Faktlar

Tarixin ən dəhşətli təyyarə qəzası: And dağlarında həyat mübarizəsi

Müasir dövrümüzdə təyyarə qəzaları olduqca az olsa da (demək olar ki, yoxdur), keçmişdə dəhşətli qəzaların sayı olduqca çox idi. Təyyarə qəzaları müxtəlif səbəblərdən baş versə də, motifləri ortaq idi: pilot səhvləri və ya texniki nasazlıqlar. Ancaq And dağlarındakı təyyarə qəzası tarixə ən dəhşətli və xüsusi qəza kimi keçib. 13 oktyabr 1972-ci ildə 45 adamı daşıyan təyyarə And dağları ilə toqquşmuş, sadəcə 16 nəfər xilas olmuşdu. Bu yazımızda And dağlarında baş verən ağır təyyarə qəzası barədə, səbəblərindən və qəzanın dəhşətli, bir o qədər də maraqlı hekayəsindən bəhs edirik.

təyyarə qəzası

Uçuş və təyyarə qəzası

13 oktyabr 1972-ci ildə Uruqvay Hava qüvvələrinə məxsus Fairchild FH-227D təyyarəsi “Old Christians” adlı reqbi komandasını And Dağları üzərindən keçən uçuşla Çilinin Santiyaqo şəhərində keçiriləcək yarışa aparırdı. Səfər bir gün əvvəl 12 oktyabrda Carrasco Beynəlxalq Hava limanından başlamışdı, ancaq hava şəraitinin pisləşməsi və fırtına səbəbindən Argentinanın Mendoza şəhərinə məcburi eniş etmişdi. 13 oktyabr günorta saatlarında isə səfərə davam etmək üçün havalanan təyyarə dağlardakı keçid üzərindən uçmağa başlamışdı. Təyyarənin pilotu Santiyaqo Hava Limanına Çilinin Curico şəhəri üzərində olduğunu bildirmiş və eniş üçün icazə almışdı. Bu icazə onların ölümcül səhvi olur və dəhşətli təyyarə qəzası qaçınılmaz idi.

Pilot Ferradas And dağları üzərindən 29 dəfə uçmuşdu. İdarə etdiyi təyyarənin dörd yaşı var idi və 792 uçuş saatına malik idi. Ona görə də təyyarənin gücü azalmışdı. Bulud örtüyü də nəzərə alınaraq, pilotlar 5500 metr yüksəklikdə uçurdular və mövqelərini vizual olaraq təsdiq edə bilmirdilər. Təyyarənin pilotları radio naviqasiyaya güvənərək hesablamalar aparırdılar. Təyyarənin VOR/DME cihazı pilota Curicodakı digər radio işarəsinə olan məsafəni elektron olaraq göstərirdi. Ancaq Planchon keçidində təyyarənin Curicoya çatması üçün hələ 60-70 km məsafə qət etməsi lazım idi.

Təyyarənin bu keçiddən keçib Curico şəhərinə çatması üçün 11 dəqiqə vaxt lazımdır. Ancaq 3 dəqiqə sonra pilot Santiyaqodakı qüllə ilə əlaqə saxlayaraq keçidi keçdiklərini və şimala doğru döndüklərini deyir. Qüllə işçilərinin isə təyyarənin hələ də And dağları üzərində olduğunda xəbəri yox idi və pilota 3500 m yüksəkliyə qədər alçalmağa icazə verirlər. Daha sonra onların uçuş yolunun təhlili göstərdi ki, pilot nəinki çox tez dönmüş, həm də 030 dərəcə dönmək əvəzində, 014 dərəcə istiqamətə dönmüşdü. Hadisənin baş verdiyi Cerro Seler adı verilən, Glaciar de las Lagrimas (Gözyaşları buzlağı) olaraq da bilinən zirvə , Çili ilə Argentina arasındakı uzaq dağlıq sərhəddə Cerro Sosneado və Tinguiririca vulkanı arasında yerləşir.

Təyyarə alçalarkən şiddətli turbulentlik təyyarəni daha da aşağı çəkdi. Reqbi oyunçuları turbulentlik ilə bağlı aralarında zarafatlaşarkən, oyunçulardan biri təyyarənin dağlara olduqca yaxın uçduğunun fərqinə varır. Pilotlar etdikləri səhvin fərqinə vardıqda isə artıq gec idi və təyyarəni qaldırmaq daha da çətinləşmişdi. Yenidən təyyarəni yuxarı qaldırmaq üçün pilotlar şaquli uçuşa keçirlər, ancaq təyyarə zirvələrdən biri ilə toqquşur və həyəcan siqnalları səslənməyə başlayır. Təyyarə qəzası artıq baş vermişdi.

təyyarə qəzası

Pilotlar yüksəklik əldə etmək üçün maksimum güc sərf edirlər. Şahidlərin ifadələri və hadisə yerindən əldə olunan sübutlara görə təyyarə dağa 2-3 dəfə çırpılır. Pilot təyyarənin burun hissəsini zirvədən aşıra bilsə də, quyruq hissəsini tam qaldıra bilmir və zirvə ilə yenidən toqquşur. 4200 metr yüskəkliyə sahib olan zirvəyə çırpılan təyyarənin sağ qanadı tamamilə qopur və geriyə doğru atılır. Geriyə doğru atılma o qədər şiddətli olur ki, təyyarənin arxasındakı şaquli sabitləyici və quyruq konisini də qoparır. Zərbənin təsiri ilə qopan quyruq konisi özü ilə bərabər kabinin arxa hissəsindəki 2 sərnişin oturacağını, baqajı və üfiqi sabitləyicini də qopararaq böyük bir dəlik yaradır. Üç sərnişin, naviqator və stüard da quyruq ilə bərabər dağlaraq qərq olur. 200 metr daha yuxarı qalxan təyyarənin bu dəfə sol qanadı zirvələrdən birinə çırpılır və qopur. Pərvanələrdən biri salonu kəsir və nəticədə sərnişinlərdən daha ikisi boşluğa düşərək həlak olur.

Hər iki qanadını da itirənin təyyarənin gövdəsi 725 metr yüksəklik itirir və buzlaqlara çırpılaraq saatda 350 km sürətlə aşağıya doğru sürüşür. Gövdə qar yığını ilə toqquşaraq dayanır, ancaq bu çırpılma nəticəsində bütün oturacaqlar yerindən qopur və kokpiti dağıdır. Nəticədə hər iki pilot yerindəcə həyatını itirir. Rəsmi istintaq təyyarə qəzasının pilot səhvi ucbatından baş verdiyini təsdiqləyir.

Təyyarə qəzası və sonrası

Təyyarə qəzası zamanı 45 sərnişindən 12-i həlak oldu. Hadisədən bir neçə gün sonra isə ağır yaralı 5 nəfər həyatını itirir. Sərnişinlər arasında sadəcə iki nəfər tibb ixtisasını bitirmişdi. Onlar bacardıqları qədər ilkin tibbi yardım göstərməyə çalışsalar da, bu kifayət etmir. Qəzanın 8-ci günü yaralılardan biri də öldü. Sağ qalan 27 nəfər isə And dağlarının yüksəkliyində dondurucu soyuğun altında ölümə tərk ediləcəklərindən xəbərsiz şəkildə mübarizə aparmağa davam etdilər. Qəzanın 16-cı günüdə qar uçqunu nəticəsində 8 nəfər də həlak olur. Qəzanın 60-cı günündə 3 nəfər də ölür və qalan 16 nəfər öz səyləri nəticəsində xilas ola bilirlər. Amma necə?

təyyarə qəzası xilas olanlar

Xilas etmə axtarışları

Təyyarənin itdiyi məlum olduqdan dərhal sonra üç ölkədə xilasetmə qrupları yaradılır və dörd təyyarə qəzaya uğramış təyyarəni axtarmağa başlayır. Ən böyük problemlərdən biri qəzaya uğrayan təyyarənin ağ olması və qarın üzərində görünməməsi idi. Təyyarə qəzası baş verdikdən iki gün sonra Argentinadan əlavə 11 təyyarə axtarışlara cəlb olunur, ancaq uğursuz olurlar. Sərnişinlər axtarış tədbirlərinin başladığını radiodan eşitmişdilər, ona görə də görünmək üçün əllərində olan hər şeydən istifadə edirdilər. Çamadanlarda olan dodaq boyaları ilə təyyarənin üstünə “SOS” yazmağa başlayan sərnişinlər, kifayət qədər resurslarının olmadığının fərqinə varırlar. Əvəzinə bütün çamadanları toplayaraq “x” işarəsi çəkirlər. Ancaq dumanlı havada yüksəkdən uçan təyyarələr bunu görə bilmirlər. Axtarışa cəlb olunanların ümidləri getdikcə azalır və qəzadan kiminsə xilas ola biləcəyi ehtimalı olduqca azalır. Qəzanın səkkizinci günündə isə axtarış tədbirləri dayandırılır və radiodan bunu eşidən sərnişinlər böyük ümidsizliyə qapılırlar. Onların qarşısında olan tək yol isə zirvəni aşıb xilas olmaq idi.

Qəzanın ilk həftəsi

Sərnişinlər qırılan oturacaqları və digər parçaları təyyarədən çıxarıb, sığınacaq düzəltdilər. 28 nəfər təxminən 2,5×3 metr bir sahədə sınıq gövdənin içində yaşamağa başladılar. Soyuqdan qorunmaq üçün çamadanlardan, oturacaqlardan və qardan istifadə edərək gövdənin açıq ucunu bağladılar. Fito Strauç oturacaqların altındakı metaldan istifadə edərək, dondurucu şəraitdə su əldə etməyin üsulunu hazırladı. Qar korluğunun qarşısını almaq üçün o, pilot kabinəsindəki günəş eynəklərindən, məftildən və büstqalter qayışından istifadə edərək günəş eynəyi düzəltdi. Soyuqdan qorunmaq üçün oturacaqların yununu çıxarıb büründülər. Oturacaq yastıqlarından isə qar ayaqqabısı kimi istifadə edirdilər.

təyyarə qəzası və xilas olanlar

Kannibalizm

Həyatda qalanların əlində yalnız bir neçə şokolad, çərəz və bir neçə şüşə şərab vardı. İlk günlərdə , onsuz da az olan yeməkləri aralarında az-az paylaşaraq idarə etməyə çalışırdılar. Bir müddət sonra qida ehtiyatları da tükəndi. Yaşamaq üçün qidalanmaq lazım idi, ancaq olduqları ərazidə nə bitki, nə də heyvan var idi. Həyatda qalmaq üçün ölən yoldaşlarının cəsədlərini yeməyi müzakirə etməyə başladılar. Bu asan qərar deyildi, çünki ölən şəxslər onların olduqca yaxın dostları idi.

Qəzadan xilas olanlardan Nando Parrado 2006-cı ildə yayımladığı kitabda (Miracle in the Andes: 72 Days on the Mountain and My Long Trek Home) həmin məsələ barəsində belə yazır:

“Yüksək hündürlükdə bədənin kalori ehtiyacı astronomikdir. Acından ölürdük və yemək tapa bilmirdik. Axtarırdıq, təyyarənin içini, kabinləri, göyərtəni. Heç nə tapa bilmirdik. Dəri çamadanların üzünü qopardıb yeməyə çalışdıq. Onların tərkibində olan kimyəvi maddələrin bizə necə ziyan olduğunu bilə-bilə. Təyyarənin oturacaqlarını bəlkə saman taparıq deyə sökdük, amma matrasdan başqa bir şey yox idi. Düşüncəmdə təkrar-təkrar eyni nəticəyə gəlirdim. Əgər üstümüzdəki paltarları da yeyə bilmiriksə, burdə aliminiumdan, plastikdən, buz və qayadan başqa heç nə yoxdur”.

Parrado öz bacısının və anasının cəsədlərini qoruya bilməmişdi, onları heç kim yeməmişdi. Sağ qalanlar yoldaşlarının ətini günəşin altında qurudurdular, bu əti daha da dadlı edirdi. Əvvəllər üsyan etdikləri üçün sadəcə dəri, əzələ və yağ yeyə bilirdilər. Ancaq qidaları tükəndikdə cəsədlərdəki ürəkləri, ağciyərləri, hətta beyinləri də yeməyə başlamışdılar. Sərnişinlərin əksəriyyəti Roma katoliki idilər. Onların bəziləri düçar olacaqları sonsuz lənətdən qorxurdu. Bəziləri çörək və şərab görünüşü altında Yevxaristiya, İsa Məsihin Bədəni və Qanına ekvivalent olaraq kannibalizm aktını rasionallaşdırdılar. Bəziləri isə kannibalizm hərəkətlərini müqəddəs kitabdakı ayələrə əsaslandırırdılar. Bəziləri ilk günlər dostlarının ətini yeməyi qəbul etməsə də, bunun onların sağ qalmağının yeganə yolu olduğunu başa düşdükdən sonra fikirlərini dəyişdilər. Təyyarə qəzası nəticəsində düşdükləri vəziyyət onlara başqa seçim buraxmamışdı.

təyyarə qəzası və kannibalizm
Qırmızı dairənin içində onurğa sümüyünü görmək olur.

Qar uçqunu və axtarış

Təyyarə qəzası baş verdikdən 17 gün sonra oktyabrın 29-da gecə yarısında qar uçqunu baş verir və sağ qalanların yatdığı təyyarəni qara qərq edir. Nəticədə 8 nəfər uçqunda həyatını itirir. Qar təyyarənin gövdəsini tamamilə doldurmuşdu və sərnişinlər artıq nəfəs ala bilmirdilər. Nando Parrado çamadan rəflərinin olduğu hissədən metal dirək tapır və gövdənin tavanını deşərək göyərtəyə hava girməsini təmin edir. 31 oktyabrda isə böyük çətinliklə kokpitdən səthə doğru tunel qazdılar, çıxmaq istəyərkən yenidən qar uçqunu baş verdi və nəticədə onlar göyərtəyə geri qayıtmalı oldular. Üç gün burada sıxışıb qalan sərnişinlər, çarəsizlikdən digər yoldaşlarının cəsədlərini də yeməyə başladılar. Uçqundan əvvəl bəziləri dağları aşıb xilas olmalı olduqlarına inanırdı. Çünki qəzadan əvvəl pilotun verdiyi səhv məlumat ilə onlar elə bilirdi ki, Curico şəhərinə olduqca yaxındırlar. Ancaq şəhərə məsafə 89 km-dən çox idi. Sağ qalanlar qəzadan sonra bir neçə həftə təyyarənin olduğu ərazidə kəşfə çıxdılar, ancaq ekspedisiyaları uğurlu olmadı. Əlverişsiz hava, hündürlük, susuzluq, qar korluğu, qida çatışmazlığı və gecələr həddindən artıq soyuq olması istənilən əhəmiyyətli məsafəni qət etməyi qeyri-mümkün edirdi.

Radio qurğusu

Təyyarə qəzası baş verdikdən dərhal sonra sərnişinlər təyyarənin kokpitindəki radionu istifadə etmək istəsələr də, cərəyana və enerji cihazlarına ehtiyacları var idi. Təyyarədə elektronika alətlərinə enerji verə biləcək batareyalar təyyarənin quyruq bölməsində idi. Sərnişinlər batareyaları tapsalar da, çəkilərinin ağır olmasına görə radio qurğunu kokpitdən sökərək quyruq hissəyə gətirmişdilər. Radionu təmir edərək xilas etmə qruplarına xəbər vermək istəsələr də, radionun işləməsinə nail ola bilmədilər. Bunun səbəbi isə radionun batareyalar ilə deyil, təyyarə motorundan birbaşa gələn enerji ilə çalışması idi.

Zirvəyə dırmanış

Dekabrın 12-də Parrado, Canessa və Vizitin 3750 metr yüksəklikdən 4670 metr yüksəliyə qalxmağa başladılar. Onların yolu buzlaqlardan keçirdi və dırmanmaq üçün lazımi alətləri yox idi. Onlar 10 gün boyunca kömək axtararaq 61 km yol qət etdilər. Rəhbərliyi Parrado öz üzərinə götürmüşdü və dağları tez qət etməyə tələsirdi. Amma bu yüksəklikdə oksigen çatışmazlığı səbəbindən digər iki nəfər ona yavaşlaması barədə tez-tez xəbərdarlıq edirdi. Havalar isə daha da soyuq idi, amma təyyarənin quyruğundan ayırdıqları izolyasiyadan istifadə edərək hazırladıqları yuxu döşəkləri onları dondurucu soyuqdan qorumuşdu.

axtarışlar

Zirvəyə dırmanışın üçüncü günündə Parrado nəhayət zirvəyə çata bilir, ancaq gördükləri qarşısında nitqi tutulur. Onun qarşısında kilometrlərlə uzanan qarlı dağlardan başqa heç nə yox idi. Ancaq Parrado əmin idi ki, bu onların xilas olmaq üçün yeganə yoludur. O, ümidini kəsmədi və davam etməyi qərara aldı. Dağları aşmaq daha çox enerji tələb etdiyi üçün və ərzaq ehtiyatının azaldğını görən Parrado və Canessa Vizintini qəza yerinə geri göndərdilər. Vizitin bu dəfə dağın ətəyi ilə qayıtdığı üçün qəza yerinə çox qısa müddətdə çatdı.

Xilas etmə və geri qayıdış

Parrado və Canessa bir neçə gün çay boyunca hərəkət edərək qarın azaldığının fərqinə vardılar. Daha da irəli getdikcə insan varlığına dair cismlər (kamplar, inəklər və s.) görməyə başladılar. Doqquzuncu gün onlar artıq yorulmuşdular, irəli gedəcək gücləri qalmamışdı və dincəlmək üçün bir yerdə dayanmağı qərara aldılar. Parrodo od qalamaq üçün resurs toplayarkən Canessanın diqqətini çayın digər kənarında atın üzərində insana bənzər bir qaraltı çəkdi. Qaraltıların həqiqi insanlar olduğunu anlayan Parrado və Canessa onlarla əlaqə yaratmaq istəsələrdə də, çayın səsi ünsiyyət qurmağa mane olurdu. Atlılardan biri onlara sabah gələcəklərini deyib, geri qayıtmışdı. Parrado və Canessa xilas olacaqlarını bilirdilər. Gecəni keçirdikdən sonra atlılardan biri – Catalan əlində çörək, kağız və qələmlə geri qayıtdı. Kağızı və qələmi bir daşa bağlayaraq onlara atdı. Parrado təyyarə qəzası barədə kağıza qeydlər yazaraq daşı geri qaytardı. Catalan uzun yol qət edərək kömək gətirməyə getdi və bir müddət sonra vertolyotlarla xilas etmə qrupu gəldi. Nando Parrado vertolyotlarla birlikdə dağlara digər həyatda qalanları da xilas etmək üçün geri döndü. Ən sonuncu sərnişin 22 oktyabr tarixində xilas edildi.

Onları xilas edən ilk helikopter

Dünya mətbuatında təyyarə qəzası

Bu təyyarə qəzası dünya mətbuatında geniş marağa səbəb oldu. Yüzlərlə jurnalist xilas olanlarla müsahibə götürmək üçün əraziyə axın etdi. İlk günlər xilas olanlar pendir, bitki və s. yeyərək sağ qaldıqlarını demişdilər. Onlar dostlarının ətini yediyini sadəcə öz aralarında saxlamaq istəyirdilər. Ancaq Montevideoda xilas olanların qida uğrunda bir birini öldürdükləri xəbərləri yayılmağa başlandı. 23 dekabrda isə Uruqvay xaric bütün dünyada kannibalizm xəbəri mediada yayımlandı. 28 dekabrda isə xilas olanlar mətbuat konfransı keçirməyə məcbur oldular. Alfredo Delgado xilas olanların hərəkətlərini İsa Məsihin “Sonuncu şam yeməyi”nə bənzədərək müdafiə etməyə çalışdı. Əvvəllər onlar ictimai qınaqla qarşılaşsalar da, sonradan öz hərəkətlərini dini ayinlərə bağlayaraq insanların anlamasına nail oldular. Hətta katolik keşişləri xilas olanların etiraflarını eşitmiş, onların qarşı-qarşıya qaldığı vəziyyəti nəzərə alaraq kannibalizmin onları lənətləmədiyini vurğulamışdılar. Ancaq mediada yayımlanan xəbərlərə görə onlar qəhrəman kimi yox, adamyeyənlər kimi yaddaşlarda qaldılar.

qəzadan xilas olan

Hakimiyyət orqanları və həlak olanların ailələri qalıqları təyyarə qəzası baş verən ərazinin yaxınlığında, ümumi məzarlıqda basdırmaq qərarına gəldilər. Cəsədlərdən 13-nə toxunulmamışdı, 15-nin isə sümükləri qalmışdı. Təyyarənin gövdəsindən təxminən 400-800 metr aralıda, uçqun təhlükəsi olmayan ərazidə məzar qazaraq həlak olanları orada basdırdılar. Ailələrin iştirakına icazə verilmədi və qəbirlərin olduğu yerə narıncı rəngli dəmir xaç sancaraq, daş yığının üzərinə lövhə yerləşdirdilər.

Təyyarə qəzasından xilas olanlar

Qəza ilə bağlı bəzi qeydlər:

  • Qəzadan sağ çıxanların xilas edilməsindən 3 gün sonra Çilinin El Mercurio adlı qəzetinin manşetində sağ qalanların şəkilləri “Adamyeyənlər” başlığı altında yayımlanmışdır.
  • Kömək axtarmaq məqsədilə səfərə çıxan Nando Parrado və Robert Canessa 12 gün ərzində dağları aşaraq 64 km yol qət etmişdilər.
  • Xilas olanlardan biri müsahibəsində 3 gün boyunca bir fındıq ilə qidalandığını demişdi.
  • Təyyarənin parçalanmış hissələri “Fəlakət Turizmi”-nin qarşını almaq məqsədilə yandırılaraq məhv edilmişdir.
  • Təyyarə qəzası nəticəsində ölənlər, həmçinin yaraları səbəbilə və uçqun nəticəsində həyatını itirmiş şəxslərin çürümüş cəsədləri elə hadisə yerində Çilidən gətirilmiş bir rahibin başçılığı ilə 80 metr dərinlikdə basdırılmışdır.
  • Qəzadan sağ çıxanların ailələri onların həyatda qalmaq üçün nə ilə qidalandıqlarını öyrəndikləri zaman şok olmuşdular və bunu qəbul etmək hər iki tərəf üçün heç də asan olmamışdı.
  • Qəzadan sonra ölənlərin xatirəsini əbədiləşdirmək üçün hadisə yerinə “The Valley of Tears” adlı abidə qoyulmuşdur.
  • Bu hadisədən sonra Roma Papası kannibalizm skandalı ilə əlaqədar sağ qalanlar ilə görüşmüş və sonra rəsmi açıqlamasında çətin vəziyyətdə olan zaman ölü bir insanı yeməyin qəbul ediləsi bir şey olduğunu demişdir.
  • Təyyarə qəzasının baş verdiyi ərazinin koordinatları: 34°45′54″S 70°17′11″W
  • Qəza ilə bağlı 3 kitab yazılmış və 5 film (1 bədii, 4 sənədli) çəkilmişdir.
  • Təyyarə qəzası Argentina tarixinin 12-ci ağır qəzası idi.

Sizə maraqlı ola biləcək yazı: Tarixin ən faciəvi hadisəsi: Nankinq qətliamı

Kanal:
Telegram kanalımızFacebook səhifəmizYouTube kanalımızInstagram səhifəmiz

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button