Elm

Apollon – Ayı Yerə daha yaxın edən missiya

Apollon proqramı və ya Apollon layihəsi NASA tərəfindən reallaşdırılmış Aya uçuş layihəsidir. Gemini Layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır.

Apollon gəmilərinin işləmə mexanizmləri

Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi. Bunların köməyi ilə Ayın səthində Apollonun enişi üçün uyğun yer müəyyənləşdirilmişdi.

Apollon missiyaları

Layihənin icrası zamanı əldə edilən bir çox müvəffəqiyyətlərə qarşı 2 böyük uğursuzluq yaşanmışdır. Birincisi Apollon-1-in uçuş sınaqları zamanı 3 astronavtın (Vircil Qrissom, Edvard Higgins Vayt və Rocer Çaffi) ölümü, ikincisi isə Apollon-13-ün kosmosda partlaması idi. Bu fəlakət layihə mühəndislərinin, uçuş nəzarətçilərinin və ekipaj üzvlərinin səyləri sayəsində avtronavtlara heç bir zərər dəymədən sovuşduruldu.

İlk əhəmiyyətli addım 21 dekabr 1968-ci ildə göndərilən Apollon-8-in Ayın orbitinə yerləşdirilməsi və Ay ətrafında 10 dəfə fırlanması ilə atıldı (həmin kosmik gəmi Yerə qayıdıb Sakit okeana enmişdir (27.12.1968)). 3 mart 1969-cu ildə Apollon-9 vasitəsilə Aya enmə zamanı istifadə ediləcək Ay modulu sınandı. Apollonun əsas gövdəsindən kiçik bir tunellə Ay moduluna keçilərək ilk dəfə kosmik gəminin xaricinə çıxmadan bir kosmik vasitədən digərinə keçid edildi.

Apollon Layihəsinin ən böyük müvəffəqiyyətini Apollon-11 reallaşdırdı. 16 iyul 1969-cu il tarixində Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in içindəki astronavtlardan Neyl Armstronq və Edvin Oldrin iyulun 20-də Eagle adlı Ay moduluna keçdilər və iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: “Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün böyük bir sıçrayışdır”.

14 noyabr 1969-cu ildə göndərilən Apollon-12 sayəsində noyabrın 19-da Aya ikinci dəfə insan endirmək mümkün oldu. Apollon-13 Aya uçarkən oksigen balonlarından biri partladı və gəminin böyük hissəsi parçalandı. Astronavtlar çətinliklə Yerə geri qayıda bildilər. Apollon-15-in astronavtları kosmik vasitə ilə birlikdə aparılan nəqliyyat vasitəsinin köməyi ilə Ay səthində gəzərək çox sayda nümunə topladılar. Apollon-16 özü ilə təxminən 100 kq ağırlığında Ay daşı gətirdi. Apollon-17 isə 1972-ci ilin dekabrında Apollon Layihəsi çərçivəsində həyata keçirilən son Ay səfərini reallaşdırdı.

Back to top button