısınız.
  5. Orfoepik və qrammatik səhvlər: Akademik yazı stili research proposal hazırlanması baxımından olduqca önəmlidir. Qarşıdakı şəxslər sadəcə arqument və metodologiya deyil, eyni zamanda onların ifadə tərzinə də fikir verirlər. Ona görə də sənədi hazırlayarkən akademik yazı stilinə diqqət yetirməli, qrammatik qaydalara ciddi əməl etməlisiniz.
  6. Kifayət qədər detallı olmamaq: Bəzən yazarlar bir iş hazırlayarkən kiçik məsələlərdə o qədər detallara toxunurlar ki, mövzunun əsas məsələlərinə diqqət yetirmirlər. Beləcə lazımi yerlərdə istifadə olunması lazım olan detallar öz əksini tapmır. Research proposal araşdırmanın zəruriliyini əsaslandırmaq üçün yalnız bir neçə əsas tədqiqat sualına diqqət yetirməlidir. Kiçik məsələlər, hətta etibarlı olsa belə ümumi konktekstə hakim olmamalıdır.

Son olaraq, yaxşı research proposal daim üstündə işlənilən tədqiqat işidir. Yəni tələbələrin universitetə qəbul olduqdan sonra onun üzərində işləməsi, ədəbiyyat icmalı hissəsində dəyişikliklər etməsi, tədqiqat işini daha da spesifikləşdirməsi və detallandırması, araşdırma suallarının yenidən qurulması, metodologiyanın tədqiqat işinə uyğun olaraq dəyişidirilməsi tamamilə normaldır. Burada əsas məsələ ilk versiyanın ‘son məhsul’ olaraq görülməməsidir. Çünki akademik sahədə bir araşdırma mövzusunun istiqaməti istənilən an araşdırmaçının maraqlarına uyğun olaraq dəyişə bilər.

Ən önəmlisi mövzunuzun araşdırılma potensialından əmin olun. Araşdırılması gələcəkdə çətin olacaq və ya sonlandırıla bilinməyəcək mövzuları seçməyin. Unutmayın ki, qəbul komitəsində hər sahədən ekspert olur və ədəbiyyata hakim olan ekspert tədqiqatın potensialını asanlıqla təyin edir.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button