AkademiyaYouTube
Trend

Plagiarism nədir? Plagiarism azaltmağın effektiv yolları

Tezis, məqalə, kurs işi və s. yazıb bitirdikdən sonra qarşılaca biləcəyiniz ən böyük problemlərdən biri plagiarism sayılır. Dünyanın bir çox universiteti, tanınmış jurnalları, akademik institutları müxtəlif plagiarism proqramlarından istifadə edirlər. İstifadə olunan proqramların böyük databazaları olur və demək olar ki, ədəbiyyatda mövcud olan bütün materialları asanlıqla tapa bilir. İşinizi hazırlayarkən müxtəlif mənbələrdən istifadə etməlisiniz, ancaq ‘istifadə etmək’ və birbaşa öz fikriniz kimi yazmaq arasında böyük fərqlər var. Bu yazıda plagiarism nədir, hansı hallarda yarandığından və necə azaldılmasından nümunələrlə bəhs edirik.

Plagiarism nədir? Plagiarism dərəcəsini azaltmağın effektiv yolları | Ətraflı izah

Plagiarism nədir?

Plagiat nədir?

Merriam-Webster lüğətində plagiat sözünün mənası belə izah olunub

“(Başqasının fikirlərini və ya sözlərini) özününkü kimi oğurlamaq və yaymaq: mənbəyə istinad etmədən (başqasının işini) istifadə etmək”

Burada “oğurlamaq” kəlməsinin xüsusi anlamı var. Bəzən insanlar başqalarının fikirlərini olduğu kimi götürür və heç bir istinad vermədən özünün yeni fikri kimi qələmə verir. Akademik sahələrdə müəllif hüquqları ən mütəşəkkil şəkildə qorunur. Hətta təsadüfən başqasının fikirlərini və ya sözlərini düzgün istinad göstərmədən istifadə etmək, ehtiyatsız davranmaq belə işinizin “plagiat” kateqoriyasında görünməsinə səbəb olacaq. Texnologiyanın yüksək inkişaf etdiyi dövrdə kopyalamaq zərərsiz görünsə də, akademik və professional karyerada çox ciddi təsirləri olur.

Yazı işində sadəcə başqalarının sözündən və fikrindən istifadə etmək plagiat sayılmır. Tədqiqat işlərini hazırlayarkən, öz məhsulunuz olmayan və başqa yerlərdən istifadə etdiyiniz hər şey plagiat ola bilər. Bunlara nümunə olaraq aşağıdakı elementləri göstərmək olar.

  • Ümumi bilinməyən statistikalar, faktlar və ideyalar (istinadsız)
  • Digər işlərdən birbaşa paraqrafın dırnaq işarəsi və istinad göstərilmədən istifadəsi
  • Parafraz etmək, ancaq mənbəni göstərməmək
  • Yanlış mənbələri istinad göstərməklə məlumatdan istifadə etmək
  • Şəkil, audio fayl, video, cədvəl, powerpoint təqdimat və s. istinad göstərmədən istifadə etmək.

Universitetlərdə olan proqramlar təxminən bu şəkildə mətndəki eynilikləri və oxşarlıqları göstərir. Bunlar arasında ən məşhuru turnitin proqramıdır. Bir çox universitet və akademik qurumda bu proqramın funksiyalarından istifadə olunur. Turnitin məqaləni skan edərkən mövcud bütün bazaları yoxlayır və oxşar yazı olduqda onu xüsusi rənglərlə faiz dərəcəsinə qədər göstərir. Ekranda gördüyünüz mətnin böyük hissəsində plagiarizmə yol verilib. Əgər diqqətlə baxsanız, cümlələrin içində referanslar da düzgün verilib. Bunun səbəbi mətnin olduğu kimi alınıb bu sənəddə istifadə olunmasıdır. Birbaşa mətni kopyalamaq, cümlələrdəki sözləri dəyişib sinonimləri ilə əvəz etmək istinad göstərilsə belə plagiarism sayılır. Sənədi yoxlayan şəxs sağ hissədə mövcud olan paneldən yazılan mətnin mənbəyini də asanlıqla tapır. Universitetlər arasında oxşarlıq dərəcəsi fərqli olsa da, 17%dən artıq oxşarlıq məqalənin və ya tezisin qəbul edilməməsinə səbəb ola bilər.

Plagiarism dərəcəsini necə azaltmaq olar?

Bəzən bəzi insanlar bilərək plagiat yazılar hazırlasa da, bir çox hallarda plagiarizm ehtiyatsızlıqdan baş verir. Yazı işi hazırlayarkən aydın məsələdir ki, siz başqa mənbələri oxumalı, onlardan faydalanmalı və öz işiniz üçün istifadə etməlisiniz. Akademik sahənin ən bəsit təməli budur. Başqalarının işlərini oxuduqdan sonra boşluqları görüb, öz töhfənizi vermək. Ona görə də elm daim öz-özünü təkzib etməlidir. Yazı, tədqiqat işi və dissertasiya yazarkən istədiyiniz qədər mənbəyə müraciət edib, araşdırmaq haqqınız var. Bununla işinizin təməlləri daha sağlam olur. Ancaq istifadə etdiyiniz mənbələrə düzgün istinad verməsəniz, yazı içində düzgün formatlama qaydalarından istifadə etməsəniz, işinizdə plagiarizm olacaq, hətta buna yol vermədiyinizi düşünsəniz belə. Ona görə işinizin akademik etik qaydalara uyğun olması üçün dörd vacib nüansa diqqət yetirməlisiniz:

Tədqiqat zamanı müraciət etdiyiniz bütün mənbələrin siyahısını tutun

Bunu etmək üçün müxtəlif üsullar, proqramlar var. Ən sadələri not proqramlarıdır, mənim şəxsən istifadə etdiyim proqram Notion adlı tətbiqetmədir. Tətbiqetmə sizə sərhədsiz imkan tanıyır, səhifələr yaradıb, oradakı databazaları bir biri ilə əlaqələndirib veb toru kimi sistem qura bilərsiniz. Digər üsul isə Mind Map proqramlarından istifadə etməkdir. Əgər yazdığınız işin strukturunu düzgün qurmasanız, müraciət etdiyiniz mənbələri harada, necə istifadə etdiyinizi də qarışdıracaqsınız. Bunun üçün bir çox ödənişsiz proqramlar var. Mənim istifadə etdiyim proqram MindNote adlanır. Ödənişsiz versiyasında istədiyiniz qədər Mind Map yaradıb müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz. Bir başqa üsul isə işinizi hazırlayarkən istifadə etdiyiniz cihazda hiyerarxiya yaratmaqdır. Hər bölmə üçün ayrıca qovluq açıb, onun ədəbiyyat siyahısını orada toplaya bilərsiniz. Ancaq burada bir sənəd də yaradıb, ədəbiyyat siyahısını yazmalısınız. Bunlara əlavə olaraq sırf istinadlar üçün müxtəlif proqramlar mövcuddur. Mendeley, Zotero bu iş üçün mövcud ən yaxşı proqramlardır.

Parafraz və ya sitat gətirmək

Yazı yazarkən hər hansı bir mənbədən fikir və ya məlumat götürürsünüzsə, ya original mətni sitat kimi istifadə etməli, ya da parafraz etməlisiniz. Bu ikisi arasında fərqlər var. Əgər istifadə etdiyiniz mənbədən informasiyanı birbaşa almaq istəyirsinizsə, yəni sözbəsöz olduğu kimi istifadə edəcəksinizsə, həmin mətni dırnaq içərisində işinizdə istifadə etməlisiniz. Mətni dırnaq içərisində birbaşa qoymazdan əvvəl həmin hissəyə öz sözlərinizlə giriş də verməlisiniz. Dırnaq işarələrini bağladıqdan sonra isə mənbəni və müəllifi mütləq qeyd etməlisiniz. Bununla siz birbaşa plagiarizmdən yaxa qurtarmış olursunuz.

According to Cronon, the concept of wilderness is a cultural invention: “Far from being the one place on earth that stands apart from humanity, it is quite profoundly a human creation—indeed, the creation of very particular human cultures at very particular moments in human history” (1995, p. 69).

Mətni parafraz etmək isə sitatdan fərqlidir. Burada siz mənbədə olan fikirlərin və ya məlumatların mənasını dəyişdirmədən öz sözlərinizlə yenidən yazırsınız. Ancaq çox diqqətli olmalısınız, düzgün formatlanmadıqda istifadə etdiyiniz fikirlər plagiata çevrilə bilər. Plagiata yol vermədən parafraz etmək bir növ strategiya və söz bazası tələb edir. Yəni burada siz istifadə olunan fikirləri öz sözlərinizlə elə ifadə etməlisiniz ki, oxucu həm onu anlasın, həm də digər işlərdən götürüldüyünü düşünməsin. Parafraz etdikdə sözlərin sinonimlərindən və ya oxşar versiyalarından istifadə etmək olar, ancaq cümlənin strukturu tamamilə fərqli olmalıdır. Bununla belə ideya başqasına məxsus olduğu üçün istinad göstərilməlidir.

Nümunələrdə parafrazlaşdırılmış, original və plagiat mətnləri görürsünüz. Birincidə müəllifin əsas fikri yenidən ifadə edib yığcamlaşdırdığı görülür; cümlə quruluşu və məlumat sırası da dəyişdirilib. Plagiat nümunədə isə mətn eyni olmasa da, eyni ifadələr çoxluq təşkil edir; cümlə quruluşu və məlumatların sırası olduğu kimi qalıb. İstinad göstərilsə də, yoxlamada böyük ehtimalla plagiat kimi görünəcək.

Ümumi olaraq parafraz sitatdan daha yaxşıdır, xüsusilə daha istifadə olunma baxımından daha geniş imkanlar verir. O, həm də sizin mövzunu nə qədər dərindən anladığınızı və öz ideyalarınızla uyğunlaşdırdığını da göstərir. Sitatlardan bacardıqca az istifadə edin, əgər işinizdə sitatların sayı çox olarsa, bu artıq sizin işiniz olmayacaq və komissiya tərəfindən qəbul edilməyə bilər.

Mətn daxili və ədəbiyyat siyahısında istinad

Mətn daxili və ədəbiyyat siyahısında istinad – Əvvəl də qeyd etdiyim kimi, yazdığız işdə istifadə etdiyiniz bütün mənbələrə istinad göstərməlisiniz. Mətndaxili istinadlar müəllif və ili, ədəbiyyat siyahısı isə müəllif, mənbənin adı, ili, nəşr olunduğu yeri və səhifəni göstərməlidir. Bu işi asanlaşdırmaq üçün istifadə edə biləcəyiniz ən yaxşı proqramlar Zotero və Mendeleydir. Bu proqramların üstünlüyü odur ki, vaxtınızı istinad siyahısını hazırlamağa sərf etmirsiniz. Proqram sizin əvəzinizə siyahını formatlama qaydalarına uyğun olaraq hazırlayır. Hətta hər iki proqramın Microsoft Word üçün əlavələri var. Onları yüklədiyiniz təqdirdə, yazı yazarkən istinadı Zotero və ya Mendeley üzərindən yerləşdirə bilərsiniz. Proqramların interfeysləri olduqca asandır. Sizə lazım olan mənbələrdən pdf faylları endirərək, proqrama yükləməyiniz kifayətdir. Ən sadə yollardan biri isə yazını hazırlayarkən, word proqramının özündəki istinad funksiyasından istifadə etməkdir. Bu, sənədə əlavə etdiyiniz bütün ədəbiyyatı sona qədər yaddaşda saxlayacaq.

Parafraz alətlərdən və plagiarizm yoxlayan proqramlardan istifadə

Parafraz alətlərdən və plagiarizm yoxlayan proqramlardan istifadə – Bir çox universitet və akademik qurum plagiat proqramlarından istifadə edir. Bu texnologiya sənədləri skan edir və öz daxilindəki böyük databazadakı məqalə və saytlarla müqayisə edir. Əgər oxşar ifadələr varsa, onları xüsusi işarələrlə göstərir. Universitetlər ən yaxşı plagiat proqramlarına sahib olurlar və təəssüfki tələbələrin bu proqramlara çıxışı olmur. Bəzi hallarda universitetlər işin final mərhələsində plagiat proqramlarından istifadəyə icazə verə bilirlər. Ancaq istifadə edə biləcəyiniz bir sıra ödənişli və ödənişsiz plagiat proqramları var.

Plagiarism və Parafraz proqramları

Plagiat proqramlarına keçməmişdən əvvəl parafraz proqramlarına nümunə göstərək. Hazırda böyük kütlənin istifadə etdiyi iki əsas platforma var: Quilbot və Paraphrasing tool. Hər iki platforma işinin öhdəsindən gələ bilir. Quilbot proqramının Word əlavəsi də var. Yazı yazarkən bu əlavə sizin işinizi daha da asanlaşdıracaq, çünki əlavə addımlara gərək qalmadan, proqram daxilində parafrazdan istifadə edə bilərsiniz. Bu proqram cümləni parafraz etdikdən sonra sözləri sinonimləri ilə dəyişə biləcəyiniz hissələri də göstərir. Ancaq hər iki proqramı istifadə edərkən, diqqətli olmanız lazım olan bəzi nüanslar var. Birincisi bu proqramlar süni zəka alqoritmasında çalışdığı üçün göstərdiyi nəticələr original fikirdən tamam fərqli ola bilər, yəni əvəzlədiyi sözlər məntin konteksinə uymaya bilər. Ona görə hər dəfə istifadə etdikdə, cümləni bir dəfə də özünüz diqqətlə oxumalısınız. İkincisi, bu proqramlar bəzi hallarda qrammatika qaydalarına da riayət etmir. Qrammatika qaydaları akademik mətnlərdə çox önəmlidir və qrammatikası yaxşı olmayan mətn hər nə qədər güclü araşdırma olsa da, zəif təsir bağışlayır. İndi isə keçək plagiat proqramlarına. Siyahını əvvəlcə ödənişli proqramlardan başlayıb, daha sonra ödənişsizləri nümunə çəkəcəm. Qeyd etdiyim proqramları təcrübədən keçirmişəm və söz verdikləri kimi işləyirlər.

Birinci sırada Scribbr gəlir. Bazarda mövcud olan ən böyük plagiat proqramlarından biridir. Öz bazasında milyonlarla materiala sahibdir və Turnitin məntiqi ilə işləyir. Qiymətləri isə istifadə məqsədlərinə görə dəyişir. Bahalı proqram kateqoriyasında olmaqla, 20 dollardan başlayır və maksimum aldığı məbləğ 40 dollardır. İşiniz hazırlayıb bitirdikdən sonra plagiarizmin ciddi yoxlanacağı bir yerə göndərirsinizsə, onda bu qiymətlərə bu platformanı istifadə etməyə dəyər. Platformadan qeydiyyatdan keçdikdən sonra yazınızın söz aralığını seçib, ona uyğun ödəniş edirsiniz. Proqram isə sizə detallı hesabat çıxararaq, yazınızın yoxlanılmış halını təqdim edir.

İkinci sırada isə Unicheck gəlir. Bu platforma birincidə daha ucuzdur və bazasında milyonlarla mənbə var. Scribbr kimi Unicheck də Turnitin məntiqində işləyir və eyni stildə hesabat təqdim edir. Bu platformanın əsas fərqi söz sayına görə deyil, səhifə sayına görə ödəniş almaqdır. Ancaq burada diqqət etməniz lazım olan məqam var. Siz 5 səhifəlik yazı yazmısınızsa, proqram öz tələblərinə uyğun olaraq bunu 6-7 səhifə kimi qəbul edə bilər. Buna səbəb proqramın bir səhifə üçün təyin etdiyi simvol sayıdır. Minimum ödəniş 20 səhifə üçün 5 dollardır. Səhifələrin sayı artdıqca platforma sizə endirim də təklif edir. Beləliklə, 100 səhifəlik yazını 15 dollara yoxlaya bilirsiniz. Platformada qeydiyyatdan keçdikdən sonra yazını yükləyirsiniz. Proqram sizə neçə səhifə olduğunu və nə qədər ödəniş etməli olduğunuzu göstərir. Bundan sonra isə detallı hesabat təqdim edərək, işinizin yoxlanılmış halını təqdim edir.

Üçüncüsü isə Grammarly proqramıdır. Bu proqram ilk iki proqramdan zəifdir. Çünki əsasən internetdə mövcud olan yazıları və açıq giriş olan jurnal məqalələrini öz bazasında toplayıb. Ona görə proqram plagiat faizini digərlərinə nisbətən qat qat aşağı göstərə bilər. Grammarly əsasən qrammatika, orfoqrafiya və orfoepiya qaydaları üçün faydalıdır. Əlavə olaraq, oxşar ifadələr, sinonimlər və s. də təqdim edir. Bununla da siz eyni sözlərdən hər yerdə istifadə etmirsiniz. Grammarly-nin ödənişsiz versiyasında sadəcə qrammatika düzəlişləri əks olunur. Premium hesabda isə Grammarly bütün funksiyaları aktivləşir. Aylıq 12 dollar, illik isə 360 dollar tələb edir. Ancaq Grammarly daim endirimlər edir. Xüsusilə, ilk dəfə qeydiyyatdan keçdikdən bir müddət sonra 50-60%-ə qədər endirim təklifləri emailinizə gəlir.

Ödənişsiz plagiarizm proqramlarına isə iki əsas onlayn platformanı nümunə göstərə bilərəm. Bunlardan birincisi Plagiarisma.net, ikincisi isə Plagiarism detectordu. Bu iki platformanın digərlərindən fərqi sayt daxilində hesabat verməsi və simvol limiti olmasıdır. Daha çox funksiyadan istifadə etmək üçün qeydiyyatdan keçməlisiniz. Plagiarism detector ödənişli versiyada daha çox imkan təqdim edir, ancaq ödənişsiz versiya da sizin işinizə yarayacaq. Burada etməli olduğunuz, mətni kopyalayıb platformada yoxlamaqdır. Bəzi ödənişsiz plagiat platformaları sizin yazılarınızı yaddaşda saxlayır və növbəti dəfə yoxlayanda onu plagiat kimi göstərir. Bu iki platforma mətnləri yaddaşda saxlamır və rahatlıqla istifadə edə bilərsiniz. Həm parafraz, həm də plagiat platformalarını eyni anda istifadə etməklə arzuladığınız nəticələri əldə etmək olar.

Sizə maraqlı gələ biləcək yazı: Akademik cv necə hazırlanır: effektiv təlimat

Sonda isə bir nüansa toxunmaq lazımdır. Əgər mətnin içində hər hansı hərfi rus hərfi ilə əvəz etsəniz, plagiat proqramları onu tuta bilməyəcək və işiniz 100% unikal olacaq. Ancaq bu etik baxımdan düzgün deyil. 100% unikal iş ümumi götürdükdə mümkünsüzdür və bir tələbənin bu cür iş təqdimetməsi şübhələr yaradacaq. Çünki tələbə bədahətən 100-120 səhifəlik yaza bilməz, ümumiyyətlə heç bir mənbədən istifadə olunmayan işə ciddi baxmırlar. Çünki məqsəd 100% unikal iş yox, elmə töhfə verəcək yazı yazmaqdır. Ona görə belə bir şey etmək fikriniz varsa, etməyin. Bu, gələcəkdə mütləq üzə çıxır və əgər akademik karyerada davam edəcəksinizsə, belə bir şey sizin adınıza heç vaxt çıxmayacaq qara ləkə gətirəcəkdir. Ümumiyyətlə isə sahənizin bilikli mütəxəssisi olmağınız sizə daha çox imkanlar yaradacaq, nəinki sadəcə yazmaq xətrinə nəsə etmək. Yekun olaraq, işinizdə oxşarlıq olması normal haldır, istinadları yerli yerində, düzgün formatlama qaydaları ilə istifadə etmisinizsə, işiniz plagiat sayılmayacaq və rahat diplom işini müdafiə edəcəksiniz. Plagiat proqramlarından isə bütün işiniz boyunca istifadə etməyə gərək yoxdur. İşinizi bitirdikdən sonra 1-2 dəfə platformalardan yaralanmaqla, işinizi təhvil verə bilərsiniz.

Kanal:
Science Arc telegram kanalı
Mənbə:
How To Avoid PlagiarismWhat is Plagiarism?PlagiarismWhat is plagiarism and why does it matter?Plagiarism Definition

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button