SəmərəlilikYouTube

Beyin gücünü artırmağın sadə yolu: İkinci Beyin sistemi

Təsəvvür edin ki, hər hansı kitabı əlinizə alırsınız və oxuduğunuz hər şeyi uzun müddət sonra belə xatırlaya bilirsiniz. Bu cür super qabiliyyət fantastika kimi səslənə bilər, ancaq real dünyada elə insanlar var ki, onlar istənilən məlumatı yadlarında saxlaya bilirlər və yəqin ki, siz həmin insanlardan biri deyilsiniz. Problemin kökünü tapa bilmək üçün ağıllı insanların metodlarına baxmaq lazımdır. Beyin gücünü artırmağın yolu əslində sadədir. Bu prosesin sonunda isə İkinci Beyin sisteminə və strategiyasına sahib ola bilərsiniz.

Ətraflı olaraq videonu izləmək üçün aşağıdakı videoya keçid edin.

Ağıl ustalığı: Beyin və yaddaş gücünüzü İKİNCİ BEYİN ilə artırın

XXI əsrin ən böyük nemətlərindən biri informasiyadır. Texnologiyanın inkişafı, sosial şəbəkələrin dominantlığı və informasiya platformalarının gündən günə sayının artması bir anda informasiya bolluğuna səbəb olub. Yaşadığımız ən böyük problemlərdən biri də elə məhz budur. İnformasiya çoxluğu bizi yorur, lazımlı olanları ayırmağımızın qarşısını alır.

Əgər sizdən son bir ildə oxuduğunuz bədii, elmi və ya qeyri-bədii kitabdan 5 fakt saymağınızı istəsək, xatırlama ehtimalınız nə qədər olardı? Həmin kitabı başqa birinə necə danışa bilərdiniz?

Hər şeyi yadda saxlamaq, aldığımız məlumatları dəqiqliklə mənimsəmək əksər insanlar üçün çətin ola bilər. Dərketmə və yaddaş qabiliyyəti insanlarda müxtəlifdir. Bəzi insanların yaddaşı güclüdü, bəziləri bundan əziyyət çəkir, hətta bəzilərinin də foto yaddaşları var. Ortalama olaraq insanların yaddaş qabiliyyətləri limitlidir. Buna görə də insanlar daim beyin gücünü artırmağın yolu barədə müxtəlif metodları yoxlayır.

Ancaq bu yazının mövzusu sadəcə yaddaşı gücləndirməklə bağlı deyil. Bununla bağlı hazırladığımız məqaləni buradan oxuya bilərsiniz. Ətraflı izləmək üçün aşağıdakı videonu izləməyi tövsiyə edirik.

Hər şeyi yadda saxlamaq üçün 5 effektiv metod | Oxuduqlarınızı heç vaxt unutmayın

Texnologiya dayanmadan işıq sürəti ilə inkişaf edir. Hər gün minlərlə tətbiq bazara çıxır. Süni zəka həlləri həyat tərzimizi dəyişməyimizə və gələcəyimizi buna uyğun düşünməyimizə səbəb olur. Bütün bunları öyrənmək lazımdır. Qarşımızda duran əsas suallar isə bunlardır:

  • Aldığımız məlumatları necə özümüzə uyğun istifadə edə bilərik?
  • Bütün ideyalarımızı toplamaq üçün ən yaxşı vasitələr nədir?
  • Məhsuldar olmaq, müasir informasiyalardan geri qalmamaq, eləcə də həyatımızı istədiyimiz kimi yaşamaq üçün nə etməliyik?

Bütün bu sualların formalaşdırdığı əsas sual isə “yaddaşımı necə gücləndirə bilərəm? beyin gücünü artırmağın yolu nədir?” fikridir.

Bunun üçün formalaşdıracağınız mükəmməl sistemi rəqəmsal şəkildə quraraq “İkinci Beyin” sistemini qurmalısınız. Bu, yadda saxlamalı olduğunuz məlumatlar üçün verilənlər bazasında sintez edilən “tətbiqlərin, alətlərin və texnikaların” inanılmaz dərəcədə mürəkkəb strukturudur. Ya da qısa şəkildə desək, qeyd aparmaq.

Ancaq burada incə xətt var. İkinci Beyin sistemi sadəcə qeydlər aparmaqdan ibarət deyil, həmçinin həmin qeydlərdən tez-tez istifadə etmək, həyatınızda tətbiq etmək və səmərəliliyinizi artırmaq üçün var. Gəlin, ilk növbədə bu sistemin fundamental elemetlərini izah edək.

1. Qeydlər aparmaq

Beynimiz defolt olaraq əldə olunan informasiyanı passiv hissəyə yönləndirir. Yəni, sonradan “yadıma düşər” desəniz belə, yadınıza düşmür. Vacib hesab etdiyiniz hər şeyi qeyd etməlisiniz. Qeydlər apardıqca əldə etdiyiniz informasiyalar arasındakı əlaqələri daha asan qurursunuz və böyük rəsmi daha yaxşı görə bilərsiniz. Başqa sözlə desək, informasiyaları bir biri ilə əlaqələndirib, qarışdıraraq, öz yaradıcılıq qabiliyyətinizi də inkişaf etdirirsiniz. Pablo Pikassonun dediyi kimi:

Yaxşı rəssamlar kopyalayır, böyük rəssamlar isə oğurlayır.

2. Yenidən istifadə etmək

Yaddaşla bağlı bilməli olduğunuz bir prinsip var: Beyniniz ideyaları yaratmaq üçündür, saxlamaq üçün deyil. Beyin gücünü artırmağın yolu ilə bağlı əsas fikir də bunun ətrafında formalaşır. Qəbul etdiyiniz və vacib saydığınız informasiyanı daim sisteminizə əlavə etməlisiniz. Çünki sonradan həmin məlumatı unutsanız belə, rəqəmsal beyniniz onu daim sizə xatırladacaq. İnformasiya çox hallarda bizə qısa dövr ərzində lazım olur, ancaq elə bir an gəlir ki, həmin informasiya bizə başqa informasiyaya çıxış üçün gərəkli olur. Onun daim əlimizin altında olması, məlumatın həmişə yenidən istifadə olunmasına gətirib çıxarır. Yəni sonradan xatırlamasınız belə, harda olduğunu bilməyiniz bəs edir.

3. P.A.R.A metodologiyası

Aldığımız informasiyaların növləri olduqca çoxdur və onları yerləşdirməyə başlayanda yəqinki, çoxlu sayda qovluqlar yaratmalı olursunuz. Bir müddət sonra sayları olduqca artır və lazım olan informasiyanı artıq tapmaq daha da çətinləşir. İkinci Beyin sisteminin əsas məqsədi də bu prosesi optimallaşdırmaqdır. P.A.R.A – proyektlər, maraq sahələri, resurslar və arxivdən ibarət metodoloji sistemdir. Ümumi olaraq bu metodologiya informasiyanı kateqoriyalaşdırmaqdansa, həyatınızdakı şəxsi fəaliyyətlərinizə görə proyektləşdirir. İnformasiyanı istədiyiniz kimi idarə etməyə kömək edir.

4. Aramla mənimsəmək

Bu sistemin ən önəmli elementlərindən biridir. Zehni fəaliyyəti iki yerə ayıra bilərik: ya bir işə fokuslanıb, saatlarla onun üzərində işləyib bitirmək, ya da aramla müxtəlif işləri yerinə yetirmək. Birincidə beynimiz daha çox effort sərf edir və sadəcə bir işə fokuslandığımız üçün, digərlərinə baxa bilmirik. Ancaq aramla işlədikdə bir neçə işə, tədqiqata, yazıya və s. vaxt ayıra bilirik. Məlumatlar əldə etdikcə ya da fikirlər ağlımıza gəldikcə, onları uyğun kateqoriyalarına görə sistemdə yerləşdiririk. Beləliklə, günün sonunda daha səmərəli nəticə əldə edə bilirik. Beyin gücünü artırmağın yolu zehni fəaliyyətin düzgün formalaşdırılmasından keçir.

5. İnformasiya bolluğu

Yəqinki çoxumuzun ən böyük çətinliklərindən biri nəyəsə sıfırdan başlamaqdır. Deyək ki, məqalə yazmalısınız və ya proyekt planı hazırlamalısınız. Qarşısınızda isə sadəcə ağ kağız var. İkinci Beyin sisteminin mükəmməlliyi də bura üzə çıxır. Bu sistemdə heç vaxt 0-dan başlamırsınız. Yazmalı olduğunuz hər şey üçün əvvəlcədən sistemə əlavə etdiyiniz resurslardan birbaşa istifadə edərək, yeni fikirlər yarada bilərsiniz.

6. İnformasiyanı şəxsiləşdirmək

Bu prinsip İkinci Beyinin böyük hissəsi və beyin gücünü artırmağın yoludur. İstədiyimiz hər şeyi oxuya və dinləyə bilərik. Lakin həqiqətən mənimsəyəcəyimiz və həyatımıza həqiqətən təsir edəcək, gələcəkdə istifadə edə biləcəyimiz informasiyanı özümüz yaradırıq. Yəni mövcud informasiyanı istifadə etmək əvəzinə birbaşa olaraq materialı özümüz işlədiyimiz üçün onun haqqında daha çox məlumatlı oluruq. Nəticədə də daha yaradıcı və effektiv oluruq.

İkinci Beyin sistemini necə qurmaq lazımdır?

Əksər insanlar sadəcə qısa müddət üçün qeyd götürür, həmin anda istifadə etdikdən sonra, bir də lazım olmayacağını düşünür. Ancaq əgər qeyd aparmaqla informasiyanı mənimsəyərək şəxsiləşdiririksə və buna zaman, effort sərf ediriksə, bir xəzinə yaradırıq. Aldığımız hər kiçik informasiya, yazdığımız hər qeyd bizim informasiya xəzinəmizi böyüdür. Əgər rəqəmsal sisteminiz işləyirsə, qeydlərinizi, ideyalarınızı, resurslarını asanlıqla birləşdirə bilirsiniz. Bunun üçün bizə lazım olan əsas tətbiq hər hansı not tətbiqidir. Əlavə funksiyalar üçün də təqvim, ediləcəklər siyahısı, əlfəcin tətbiqlərindən istifadə edə bilərsiniz.

Bu sistemi qura bilmək üçün müxtəlif tətbiqlərdən istifadə edə bilərsiniz. Funksionallığına görə ən yaxşı not tətbiqi Notion tətbiqidir. Ancaq bu proqram internet əlaqəsi tələb etdiyi üçün kompyuterinizdə və ya telefonunuzdakı sadə not tətbiqlərindən də yararlana bilərsiniz. Windowsda bu sistemi One Note tətbiqi, Apple cihazlarda isə Apple Notes ilə qura bilərsiniz.

P.A.R.A metodologiyası

P.A.R.A metodu 4 əsas hissəyə fokuslanır:

  • Proyekt (Project) – bu hissədə üzərində işlədiyiniz proyektləri, məqalələri, araşdırmaları və ya onlarla bağlı məlumatları yerləşdirirsiniz. Məsələn, bu videonun mətnini hazırlamaq
  • Sahə (Area) – bu hissədə maraq sahələrinizə uyğun informasiyaları yerləşdirisiniz. Məsələn, süni zəka alqoritmləri
  • Resurslar (Resources) – bu hissədə oxuduğunuz kitablardan əldə etdiyiniz fikirləri, sitatları, vacib hesab etdiyiniz məlumatları və s. yerləşdirirsiniz.
  • Arxiv (Archive) – bu hissədə isə aktiv olmayan, ancaq nə vaxtsa işinizə yarayacağını düşündüyünüz notları yerləşdirirsiniz.

Sistemi qurmaqla yanaşı, onun işləməsi və işinizi asanlaşdırması olduqca zövqlü prosesdir. Əgər bu sistemi həyatınıza tamamilə inteqrasiya edə bilsəniz, artıq bütün fikirləri ağlınızda tutmaq məcburiyyətiniz olmayacaq. Sistemin mükəmməlliyi ondan ibarətdir ki, istənilən anda istənilən yerdə informasiya daxil edə bilərsiniz. Bəs bunu necə etmək lazımdır?

Sistemin əsas elementi not tətbiqləridir. Ancaq sistemdə istifadə edə biləcəyiniz başqa tətbiqlər də var: təqvim, ediləcəklər siyahısı və əlfəcin proqramları. Hər gün ediləcəklər siyahısında o günün işlərini müəyyənləşdirə bilərsiniz. Hər həftənin sonunda təqvimdə həftənin proqramını qura bilərsiniz. Eyni zamanda həftənin əsas işlərini də ediləcəklər siyahısına əlavə etməlisiniz.

Bu sistemi sadə dəftər və qələmlə də yarada bilərsiniz. Eyni metodologiyadan istifadə etməklə, İkinci Beyin sistemini belə də qura bilərsiniz. Fiziki qeyd sistemlərinin mənfi cəhəti axtardığınız məlumatı rahat tapa bilməməyinizdir.

Süni zəkaların dominant olduğu bu zamanlarda hər gün yeni tətbiq çıxır. Onların çoxundan istifadə etməlisiniz. Ancaq İkinci Beyin sistemi istifadə etdiyiniz rəqəmsal həllərdən çox necə qurmağınızla bağlı bir şeydi. Bunu sadə not tətbiqi ilə də qura bilərsiniz, müxtəlif tətbiqlərdən ibarət mürəkkəb sistemlə də. Əsas odur ki, qurduğunuz sistem sizə xidmət etsin və zamanınızı daha effektiv formalaşdırsın. Beyin gücünü artırmağın yolu sizin şəxsi səmərəliliyinizdən və məqsədlərinizdən asıldır. Əgər ikinci beyin yaratmaq istəyirsinizsə, sadə sistemlə başlayın. Zaman keçdikcə sisteminiz özü inkişaf edəcək və ehtiyaclarınıza uyğun formalaşacaq.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button