Elm adamlarından həyatlarına yön verən kitab tövsiyələri
Əgər elm ilə bir ahəngə sahibsinizsə, elm adamlarının kitab tövsiyələri sizə həmişə maraqlı olur. Bəşəriyyətin var oluşunun, keçmişinin, bu gününün və gələcəyinin təməlində dayanan, bəsit görünüşünün əksinə təsir gücü müqayisəyə gəlməz bir vasitə var. Kitab. Kitablar haqqında danışaq bu gün. Kitablar texnologiyaların ən üstün inkişaf mərhələsində belə insanlığın ən etibarlı sığınacağı olmağa davam edəcəkdir. Elə dövrümüzün möhtəşəm söz sahiblərindən biri olan Stephen Kingin sözlərini xatırlayaq: “Digər hər şey sizi yarı yolda qoyduqda kitabxananın yolunu tutun”. Qısa, sadə və bütün problemlərin həll ediləcəyi zəmanətini verən mükəmməl bir cümlə.
Axtardığımız sualların cavabını tapmaq üçün ediləcək ən etibarlı bir üsul var, kitablara baxmaq. Hansı dövr olur olsun, texnologiya hansı səviyyədə inkişaf edir etsin, fərq etməz, ən sadə problemlərin həllindən tutmuş, həyatı üzərində yaşadığımız bu “Solğun Mavi Nöqtə”dən ayrılaraq kainatın başqa bir nöqtəsinə daşıya bilməmizin yolları da məhz kitablardan keçir.
Kitablar axtardığımız sualların cavabını tapmaqda, daha cəsarətli suallar verməkdə və kiçik yaşlarımızdan həyatımızı şəkilləndirməkdə bizə effektiv təsir edən sehrli vasitələrdir. Beləliklə, sizlərə elm dünyasının məşhur nümayəndələrinin həyatlarını dəyişdiyini iddia etdikləri kitabları təqdim edirik:
Michio Kaku – Nəzəriyyəçi fizik (kitab tövsiyələri)
Dünyaca məşhur nəzəriyyəçi fizik Michio Kaku hər fürsətdə elmi fantastika janrının əhəmiyyətini vurğulayır. O, elmi fantastikanı gələcəyi dəyişdirə biləcək fikirlər yarada bilməmiz üçün çox əlverişli bir vasitə hesab edir, hər çıxışında buna dair nümunələr göstərir. Onun da maraqlı kitab tövsiyələri var.
O iddia edir ki, həyata baxış bucağını dəyişdirən kitablar sırasında Arthur Clarke və Robert Heinleinlə birgə elmi fantastikanın “Böyük Üçlüyünə’” daxil olan Isaac Azimovun “Vəqf” seriyası (The Foundation series) başda gəlir. Bu seriyada insanlar tərəfindən məskunlaşılmış on milyonlarla planetdən ibarət ölçüyəgəlməz Qalaktika İmperiyasının çöküşü ilə başlayan qaranlıq dövrlərdən və buna qarşı çıxan azsaylı elm insanının mübarizəsindən danışılır.
Kaku deyir ki, “Kiçik bir uşaq olarkən zehnimi açan bu kitab gələcək karyeramın da müəyyənləşməsinə də istiqamət vermiş oldu. Kitabı oxuyarkən özümə bu sualı verdim: Bu gün mümkünsüz hesab etdiyimiz hansı texnologiyaların icadı növbəti min ildə reallaşdırıla bilər? Alimlər ulduzlararası kosmik gəmilər, görünməzlik, zaman maşını fikirlərinin mümkünsüzlüyü haqqında danışarkən, əslində bugünkü texnoloji inkişafın yetərsizliyini qeyd etmiş olurlar. Azimovun əsərlərini oxuduqda özünüzə bu sualı verirsiniz: Görəsən, burada qeyd olunan texnologiyaların yaradılmasının qarşısını alacaq hər hansı bir fizika qanunu varmı?”
Təqribən 30 il ərzində trilogiya olan “Vəqf” seriyası sonradan Azimovun yazdığı kitablarla genişləndi, Robot seriyası ilə birləşdi və nəhayət 12 kitabdan ibarət möhtəşəm bir seriyaya çevrildi.
Sean Carroll – Nəzəriyyəçi fizik, astronom (kitab tövsiyəsi)
Nəzəriyyəçi fizik Sean Carroll 10 yaşında olanda həyatda nə ilə məşğul olmaq istədiyini kəşf etməsini böyük şans hesab edir. O, gələcəkdə fizik və astronom olmasında böyük rolu olan kitab tövsiyələri barədə bir kitabı qeyd etməklə vurğulayır: “1-2-3…Sonsuzluq: Elmin Həqiqətləri və Fərziyyələri”.
George Gamow tərəfindən 1947-ci ildə yazılmış bu elm klassikası, Böyük partlayış nəzəriyyəsinin və molekulyar biologiyanın inkişafına böyük təsir edən, öz oxucusuna təməl elmlər üzrə əhatəli bilik verən ilk kitablardan biridir.
Riyaziyyatdan biologiyaya, fizikadan astronomiyaya qədər olduqca geniş mövzuları əhatə edən bu kitab əyləncəli və sadə dillə yazılıb. Kitabda ədədlərin heyrətamiz xüsusiyyətləri, mikro və makro kainat və ya kosmos-zaman kimi hamını daima maraqlandıran mövzulardan bəhs olunur.
Hər yaş və elm səviyyəsinə uyğun olan bir dillə yazılan kitab Sean Carrollun həyatını dəyişdirib. O həmçinin sizə də ilham verə bilər.
Marcus Du Sautoy – Riyaziyyatçı (kitab tövsiyəsi)
Marcus Du Sautoy riyaziyyatın tarixi və hekayəsindən bəhs edən müxtəlif sənədli filmləri ilə tanınan dünyaca məşhur riyaziyyat professorudur. Onun ilk olaraq tövsiyə etdiyi kitab isə XX əsrin ən böyük riyaziyyatçılarından olan G.H.Hardynin “Bir Riyaziyyatçının Özünü Müdafiəsi” (A Mathematician’s Apology) adlı kitabıdır.
Kitab tövsiyələri haqqında qeydlərində o, “Bu kitabı 13-14 yaşlarımda oxudum və riyaziyyatın necə əyləncəli bir elm sahəsi olduğunu gördüm. Əvvəllər riyaziyyatın cansıxıcı bir elm sahəsi olduğunu düşünürdüm və heç maraqlanmırdım”, – deyə bildirib.
Kitabında riyaziyyatı musiqi, şeir və rəsm ilə müqayisə etməklə izah edən Hardy onun təkcə əməllər və düsturlar sistemi olmadığını, eyni zamanda təbiətin naxış və nizamlarını təyin etməyin yeganə yolu olmasından bəhs edir.
Neil Degrasse Tyson – Astrofizik (kitab tövsiyələri)
Neil Degrasse Tysonun siyahısında kainatın bilinən xüsusiyyətlərini kəşf etmək üçün Isaac Newtonun “Dünya Sistemi” (The System of World), Yer kürəsində bütün canlılar aləmi ilə qohum olduğumuzu görmək üçün Charles Darwinin “Növlərin Mənşəyi” (On The Origins of Species) kitabları yer alır.
Bundan əlavə, o, məntiqi düşüncə gücünün azad bir dünyaya lazım olan əsas vacib elementlərdən biri olduğunu başa düşmək üçün inqilabçı mütəfəkkir Thomas Painenin “Ağıl əsri” (The Age of Reason), kapitalizmin acgözlü iqtisadiyyat olduğunu görmək üçün Adam Smithin məşhur “Millətlərin Zənginliyi” (The Wealth of Nations) və son olaraq da 2000 il əvvəl yazılmasına baxmayaraq, hələ də dünyanın ən təsirli və nüfuzlu strategiya kitabı olan Sun Tszunun “Müharibə Sənəti” (The Art of War) kitablarını tövsiyə edir.
Lawrence Krauss – Nəzəriyyəçi fizik (kitab tövsiyəsi)
Jozef Hellerin “Maddə 22” (Catch 22) adlı kitabı nəşr olunduğu gündən qara yumorun kulminasiya nöqtəsi olmaqla yanaşı, həm də ən qeyri-adi kitablar arasında yer almaqdadır.
Krauss deyir: “Gəncliyimin ilk illərində bu kitabı oxudum və o, mənə sözlərin gücünü kəşf etməyə ilham verdi. Hellerin bir-birinə tamamilə zidd olan fikir və hadisələri bir araya gətirmə şəkli sonrakı illərdə yazılı və ya şifahi şəkildə ələ aldığım hər mövzuda effektiv oldu”.
Kraussun yazdığı kitablara baxdıqda bu təsiri aydın görmək mümkündür. “Star Trek” seriyasından fizika və ya elmi fəlsəfəyə qədər demək olar ki, hər mövzunu bənzər şəkildə qarışdıraraq təqdim edən nəzəriyyəçi fizik “22-ci maddə” kitabı sayəsində zövqə görə təyin edilmiş qaydaları şübhə altına almaq bacarığını da inkişaf etdirdiyini bildirir.
Sizə maraqlı ola biləcək yazı: Stephen Hawking – astrofizik haqqında bilinməyənlər
Son olaraq isə təcrübə edilərək təsdiqini tapmış bir fikri təkrar qeyd edək: “Yaxşı bir kitab həqiqətən həyatımızı istədiyimiz kimi dəyişdirə bilmək gücünə malikdir”.
“Oxuyun! Çünki mürəkkəbin axmadığı yerdə qan axar”, – deyir Dr. Əli Şəriəti.
Gəlin oxuyaq…