Academia 📚

Güclü Research Proposal necə yazılır?

Güclü tədqiqat işini yazmadan öncə özünüzə bir sıra suallar verməlisiniz. Niyə magistr və ya doktorantura üzrə təhsil almaq istəyirsiniz? Sizi buna cəlb edən xoşunuza gələn mövzumu yoxsa mövcud ədəbiyyatlardakı boşluqdurmu?

Doktorantura akademik sahənin ən uzun perioduna malik təhsil növüdür. Burada siz həm araşdırma aparır, həm öyrənir, həm də öyrədirsiniz. Dünyanın demək olar ki, bütün universitetlərində doktorantura təhsili almaq üçün Research Proposal yəni Tədqiqat işi yazmaq lazımdır. Yazımızda bundan sonra Research Proposal olaraq davam edəcəyik, çünki Azərbaycanda mövcud doktorantura təhsil sistemində belə bir anlayış olmadığı üçün termin olaraq ingilis versiyasına üstünlük veririk.

Research Proposal nədir?

Research Proposal təklif etdiyiniz və ya araşdırmaq istədiyiniz sahənin proyekti olub aşağıdakı nüansları özündə ehtiva edir:

  • Yaxşı təyin olunmuş araşdırma suallar (research question) və cavablama metodları
  • Bu sahədəki əhəmiyyəti və ideyanın orijinallığı
  • Mövcud ədəbiyyata ola biləcək potensial təsirləri və inkişaf mexanizmləri

Research Proposal uzunluğu akademik sahə və müraciət edilən universitetə görə dəyişir. Lakin ümumi olaraq limit 2000-3000 söz arasında dəyişir. 

Research Proposal nə üçün lazımdır?

Potensial elmi rəhbərlər, qəbul komitəsi və ya maliyyələşdirən fondlar tədqiqat işini analiz etməklə onun keyfiyyət və orijinallığını, sizin tənqidi yanaşma bacarıqlarınızı və layihənin araşdırılmasının bütün şərtlər daxilində mümkünlüyünü öyrənirlər. Bundan başqa tədqiqat işi sizin mütəxəssis olmaq istədiyiniz sahəni müəyyən edir və sizin mövcud ədəbiyyatla bağlı biliklərinizi göstərir (təbii ki, sizin bu sahəyə edəcəyiniz töhfələri də ehtiva edir). Əgər siz öncədən elmi rəhbərlə əlaqə yaradıb mövzunuz haqqında müzakirə etmisinizsə, bunu tədqiqat işində göstərin. Ümumiyyətlə, research proposal yazmadan ÖNCƏ təhsil almaq istədiyiniz universitetin professorlar heyəti ilə tanış olun, sizin maraqlarınıza uyğun və maraqlandığınız sahədə işləyən professorla öncədən araşdırmaq istədiyiniz mövzu barədə müzakirələr aparın. Bu ona görə vacibdir ki, universitetə müraciət zamanı professor sizin işinizi nə qədər dəstəkləsə, onun qəbul olunma şansı bir o qədər çox olur. Ancaq, yadınızda saxlayın ki, elmi rəhbərdən rəy məktubunuz olsa belə qəbul komitəsi araşdırma mövzusunun potensialını və müəyyən olunmuş müddətdəki araşdırılma mümkünlüyünü nəzərə alıb rədd edə bilər. 

Research Proposal olduğu kimi qalırmı? 

Xeyr. Yaxşı research proposal daim üstündə işlənilən tədqiqat işidir. Yəni tələbələrin universitetə qəbul olduqdan sonra onun üzərində işləməsi, ədəbiyyat icmalı hissəsində dəyişikliklər etməsi, tədqiqat işini daha da spesifikləşdirməsi və detallandırması, araşdırma suallarının yenidən qurulması, metodologiyanın tədqiqat işinə uyğun olaraq dəyişidirilməsi tamamilə normaldır. Burada əsas məsələ ilk versiyanın ‘son məhsul’ olaraq görülməməsidir. Çünki akademik sahədə bir araşdırma mövzusunun istiqaməti istənilən an araşdırmaçının maraqlarına uyğun olaraq dəyişə bilər. 

Research Proposal strukturu

Aşağıdakı bəndləri oxumadan öncə müraciət edəcəyiniz institutun tələblərinə nəzər yetirin. Bir çox hallarda PhD pozisiyaları açan institutlar Research Proposal strukturunu da qeyd edirlər. Amma ümumi olaraq qəbul olunan struktur aşağıdakı kimidir:

Başlıq

Araşdırmaq istədiyiniz mövzunun mütləq şəkildə diqqət çəkən başlığı olmalıdır. Bununla yanaşı unutmayın ki, başlıq dəyişkəndir və hətta doktorantura təhsilinizin sonunda belə başlığa mövzunuzun istiqamətinə görə kiçik dəyişiklik edə bilərsiniz. Burda ən önəmli məqam istifadə olunacaq ‘açar sözlər’dir. Yəni sizin layihənin başlığı sadəcə mövzunu deyil, ona maraqlı olacaq tərəflərin sizin mövzuya yanaşma tərzinizi görməsini təmin edir. 

Giriş (Introduction) və ya araşdırma mövzusuna ümumi baxış (Overview of the research)

Bu hissə loru dildə desək sizin mövzunuzu ‘hekayələşdirməyinizdir’. Bu bölmədə qısa olaraq mövzunuz haqqında məlumat verib, akademik ədəbiyyatdakı yerini göstərməlisiniz. Yəni mövzunuz niyə önəmlidir, onu spesifik edən nədir, hansı boşluqları əhatə edir, hansı yenilikləri gətirəcək və nə qədər orijinaldır. Burada çalışın çox spesifik olun, ümumi cümlələrdən çox istifadə etməyin, mövzunuz haqqında nə qədər detallı məlumat versəniz, bir o qədər sizin niyyətinizi açıqlayacaq. Mövzudan qətiyyən uzaqlaşmayın. Şərt deyil ki, çox uzun olsun, əgər sadəcə 1 səhifədə və ya 200-300 sözlə konkret ifadə edə bilirsinizsə, o zaman konteksti uzatmağa çalışmayın. Oxuyucu başa düşməlidir ki, sizin araşdırmaq istədiyiniz nöqtə nədir. 

Ümumi olaraq bu bölməni toplasaq, bu hissəni yazarkən əmin olun ki, tədqiqat işinizin möhkəm inandırıcılıq çərçivəsi vardır. Bu bölmədə qeyd olunacaq ən önəmi hissələr isə bunlardır: 

  • research questions (araşdırma sualları) – adətən 1-3 sual təyin olunur, daha sonra isə bu sualların niyə soruşulduğu izah olunur. 
  • ən əsas yanaşmalar – konseptual, nəzəri, empirik və ya normativ yanaşmalarınızı burada göstərməli və əsaslandırmalınız. Bu, daha sonra sizin tədqiqat işinizin istiqamətini də təyin edir. 
  • akademik işin önəmi – qəbul komitələri və ya elmi rəhbərlər üçün bu çox önəmlidir. Universitetlər öz reytinqlərinə görə orijinal və keyfiyyətli mövzuları seçirlər. Yəni bir tələbə əgər işlənmiş mövzunu bir daha işləmək istəyirsə, o zaman universitetlər bu layihəni maliyyələşdirməkdə maraqlı olmurlar. Lakin mövcud ədəbiyyatda kritik boşluq tapılırsa və bu boşluq ədəbiyyata yeni ‘nəfəs’ gətirəcəksə, o zaman qəbul şansı daha da çoxalır. 

Ədəbiyyat icmalı (Literature review)

Bu bölmə təxminən 900 sözdən ibarət olub sizin mövzunuza aid ədəbiyyatı nə qədər bildiyinizi göstərir. Burada incə məqam bu mövzuya yaxın və ya bu sahədə olan yaxın 2-5 il ərzindəki yazılmış işlərin analizi və mövzunun ‘duayen’lərinin bu istiqamətdə roludur. Bununla yanaşı ədəbiyyat icmalı edərkən ən önəmli məsələlərdən biri, mövcud ədəbiyyatı öz baxış bucağınızdan təhlik etmək, onları başa düçmək, mövcud boşluqları göstərmək və sizin araşdırmanızın ədəbiyyatın hansı hissəni tamamlayacağını təyin etməkdir. Ədəbiyyat icmalı həm də yuxarıda yazdığınız araşdırma suallarına cavab verə biləcək, istiqamətləndirəcək və xüsusilə ona aid potensial literaturun oxuyucuya çatdırılmasıdır. Burada ədəbiyyatlardakı debatlar, istiqamətlər və s. haqqında detallı məlumat verməyə gərək yoxdur, önəmli nöqtə sizin ədəbiyyatla tanışlıq səviyyəniz və araşdırmanızın bu ədəbiyyatdakı yeridir. 

Tədqiqat dizaynı və metodologiya (Research design & methodology)

Bu bölmə aydın bir şəkildə araşdırma tərzinizi və istifadə edəcəyiniz xüsusi metodları izah etməlidir. Tədqiqat dizaynına aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):

  • Tədqiqat parametləri – mövzunun tərifi, qısa xülasəsi və istiqamətləri
  • Ümumi yanaşmanın müzakirəsi – araşdırmanızın xarakteri (nəzəri yoxsa praktiki, ilkin yoxsa empirik mənbələr əsasında edilməsi). Özünüzə uyğun və ya qəbul etdiyiniz yanaşmanı burada izah etməlisiniz.
  • XÜSUSİ VƏ DƏQİQ məqsədlər və hədəflər – məsələn, araşdırma zamanl istifadə olunacaq metodlar və onlardan əldə olunacaq nəticələr
  • Metodologiya – Tədqiqat işinin bəlkə də ən mühüm hissəsidir. Aydın və dəqiq şəkildə araşdırma metodunuzu izah etməliniz. Ümumiyyətlə metodologiya iki yerə ayrılır: Quantitative və Qualitative. Araşdırmanızın bu metodlardan hansına uyğun olduğunu, bu metodlar daxilində də hansı vasitələrdən istifadə olunacağını dəqiqliklə bildirməlisiniz. Buraya daxildir: nəzərdə tutulan mənbələrin növləri; məlumatların toplanması və təhlili üsulları; xüsusi metodlar (yəni statistik analiz; yarı strukturlaşdırılmış müsahibə; iştirakçı müşahidəsi); və (qısa olaraq) bu metodların mənimsənilməsi üçün əsaslandırma.Qeyri-müəyyən metodologiya oxucularda tədqiqat işinin mümkünlüyünə dair şübhələr yaradır.
  • Ümumi olaraq tədqiqat işinizi tamamlaya biləcəyiniz period.

İstinadlar (References)

İstinadlarınız oxucuya ədəbiyyatı dərindən başa düşdüyünüzü və buna necə töhfə verə biləcəyinizi aydın şəkildə çatdırmalıdır. Təhlilinizdə böyük rol oynayacağını düşündüyünüz mətnlərə və mənbələrə istinad etdiyinizdən əmin olun. Unutmayın ki, bu sadəcə ədəbiyyat icmalında göstəriyiniz mənbələr deyil. Mövzunuzla bağlı tənqidi və ya əks-fikir daşıyan mənbələrin də qeyd olunması sizin işinizi daha da professional edir.

Mümkün uğursuzluqlar

Çox tez-tez tələbələr universitetlərin bütün doktorantura namizədləri cavab versə də, yekunda qəbul komitəsindən rədd cavab alırlar. Bunun başlıca səbəbi zəif yazılmış research proposal olur. Yaxşı IELTS balı, yüksək qiymətlər, tövsiyə məktubları, sertifikatlar qəbul prosesində rol oynasa da, doktorantura mərhələsində sizin taleyinizi research proposal təyin edir. Ona görə ümumi olaraq aşağıdakı bəndlər mütləq nəzərə alınmalıdır:

  • Tədqiqat işini yazarkən araşdırma ideyanızı, suallarınızı (research questions) və ya problemi aydın və inandırıcı şəkildə izah edin. Çalışın tədqiqat işiniz adakemik ədəbiyyata töhfə verəcəyini göstərsin və ən önəmlisi gələcək vəd edən iş olsun. 
  • Universitetlərə müraciət etmədən öncə departamentlərin veb səhifələrini mütləq ziyarət edin. Əmin olun ki, hazırladığınız mövzu ilə maraqlı olacaq elmi rəhbərlər mövcuddur. Çünki bəzən mövzu nə qədər güclü olsa da, o sahədə elmi rəhbər olmadığı üçün rədd cavabı almağınız ehtimalı yüksək olur. Yuxarıda qeyd edildiyi kimi, potensial elmi rəhbərlərlə öncədən əlaqə saxlamağınız və şərh üçün tədqiqat işinizin son versiyasını göndərərək müzakirə aparmağınız məsləhətlidir.
  • Tədqiqat işinizin strukturu çöx önəmlidir. Zəif struktura malik tədqiqat işləri diqqət cəlb etmir. 
  • Ən önəmlisi mövzunuzun araşdırılma potensialından əmin olun. Araşdırılması gələcəkdə çətin olacaq və ya sonlandırıla bilinməyəcək mövzuları seçməyin. Unutmayın ki, qəbul komitəsində hər sahədən ekspert olur və ədəbiyyatı bilə ekspert araşdırılma potensialını asanlıqla təyin edir. 
  • Son olaraq kifayət qədər güclü arqumentlər yaradın. Unutmayın ki, sizin sahənizdə gələcəkdə siz mütəxəssis olacaqsınız. Buna uyğun olaraq da oxucunuzu razı salmağı bacarın. 

What's your reaction?

Excellent
1
image/svg+xml Happy
0
In Love
0
Wow
0
Funny
0
Azimoff
Academic researcher, writer, blogger

    You may also like

    Comments are closed.