SəmərəlilikYouTube

Uğurun sirri nədir? Əslində uğur çox uzaqda deyil

Uğurun sirri əslində sizə çox yaxındır desək, reaksiyanız necə olar? Uğur nədir? İnsanlar həyatları boyunca bir şeylər üçün mübarizə aparırlar, əldə etdikləri onlar üçün nə dərəcədə uğur sayılır? Əslində uğurun sirri çox sadədir. O, uzaqda deyil. Uğuru başqa yerdə, başqa insanlarda axtarmağa gərək yoxdur. Hər kəs uğurludur. Bəzilərində bu daha tez baş verir, bəzilərində isə bəzən görünmür. Ümumiyyətlər insanlar uğur qazanmaq üçün bir az şans lazım olduğuna inanır. Ancaq bu sahədə aparılan araşdırma və tədqiqatlar həyatın bütün sahələrində uğurlu olmağın mümkün olduğunu ortaya qoyur. Necə? Oxumağa davam edin.

Niyə uğurlu ola bilmirik? Elmi əsaslarla uğurun sirri

Hər kəsin uşaqlıq dövründə istədiklərini əldə etməsi üçün özünə şans gətirəcək inancları olub. Əgər proseslər uğurla başa çatardısa, o zaman şansın yanında idi. Bəzən belə bir ifadənin şahidi oluruq: Şans səhər saat 6-da paylanır. Burada bəhs olunan şansın əslində bizim fikrimizdəki inancla əlaqəsi yoxdur. Şans uğurun sirri olaraq da qələmə verilir. Ancaq həqiqətən də uğurun sirri bizim özümüzün belə tam ifadə edə bilmədiyi şansdırmı?

Birinin uğur qazandığını eşitdikdə, insanlar adətən onların hekayələrini şansla və ya qıvılcımları ilə izah etməyə çalışırlar. Ancaq həmin uğurun, anın və ya hekayənin arxasında nələrin olduğu müzakirə olunmur, çox nadir hallarda işıqlandırılaraq müzakirə olunur. İnsanlar nə çəkilən əziyyəti, nə də gedilən yolu görmək istəmirlər. Qısacası, insanlar uğur əldə etmiş şəxsin həmin nailiyyəti qazanana qədər çəkdiyi zəhməti, səhər hamıdan öncə oyanmağını bilmir.

Uğurun sirri reallıqdan başlayır

Həyatın bəzi insanlara gülümsədiyi anlar vardır. Hər şey bu insanlar üçün yaxşı gedir və ya elə görünür. Onlar hər zaman uğurludurlar, dünyanın ən şanslı insanlarıdır. Onlarla yanaşı başqa insanlar da var, daim mübarizə aparır, cəhd edir. Onların etdikləri isə birincilər kimi olmur, planları alınmır, işləri uğursuzluqla nəticələnir, özlərini tapa bilmirlər. Onlar özlərini artıq heç nəyin yolunda getməyəcəyinə, ömürlərinin sonuna qədər belə yaşayacaqlarına inandırırlar.

1993-cü ildə ingilis psixoloq Richard Wiseman bu iki fərd qrupuna həqiqətən nə olduğunu anlamaq üçün tədqiqata başlayır. Onları bir birindən fərqləndirən nə idi? Niyə bəzi insanlar düzgün vaxtda düzgün yerdə olmağı bacarırlar, ancaq digərləri yox?

Wiseman bu tədqiqat üçün müsahibə alacağı şəxsləri qəzetə elan verməklə tapır. Elan nəticəsində 18-84 yaş aralığında 400-ə yaxın insan könüllü olaraq müsahibə üçün müraciət edir. Onların yarısı özünü arzularına çatdığı üçün kifayət qədər “şanslı” görürdülər, digər yarısı isə işlərinin həmişə yolunda getmədiyi üçün “şanssız” olduqlarını iddia etdi. İllər ərzində tədqiqatçı onlarla danışır, müsahibə alır və onlardan iştirak etdikləri test və təcrübələri günlük olaraq qeyd etmələrini istəmişdi. Araşdırmaları nəticəsində insan varlığının təsadüfiliyini heç vaxt izah edə bilməsə də, fərdlərin şansına (bəxtinə) birbaşa təsir edən bəzi düşüncə və davranış nümunələrini tapa bildi.

Richard Wisemanın apardığı təcrübələr

Uğurun sirri barədə tədqiqatlarına ara vermədən davam edən Wiseman dəvət etdiyi insanlara bir sıra tapşırıqlar verdi. İlk olaraq o, hər kəsdən jurnallara çap olunmuş şəkilləri saymağı tapşırdı. Özünü uğursuz sayan qrup bu tapşırığa ortalama 2 dəqiqə sərf etdilər, digər qrup isə bir neçə saniyədə həll etdilər. Burada səbəb nə idi? Jurnalın ikinci səhifəsinə belə bir qeyd qoyulmuşdu: “Saymağı dayandırın. Jurnalda cəmi 43 şəkil var.” Həmin yazı səhifənin təxminən yarısını əhatələmişdi, ancaq sadəcə birinci qrup yazının fərqinə varmışdı.

Müxtəlif şəxsiyyət testləri nəticəsində Wiseman, uğursuz qrupun şanslı qrupdan daha çox narahatlıq keçirdiyini müşahidə etdi. Narahatlıq bir insanın öncədən aşkar olmayan hadisələri qəbul etməsini çətinləşdirir. Tədqiqatçı, bəxti gətirmədiyini söyləyən insanların ümumiyyətlə sadəcə bir şeydən narahat olduqlarını və bunun başqa hər şeyi görmələrinə imkan vermədiyi qənaətinə gəldi. Görməyi dayandırdıqları çox sadə şeylər ola bilər: bir qəzet reklamı və ya həyatlarını dəyişdirə biləcək böyük imkanlara çıxan kiçik detallar. Şanslı olduqlarını söyləyən insanlar daha rahat və açıq olmağa meyllidirlər; bu onlara yalnız axtardıqlarını deyil, ətrafdakı hər şeyi qavramalarına kömək edir.

Wiseman hər iki qrupun sosial tədbirlərdəki davranışlarını da müşahidə edirdi. Bəxti gətirmədiyini söyləyən qrup bu görüşlərə konkret fikirlərlə gəlirdi; onlar harada oturacaqlarını, kimlə danışacaqları müəyyənləşdirmişdilər. Ancaq digər qrup bu tədbirlərə hazırlıqlı gəlmirdi; onlar üçün kimlə oturub, hansı söhbətləri aparacaqlarını müəyyənləşdirmənin əhəmiyyəti yox idi. Onlar yeni fikirlər qazanmaq, yeni insanlar tanımaq və ətraflarını genişləndirmək istəyirdilər.

Sizə maraqlı ola biləcək yazı: Zeyqarnik effekti və natamam tapşırıqlar

Uğurun sirri sadəcə bir neçə addımlıqdadır

Richard Wiseman araşdırmalarının nəticəsində bir formula yaratdı. Onun yaratdığı bu formula daha sonrakı araşdırmalarda da istifadə olundu. Tədqiqatçı həyatda uğur qazanmaq üçün üç davranış qeyd edir:

  1. Fikriniz və gözünüz daim açıq olmalıdır. Öncədən müəyyənləşdirdiyiniz hədəflərə çatmaq arzusu və inadkarlığı ətrafınızdakı detalları görməməyinizə səbəb ola bilər. Ona görə qorxularınıza yer verməyi bacarmalısınız, hədəflərinizi müəyyənləşdirməlisiniz, ancaq onlara çatmaq üçün baxış bucağınız geniş olmalıdır. Ən əsası dünyanı başqa nöqtədən qavramaq üçün cəsarətli olun.
  2. Hər şeyin müsbət tərəfini görün. Həyatda baş verən hər neqativ hadisə özü ilə birgə fürsətlər gətirir. Hədəfinizə çatmadıqda və ya istədiyinizə nail olmadıqda özünüzü sıxmağınız və günahlandırmağınız sizə sadəcə bir gün deyil, bütün ömrünüz boyu təsir edir. Ona görə əldə etdiklərinizi daim nəzərdən keçirin, kim olduğunuzu xatırlayın və bu günə qədər necə gəlib çıxdığınızı düşünün. Heç vaxt mənfi hadisələrin sizi müəyyənləşdirməsinə icazə verməyin.
  3. Həftədə bir dəfə fərqli nəsə edin. Sahib olduğunuz rutin həyatınızda təhlükəsizliyi artırır. Ancaq eyni zamanda sahib olduğunuz rutin sizi inkişafdan saxlaya və məhdudlaşdıra bilər. Yeni fürsətlər əldə etmək üçün yeni davranışlara sahib olmalınız. Baxış bucağınızı və dünyagörünüşünüzü genişləndirmək üçün sahib olduğunuz rutindən kənara çıxmaq lazımdır. Yeni davranışlar, yeni insanlar və ya yeni hadisələrin nə gətirəcəkləri bəlli deyil, ancaq bu fəaliyyətlər sizə yeni şanslar yarada bilər.

Uğurun sirri barədə detallı bir video YouTube kanalımızda qısa müddət ərzində yayımlanacaqdır. Bu yazını izləməyə davam edin.

Kanal:
Telegram kanalımız

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button