Sciencearc Bülleten

#2 Doğru zaman və doğru istiqaməti seçmək

👋🏻 Salam dostlar,

❓ Nə vaxtsa “zamanım yoxdur” ifadəsindən istifadə etmisinizmi?

Əminəm ki, həyatınızda bir dəfə də olsa bu ifadədən istifadə edərək, nədənsə imtina etmisiniz. Bu ifadə demək olar ki, hər kəsin həyatında standartlaşıb. Ancaq sual budur ki, həqiqətən də bizim zamanımız olmurmu?

Bu suala daha sonra cavab verəcəyəm, amma başlıqda yazıldığı kimi, bəzən doğru anda bir istiqamət götürməliyik. Bu, hər şeyə aid ola bilər: karyera yolunu dəyişmək, yeni vəzifəyə müraciət etmək, yeni hobbiyə sahib olmaq, tətil/səyahət planları qurmaq və s.

⏰ Ancaq əsl məsələ budur: doğru an nə vaxtdır?

📌 Həyatda düzgün istiqamət tapmaq hamımızın bir anda qarşılaşdığı problemdir. Universiteti yenicə bitirmisiniz və gələcək planlarınızı qurmağa çalışır, nə etmək istədiyinizi anlamağa çalışır, ya da yaşadığınız həyatın artıq sizə uyğun olmadığını başa düşüb dəyişməyə çalışırsınız – addım atmaq həmişə çətindir.

🎙 Qərarınızı formalaşdırmağa kömək edəcək bəzi məsləhətlər 👇🏻

  • Düşünməklə həddindən artıq fikirləşmək arasında sərhəd qoyun. 👉🏻 Hər şey bir anda baş verir. Böyük qərarlar qəbul etmək barədə düşüncələr daha çox vaxt tələb edir, lakin həddindən artıq düşünmək stresə, narahatlığa, özünə şübhəyə və daha vacibi hərəkətsizliyə səbəb olur. Bir mövzuda çox düşündüyünüzü görsəniz, onu olduğu kimi buraxın və diqqətinizi başqalarına yönəldin. Nəticədə hərəkətə keçmək üçün lazım olan doğru anı görəcəksiniz.
  • Hisslərinizə güvənin 👉🏻 Hisslərimizə güvənməliyikmi sualı həyatın istənilən anında özünü təkrarlayır. Əgər nəyisə dəyişmək istədikdə şübhə ilə yanaşırsınızsa, onda bu sualı özünüzə verin: “Bu, həqiqətən də keçirdiyim narahatlıqdır yoxsa bunu sadəcə dəyişməyi ertələmək üçün bəhanə edirəm?”
  • Sizin nəyi xoşbəxt etdiyininin fərqinə varın 👉🏻 Xoşbəxtlik dinc yaşamağın ən həlledici amilidir. Cari həyat istiqamətinizin ehtiyaclarınıza cavab vermədiyini görsəniz, onda nəyin sizə kömək edə biləcəyini araşdırmağa başlayın. Dəyişmək çətin ola bilər, amma ən kiçik detaldan başlayın, çünki gələcəkdə dəyişikliyi daha asanlıqla idarə edəcəksiniz. Gündəlik həyatınızda özünüzü ən canlı və həvəsli hiss etdiyiniz anları təhlil edin.
  • Öz üstünlüklərinizi kəşf edin 👉🏻 Uğur hekayələri, motivasiya sitatları, müsbət təcrübələr və s. paylaşan bir çox insan var. Bu, bəzən sizi incidə və depressiyaya sala bilər, xüsusən də özünüzü başqaları ilə müqayisə edərkən. Ancaq hamımızın müəyyən etməkdə çətinlik çəkdiyimiz fərdi güclü tərəflərimiz var. Bunun fərqinə varmaq bəzən asan olmur, ancaq bu üstünlüklərdən yaralanmaq sizin hədəflərinizə çatmaqda böyük rol oynayır.

📢 ”Zaman yoxdur” yoxsa zamanı idarə edə bilməmək?

🎙️ İnsanlar tez-tez planlaşdırılan işlərin vaxtında tamamlanmaması, səmərəliliyin və motivasiyanın olmaması, vaxtı düzgün idarə edə bilməmələri ilə üzləşirlər. Bəzən görəcəyiniz işləri günün əvvəlində müəyyənləşdirirsiniz, lakin bir müddət sonra diqqətiniz dağılır və başqa işlərə yönəlirsiniz. Belə olduğu təqdirdə sizin zamanla problemləriniz yaranır. Vaxtın idarə edilməsini daha səmərəli etmək üçün həqiqətən istifadə edə biləcəyiniz xüsusi məsləhətlər var.

  • Biz vaxtımızın sahibiyik 👉🏻 Vaxt və zaman barədə qəbul edilməsi lazım olan ən təməl prinsip vaxtımızın sahibi olduğumuzdur. Bu prinsipi tamamilə qavradıqdan sonra sizin vaxt anlayışınız tamamilə dəyişəcək. Vaxt ilə bağlı özünüzə təlqin etməniz gərəkən əsas prinsip budur: Ayrılan vaxtda siz etmək istədiyinizi edirsiniz. Yəni vaxtınızı və zaman ayıracağınız işləri ancaq özünüz seçirsiniz.
  • Hə ya da yox 👉🏻 Zamanın idarə olunması məsələsində bir çox insanın məruz qaldığı əsas problemlərdən biri “hə” və “yox”u düzgün anlarda istifadə etməməkdir. Gün ərzində nə qədər plan qursaq da, kənar tapşırıqlar həmişə bizi planlarımızdan kənara çəkə bilir. Burada əsas məqam bu tapşırıqlara və ya müdaxilələrə olduğumuz pozisiyaya görə cavab verə bilməkdir.
  • Gündəlik prioritetlər 👉🏻 Əsas ideya budur ki, bütün nəzərdə tutulan görüləcək işlər arasında həmişə biri daha çox prioritet olur və günün sonunda tamamlanması vacibdir. Əgər prioritet işi görmək üçün sizdə həvəs yaranırsa, işi gördükcə zövq alırsınızsa, o zaman həm zaman idarəetməniz daha effektiv olacaq, həm də gün ərzində yüksək produktivliyə malik olacaqsınız.
  • Ediləcəklər siyahısı 👉🏻 Ediləcəklər siyahısını həm fiziki dəftərlərdə (bloknotlarda), həm də elektron cihazlarda hazırlamaq mümkündür. Günə başlayarkən və ya həmin gündən əvvəlki gecə ediləcəklər siyahısını hazırlamaq sizin üçün daha çox zaman qazandıraraq, vaxtınızı nəyə sərf edəcəyinizi də müəyyənləşdirir. Əlbəttə ki, ediləcəklər siyahısındakı bütün işləri tamamlamaq zəruri deyil, ona görə də işləri bölərkən, etməkdən zövq alacağınız işləri ən yuxarıda qeyd etməklə, prioritetləşdirə bilərsiniz.
  • Vaxt bloklama konsepsiyası 👉🏻 Əsas ideya budur ki, hər bir şəxs kimliyindən və vəzifəsindən asılı olmayaraq təqvimdə günlərini, həftələrini və ya aylarını tənzimləməlidir. Gün ərzində təqvimi dolduracaq işlər az olsa belə hər bir iş üçün xüsusi zaman ayırmaq sizin produktivliyinizi daha da artıracaqdır. Bununla siz həm də spontan olaraq deyil, öz zamanınızın dəyərinin fərqinə vararaq qərarlar qəbul edəcəksiniz.
  • Parkinson qanunu 👉🏻 Bir iş həmişə özünə ayrılan zamanın hamısını əhatə edəcək qədər uzanır. Yəni, əgər bu mətni hazırlamaq üçün özümüzə bir gün vaxt versək, bu mətnin hazırlanması bir gün çəkəcək. Ancaq əgər bu mətni hazırlamaq üçün özümüzə bir saat vaxt versək, onda bu mətn 1 saat ərzində hazır olacaq və biz digər işlərimizə fokuslanacağıq. Beləliklə, bu prinsipi tətbiq etdikdə, işləri qısa zaman ərzində tamamlamaqla daha çox produktiv olmaq olar.
  • Rezerv zaman 👉🏻 Təqvimdə ediləcəklər siyahısındakı işlərə zaman ayırarkən, rezerv zaman dediyimiz – özümüz üçün ayırdığımız zaman da qeyd olunmalıdır. Məsələn, hobbi kimi bloq yazısı yazmaq istəyirsiniz və ya çoxdandır haqqında araşdırma aparmaq istədiyiniz mövzu var, bunu təqviminizdə özünzə sərf edəcəyiniz zaman kimi qeyd edə bilərsiniz. Bu, həm də sizin gün ərzində zehni yorulmağınızın da qarşısını alacaq.

💡 Bu barədə ətraflı oxumaq üçün yazdığımız bu yazıya da nəzər salın 👉🏻 Zaman idarəetməsi və səmərəlilik: 7 əsas metod

📚 Kitab tövsiyəsi

📌 Son zamanlarda oxuduğum ən yaxşı kitablardan biri olan, Stephen Hawkingin müəllifi olduğu “Böyük suallara qısa cavablar” kitabı yenidən astronomiya və fizika ilə bağlı araşdırmalar aparmağıma səbəb oldu.

ℹ️ Bu kitab bəşəriyyət tərəfindən tez-tez verilən bəzi əsas suallara cavab verir. Kitabın dili olduqca sadə və başa düşüləndir, hətta fizika və astronomiya ilə bağlı dərin bilik və terminologiyaya sahib olmasanız belə, rahatlıqla oxuya bilərsiniz. Çünki müəllif ən vacib, mürəkkəb sualları və onların cavablarını sadə dillə izah edərək hər kəs üçün əlçatan edir. Bu kitab öz oxucularını təxəyyül səddini keçməyə və ümumi düşüncə hüdudlarından kənara çıxmağa sövq edir. Digər tərəfdən, müəllifin təkcə suallara necə cavab verməsi deyil, həm də oxucuların düşünməsi üçün səsləndirdiyini fikirlər dünyanı qavrayış tərzinizi dəyişdirə bilər.

⏲️ Bülletenimizin mövsusuna uyğun olaraq, həmin suallardan biri budur: “Gələcəyi proqnozlaşdıra bilərikmi?”

Bu, müəllifin kitabında cavab verdiyi böyük suallardan biridir. O, zaman dövrünü belə izah edir: “Əgər biz bir zamanlar kainatdakı bütün zərrəciklərin mövqelərini və sürətlərini bilsəydik, o zaman keçmişdə və ya gələcəkdə hər hansı dövrdə onların davranışlarını hesablaya bilərdik”. Riyazi hesablamalara görə gələcəyi təxmin etmək mümkündür, ancaq bizim kainatımızda və hərəkət sürətimizdə bunu edə bilmirik.

Beləliklə, kainatı idarə edən qanunlar gələcəkdə başımıza nə gələcəyini dəqiq proqnozlaşdırmağa imkan verirmi? – Qısa cavab həm yox, həm də bəlidir. Prinsipcə, qanunlar bizə gələcəyi proqnozlaşdırmağa imkan verir. Ancaq praktikada hesablamalar çox vaxt mümkünsüz olur.

Bununla belə, kitabdan əldə edə biləcəyiniz ən vacib dərs nədir? Cavab: “Ulduzlara baxmağı unutmayın, gördüklərinizi anlamağa çalışın və kainatın mövcud olmasına nəyin səbəb olduğunu düşünməyə çalışın. Maraqlı olun.”

⚙️ Ayın tətbiqi

Həftənizi və ya gününüzü idarə etmək üçün ən faydalı və maraqlı tətbiqlərdən biri Structured adlı mobil proqramdır. Bu proqram təqvim və tapşırıqları vizual qrafikdə birləşdirərək daha səmərəli olmağınıza şərait yaradır. Daxil etdiyiniz tapşırıq siyahısı proqram daxilində zaman qrafiki kimi görünür. Bundan əlavə tapşırığın növünə uyğun olaraq rənglər, simvollar, alt tapşırıqlar və ya qeydlər də əlavə edə bilərsiniz. Tətbiq bir çox iri təqvim proqramları ilə (Google, iCloud, Outlook, və s.) inteqrasiya olunur. Zaman qrafiki vizual olaraq animasiyalı olduğu üçün bir tapşırığa ayırdığınız zaman qrafiki daha səmərəli və effektiv olmağınıza səbəb olacaq.

Təəssüf ki, proqram sadəcə iOS cihazlar üçün nəzərdə tutulub, ancaq gələcəkdə digər platformalar üçün də yayımlanacağı istisna edilmir.

🌐 Faydalı sayt

Əgər ingilis dilində çox mətn yazırsınızsa, qrammatik və leksik qaydalara əməl etmək bu prosesi uzada bilər. Yazı yazarkən onu daha cəlbedici edəcək bir sayt mövcuddur. Hemingway App uzun, mürəkkəb cümlələri və ümumi səhvləri göstərir. Proqram daxilində beş fərqli rəng mövcuddur:

  • Sarı – Cümlələri qısaltmaq və ya bölmək lazımdır
  • Qırmızı – Cümlə olduqca mürəkkəbdir və oxucuların anlaması çətinləşir
  • Bənövşəyi – Daha qısa söz seçimindən istifadə etmək olar
  • Yaşıl – məchul növdə işlənən cümlələrin sayı
  • Göy – cümlənin effektivliyini azaldan sözlərin siyahısı. Onların əvəzinə daha uyğun sözlər təklif olunur.

Bu sayt bütün platformalar üçün mövcuddur və ödənişsizdir.

☘️ Ayın sitatı

Zəkanın əsl əlaməti bilik deyil, təxəyyüldür.

ALBERT EYNŞTEYN

✍🏻 Ayın bloq yazısı

Müasir dövrümüzün ən böyük problemlərindən biri ertələmək xəstəliyidir. İşlərini ertələyənlər ilə vaxtında yerinə yetirən insanlar arasındakı dərq daim elm adamlarının diqqətini cəlb edib. Onlar arasındakı fərqliliklər, işlərə yanaşma tərzindəki dəyişkən fikirlər, sosial və psixoloji faktorlar təyin olsa da, bu iki qrup insanlar arasındakı təməl fərqliliklər tam təyin edilməmişdi. Ertələmək xəstəliyi barədə onlara yazı və yanaşma var, ancaq bu yazımızda ertələmək nədir, ertələmək xəstəliyi nəyə deyilir, səbəbləri nədir və öhdəsindən necə gəlmək olar onun haqqında bəhs edirik.

Ertələmək xəstəliyi nədir və ondan necə qurtulmaq olar?

📽️ Ayın videosu

💡 Pis oxucu yoxdur, yalnız pis oxuma vərdişləri var. Oxuma sürətinizə hansı vərdişlərin maneə törətdiyini bildiyinizdə daha sürətli oxumaq çox daha asandır. 📚 Əgər oxumaq sürətiniz aşağıdırsa və kifayət qədər material oxumağa zaman tapmırsınızsa, bu, xüsusilə akademik karyeranızda yavaşlamalara səbəb ola bilər. Sürətli oxumağın yolları haqqında müxtəlif metodlar və vərdişlər var. 🔬 Məlumat dolu dünyamızda özümüzü inkişaf etdirmək üçün sürətli oxuma kritik bir bacarıqdır. Xüsusilə, oxumalı olduğunuz 100-lərlə material, kitab, məqalə varsa, bunun üçün müxtəlif metodlar yoxlamalısnız. Bu videoda hər kəsin daha sürətli oxumasına kömək edəcək 3 metod haqqında bəhs edirik.

Kitab və məqalələri sürətli oxumağın yolları: Ekspert metodları və vərdişləri

🧭 Əlavələr

📕 Məqalə: Bir gün 23 saat 56 dəqiqədir, ancaq biz 24 saat üzrə hesablayırıq. Bunun niyə belə olduğunu bilirsinizmi? Cavabı olduqca sadədir. Yerin öz orbitində tam dövrə vurması 23 saat 56 dəqiqə çəkir, lakin bir gün sonra Günəşin eyni nöqtədə olması üçün 24 saat lazımdır. Yəni, Yer kürəsi 360 dərə dönməni tamamladıqda, Günəş ətrafında da döndüyü üçün eyni nöqtəyə gələ bilmir. Əgər biz saatları Yerin fırlanmasına uyğun tənzimləsəydik, Günəş hər gün 4 dəqiqə tez çıxardı. Beləliklə, altı aydan sonra 12 saat fərq yaranardı. Bu fakt haqqında daha çox oxumaq üçün bu məqaləni yoxlayın.

📹 YouTube video: Bu yaxınlarda CV-lərlə bağlı detallı video çəkmişəm. Bu videoda mümkün qədər effektiv şəkildə CV hazırlamaq və sonrakı proseslərdən bəhs edirəm. Ən əsası CV-ə nələri daxil etməyi və yüzlərlə insan arasından sizi önə çıxaracaq nüanslara toxunuram.

Düzgün CV necə hazırlayaq: 5 qızıl qayda | Nümunələrlə ətraflı izah

Hələlik bu qədər!

Gələn yazılarımızda görüşənədək.

Bizi aşağıdakı kanallardan izləməyi unutmayın 👇🏻

Kanal:
Telegram kanalımızFacebook səhifəmizİnstagram səhifəmizYouTube kanalımız
Back to top button