Bir sözlə, 2020…
2020-ci il ölümlərə səbəb olan qlobal miqyaslı pandemiya, siyasi gərginliklərlə dolu proseslər, dünyanın dörd bir yanında baş vermiş təbii fəlakətlər və müharibələr ilə ömrünü başa vurur. 2020-ci il xüsusilə azərbaycanlıların yaddaşına həkk olunaraq, unudulmaz zəfərə şahid oldu. 30 ildən sonra Azərbaycanın müzəffər ordusu Qarabağı düşmən işğalından azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bu yazımızda sizə 2020-ci ilin ən mühüm hadisələrini toplamışıq.
1. Avstraliya yanğınları
2019-cu ildən başlayan yanğınlar 2020-ci ilin mart ayına qədər davam edərək ölkənin flora və faunasına ciddi zərər verdi. Yanğınlar zamanı rekord həcmdə – 47 milyon hekar ərazi yanaraq külə döndü. Tədqiqatçıların fikrinə görə 1 milyarddan çox heyvan növü də yanğınlar zamanı tələf oldular. Yanğınlar zamanı 445 nəfər həlak oldu.
2. Covid-19 pandemiyası
Yanvarın 9-da Dünya Səhiyyə Təşkilatı Çinin Vuhan şəhərində görünən və sürətlə yayılan koronavirus haqqında bəyanat yayımladı. Qısa müddət ərzində virus bütün dünyaya yayılaraq 82 milyondan çox insanın yoluxmasına, 1.5 milyondan çox insanın isə ölümünə səbəb oldu. Pandemiya nəticəsində dünyanın bir sıra ölkələri karantina elan edərək insanların evdən çıxmasına qadağa gətirdi. Yay dövründə azalma müşahidə olunsa da, payıza doğru yoluxmalar daha da artdı və nəticədə ölkələr arasındakı sərhədlər yenidən bağlandı. Mart ayından etibarən dünya turizmi və xidmət sahələri Covid-19 pandemiyası səbəbindən böyük zərər gördü. İlin sonlarına doğru bir sıra dərman şirkətləri koronavirus əlehyinə vaksin hazırlandığını elan etsələr də, vaksinasiya prosesinə 2021-ci ildən başlanılacaq.
3. NBA əfsanəsinin ölümü
Basketbolun əfsanəvi oyunçularından biri olan Kobe Bryant Kaliforniya ştatında yanvarın 26-da vertolyot qəzasında qızı Gianna ilə birlikdə həlak oldu. Qəzanın səbəbləri indiyədək bilinməsə də, mövcud ehtimallar dumanlı hava şəraitinin pilotun görüşünü əngəllədiyini və buna görə də qarşıdakı təpənin görünməməsinə görə vertolyotun təpəyə çırpılmasıdır.
4. ABŞ prezidentinin impiçmenti
Nümayəndələr Palatası, Konqresə maneə törətdiyi və vəzifəsindən sui-istifadə etdiyi üçün Prezident Trampa qarşı 15 Yanvar 2020-ci ildə Senata impiçment müraciəti göndərmək üçün səs verdi. Bu səsvermədə 230 nəfər impiçmentin lehinə, 197 nəfər isə əleyhinə iştirak etmişdi. Prezident Tramp Senatda bəraət qazandı, ancaq buna baxmayaraq Nümayəndələr Palatasındakı impiçment ilin ən çox danışılan siyasi anlarından biri idi.
5. Şok neft qiymətləri
Dünya tarixində ilk dəfə ABŞ-ın West Texas Intermediate (WTI) brend nefti neqativ qiymətə satılırdı. Neft istehsalçıları may ayında saxlama anbarlarının dolması səbəbindən alıcılara əmtəəni almaq üçün pul təklif edirdilər. ABŞ şirkətləri nefti saxlamaq üçün tankerlər icarəyə götürsələr də, bazarda olan neft çoxluğu görə qiymətlərə əhəmmiyyətli dərəcədə təsir etdi. Beləliklə də, ABŞ tarixində ilk dəfə bir barel neft – (mənfi) 37.63 dollara satılırdı.
6. Şimali Koreya prezidentinin ölüm şaiyələri
Şimali Koreyanın başçısı Kim Yungun 15 aprel tarixində keçirilən babası Kim İl-Sungun anım tədbirlərində görünmədi. Buna görə də, dünya mediyasında onun ya ağır xəstəliyə düçar olduğu ya da öldüyü barədə fərziyyələr meydana çıxdı. Ancaq 20 gün sonra Şimali Koreya lideri dövlət mediyasının lent kəsmə mərasimində göründü. Bununla yanaşı, iddialara görə bu görüntülər də saxta idi və Kim Yungun vəziyyətinə görə rəsmilərin mediyaya zaman qazanmaq üçün ötürdüyü görüntülər hesab olunurdu.
7. ABŞ yeni prezidentini seçir
Joseph Robinette Biden ABŞ-ın 46-cı prezidenti seçilir. O, səsvermədə Trampa qalib gələrək səslərin böyük qismini qazanır və Trampın 4 illik prezidentlik fəaliyyətinin bitməsinə səbəb olur. Prezident Tramp bu səsvermədə saxtakarlığın olduğunu iddia etsə də, son hesablamalardan sonra nəticə dəyişmədi. Biden 2021-ci ilin yanvarından etibarən öz vəzifəsini icra etməyə başlayacaq.
8. Twitter sosial şəbəkəsi xakerlərin hücumuna məruz qaldı
Bir Florida gənci tərəfindən idarə olunduğu iddia edilən bir qrup, Joe Biden, Bill Gates, Elon Musk və Kanye West də daxil olmaqla məşhur ticarət və siyasi xadimlərin Twitter hesablarını ələ keçirdi. İyul ayında Bitcoin fırıldaqçılığına məruz qalan profillərdə eynilə bu mesaj yazılmışdı: “Cəmiyyətə geri ödəyirəm. Əgər 1000 dollar göndərsəniz, mən 2000 dollar göndərəcəm. Sadəcə 30 dəqiqə ərzində edirəm.” Tvitlərin göndərilməsindən qısa müddət sonra fırıldaqçılığın qarşısı alındı və 17 yaşlı gənc təqsirkar bilinərək həbs olundu. Avqust ayında isə onun günahsız olduğu sübut olundu və azad edildi.
9. Beyrut partlayışı
Avqustun 4-də Beyrutda bir limanın partlaması nəticəsində 178-dən çox insan öldü, 6500-dən çox insan yaralandı və 300.000 nəfər evsiz qaldı. Livan Baş nazirinin sözlərinə görə, 2750 ton ammonium nitrat səhvən Beyrut limanının yaxınlığındakı anbarda saxlanılıb. Saxlanma zamanı təhlükəsizlik təmin edilsə də, ehtimallara görə içərdi baş verən yanğın anbarın partlamasına səbəb olub. Yanğının isə səhər saatlarında anbar yaxınlığında qaynaq işlərinin görülməsi nəticəsində meydana çıxdığı ehtimal olunurdu. Beyrutda partlayışının parlayış gücü və dairəsi 1945-ci ildə Hiroşimaya atılan nüvə bombasından 10 dəfə çox idi.
10. Qasim Süleymaninin ölümü
2020-ci ilin əvvəlində bir çoxları ABŞ-ın İranla müharibə həddinə qədər gəldiyini, hətta toqquşlamaların başlayacağından narahat idi. Yanvarın 3-də ABŞ-ın hava hücumu zamanı Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında İran ordusunun generalı Qasim Süleymani öldürüldü. Bu hadisə iki ölkə arasındakı gərginliyi daha da artırdı və nəticədə İran yanvarın 7-də İraqdakı ABŞ əsgərlərini hədəf alan ballistik raket zərbəsi ilə qisas aldı. Lakin bir neçə saat sonra İran İnqilab Keşikçiləri səhvən Ukrayna hava yollarına məxsus təyyarəni vurduğunu etiraf etdi. Qəza nəticəsində göyərtədəki 176 nəfərin hamısı həlak oldu.
11. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur
2020-ci il şübhəsiz ki, azərbaycanlıların yaddaşında əbədi həkk olunacaqdır. Təxminən 30 ildən sonra müzəffər Azərbaycan ordusu düşmən üzərində inamlı qələbə qazanaraq Dağlıq Qarabağı və ətraf rayonları azad etdi. 44 günlük müharibə nəticəsində düşmənə böyük zərbələr endirən ordumuz, əldə etdiyi qənimətləri dekabrın 10-da Bakıda nümayiş etdirdi. Müharibənin dönüş nöqtəsi isə Şuşa şəhərinin işğaldan azad olması oldu. Noyabrın 8-də Şuşanı azad edən ordumuz Noyabrın 10-da düşmənin ağ bayraq qaldıraraq təslim olmasına səbəb oldu. Bununla da 2020-ci ilin sonunda Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu, BMT-nin 4 qətnaməsi tam icra edildi və azad olunmuş torpaqlarda bərpa işlərinə start verildi. Allah şəhidlərimizə rəhmət etsin!