Facts
Trending

Pompey şəhəri və sirli hekayəsi – Günahlar şəhəri necə yox oldu?

İtaliyanın Napoli şəhərinin yaxınlığında bir zamanlar çox zəngin və inkişaf etmiş şəhər var idi. Dənizə yaxın olması şəhəri həm iqtisadi cəhətdən yüksəldir, həm də insanların güzəranını yaxşılaşdırırdı. Şəhər Roma imperiyasına daxil idi və romalılar tərəfindən idarə olunurdu. Ancaq şəhərin və əhalisinin ömrü uzun olmur. 79-cu ildə vulkan püskürməsi şəhəri 15 dəqiqə ərzində məhv edir, sağ qalan olmur və təxminən 1700 il şəhərin varlığından kimsənin xəbəri olmur. Bu yazımızda tarixdən faciəvi şəkildə silinən Pompey şəhəri haqqında bəhs edirik.

Pompey şəhərinin sirli hekayəsi: Günahlar şəhəri necə yox oldu?

Pompeyin son günü

Məşhur rus rəssam Karl Bryullovun bu rəsm əsərini yəqinki görmüsünüz. Pompeyin son günü – Karl Bryullov tərəfindən 1830-1833-cü illərdə eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi mövzusunda çəkilmiş böyük tarixi rəsm əsəridir. Rəsm əsəri həm o dövrdə Rusiyada üstünlük təşkil edən Neoklassisizm, həm də Fransada getdikcə daha çox tətbiq olunan Romantizm arasında özünə yer tapıb. Rəsm demək olar ki, bütün dünyada bəyənildi və Bryullov beynəlxalq nüfuza malik ilk rus rəssamı oldu.

Əsər Pompeyin kəşf olunmasından təxminən 100 il sonra ərsəyə gəlmişdi. Həmin dövrlərdə Pompeyin kəşfi bütün dünyada böyük xəbər olmuşdu və tarixçilər, arxeoloqlar, etnoqraflar, bir sözlə bu işə aidiyyatı olan hər kəs Pompeyin sirrini açmağa çalışırdı.

Pompey şəhəri təsadüfən 18-ci əsrin əvvəllərindən başlanaraq kəşf olundu. Bir qrup tədqiqatçı ərazidə dəyərli qədim artefkat axtarışları zamanı İtaliyanın Campania bölgəsinə qədər gəlmiş və qazıntılar aparırdılar. Ancaq bundan əvvəl 1599-cu ildə İtalyan memar Domenico Fontana su tuneli qazıntıları zamanı şəhəri təsadüfən kəşf etsə də, buna çox önəm verilmir və rəsmi olaraq qazıntılar məhz 1748-ci ildə ön kəşflərdən sonra başlandı.

pompey şəhəri

Üstündən 300 il keçməsinə baxmayaraq, bu gün də Pompeydə qazıntılar davam edir və yeni artefaktlar, daşlaşmış insanlar tapılır. Hazırda Pompey şəhəri UNESCO-nun ümumdünya irsi obyektləri siyahısındadır və hər il təxminən 2.5 milyon insanın ziyarət etdiyi yerdir. Pompeyin məhv olması barəsində bir çox hekayələr və əfsanələr var. Ancaq bütün hekayələrdə sadəcə bir ortaq cəhət var. Pompey insanları Vezuvini vulkan kimi yox, dağ kimi tanıyırdı və bir gün belə fəlakət yaradacağını bilmirdilər.

Vezuvi vulkanı

Vezuvi vulkanı təbii ki, bir gecədə püskürməmişdi. Ümumiyyətlə, vulkanların kəşf olunduqları dönəmlərdə onu aktiv vulkan kimi də təyin etməmişdilər. Vezuvi vulkanı Afrika və Avrasiyanın tektonik toqquşması nəticəsində İtalyan yarımadasında yaranan vulkandır və min illərdir ki, püskürür. İntensiv olaraq aktivləşməsə də, dağıdıcı gücü böyükdür. Məsələn, eramızdan əvvəl 1780-ci ildə aktivləşmə zamanı milyonlarla ton lava püskürmüş, kül və qayaları 35 kilometr hündürlüyə qədər atmışdı.

Tarixöncəsi faciə dağın ətrafındakı bütün şəhərləri demək olar ki, yox etmişdi. Pompey şəhərinin də eyni faciəni yaşaması məhz vulkanın aktivləşdiyi dövrə təsadüf etmişdi. Əslində vulkan uzun illər əvvəl aktivləşmiş, zəlzələ və kiçik püskürmələrlə xəbərdarlıq etmişdi. Eramızın 63-cü ilində böyük zəlzələ baş vermiş, ancaq bu hadisə Pompey şəhərində normal qarşılanmışdı. Çünki Pompey şəhəri tektonik zonada olduğu üçün burda tez tez zəlzələlər baş verir və insanlar da artıq buna öyrəşmişdilər.

Pompey şəhəri: 79-cu il

Pompeydə baş tutan ilk ciddi zəlzələdən 16 il sonra eramızın 79-cu ilində Vezuvi vulkanı yenidən aktivləşdi. Ancaq bu dəfə sanki illərin təzyiqi dağda toplanmış, püskürmək üçün gün saymışdı. Pompey şəhərinin tamamilə məhv olması çox dramatik idi. Çünki Pompeyin əhalisi vulkan püskürməsini xəbər verən ilkin siqnalları anlamırdı, hətta əhəmiyyət belə vermirdi. Vezuvi fəaliyyətə başlayanda artıq çox gec idi: Pompey bu hadisə qarşısında hazırlıqsız dayanmışdı. Vulkan püskürdükdən sonra küləyin gücü ilə Pompey şəhərini də öz təsiri altına alır.

pompey şəhəri

Partlayışdan sonra qısa zaman ərzində Pompey şəhəri üzərində vulkanik buludlar çoxalmış, vulkandan püskürən qaya, daşlaşmış lava parçaları, kül, qaz və toz buludları əhalini tamamilə hərəkətsiz qoymuşdu. Partlayışın gücü o qədər yüksək idi ki, Hiroşima və Naqasakidə partlayan atom bombasından 100.000 dəfə çox termal enerji yaymışdı. Şəhərin üstünü örtən vulkanik kül və qaz isə insanların nəfəs yolu ilə zəhərlənmələrinə səbəb olmuşdu. Vulkan püskürməsi 2 gün davam etsə də, Pompey şəhəri partlayışdan sonra sadəcə 15 dəqiqədə məhv oldu. Çünki 200-250 dərəcə saf isti havaya məruz qalan istənilən canlı sadəcə 2-3 dəqiqə həyatda qala bilir, ancaq nəfəs yollarına vulkanik küllər də gedərsə, bu müddət daha da azalır.

Partlayan Vezuvi həmin an üç şəhəri qaynar lavanın altında qoydu – Pompey, Herkulanum və Stabiya. İnsanlar axtarsalar da özlərinə sığınacaq tapa bilmirdilər. Bəziləri diri-diri yanarkən, digərləri yer tərəfindən udulur, başqaları isə tüstü və küldən boğulurdular. Şəhəri örtən lava, vulkanik kül və qazlar nəticəsində burada mövcud olan hər şey daşlaşdı və kəşf olunana qədər olduğu kimi qaldı.

Pompey şəhərindəki yaşam

Pompey şəhəri həmin illərdə Capri adasına və dənizə çox yaxın olan cənnət kimi təsvir olunan zəngin şəhər idi. Üstəlik dənizə yaxınlığı və yerləşməsi səbəbindən ticarətin ən yüksək səviyyədə olduğu şəhərlərdən biri idi. Pompey şəhəri Romanın elit, ziyalı və varlı insanlarının yaşadığı yer idi. Şəhər əvvəllər Romalıların tərkibində deyildi, ancaq Roma hakimiyyəti qurulduqdan sonra bu şəhər əyləncə və qumar şəhərlərindən biri çevrildi.

pompey şəhəri

Əhalinin 60%-i varlılar, 40%-i isə qullar idi. Pompey şəhəri qul döyüşləri, qulların bir birini öldürməsi ilə də məşhur idi. İddialara görə bu şəhərdə hər cür vəhşət yaşanırdı. Şəhərin demək olar ki, hər küçəsində fahişə evləri fəaliyyət göstərirdi. Göstərişli evlər, saraylar, liman və teatrlar buranın nə qədər zəngin olduğunu göstərirdi. Şəhərin içində varlı insanların rahat yaşaması üçün hər şey quraşdırılmışdı. Şəhər kosmopolit və beynəlxalq idi. Təxminən 20000 insan yaşayırdı və onların yarısı uşaqlar idi.

Pompey şəhəri barədə əfsanələr

Pompey şəhəri və onun faciəvi yox olması ilə bağlı insanlar arasında müxtəlif rəvayət və hekayələr var. Vulkan püskürməsi zamanı buradan heç kim sağ qurtula bilməmişdi. Bəziləri dənizə doğru qaçsalar da, dalğalar tektonik hərəkətlənmələrə görə insanları vulkan tərəfə atırdı, beləliklə, insanların ümumiyyətlə xilas yolu qalmamışdı. Pompey barədə insanlar tərəfindən danışılan bir çox rəvayət var.

Onlardan ən məşhuru isə Pompeyin yasaq cinsi münasibətlərlə tanınmasıdır. Rəvayətə görə bir dönəm Roma imperatorluğunu idarə etmiş Caligula öz bacısına aşiq olmuşdu. Ona görə də, qədim Romada cinsi münasibətlərə baxış tamamilə dəyişmiş, insanlar bir biri ilə asanlıqla istənilən yerdə izdivaca girirdilər. Pompey isə Romada yasaq münasibətlərin daha çox ön planda olduğu, əyləncənin bol, dərd-qəmin isə olmadığı şəhər idi.

Hadisənin baş verdiyi gün – Pompeyin son günü həyat həmişəki kimi davam edirdi. Bir neçə yüngül zəlzələ olsa da, sakinlər buna əhəmiyyət vermir, keflərinə davam edirdilər. Pozğunluqdan, əyyaşlıqdan başlarını itirmiş insanlar heç nəyi görmür, hər şeyə laqeyd yanaşırdılar. O zamankı çoxallahlılıq dövründən ta sonrakı səmavi dinlərə qədər – hamısı Vezuvi dəhşətinin Allahın qəzəbi olduğunu söyləyir. Çünki tarixin gördüyü ən pozğun dövr məhz həmin illərə təsadüf edirdi. Artıq cinsi münasibətlər sərhəd tanımırdı. Nəinki toplu şəkildə, hətta bazarda, küçədə insanlar kütləvi halda izdivaca girirdilər.

Ən dəhşətlisi isə insanlar arasında insest adi bir şeyə çevrilmiş, həmcins münasibətləri daha da artmışdı. Buna görə də inanca görə Vezuvi vulkanı şəhəri qısa zamanda yox etmiş, insanların əyləncəsindən ayrılmasına vaxt tanımamış, kiminsə xilas olmasına imkan verməmişdi. Çox uzun müddət sonra kəşf olunan şəhərdə qazıntı işləri zamanı bəzi artefkatlar da oğurlanırmış. İnanca görə, şəhər o qədər lənətli imiş ki, buradan oğurlanan əşyalar da uğursuzluq gətirirmiş. Hətta bəzi turistlər buradan apardıqları parçaları daha sonra uğursuzluq gətirdiyini izah etdiyi məktublarla geri göndərmişdi.

Pompey şəhəri bu gün

Pompey Napoli şəhərinin yaxınlığında, təxminən 25-30 kilometrlik məsafədə yerləşir. 1748-ci ildə yenidən kəşf edilməsi və indiyə qədər xüsusi qorunması hər il təxminən 3 milyon turisti bura çəkir. Pompeydən tapılan artefaktlar və daşlaşmış insanlar muzeydə sərgilənir. Geoloqlara görə insanların sürətlə ölümünün səbəbi vulkan tüstüsü və kükürd qazı idi. Daşlaşmalarının səbəbi isə vulkanik tozun sərtləşməsi və lavaların şəhəri tamamilə örtməsi idi. Lava insanları qəlibləşdirmiş, bədənləri çürüsə də qəliblərin eyni qalmasına səbəb olmuşdu. Ona görə də bəzi insanların bütün bədən detalları olduğu kimi görünür.

İtaliya hökuməti bu şəhərin bərpasına və araşdırılmasına milyonlarla avro pul ayırır. Nəticədə, günümüzə gəlib çata bilmiş nadir tarixi yerlərdən biridir. Şəhəri ziyarət edərkən, Vezuvi vulkanını açıq aydın görmək olur. Bu vulkan hələ də aktivdir, sonuncu dəfə 1944-cü ildə püskürmüşdü. Alimlərin sözlərinə görə, əslində Vezuvi indilərdə püskürməlidir, çünki dağda gedən tektonik proseslər daha da artıb. Dağın ətrafında təxminən 3 milyon insan yaşayır. İtalyan hökuməti insanlara buradan köçmələri üçün pul təklif etsə də, onlar qəbul etməyib. Buna görə də, hökumət püskürmə zamanı 3 milyon insanın buradan qaça bilməsi üçün təcili fəaliyyət planları hazırlayıb.

Sizə maraqlı ola biləcək yazı: Bir şəhərin içində gizlənən ən böyük piramida

Pompeyə giriş bir nəfər üçün 10 avrodur. Ancaq şəhəri bələdçilər ilə gəzmək istəsəniz, əlavə 60 avro da ödəməlisiniz. Şəhər olduqca böyükdür. Bileti aldıqdan sonra kassir sizə Pompey şəhəri barədə kiçik informasiya broşürü verir. Broşürdə şəhəri gəzərkən istifadə edə biləcəyiniz proqramın endirmə qaydası da izah olunub. Proqramın canlı xəritə xüsusiyyəti ilə siz Pompey şəhərindəki məşhur yerlərə də baş çəkə bilərsiniz. Bileti aldıqdan sonra gün ərzində istədiyiniz qədər şəhəri gəzə bilərsiniz. Əgər bələdçi ilə gəzməsəniz, onda getdiyiniz bütün yerlər haqqında proqramdan məlumat əldə edə bilərsiniz.

Pompey şəhərinə turistik səyahət

Biletlər və Pompey turu haqqında məlumat üçün tıklayın 👉🏻 Pompeii tickets

Via
Science ARC Telegram kanalı
Source
Pompeii : The Destruction and Re-Discovery of a Roman CityPompeiiPompeii, Italy: Mount Vesuvius Eruption & FactsThe Fall and Rise and Fall of PompeiiWhat would happen if Mount Vesuvius erupted today?

Azimoff

Academic researcher, writer, blogger
Back to top button