Zamanda səyahət: Hawkingin irəli sürdüyü 3 nəzəriyyə
Bəşəriyyət özünü dərk etməyə başladığı andan etibarən zamanda səyahət etmək xəyalları ilə yaşayır, keçmişə və gələcəyə getməyin yollarını axtarır. Bəs zamanda səhayət mümkündürmü?
Son bir neçə ildə zamanda səyahət fikrini araşdıran kifayət qədər elmi iş nəşr olunub. Tədqiqatların bir çoxu zaman səyahətinin xəyal olduğunu və bunun mümkün olmadığını düşünür. Ancaq British Columbia Universitetinin fiziki və riyaziyyatçısı Ben Tippett bunun riyazi olaraq mümkünlüyü barədə UBC kanalına müsahibəsi zaman bəhs etmişdi. Zamanda səyahət fikri bir sıra fərqli elm adamları tərəfindən müzakirə edilib, onların arasında məşhur fizik Stephen Hawking də var. Onun bu mövzu ilə bağlı bəzi nəzəriyyələri də var. Hawking zamanda səyahət etmənin 3 yolu olduğunu vurğulayırdı. Təbii ki, onun səsləndirdiyi bu fikirlər nəzəri idi.
Birincisi, zaman içərisində başqa bir nöqtə ilə əlaqə yaradan bir soxulcan dəliyindən keçməkdir. Soxulcan dəliyinin ümumi prinsipi budur ki, o kainatın bir nöqtəsindən digərinə qısa zamanda keçmək üçün bir tunel yaradır, beləliklə, çox uzun məsafələri çox az zaman ərzində qət etmək mümkün olur.
Sizə maraqlı ola biləcək yazı: Stephen Hawking – astrofizik haqqında bilinməyənlər
Hawkingə görə ikinci nəzəriyyə sadəcə gələcəyə səyahət etməyə imkan verir. Bunun üçün səyyah zamanı ciddi dərəcədə yavaşlatmaq üçün bir qara dəliyə yaxınlaşmalı, daha sonra isə zamanın normal şəkildə axdığı dünyaya geri dönməlidir. Beləliklə, döndüyü zaman artıq zaman etibarilə tərk etdiyi insanlara nəzərən gələcəkdə olmuş olacaq. Yəni burada zamanda səyahət artıq digər insanlara görə nisbi xarakter alacaq.
Sonuncu yol isə işığı sürətinə bərabər sürətdə hərəkət edə biləcək bir cihaz yaratmaqdır. İşığın sürətinə çatdıqda zaman səyyah üçün dayanır, ancaq digərləri üçün olduqca sürətlə axır. Nəticədə, səyyah geri döndükdə dünyada min illər keçmiş ola bilər. Beləliklə, o zamanda səyahət edərkən əslində zamanı özünə görə dayandırır.
Bütün bunlarla yanaşı, bunlar sadəcə riyazi cəhətdən mümkün görünən nəzəriyyələrdir. Bizim dərk etdiyimiz fizika qanunları zaman mövzusunda dəqiq olaraq bir şeyi deyir: keçmişə getmək mümkün deyil.