SəmərəlilikYouTube
Trend

Mükəmməl CV hazırlamaq qaydası – 2024

Əgər iş üçün müraciət etmək, universitetlərə baş vurmaq, təcrübə proqramlarına qoşulmaq istəyirsinizsə, mütləq bir CV-niz olmalıdır. CV sizin loru dildə desək, şəxsi marketinq sənədinizdir. CV formaları vasitəsilə siz özünüzü müraciət edilmə məqsədindən asılı olaraq təbliğ edib, satmağa çalışırsınız. Buna görə də CV hazırlamaq prosesinə xüsusi diqqət ayırmalısınız. İşəgötürənlər sizin CV-nizə baxdıqdan sonra sizinlə bağlı ilkin təəssüratları formalaşır. CV sizin peşəkar keçmişinizi, bacarıqlarınızı, nailiyyətlərinizi və müraciət məqsədindən asılı olaraq hədəflərinizi əhatə etməlidir. Effektiv CV hazırlamaq üçün bütün detallara diqqət yetirilməlisiniz, çünki CV sizin bütün nailiyyətlərinizi qısa və optimal şəkildə bir və ya iki səhifədə göstərən əsas sənəddir.

cv hazırlamaq

CV nədir?

CV ya da rezyume fransız dilindən gəlir və hərfi tərcüməsi də xülasə deməkdir. Tarixdə bizə məlum olan ilk CV Leonardo da Vinçinin hazırladığı sənəd sayılır. Rezyumelər 70-ci illərdən sonra gündəmə gəlməyə başladı, ancaq o dövrə qədər mövcud olan sənədlər formal xülasələrdən ibarət idi.

Ümumi olaraq, CV sizin bütün nailiyyətlərinizi qısa və optimal şəkildə bir və ya iki səhifədə göstərən əsas sənəddir. Yaxşı CV barədə tonlarla material olsa da, onların bir çoxu subyektiv ola bilir. Araşdırma apararkən Austin Belcakın CV-lərlə bağlı məqaləsi qarşıma çıxdı. O, 125000 CV-ni analiz edərək effektiv analiz yayımlamışdı, çünki onun əldə etdiyi nəticələr CV-lərlə bağlı fundamental məsələləri üzə çıxarır. Həmin məqalədən əldə etdiyimiz 5 qızıl qayda isə belədir.

  • CV-də LinkedIn profilinin göstərilməsi effektivliyi artırır, ancaq insanların sadəcə 48%-i CV-də LinkedIn profilini göstərib.
  • Açar sözlər müsahibə mərhələsinə keçid üçün olduqca önəmlidir. Namizədlərin sadəcə 51%-i lazım olan açar sözlərdən istifadə edib. Qalanları isə ümumi ifadələrlə CV-lərini yola verib.
  • Statistikalar şansları olduqca çox artırır. Ancaq insanların sadəcə 26%-i ölçülə bilinən statistik ifadələrdən istifadə edib.
  • Tədqiqat göstərib ki, ideal CV-nin uzunluğu 475-600 sözdən ibarətdir. 77% CV isə bu aralıqdan uzaqda qalıb.
  • CV-lərdə edilən ən çox səhvlərdən biri bəzəkli cümlələrdən çox istifadə edilməsidir, hansı ki, onlar namizədə heç bir dəyər qatmır. 51% CV-də bəzəkli cümlələr, klişelər və ya səhv izahlar mövcuddur.

Ümumi olaraq, CV sizin bütün nailiyyətlərinizi qısa və optimal şəkildə bir və ya iki səhifədə göstərən əsas sənəddir. Müraciət etdiyiniz hər vakansiya və ya proqrama uyğun olaraq ayrıca CV hazırlamağınız məsləhətdir. CV iki səbəbdən önəmlidir:

  • CV sizin təcrübə və bacarıqlarınızı əks etdirən qısa xülasədir. Bu, xüsusilə işəgötürənin nöqteyi-nəzərindən əvəzolunmazdır. Bu sənəd sizin kim olduğunuzu, harda təhsil aldığınızı, nə iş bacardığınızı göstərə bilən potensial alətdir.
  • CV həm də sizin yazı və düşünmə qabiliyyətinizi göstərən sənəddir. Böyük məlumat toplusunu qısa, bir səhifəlik sənədə necə toplaya bildiyinizi, məntiqi ardıcıllığı necə qurduğunuzu və ən əsası qrammatik və leksik səhvlərin miqyası ilə nə qədər diqqətli olduğunuzu göstərir.
CV nədir? Necə mükəmməl CV hazırlayaq: 5 qızıl qayda | Nümunələrlə ətraflı izah


Dizayn

Son zamanlarda möhtəşəm görüntülü dizaynlarda CV hazırlamaq dəb halını alıb. Ancaq bu cür CV-lərdən istifadə edərkən onların çox qarışıq olmamasına çalışın. Bir çox iş yerlərində artıq ATS (applicant tracking system)-dən istifadə olunur. Yəni sistem CV-ləri öz filterlərinə görə seçir və işəgötürənə yönləndirir. CV-də çox dizayn elementi olursa, bu sistem CV-ləri oxuya bilmir, nəticədə həmin işə ən uyğun namizəd olsanız belə, işəgötürənə CV-niz gedib çatmır. Google Docs və ya Worddə hazırlayacağınız sadə CV sizi hədəfinizə çatdıra bilər. CV hazırlayarkən çalışın eyni font stili və şrift ölçüsündən istifadə edin. Oxucuya çatdırmaq istədiyiniz əsas nüansları isə qalın şriftlə yazın. 

CV formaları

CV hazırlamaq üçün ən rahat yollar

Canva

CV hazırlamaq üçün müxtəlif vasitələr vardır. İnternetdə axtarış etsəniz qarşınıza tonlarla pullu/pulsuz resurslar çıxacaqdır. Bəzi şirkətlər hətta ödənişli xidmət təklif etməklə sizə CV hazırlamaq barədə də yardımçı olurlar. Ancaq bu yazıda sizə ən rahat üsulla necə CV hazırlamaq lazımdır, ondan bəhs edəcəyik. İstifadə edəcəyimiz platforma canva.com platformasıdır. Bu platformada siz minlərlə müxtəlif dizaynlı CV formaları tapa bilərsiniz. Platformanın üstünlüyü ondan ibarətdir ki, burada ödənişli/ödənişsiz müxtəlif dizaynlı CV formaları var.

CV hazırlamaq, CV formaları, CV, CV templates

Platformaya daxil olduqdan sonra qeydiyyatdan keçməyiniz məsləhətlidir, beləliklə hazırladığınız CV formaları daha sonra da əlçatan olur. Qeydiyyat bitdikdən sonra axtarış yerinə “resume” yazıb irəliləyirik. Qarşınıza çıxan pəncərədən istədiyiniz CV formasını seçib davam edirik.

Bu pəncərədə isə CV-də lazım olan bütün detalları doldururuq.

CV hazırlamaq, CV formaları, CV, CV templates

Sol paneldə CV hazırlamaq üçün müxtəlif elementlər əlavə edib istədiyiniz detalları göstərə bilərsiniz. İşinizi tamamilə bitirdikdən sonra sağ hissədən yuxarıdan download bölməsindən CV-ni pdf və ya arzu etdiyiniz formada endirirsiniz.

Novoresume

Bu sayt CV hazırlamaq üçün ən ideal platformalardan biridir. Saytda özünüzə uyğun sadə dizaynlı müxtəlif CV formaları yarada bilərsiniz. İlk səhifəsi ödənişsiz, iki və daha çox səhifəlik CV hazırlamaq və endirmək isə ödənişlidir. Saytda hazırlanan CV-lər ATS-dən də uğurla keçir. novoresume.com saytına keçid edərək qeydiyyatdan keçin.

Daha sonra sizin üçün uyğun olan CV formatını seçib, doldurmağa başlayın. Bitirdikdən sonra isə sağ hissədə yuxarıdan “Download” düyməsini sıxmağınız kifayətdir.

Sizə maraqlı ola biləcək yazı: Xaricdə təhsil və karyera: miflər vs reallıqlar

CV-ə əlavə edilməsi vacib olan 5 əsas bölmə

Professional profil

Bu hissə birinci bölmənin altında yerləşir və işəgötürənə sizin kim olduğunuz barədə ümumi məlumat təqdim edir. Yaxşı CV hazırlamaq üçün bu hissəni müraciət etdiyiniz vakansiyaya görə hər dəfə dəyişməlisiniz. Uzunluğu çox az olduğu üçün 2-3 cümlə ilə konkret şəkildə özünüzü ifadə etməlisiniz. Bu paraqrafda əsasən kim olduğunuzu və nə təklif etdiyiniz göstərirsiniz.

professional-profil

Keçmiş karyera detalları və iş təcrübəsi

Keçmiş iş təcrübəsi haqqında məlumat işəgötürənlərin sizinlə bağlı qərar verməsi üçün olduqca vacibdir. Sıralamanı qurarkən ən son iş yerinizi ilk sırada yazmağınız və bu xronologiyada davam etməyiniz daha yaxşıdır. Hər iş təcrübəsinin altına işlədiyiniz vəzifə, daxil olma və tərk etmə illəri, daha sonra isə vəzifə öhdəliklərinizi qeyd edin.

İş yerlərinizlə bağlı məlumatları yazmaq nə qədər asan olsa da, vəzifə öhdəliklərini yazmaq bir çox insan üçün bir o qədər çətindir. Xüsusilə də, çox adam sadəcə vəzifədən irəli gələn tapşırıqları sıralayır. Halbuki bu işəgötürənə şirkətdə həqiqətən nə etdiyinizi göstəmir. Öhdəliklərin hamısını sıralamaq əvəzinə çalışdığınıız müddət ərzində nə əldə etdiyinizi və şirkətə nə kimi töhfə verdiyinizi qeyd edin. Buradakı ən güclü silahınız isə rəqəmlər olmalıdır. Statistikalar daim sözlərdən daha kəsərlidir və insanların fikrinə birbaşa təsir edir. Hətta müsahibəyə dəvət şansını da bir o qədər artırır.

iş təcrübəsi

İş təcrübəsi hissəsini baş vurduğunuz hər vakansiya və proqrama görə tənzimləyin. Ola bilsin ki, əldə etdiyiniz təcrübələrin bəziləri müraciət etdiyiniz vakansiyaya uyğun olmasın. Əgər iş öhdəliklərini və nailiyyətlərinizi yazmaqda çətinlik çəkirsinizsə, LinkedIn platformasından istifadə edin. Sizinlə eyni vəzifəyə sahib olan insanların profillərini analiz etməklə öz CV-nizi hazırlaya bilərsiniz. Hətta bunun ən asan yollarından biri MS Word proqramındakı CV assistantı funksiyasıdır. Həmin funksiya birbaşa LinkedInə bağlanaraq yazı işinizə kömək ola bilər.

CV assistantı

Təhsil

Sizi daha yaxşı təsvir edəcək CV hazırlamaq üçün bu bölmədə təhsil aldığınız ali təhsil müəssisələri, daxil olma və bitirmə ili, ixtisasınızı qeyd edə bilərsiniz. İşəgötürənlər üçün sizin qiymətləriniz çox önəm kəsb etmir, ona görə də qiymətlərinizi göstərmək vacib deyil. Əgər yenə də qeyd etmək istəyirsinizsə, yaxşı olar ki, 80+ GPA əldə etdiyiniz zaman bunu edəsiniz.

Bacarıqlar

Müraciət etdiyiniz vakansiya və proqramdan asılı olaraq bacarıqlarınızı CV-də sıralayın. Ancaq burda diqqət etməli olduğunuz məqam odur ki, sıraladığınız bacarıqlar müraciət ediyiniz vakansiya ilə uyğun olmalıdır. Məsələn HR vakansiyasina baş vurarkən mühasibatlıq sertifikatlarını qeyd etmək mənasızdır. Həqiqətən nə bacardığınızı ifadə edin. Məsələn, “liderlik bacarıqları”, “yaxşı ünsiyyət qabiliyyəti” kimi sözlər əvəzinə vakansiya ilə bağlı konkret nə bacardığınızı qeyd edin. Onsuz da digər bacarıqları intervyuda ifadə etmək üçün şansınız olacaq.

bacarıqlar

Dil bilgiləri

Dil haqqında informasiya CV-də ən vacib hissələrdən biridir. İşə götürənlərin ən çox baxdığı 3 hissədən biridir. Burada dil biliklərinizi sıralamalısınız, ancaq proqres barlarından istifadə əvəzinə dil bilginizi ifadə edəcək konkret sözlərdən istifadə edin.

Əlavə bölmələr

Yuxarıda sadalanan bölmələr CV hazırlamaq üçün ən vacib bölmələrdir. Ancaq CV-də istifadə edə biləcəyiniz bəzi bölmələr də varki, bununla siz özünüzü digər namizədlərdən fərqləndirə bilərsiniz. Bu bölmələrə bacarıqlar, nailiyyətlər, dil bilgiləri, maraq sahəniz və sizi tövsiyə edə biləcək şəxslər barədə yaza bilərsiniz.

nailiyyətlər

Nailiyyətlər: Nailiyyətlər bölməsində əldə etdiyiniz ən böyük uğurları sıralaya bilərsiniz. Məsələn, əldə etdiyiniz sertifikatlar, qazandığınız təqaüd proqramları, məqalələriniz və s. sizin haqqınızda daha detallı təəssürat yarada bilər.

Hobbilər, maraqlar: Hobbi və maraqları CV-də yerləşdirmək vacib deyil. Bu bölmə o halda əhəmiyyətli olur ki, maraq sahənizdəki fəaliyyətiniz birbaşa müraciət etdiyiniz vakansiya və ya proqrama uyğun gəlir. Məsələn, əgər redaktorluq işinə müraciət edirsinizsə, burada yazdığınız bloqlardan, araşdırma metodlarından və s. bəhs edə bilərsiniz.

Tövsiyələr: CV-nin son bölməsi isə tövsiyə barədə informasiyadan ibarət olur. Bu bölmədə sizi tövsiyə edə biləcək şəxslərin detallarını qeyd edə bilərsiniz. Bu bölməni qeyd etmək o qədər vacib olmasa da, bəzi şirkət və ya proqram orqanları bunu tələb edə bilir.

CV formasını buradan endirə bilərsiniz: CV Template


CV-dən sonrakı mərhələ

CV-ni yığmaq tamamilə bitirdiyiniz anlamına gəlmir. Çünki CV-ni real zamanda test edə bilmədiyiniz üçün necə effekt verəcəyini təxmin etmək ilk zamanlarda olduqca çətin olur. CV-nizi hazırlayıb bitirdikdən sonra mütləq şəkildə yaxın dostlarınızda, sahənizin adamlarından və ya əlaqə qura biləcəyiniz şəxslərdən şərh almasınız.

İnternetdə şərh əldə edə biləcəyiniz ödənişsiz saytlardan biri Anitabın Careercenter səhifəsidir. Saytdan qeydiyyatdan keçərək öz CV-nizi databazaya əlavə edib digər insanlardan feedback ala bilərsiniz. CV-nizi yüklədikdən sonra açılan pəncərələrin birindən TopResume tərəfindən şərh qutusunu işarələyib ödənişsiz rəy ala bilərsiniz.

Bəzi şirkətlər ATS adlanan sistemdən istifadə edirlər. Bu sistem CV-ləri avtomatik olaraq vakansiyaya uyğun olaraq seçir və işəgötürənlərə yönəldir. Bu sistemdən CV-nin keçməsi üçün onun vakansiyaya uyğunluğu yüksək dərəcədə olmalıdır. Bunu ölçmək üçün 2 saytdan istifadə edə bilərsiniz.

  1. itsjafer.com/#/parser – bu sayt vasitəsilə CV-nizin ATS sistemlərində necə göründüyünü və ya işəgötürənlərə nə dediyini ölçə bilərsiniz. Saytda qeydiyyatdan keçməklə CV-nizi yükləyib aldığınız xala uyğun olaraq dəyişikliklər etməlisiniz.
  2. jobscan.com – bu sayt isə CV-nizin effektivliyini ölçmək üçün ən yaxşısıdır. Saytda qeydiyyatdan keçərək CV-nizi yükləyin. Daha sonra müraciət edəcəyiniz vakansiyanın tələblərini sistemə daxil edin. Bundan sonra sayt CV-nizin bu vakansiyaya nə qədər uyğun olduğunu ölçərək bal göstərəcək. Əgər balınız 80%-dən aşağı olsa, CV-nizin baxılmama ehtimalı çoxdur. Jobscan CV-ə nələri əlavə edə biləcəyiniz barədə tövsiyələr də verir.

Ən çox edilən səhvlər

İnsanların ən çox etdiyi səhv vakansiyaya uyğun rezyume əvəzinə bütün CV-ni göndərməlidir. Əksər namizədlər CV-lərinə baxılacağına və işəgötürənin CV-dəki bütün təcrübə və bacarıqları oxuyacağını düşünür. Ancaq bu fikir reallıqdan olduqca uzaqdır. İşəgötürən CV-nizə sadəcə 6-8 saniyə vaxt ayıracaq. Ona görə də CV-nizi bu 6-8 saniyəyə uyğun tərtib etməlisiniz ki, onun diqqətini çəkəsiniz.

Bunun üçün vakansiyanın tələblər təsvirini diqqətlə oxuyun. Həmin mətndən açar sözləri təyin edin və öz CV-nizdə göstərin. Hətta həmin açar sözlərini qalın şriftlərlə də qeyd edə bilərsiniz ki, oxucunun diqqətini çəksin.

CV hazırlayarkən müxtəlif fontlu və rəngli CV formaları və dizaynlarından istifadə etməməyiniz daha yaxşı olar. Əlbəttə ki, istədiyiniz dizaynda CV hazırlayıb, vakansiyaya baş vura bilərsiniz. Ancaq qrafik dizayner deyilsinizsə və ya bu sahədə işə müraciət etmirsinizsə, sadə formalı ağ fonda qara şriftlərlə hazırlanmış CV formaları sizin üçün kifayət edəcək. Bu, həm də ATS sistemlərindən daha rahat keçməyə gətirib çıxaracaq.

Müraciət etdiyiniz vakansiyaya aid olmayan məlumatları CV-ə qoymayın, çünki heç kimə maraqlı deyil ki, siz film izləməyi xoşlayırsınız. Bunun şirkətə qatacağı dəyər yoxdur. Hobbi və maraqlarınızı pozisiyaya görə düzgün analiz edin və ona uyğun qoyun. Əlbəttə ki, bacarıq və nailiyyətlərinizi sıralayarkən işdən kənar nə etdiyinizi göstərmək yaxşı ola bilər, ancaq hər iş vakansiyasında işə yaramır. Vakansiyaya aid olmayan məlumatların çoxluğu sizin seçilmə şansınızı aşağı salacaq.

Ən əsası eyni CV-ni müxtəlif vakansiya və ya proqramlara istifadə etməyin. Çünki işəgötürənlər asanlıqla CV-nin üzərində işləmədiyinizi anlayır. Üstəlik, CV-də göstərilən bilik, təcrübə və bacarıqlar işəgötürənin tələbləri ilə üst üstə düşmədikdə, CV-nizə belə baxmırlar. Halbuki həmin iş üçün ən ideal namizədlərdən biri olma potensialınız ola bilər.


Əlavələr

İşəgötürənləri tapın. CV hazırlamaq və elanlar üzərindən müraciət edərkən şansınızı artırmaq və vakansiyaya real marağınızı göstərmək üçün işəgötürəni tapmağa çalışın. Bir çox hallarda onların linkedində profilləri və ya iş elanında email adresləri mövcud olur. Onlara yazmaqdan və əlavə məlumat almaqdan çəkinməyin, bir çox hallarda bu müsbət dəyərləndirilir. Ola bilər ki, sizin mesajlarınıza cavab verilməsin, bu halda bir daha xatırladıcı mesaj yaza bilərsiniz.

Opportunist olun. Vakansiyaların bir çoxu müəyyən müddətlik təcrübə olmasını tələb edir və universiteti yeni bitirmiş şəxslər üçün xüsusilə iş tapmaq olduqca çətin olur. Təcrübə toplamaq üçün proqramlar, elanlar mövcud olur, ancaq heç nə qarşınıza çıxmırsa, onda olmaq istədiyiniz sahədəki insanlara ödənişsiz xidmətlərinizi təklif edə bilərsiniz. Heç bir şərt qoymadan, sadəcə təcrübə toplamaq üçün onlara yaxınlaşmağınız, prosesi olduqca asan etməyiniz, onların da diqqətini çəkəcək.

Portfolionuzu yığın. Müxtəlif qurum və ya insanlar üçün qısa müddətlik işləyərək özünüzə porfolio toplaya bilərsiniz. Çünki iş gördükcə, uğurlarınız da olacaq, nəzəriyyənizi praktikada tətbiq edə biləcəksiniz və işi qısa zamanda mənimsəyəcəksiniz. Beləliklə, həm təcrübə qazanacaqsınız, həm işləyəcəyiniz insanların rəğbətini əldə edəcəksiniz, həm bacarıqlarınızı artıracaqsınız, həm də gördüyünüz iş barəsində daim rəy alacaqsınız. Bir müddət sonra performansınızdan asılı olaraq, xidmət göstərdiyiniz şəxslər sizi ya özləri işə dəvət edər, ya da kimlərəsə tövsiyə edə bilər.

Dəyər təklif edin. Bəzən işəgötürənlər elanlarında motivasiya məktubu tərzində sənəd də əlavə etməyinizi istəyirlər. Əksər insanlar bunu yanlış anlayır və CV-də yazdıqlarını təkrarlayır. Eyni şeyləri təkrarlamaq şirkətə heç bir dəyər qatmır. Yəni müraciət etdiyinizi yerə nə qatacağınızı deyil, bu işi niyə istədiyinizi göstərir. Bunu heç kəs demir, ancaq şirkətlər sizin individual olaraq işdən və proqramdan nə qazanacağınızla deyil, özlərinin sizdən nə qazanacağı ilə maraqlanırlar. Yəni biliklərinizi sadalayıb bu işdə bunun üçün istifadə edəcəm demək yerinə, vakansiya üzrə qlobal və araşdırma aparmısınızsa, şirkətdəki proseslər barədə təkliflərlə dəyərinizi qat qat artıra bilərsiniz. Belə olduğu halda şirkətlər daha sonra sizin inkişafınızda da maraqlı olurlar, çünki onlara dəyər qatırsınız və bu olduqca qiymətlidir.

Kimə müraciət etdiyinizi təyin edin. Əksər insanlar sualları olduqda elandakı əlaqə vasitələri ilə işəgötürənlərlə əlaqə saxlayırlar. Ancaq bir çox hallarda elanda işəgötürənin kim olduğunu təyin etmək olmur. Buna görə də adsız və formal şəkildə müraciət edirlər. Bunun əvəzində şirkətin veb səhifəsini və ya varsa Linkedin səhifəsinə baxaraq işə götürənin kim olduğunu təyin edin. Bundan sonra müraciətinizi onun adına ünvanlayın. Bu, həm müsbət dəyərləndiriləcək, həm də sizin işi nə qədər istədiyinizi və effort verdiyiniz göstərəcək.

Arqumentlər gətirin. Əgər CV-də və ya müsahibə mərhələsində özünüz haqqında iddialı məlumat verirsinizsə, onu dəstəkləyəcək arqumentlər gətirməlisiniz. Əgər həqiqətən də məşhur biri deyilsinizsə, qarşınızdakının bunu bilməsi mümkün deyil, hətta inanmaya da bilər. Həmişə səsləndirdiyiniz iddialı ifadələri keçmişinizdə olan təcrübələrə bağlayın.

Son dəfə yoxlayın. CV və ya motivasiya məktubunu göndərməmişdən əvvəl son dəfə qrammatika və hərf səhvlərini yoxlayın. Əgər CV-də bu tip səhvlər çoxdursa, işəgötürənlər CV-nizə ciddi yanaşmayacaq, illərlə təcrübəniz olsa belə. Çünki işə diqqətlə yanaşmaq elə CV hazırlamaqdan başlayır. Əgər özünüz səhvləri tapmaqda çətinlik çəkirsinizsə, dostunuza və yaxınınıza yoxlayıb fikir bildirməsi üçün müraciət edin. Əgər ingiliscə hazırlayırsınıza, müxtəlif vasitələrdən istifadə edə bilərsiniz. Gooogle Docs, Microsoft Word və ya Grammarly ilə bu tip səhvləri asanlıqla tapıb düzəliş edə bilərsiniz.


Unutmayın ki, CV sizinlə işəgötürən arasında bir körpüdür. Bu körpü nə qədər sağlam və əlverişlidirsə, hədəfinizə çatmaq da bir o qədər asandır. CV hazırlamaq üçün vaxt ayırın, detallara fikir verin və müxtəlif vakansiyalara uyğun CV formaları saxlayın. Nəticə etibarilə heç nə itirmirsiniz, əksinə özünüzə investisiya edirsiniz. Uğursuzluq və ya geri dönüş olmamasından isə narahat olmayın, hər prosesdən nəsə öyrənməyə çalışın. Heç kim ilk müraciətindən işə və ya proqrama qəbul almır. Ancaq özünü inkişaf etdirən və öyrənən heç kim də işsiz qalmır.

Sonda isə sizə mükəmməl CV formaları hazırlamaq barədə bəzi mənbələri də təqdim edirik. Ümid edirik, arzuladığınız işi tezliklə əldə edərsiniz.

Kanal:
Science Arc Telegram kanalı
Mənbə:
7 Steps How You Can Write A Winning CV That Stands OutHow do you write a winning CV?Example of a good CV

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button