Bioqrafiya

Alan Turing kimdir?

Alan Mathison Turing ingilis riyaziyyatçı və kriptoloqdur. Günümüzdə mövcud olan kompyuter elminin və süni zəkanın qurucusu sayılır. Alan Turing hər zaman kompyuter maşınlarının da düşünə biləcəyini və lazımi anlarda kritik köməyi dəyə biləcəyini düşünürdü. İkinci Dünya müharibəsi zamanı almanların istifadə etdiyi “Enigma” maşınlarının kodlarını qırmağa müvəffəq olmuş və müharibənin gedişatına önəmli dərəcə də təsir etmişdi. Buna görə də müharibədən sonra ona müharibə qəhrəmanı statusu verilmişdi. Bundan əlavə Manchester Universitetində işlədiyi illərdə yaratdığı “Turing maşını” alqoritması ilə müasir kompyuterlərin konseptual əsasını qoymuşdur.

ALAN TURİNGİN UŞAQLIQ İLLƏRİ

Alan Turingin ailəsi ortagəlirli idi və onlar o dönəm İngiltərənin müstəmləkəsi olan Hindistanda yaşayırdılar. Atası Julius Mathison Turing dövlət işçisi idi. Anası Sara Turing isə Hindistanın Orissa şəhərində yaşayan sadə vətəndaşlar idi. Ancaq bir müddət sonra Londona köçən ailənin oğlu elə burada 23 İyun 1912-ci ildə dünyaya gəlir. O dövrün maddi şəraitini nəzərə alan Julius Turing Hindistana işləmək üçün geri dönür və Alan Turing qardaşı və anası ilə birlikdə Londonda qalır. 

Alan Turing hələ uşaqlıq vaxtlarından riyaziyyat elmində çox yaxşı olduğunu göstərirdi. Buna görə də ailəsi onu 6 yaşında St Michaels məktəbinə qoyurlar. Ancaq ilk gündən məktəbin müəllim kollektivi onda olan bu fərqliliyi hiss edirlər. 1926-cı ildə isə Alan Turing Dorsetdə bahalı məktəblərdən biri olan Sherborne məktəbinə qəbul olundu. Onun məktəbdəki ilk günü İngiltərədə həmin dövrdə baş verən boykotla eyni vaxta təsadüf etmişdi. Alan isə həmin gün maşinistlərin işləməməsinə rəğmən məktəbə 60 mildən çox məsafəni velosipedlə qət edərək getmişdi.

Məktəb seçimi Alan üçün çox da uğurlu olmamışdı. Həmin məktəb İngiltərədə Antik Yunan və Latın elmləri sahəsində məşhurlaşmışdı. Alanın isə riyaziyyat və elm sahəsindəki zəkası məktəbin müəllimlərinin xoşuna gəlmirdi. Alan Turing məktəb illərində müəllimləri ilə münasibəti yaxşı deyildi, onları dinləmədiyi üçün də məktəbdə sevilməyən şagird olmuşdu. Bir müddət sonra məktəb rəhbərliyi ailəsinə məktub yazaraq uşaqlarının bu məktəbə uyğun olmadığını bildirmiş, təhsilini başqa məktəbdə davam etməsini tövsiyə etmişdilər.

GƏNCLİK İLLƏRİ

Alan Turing sadəcə zəkası ilə digərlərindən fərqlənmirdi, onu hər kəsdən ayıran homoseksual olması idi. Məktəb dönəmində Alan Turing Christopher Morcom ilə çox yaxın dostluq qurmuşdu. Sonradan bu dostluq ona qarşı məhəbbətə çevrilmişdi. Christopher uşaqlıqda vərəm xəstəliyinə tutulmuş və tədris ilin son həftələrində vəfat etdi. Bununla da Alan Turingin dinin inancı tamamilə bitmiş, içinə qapanmaqla ateistliyə doğru yönəlmişdi. O, insan beyni üzərindəki araşdırmaları da daxil olmaqla bütün dünya fenomenlərinin materialist olduğuna inanmağa başlamışdı. 

Alan Turing universitet illərini Cambridge Kings kollecində keçirdi. 1931-1934-cü illərdə kollecdə təhsil alan Turing, universiteti fəxri dərəcə ilə bitirdi. Onun elmə verdiyi ən böyük töhfələrdən biri “Hesablana bilinən saylar: Qərar vermə probleminin tətbiqi” adlı məqaləsində Kurt Gödelin 1931-ci ildə irəli sürdüyü universal hesablama metodlarını və ispat nəticələrini yenidən formalaşdıraraq hazırda Turing maşını adlandırdığımız, daha sadə və anlaşıqlı üsullara əsaslanan isbat kimi təqdim etdi. Alan Turining əsas məqsədi alqoritma ilə təmsil olunan hər növ riyazi məsələnin düşünməsi mümkün olan hər hansı bir maşın ilə həll edilməsinin mümkünlüyünü sübut etmək idi və öz nəzəriyyəsi ilə bunu sübuta yetirmiş olmuşdu.

(Məqalənin tam versiyasını mətnin sonunda buradan endirib oxuya bilərsiniz).

ENİGMA VƏ BOMBE

Alan Turing parlaq riyaziyyatçı idi. İkinci Dünya Müharibəsi başlamazdan əvvəl Britaniya Hökuməti tərəfindən təşkil olunan qurumda (Code and Cypher School) yarımştat işləməyə başlamışdı. Lakin müharibənin başlaması ilə birlikdə 1939-cu ildə Turing, Almaniyanın və onun müttəfiqlərinin istifadə etdiyi hərbi kodların deşifr edilməsi üçün tam məxfi saxlanılan Buckinghamshiredakı Bletchley Parkda dəvət olundu.

Turingin Bletchleydəki işinin əsas istiqaməti ‘Enigma’ maşının kodlarını sındırmaq idi. Enigma, Alman silahlı qüvvələri tərəfindən mesajları etibarlı şəkildə göndərmək üçün istifadə olunan bir şifrələmə maşını idi. Turingdən əvvəl Polyak riyaziyyatçıları Enigma mesajlarının necə oxuna bilinəcəyini tapmış və bu məlumatı ingilislərlə bölüşmüşdülər. Buna baxmayaraq, almanlar şifrə sistemini gündəlik dəyişərək müharibə dövründə onun təhlükəsizliyini artırmış və qırılmasını demək olar ki, imkansız etmişdilər. 

Turing, ilk illər ərzində alman Enigma maşının kodlarını qırmaq üçün həmkarı Gordon Welchman ilə birlikdə “Bombe” adı verilən bir maşın ixtira edir. Bu cihaz Enigma maşınında istifadə olunan bütün şifrəli mesajları anında qırırdı və müharibədə İngilətərə və onun müttəfiqlərinə böyük üstünlük qazandırmışdı. Alan Turingin “Bombe”si ilk dəfə 18 mart 1940-cı ildə qurulmuşdu. Həmin ilin ortalarından etibarən isə Alman Hərbi Hava Qüvvələrinin demək olar ki, bütün siqnalları Bletchleydə oxunurdu və onlardan əldə edilən məlumatlar kəşfiyyat xarakterli istifadə olunaraq İngiltərənin müttəfiqlərinə ötürülürdü. Beləliklə də, İngiltərə və onun müttəfiqləri almanların bütün planlarından zamanında xəbərdar olurdular.

Bundan əlavə Turing Alman Dəniz Qüvvələrinin Enigmasını da qırmaq üçün “Banburismus” adlı statistik texnika hazırlamışdı. Banburismusun əsas məqsədi hazırlanan Bombeləri sürətləndirərək, Enigmanın öncədən məlum olan kodlarını ayırırdı və geriyə qırılması lazım olan kodları saxlayırdı. 1942-ci ilin İyul ayında Alan Turing almanların Lorez şifrələmə maşınına qarşı “Turingismus”u ixtira etdi.

Bletchleydə işləyərkən Alan Turing vaxtaşırı dövlət adamları ilə görüşüb fikir alış-verişi edirdi. Hətta Alan Turing uzun məsafə üzrə qaçışçı idi. O bir dəfə Londona 40 km məsafəni qaçaraq getmişdi.

O, 1942-ci ilin noyabr ayında ABŞ-a səfər etmiş, oradakı kriptoloqlarla birlikdə Dəniz Qüvvələri Enigması və Vaşinqtondakı Bombe cihazı üzərində işləmişdi. Müharibənin sonlarına doğru Donal Bailey ilə birlikdə “Delilah” adlı portativ, səs rabitə maşınının üzərində işləməyə başlamışdı. Lakin onun tam hazır versiyası müharibədən sonraya təsadüf etdiyi üçün heç kimə maraqlı olmadı. Hətta Turing Winston Churchillin nitq yazısının şifrələyib daha sonra deşifrələsə də Delilahın istifadəsi qəbul edilmədi. 1945-ci ildə Alan Turing müharibə dövründəki xidmətlərinə görə Royal Society OBE ilə mükafatlandırıldı, lakin onun fəaliyyətləri uzun müddət sirr olaraq qaldı.

ALAN TURİNGİN HƏYATININ SON İLLƏRİ VƏ ÖLÜMÜ

İngiltərədə o dönəmlərdə homoseksuallıq qanuna zidd idi və cinayət sayılırdı. Bununla belə ağıl xəstəliyi sinfinə daxil edildiyi üçün ona uyğun cəzalar tətbiq olunurdu. 1952-ci ildə Alan Turing 19 yaşlı gənc Alan Murray ilə tanış olmuşdu. Onunla bir neçə dəfə öz evində cinsi münasibətdə olan Turing, bir müddət sonra Murray tərəfindən soyuldu. Evinin soyulmasından sonra polisə şikayət edən Turingin istintaq zamanı Alan Murray ilə münasibəti ortaya çıxdı və Turing homoseksual olduğunu etiraf etdi.

Alan Turing və Alan Murray 1952-ci ildə “Labüşer düzəlişi”nə görə məhkəməyə verildilər və Turing “kobud ədəbsizlik” ittihamları üzrə təqsirli bilindi. Turingə bu zaman həbs və ya seksual libidonu boğmaq üçün məcburi hormonal terapiya təklif edildi. Alan Turing isə məcbur olaraq ikinci təklifi qəbul etdi və 1 il müddətində aldığı terapiyanın nətincəsində onda impotensiya və və ginekomastiya yaranır. 1954-cü ildə isə sionidlər zəhərlənərək dünyaya gözlərini yumur. İstintaq daha sonra Alan Turingin intihar etdiyi qənaətinə gəlir və beləliklə Alan Turing Böyük Britaniyada homofobiyanın ən məşhur qurbanlarından biri kimi məşhurlaşır. Yatağın yanında dişlənmiş alma aşkarlansa da, onun tərkibində zəhərli maddənin olması araşdırılmadı, bununla yanaşı onun almadan zəhərlənərək öldüyü iddiası geniş yayılmağa başladı. Onun cəsədi 12 iyun 1954-cü ildə Surrey qraflığında yerləşən Crematoriumda yandırılmışdı.

2013-cü il dekabrın 24-də Böyük Britaniya kraliçası II Yelizaveta Alan Turingi ona edilənlərdən dolayı üzr istəyərək əhv edir və həmin il Turing ili kimi elan olunur. Onun şərəfinə təsis edilən Turing mükafatı informatika sahəsində ən nüfuzlu mükafatdır.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button