Faktlar

Aviasiya tarixinin ən sirli hadisəsi: MH-370 nömrəli Malayziya təyyarəsi

Hadisənin üstündən 10 il keçməsinə baxmayaraq, aviasiya tarixinin ən sirli hadisələrindən biri Malayziya hava yollarına məxsus MH-370 nömrəli Boeing 777 təyyarənin birdən birə yoxa çıxmasıdır. Malayziya təyyarəsi, 227 sərnişin və 12 ekipaj üzvündən indiyə qədər heç bir xəbər alına bilinməyib. Təyyarənin müəyyən parçaları üzə çıxsa da, təyyarəyə tam olaraq nə olduğu barədə dəqiq məlumat yoxdur. Bu hadisə ilə bağlı yüzlərlə nəzəriyyə və iddia irəli sürülüb. Bu dəfəki yazımızda reallığa daha yaxın olan nəzəriyyələrdən birindən bəhs edəcəyik.

malayziya təyyarəsi

Bir təyyarənin qəzaya uğraması üçün müəyyən səbəblər lazımdır:

  1. Pilot xətası/intihar
  2. Texniki xəta
  3. İstehsal xətası
  4. Hava vəziyyəti
  5. Hava nəqliyyatı nəzarətində baş verən xəta
  6. Qaçırılma/terror

MH-370 nömrəli Malayziya təyyarəsi 8 mart 2014-cü ildə Kuala Lumpurdan Pekinə uçmaq üçün havalanmışdı. Həmin ərəfədə hava şərtləri aydın idi. Sorğular nəticəsində təyyarənin qaçırılmadığı hesab olunur. Ona görə də yuxarıda sadalanan 4, 5 və 6-cı seçimlər bu təyyarə üçün keçərli deyil.

Hava limanlarında nəqliyyatı qüllə ekipajı idarə edir. Onların xətası ilə bağlı heç bir dəlil tapılmayıb. Səfər edənlər barədə aparılan araşdırmalarda məlum olub ki, sərnişinlərin heç bir təşkilata üzvlüyü və ya cinayət tarixçəsi yoxdur. Onlar arasında iki nəfər saxta pasportla təyyarəyə minib, ancaq geniş tədqiqatlardan sonra onların təyyarəni qaçırmayacaqlarına qənaət gətirilib.

Bununla yanaşı təyyarədə fövqəladə vəziyyət zamanı təcili siqnal göndərən sistem olmasına baxmayaraq, pilot kabinəsinin heyətindən belə bir mesaj qülləyə ötürülməyib. Sərnişinlərin cinayət tarixçələrində bir şey aşkarlanmadığı üçün təyyarənin qaçırılma və ya terror qurbanı olması variantı da siyahıdan çıxarılır. Ona görə də, ekspertlər təyyarənin aqibətinin bir və ikinci variantla bağlı olduğunu ehtimal edirlər.

Bundan sonra təyyarənin texniki nəzarət tarixçəsi geniş şəkildə tədqiq olunur. Texniklər sorğulanır, ancaq bu sorğularda şübhəli vəziyyətə rast gəlinmir. Amma texniki cəhətdən sadəcə bir problem üzə çıxır: təyyarənin qara qutularının batareyaları iki il ərzində dəyişdirilməmişdi. Bu, batareyaların enerjisinin tükəndiyinə dəlalət etmir, ancaq qaydalara görə dəyişdirilməli idi.

Malayziya təyyarəsi təyin olunmuş istiqamət üzrə hərəkət edərkən, birdən birə radardan itir. Qüllədən dəfələrlə anons mesajı göndərilsə də, təyyarədən heç bir cavab gəlmir. Qüllə ilə MH-370 arasında olan digər təyyarədən də anons mesajı göndərilir. Həmin təyyarənin pilotunun ifadəsinə görə, MH-370-dən cavab alsa da, anlaşılmayan səslər eşitmiş, daha sonra radio dalğalarda parazitlənmə baş vermişdi. Transponder bağlı olduqda təyyarənin informasiyaları görünmür, ancaq radarda uçan naməlum obyekt kimi görünür. Bu cür hallara hərbi aviasiyada rast gəlmək mümkündür, çünki orduların radar mexanizması fərqlidir. Radarda təyyarənin əvvəlcə sağa, daha sonra isə kəskin şəkildə sola dönərək gəldiyi istiqamətdə uçduğu aydın olur.

malayziya təyyarəsi istiqaməti

Bu cür manevra avtopilot tərəfindən deyil, ekspert pilot tərəfindən yerinə yetirilə bilər. Tədqiqatlarda məlum olur ki, təyyarə manevr etdikdən sonra ikinci pilotun telefonu siqnal yollamağa başlayıb. Yəni hər hansı səbəbdən ikinci pilot telefonunu işə salıb. Bu hadisədən sonra təyyarə İndoneziya və Malayziya hava sahələrinin tam sərhəddində irəlilədiyi üçün hər iki ölkənin radarları tərəfindən izlənilə bilinməyib. Normal şərtlərdə təyyarə havada hər saat siqnal göndərir. Tədqiqatlar nəticəsində təyyarənin son dəfə radardan itdikdən 6 saat sonra siqnal göndərdiyi üzə çıxır. Ən maraqlısı odur ki, səhərə qədər hava sahəsində naməlum bir təyyarə uçsa da, vəziyyəti izləmək üçün nə hökumətdən, nə də ordudan heç bir döyüş təyyarəsi qaldırılmayıb. Çünki naməlum təyyarə hava sahəsində uçmağa davam edir və siqnallara cavab vermirsə, döyüş təyyarələri vəziyyəti müşaiyət etmək üçün havalandırılır. Həmin dönəmin baş nazirinə bu sual verildikdə isə, təhlükəli vəziyyət olmadığı üçün bunu etmədiklərini demişdi.

Pilotların tədqiqatına gəldikdə isə burada şübhəli nöqtələr ortaya çıxır. İkinci pilotun həyatını araşdırdıqdan sonra onun intihar etmə/təyyarəni qaçırma ehtimalı qalmır. Amma kapitan pilotun həyatı araşdırıldıqda, çox önəmli nüanslar üzə çıxır.

Həmin pilotun evində uçuş simulyatorunun olduğu üzə çıxır. Bu simulyatordakı keçmiş uçuş tarixçələrini araşdırdıqda, MH-370 nömrəli təyyarənin itdiyi gecədəki istiqamətinin oxşarının simulyasiya edildiyi görülür. Digər nüans isə pilotun qardaşının uçuşdan gecəsindən 1 həftə əvvəl həbs olunması idi. Pilotun özünün isə qatı müxalif olduğu aydınlaşır. Üstəlik, yoldaşından da qısa zaman əvvəl ayrıldığı təsbit olunur. Bütün bu informasiyalar çərçivəsində irəli sürülən iddialardan biri də pilot və hökumət arasında müzakirə olduğudur. Hətta pilotun baş nazirdən istefasını tələb etdiyi, uzun müddət bunun üçün danışıqlar apardığı da iddia olunur.

Əsas sual isə budur: bütün bunlar baş verərkən ikinci pilot və sərnişinlər nə edirdi? Kəskin manevr zamanı sərnişinlərin bunu anlamaması mümkün deyildi. Ehtimallara görə kapitan pilot təyyarə radardan itmədən əvvəl ikini pilotu sərnişin kabininə göndərib. Daha sonra isə təyyarədəki təzyiqi aşağı salaraq əvvəlcə hamının huşunu itirməsinə səbəb olub, daha sonra isə onları öldürdüyü ehtimal olunur. Malayziya təyyarəsi tərəfindən son siqnal 08:10 radələrində göndərilir, daha sonra isə heç bir iz buraxmadan itir.

ABŞ, Fransa, İngiltərə, Avstraliya və Almaniya da daxil olmaqla bir çox ölkə tərəfindən xilasetmə qrupu yaradılır. Tarixin ən bahalı axtarışlarına başlanır. Bu qrupun apardığı detallı araşdırmalarda okeandan birinci və ikinci dünya müharibələri zamanına aid qalıqlar tapılır, ancaq MH-370 ilə bağlı heç nə üzə çıxmır. Zamanla təyyarəyə məxsus bəzi parçalar sahillərdən üzə çıxır. Ancaq indiyə qədər nə təyyarənin əsas hissələri, nə də qara qutu üzə çıxıb. Bahalı olduğu üçün araşdırmalar dayandırılsa da, qara qutunun üzə çıxması bu sirri tamamilə aça bilər. O gecə nələr yaşandığı ilə bağlı hər şey bu qutular tərəfindən qeydə alınıb.

Sizə maraqlı ola biləcək yazı: Tarixin ən dəhşətli təyyarə qəzası: And dağlarında həyat mübarizəsi

Hadisə ilə bağlı çəkilmiş film siyahılarına buradan baxa bilərsiniz: IMDB

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button