Səmərəlilik

Google axtarış sistemində 9 möhtəşəm axtarış operatoru

Əgər məlumat axtarırsınızsa, Google axtarış platforması hər şeyi tapmaq üçün ən ideal yerdir. Üstəlik axtarış operatoru sizin işinizi daha da asanlaşdıra bilər. Ancaq bu günlərdə lazımi məlumatları tapmaq bəzən çox çətin olur. Çünki internet məlumatlarla doludur və gün-gündən yeniləri əlavə olunur.

Bəzən axtarış sorğusunu yazırsınız və qarşınıza çıxan nəticələrin 10 səhifəsini keçdikdən sonra belə hələ də axtardığınızı tapa bilmirsiniz. Nəticədə axtarış prosesi effektiv olmur və prosesi nəticəsiz tamamlayırsınız. Bu məqalədə sizə lazımi məlumatları tez və qısa müddətdə tapmaq üçün Google-da necə effektiv axtarış aparmağın üsullarından bəhs edirik.

1. Əlaqəli Google axtarış operatoru

💡 related:website.com

Daha əvvəl gördüyünüz və ya oxuduğunuz məzmuna oxşar materiallar axtarırsınızsa, əlaqəli axtarış operatorundan istifadə edə bilərsiniz. Məsələn, əgər bir layihə üzərində işləyirsinizsə və bazar araşdırması etmək lazımdırsa, bu axtarış operatorundan istifadə etməklə Google axtarış platformasında sizə lazım olan məlumatları qısa müddət ərzində asanlıqla tapa bilərsiniz. Nümunə olaraq aşağıdakı axtarış formasını göstərmək olar. Tutaq ki, sizə BBC xəbərləri tərzində gündəlik xəbər yayımlayan saytlar lazımdır. O zaman aşağıdakı kimi axtarış etməlisiniz:

related:BBC

2. Saytlar üzrə Google axtarış operatoru

💡 [axtarış sözü] site:[website.com]

Siyahımızdakı ikinci üsul müəyyən vebsaytda axtarış etmək üçün axtarış operatorundan istifadə etməkdir. Bəzən bizə lazım olan məlumatı daxil olduğumuz saytın axtarış bölməsindən tapa bilmirik. Tutaq ki, siz Harward Business Review-da iş etikası ilə bağlı məqalələr axtarırsınız. Əgər “iş etikası site:hbr.org” yazsanız, Google axtarış nəticələrində yalnız Harward Business Review-dan məqalələr görəcəksiniz. Siz bu axtarış terminindən əsasən xüsusi suallara, rəylərə və ya ictimai müzakirələrə cavab tapmaq üçün istifadə edə bilərsiniz. Məsələn, spesifik suala cavab tapmaq istəyirsinizsə, “site:quora.com”, şirkət rəylərini görmək üçün isə “site:glassdoor.com” axtarış operatorlarından istifadə edə bilərsiniz.

3. Ölkə domeninə uyğun Google axtarış

💡 [axtarış sözü] site:[ölkə kodu]

Bəzən axtardığımız məlumatlar sırf hansısa ölkə ilə bir başa bağlı ola bilər. Məsələn, pandemiya dövründə ən çox axtarılan sözlər arasında “Coronavirus”, “vaksin”, və “karantin qaydaları” ön sıralarda idi. Məlumdur ki, hər ölkənin bununla bağlı xüsusi qaydaları və tətbiq etdiyi rejimləri var. Ona görə “vaccine site:az” axtarışı “vaccine site:de” axtarış nəticələrindən fərqli olacaq və tamamilə fərqli məlumatlar əks etdirəcək.

Əgər spesifik ölkə haqqında məlumat axtarırsınızsa, həmin ölkələrin qanunları, xəbərləri, trendləri və s. ilə bağlı məlumat almaq üçün bu axtarış operatorundan istifadə edə bilərsiniz. Bu qeyd etdiyimiz Wikipedia saytında bütün ölkələrin domen kodları haqqında məlumat ala bilərsiniz.

4. İnfoqrafik Google axtarış

💡 [mövzu] intitle:infographic

Əgər iş yerində və ya universitetdə rəqəmlərlə bağlı araşdırma/təqdimat hazırlamalısınızsa, sizə statistikalar və infoqrafik datalar lazım olacaq. Belə dataları tapmaq və toplamaz zaman alır, ancaq Google bu cür məlumatları üzə çıxaran axtarış operatoru təklif edir. Məsələn, “x şirkətinin bazar dəyəri:infographic” yazıb axtarış etdikdə, Google başlığında infographic olan bütün veb səhifələri sıralayacaq. İlk sırada axtarış ilə bağlı bir çox şəkil görəcəksiniz. Həmin hissədən sizə lazım olan materialları əldə edə bilərsiniz.

5. Fayl tipi axtarış operatoru

💡 [search term] filetype:[extension]

Fayl növü üzrə axtarış müxtəlif formatlarda məlumat tapmaq üçün ən yaxşı və səmərəli yollardan biridir. Əgər sizə konkret olaraq PDF, word, excel, ppt və s. formatlarda fayllar (məsələn, esse, statistik datalar, məhsul prezentasiyaları və s.) lazımdırsa, bu axtarış operatoru ilə hesabatlar və ya tədqiqat sənədlərini asanlıqla və sürətlə tapa bilərsiniz.

Məsələn, tədqiqat zamanı iqtisadi qanunlar və ya sənaye statistikası haqqında bilmək istəyirsinizsə, “x ölkəsinin iqtisadiyyatı filetype:pdf” yazmaqla, bu barədə mövcud təcrübələr, qanunlar, yaxşı izah edilmiş fayllar və daha çox faydalı məlumat əldə edə bilərsiniz.

6. Müəyyən tarixlər üzrə Google axtarış

💡 [axtarış sözü] intitle:[axtarılan il]

Bəzən Google axtarış platforması üzrə tədqiqat apararkən bizə lazım olandan çox nəticə çıxır. Belə olduqda bizim üçün əsas olan məlumatları ötürmüş oluruq. Bu axtarış operatoru vasitəsilə sizə lazım olan müəyyən tarix ərzində mövcud olan məlumatları tapa bilərsiniz. Məsələn “intitle:2021 ən yaxşı kitablar” yazmaqla 2021-ci ildə yayımlanmış xəbərlər, bloq yazıları, icmallar və qiymətləndirmələri görə bilərsiniz.

7. Tarixlər arası Google axtarış

💡 [20xx – 20xx]

Bu axtarış operatoru xüsusi açar sözə malik deyil, ancaq Google axtarış platformasında əsas elementlərdən biridir. Əgər sizə son yayımlanmış xəbərlər, şərhlər, məlumatlar və s. lazımdırsa, tarixlər arası axtarış operatoru sizə lazım olan bütün detalları göstərəcək. Tarixləri seçmək üçün axtarış sözünü Google axtarış platformasına daxil edib, daha sonra “alətlər” hissəsindən sizə lazım olan seçimləri görə bilərsiniz.

8. Minus axtarış operatoru

💡 [axtarış sözü]-[açar söz]

Digər axtarış operatoru Google axtarış platformasında sizə lazım olmayan söz və ifadələrin axtarış nəticələrində çıxmasının qarşısını almaqla bağlıdır. Bu, bir çox hallarda çox yararlı olur, çünki bəzən axtardığımız sözlərlə bağlı fərqli nəticələr də çıxa bilir. Məsələn, bu yaxınlarda Facebook şirkəti rebrendinq edərək Meta adını seçdi. Meta sözünün bir çox mənası var, ancaq siz Google axtarış platformasında bu sözü axtarsanız, qarşısınıza daha çox Facebook ilə bağlı yazılar çıxacaq. Bunun qarşısını almaq üçün sadəcə olaraq axtarış sözündən sonra – (minus) işarəsi qoyub Facebook sözünü yazmaq kifayətdir (“meta -Facebook”). Bundan sonra Google sizin qarşısınıza Facebook ilə bağlı heç nə çıxarmayacaq. Eyni qayda saytlar üçün də keçərlidir: “blog website building -site:wordpress.com”.

9. Bonus axtarış operatorları

🎙🎙🎙

  1. 🔍 Dırnaq işarəsi: Açar sözünü dırnaq işarəsinin içində yazıb axtarış etsəniz, dəqiq nəticələr əldə edəcəksiniz. “necə bloq yazaq”
  2. 🔍 Ulduz işarəsi: Əgər axtardığınız açar sözdə və ya ifadədə əmin olmadığınız sözlər varsa, ya da nə axtardığınızı dəqiq bilmirsinizsə, o zaman ulduz işarəsi sizin köməyinizə çatacaq. “Fokuslanmağın * yolu”
  3. 🔍 Üstəgəl işarəsi: Üstəgəl axtarış operatoru xüsusi mövzu üzrə axtarış zamanı çox işinizə yaraya bilər. Məsələn, deyək ki, sayt yaratmaq istəyirsiniz və sizə şablonlar lazımdır. Əgər Google axtarış platformasında “müsahibə sualları” yazsanız, qarşınıza bütün saytlardakı yazılar çıxacaq. Ancaq bunun yerinə “müsahibə sualları +quora.com” yazsanız, Quora saytından sizin axtarış sözünüzə uyğun nəticələr çıxaracaq.
  4. 🔍 OR axtarış operatoru: Bu daha çox ingilis dilli kontentlərdə işə yarayır. Əgər hər hansı məhsul barədə məlumat almaq və qarşılaşdırma etmək istəyirsinizsə, o zaman bu axtarış operatorundan istifadə edə bilərsiniz: “iPhone 13 or Samsung S22”.
  5. 🔍 Define: Axtarış açar sözünün mənasını bilmək istəyirsinizsə, sadəcə olaraq açar sözün qarşısına define yazın: “define:blog”.

Son olaraq

Google bütün lazımi məlumatları tapmaq üçün ən yaxşı axtarış platformasıdır. Google axtarış platformasında effektiv axtarış vaxtınıza qənaət edəcək və məhsuldarlığınızı artıracaq. Ancaq bu sadalanan metodlar azərbaycanca olan məlumatların tapılmasında effektiv olmaya bilər.

Axtarış operatorlarını unutmamaq üçün bu yazını saxlayın. Daha çox belə yazı üçün isə saytımızı izləməyə davam edin!

Sizə maraqlı ola biləcək yazı: Hər şeyi yadda saxlamaq üçün 5 effektiv metod

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button