Elm
Trend

Aurora (Qütb Parıltıları) nədir və necə yaranır?

Aurora nədir? Qütb parıltıları necə yaranır? Norveç haqqında danışanda ağıla həmişə birinci növbədə Aurora (qütb parıltıları) gəlir. Ancaq bu parıltılar sadəcə şimal yarımkürəsində deyil, cənub yarımkürəsində də mövcuddur. Şimalda görünənlərə Aurora Borealis, Cənubda parıldayanlara isə Aurora Australis deyilir. Yaranma səbəbləri eyni olsa da, şimal yarımkürəsindəki Aruroralar daha populyardır, bunun da əsas səbəbi insanların bu fenomeni canlı görmək şanslarının olmasıdır.

Aurora nədir və necə əmələ gəlir?

Auroraların meydana gəlməsinin əsas səbəbi Günəşdir. Günəş sadəcə istilik və işıq mənbəyi deyil, bunlarla yanaşı zərərli şüalar və radiasiya da yayır. İnsanlar bu şüa və radiasiyalardan təsirlənmirlər, çünki atmosferin qatları və dünyanın ətrafında maqnit sahə insanlığı Günəşin dağıdıcı təsirlərindən qoruyur.

Günəşdə tez tez bir sıra partlayışlar meydana gəlir və bu partlayışlar nəticəsində Günəşdən kosmosa müxtəlif parçacıqlar sovrulur. Koronal kütlə boşalması və ya Günəş partlaması adlanan Günəşdəki partlayışlar, Günəşdəki maqnit sahələrindəki qarışıqlıqlar səbəbindən meydana gəlir və böyük plazma kütlələrinin kosmosa atılmasına səbəb olur. Bu partlayışlar günəş küləklərinin yaranmasına və kosmosda yüksək sürətlə hərəkət edə bilən hissəciklərin əmələ gəlməsinə səbəb olur. Bu hissəciklər, yəni sərbəst elektronlar və protonlar, günəşin fırlanması ilə günəş küləkləri tərəfindən Dünyaya doğru sürətlə hərəkət edirlər. Yüklənmiş hissəciklərin yerin maqnit sahəsi tərəfindən böyük ölçüdə qarşısının alınmasına baxmayaraq, bəzi hissəciklər yerin atmosferinə girərək atmosferdəki qaz molekulları ilə toqquşur.

Başqa sözlə, bu möhtəşəm işıq şüaları (və ya parıltıları) Günəşdən gələn yüklü hissəciklərin Yer atmosferinin oksigen və azot qazları ilə toqquşması nəticəsində meydana gəlir. Toqquşan hissəciklərlə enerji qazanan bu molekullar normal enerji səviyyələrinə qayıtdıqda foton yayırlar. Yayılan fotonların sayı o qədər çox olur ki, qütblərdə görünən hərəkətli parıltılar meydana gəlir.

Qısaca olaraq, qütb işıqlarının yaranmasının əsasında atomların tətiklənməsi dayanr. Atom mərkəzdə bir nüvə və onun ətrafında dönən elekronlardan ibarət olur. Günəş səthində əmələ gələn fırtınalar kosmosa yüklü parçacıqlar püskürür. Günəşdən saçılan bu yüklü parçacıqlar Dünya atmosferindəki qaz atomları ilə toqquşduqda, ətrafdakı bir elektron daha yüksək enerjili orbitə çıxaraq tətiklənmiş olur. Bu tətiklənmə atomların şüalanmasına səbəb olur. Elektron tətiklənmiş haldan aşağı enerjili orbitinə qayıdarkən foton adlanan işıq hissəciklərini yayır.

Fərqli Aurora rəngləri necə əmələ gəlir?

Günəşdən gələn hissəciklərin oksigen molekulları ilə toqquşması nəticəsində qırmızı və ya yaşıl işıq tonları; azot molekulları ilə toqquşması nəticəsində mavi və bənövşəyi işıq çalarları meydana gəlir. Solğun sarımtıl yaşıl, ən çox yayılmış parıltı rəngidir və yer üzündən təxminən 96 kilometr yüksəklikdə yerləşən oksigen molekulları ilə toqquşma nəticəsində yaranır. Nadir qırmızı auralar isə 320 kilometr yüksəklikdə oksigen molekulları ilə toqquşma nəticəsində əmələ gəlir. Azot molekulları ilə toqquşma isə mavi və ya bənövşəyi-qırmızı rəngli auroralar meydana gətirir.

Milyardlarla belə toqquşma olduqda, yayılmış fotonlar gecə səmasında görünməyə başlayır və aurora yaradır. Günəş işığından daha qaranlıq olduqları üçün gün ərzində görünmürlər. Əslində, auroralar bütün dünyada ola bilər; lakin burada daha yüksək maqnit sahəsi və daha uzun qaranlıq müddəti olduğu üçün qütblərdə daha aydın görünür. Bu toqquşmalardan milyardlarla olduqda yayılan fotonlar gecə səmada aydın şəkildə görünərək Auroraları yaradır. Auroralar gündüzlər görünmürlər, çünki fotonların işığı Günəş şüalarından çox zəif olur. Əslində proses eyni olduğu üçün Auroralar dünyanın hər yerində meydana gələ bilər, ancaq qütblərdə yaranmasının səbəbi buradakı maqnit sahə və daha uzun qaranlıq müddətinin olmasıdır.

Fərqli şəkillərdəki Aurora nədir?

Auroraların niyə müxtəlif şəkillərdə meydana gəldiyinə dair elm adamları hələ də qəti bir cavab vermirlər, lakin bu formaların maqnitosferdə meydana gəlməsindən asılı olduğu məlumdur. Auroralar bir çox fərqli formada görünsə də, ümumiyyətlə üç fərqli formada meydana gəlir: Qövsvarı, zolaq və sütun şəklində Aurora. Aşağıdakı şəkildə hər üçünün şəkillərini görə bilərsiniz.

Qütb parıltıları harada müşahidə olunur?

Auroralar Dünyanın maqnit qütblərinin ətrafında meydana gələn halqavarı ərazilərdə meydana gəlir. Auroral oval adlandırılan bu halqalar kosmosdan görünə bilinir. Şimal qütb işıqlarını müşahidə etmək üçün ən ideal yerlər Alyaska, Kanada və Norveçdir. Cənubdakı işıqları isə Avstraliya və Yeni Zellandiyadan müşahidə etmək olar.

Sizə maraqlı ola biləcək yazı: Kainatın mərkəzi harada yerləşir?

Auroralar digər planetlərdə də meydana gəlirmi?

Auroralar təkcə Yer kürəsində deyil, Günəş sistemində yer alan bir çox planetdə aşkar edilmişdir. Uran və Neptun Mars və Venerada auroralar müşahidə edilir. Həm Yupiter, həm də Saturn güclü maqnit sahələrinə sahib olduqlarına görə, hər iki planetdə açıq aydın görünür. Venera tam planetar maqnit sahəsi olmadığı üçün Venera aurorası dəyişən forma və hissə-hissə dağılaraq parlaq görünür.

Son olaraq…

Şimal bölgələrinə yaxın yerdə yaşayan insanlar Qütb parıltısı ilə əlaqədar müxtəlif əfsanələr, inanclar yaratmışlar. Şimaldakına Aurora Borealis, Cənubda formalaşana isə Aurora Australis adı verilib. Aurora sözü Roma şəfəq tanrısının adından gəlir. Borealis isə 1621-ci ildə Pierre Gassendi tərəfindən Yunanıstanın şimal küləyinə verilən addır. Misal üçün:

➡️ Şimali Amerikada bu işıqlar,insanları dünyadan cənnətə doğru gedən yolda yol göstərəmək üçün tanrıların istifadə etdiyi məşəllərin işıqları hesab edilirdi.

➡️ Avropada isə bu işıqların kralı və ölkəsi üçün canından keçmiş qəhrəmanlara hədiyyə olaraq göylərdə sonsuz yaşamaq gücü verdiyinə inanılırdı.

➡️ Avstraliyadakı insanlar,bu işıqların tanrıların göydəki rəqsi nəticəsində yarandığını düşünürdülər.

Məqalənin ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə izləyicimiz Reyhanə Abbasovaya öz minnətdarlığımızı bildiririk.

Əlavə olaraq araşdırma aparmaq üçün aşağıdakı mənbələrdən istifadə edə bilərsiniz.

Mənbə:
NASA. What Is An Aurora?NASA. AuroraNorthern Light Centre. What Are Northern Lights?Aurora Borealis Observatory. Shapes And Types Of AuroraN. Case. What Do Auroras Look Like On Other Planets?

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button