SəmərəlilikYouTube
Trend

Ertələmək xəstəliyi nədir və ondan necə qurtulmaq olar?

Məqalədə önə çıxanlar
  • Ertələmək xəstəliyi digər adı ilə təxirə salma deməkdir.
  • Ertələmək xəstəliyi hamıda var və 4 əsas səbəbi mövcuddur.
  • Ertələmək xəstəliyindən qurtulmağın 5 sadə yolu var.

Müasir dövrümüzün ən böyük problemlərindən biri ertələmək xəstəliyidir. İşlərini ertələyənlər ilə vaxtında yerinə yetirən insanlar arasındakı dərq daim elm adamlarının diqqətini cəlb edib. Onlar arasındakı fərqliliklər, işlərə yanaşma tərzindəki dəyişkən fikirlər, sosial və psixoloji faktorlar təyin olsa da, bu iki qrup insanlar arasındakı təməl fərqliliklər tam təyin edilməmişdi. Ertələmək xəstəliyi barədə onlara yazı və yanaşma var, ancaq bu yazımızda ertələmək nədir, ertələmək xəstəliyi nəyə deyilir, səbəbləri nədir və öhdəsindən necə gəlmək olar onun haqqında bəhs edəcəyik.

Ertələmə xəstəliyi nədir və necə qurtulmaq olar?

Ertələmək xəstəliyi nədir?

Ertələmək nədir? Ertələmək xəstəliyi digər adı ilə təxirə salma deməkdir. Yəni etməli olduğumuz işi vaxtında bitirməmək, qeyri müəyyən müddətə başqa vaxta saxlamaq, hətta bir daha həmin işə qayıtmamaq kimi tərənnüm olunur. Təəssüflər olsun ki, həyatın bütün sahələrində ertələmək davranışlarını sərgiləyirik və bir müddət sonra bu artıq vərdiş halını almağa başlayır. İşlərimizə əvvəlki kimi istəkli yanaşmırıq, onları tamamlamaq üçün motivasiyamız olmur və ya hədəflərimizdən tamamilə yayınırıq. Bu gün təxirə saldığımız işlər sabah böyük problemlərə səbəb ola bilir. Və ya bu gün etməli olduğumuz işi bir müddət sonraya təxirə saldıqda vaxt darlığı problemi ilə qarşılaşırıq, nəticədə işlərimiz qaydasında getmir. Bəs ertələmək xəstəliyinin səbəbləri nələrdir?

1. Mükəmməlliyyətçi olmaq

Ertələmək xəstəliyi barədə danışılarkən ağıla gələn ilk xüsusiyyət mükəmməlliyətçi olmaqdır. İnsanların bir çoxu iş gördükdə onu ən yaxşı formada tamamlamağa çalışır. Bəzən bu işi tamamlamaq üçün yetəri qədər resurs olmadığı üçün işi tamamlamaqdan çəkinirlər. Bunun təməl səbəbi müvəffəqiyyətsizliklə üzləşməkdir. Mükəmməlliyyətçi insanlar üçün hər şey tam qaydasında, problemsiz və ən yaxşı formada olmalıdır. Onlar üçün xəta etmək böyük problemdir və işlərində xətaya əsla yol verməməyə meyilli olurlar. Ona görə də ən yaxşısını etmək üçün daim şəraitin özünü yeniləməsini gözləyirlər. Nəticədə işlərini daim təxirə salırlar. İşə başlamaq üçün bütün resurslara sahib olmağı və düzgün zamanın gəlməsini gözləyirlər. Ancaq belə olduqda daim yaxşının yaxşısı gələcəyi üçün həmin işin tamamlanması mümkün olmur. Ümumiyyətlə, əgər bir işdə uğursuzluq yoxdursa, inkişafdan söhbət gedə bilməz. Yəni nə qədər də hər şeyi mükəmməl yerinə yetirmək istəyirsinizsə, daim ən yaxşının olduğunu bilməyiniz sizi həmişə geri salacaq.

2. Prioritetləşdirə bilməmək

ertələmək nədir

Həyatımızda gördüyümüz bütün işlər maraqlı və əyləncəli deyil. Xüsusilə iş yerində bəzi məsələlər olur ki, olduqca sıxıcı və yorucu olur. Ona görə də etmək istəmirik. Bu kimi hallarda insanlar işi başa çatdıra bilmirlər və digər “maraqlı və əyləncəli” işlərə yönəlirlər. Əlbəttə ki, bu işlər əvvəlkilərə nəzərən sizin maraq dairənizdə olur və daha çox sevirsiniz. Nəticədə öz işlərinizdən uzaqlaşırsınız və əsas işinizə geri dönmək olduqca çətin olur. Məsələn, yazmalı olduğunuz hesabat var, ancaq sizin bunun yerinə film izləmək, oyun oynamaq, sosial şəbəkələrdə dostlarınızla mesajlaşmaq və s. istəyirsiniz. Beləliklə, əsas istiqamətinizə fokuslanmamaq sizin professional həyatınıza da zərər vurur. Ertələmək xəstəliyi prioretetləşdirməni bacarmadıqda daha çox üzə çıxır. Ona görə də günə başlamadan öncə mütləq qarşınızda duran tapşırıqları prioritetləşdirməyi bacarmalısınız. Bu sizə zövq almadığınız işi görmək üçün motivasiya verəcək.

3. Başlamaqdan qorxmaq

ertələmək xəstəliyi

Əsas problemlərdən biri də işə vaxtında başlamamaq və başlamaqdan qorxmaqdır. Çünki içinizdə qorxu olduğu müddətcə işdən daima çəkinəcəksiniz və nəticədə etməli olduğunuz işləri tamamlaya bilməyəcəksiniz. Qorxunun ən birini səbəbi isə “Bəlkə uğursuz olacam?” düşüncəsidir. Ertələmək xəstəliyi bir çox baxımdan bu düşüncə ilə birbaşa əlaqəlidir. Hətta yuxarıda saydığımız səbəblərin də qorxu ilə dolayı yolla əlaqəsi var. Yəni görməli olduğunuz işin mahiyyətinə və gedişatına fokuslanmaq əvəzinə nəticəsinə diqqət ayırmaq sizdə qorxu yarada bilər və işi tamamilə etməməyinizə belə səbəb ola bilər. Uğurlu olmaq üçün bu nüansa xüsusi diqqət ayırmalısınız.

4. Zamanı düzgün idarə etməmək

Ertələmək xəstəliyi ilə bağlı ən böyük problemlərdən biri tez-tez iş gününün və ya rejiminin nəzərdə tutulandan kənarlaşması, planlanan işlərin vaxtında yerinə yetirilməməsi, səmərəlilik və motivasiya azlığı, qısaca olaraq zaman idarəetməsi və produktivlikdir. Bəzən günə başlayarkən görüləcək işləri sıralayırsınız, ancaq bir müddət sonra artıq diqqətiniz yayınır və işləriniz yarımçıq qalır. Bunun səbəbi planlama edərkən işləri zaman olaraq düzgün təyin etməməyinizdir. Məsələn, səhərlər insanların ən çox səmərəli olduğu perioddur. Bu periodda başladığınız hər bir iş sizin gününüzü təyin edir. Əgər çətin işə başlayırsınızsa, bitirməsi uzun zaman aldığı üçün bir müddət bezirsiniz. Əgər asan işə başlayırsınızsa, sürətli bitirdiyiniz üçün beyniniz sürətli şəkildə dopamin ifraz edir və digər işlərə olan marağınız azalır. Ona görə də ertələmək xəstəliyindən qurtulmaq üçün gününüzü və ya həftənizi düzgün planlamalısınız.

“Ertələmək xəstəliyi”ndən necə qurtulmaq olar?

Ertələmək xəstəliyi hər kəsdə mövcud olan bir şeydir. Hətta ən səmərəli şəkildə işləyən və gününü planlayanlar belə zaman zaman işlərini təxirə salırlar. Bundan qurtulmağın isə əslində çox sadə yolları var. Əgər ertələmək nədir sualına cavabı özünüzdə təyin etdinizsə, aşağıdalı metodlar bundan qurtulmaq üçün sizə çox kömək olacaq.

  1. Davranışlarınızı təyin edin. Ertələmək xəstəliyindən qurtulmaq üçün davranışlarınızı analiz etməlisiniz. Məsələn hansı işi gördüyünüz zaman ona necə yanaşdığınızı müşahidə etmək, iş zamanı sizin diqqətinizi nələrin cəlb etdiyiniz, işləməmək üçün hansı fəaliyyətlərə üstünlük verdiyinizi öyrənmək ertələmək xəstəliyi barədə ilkin təəssüratlarınızı yaradacaq.
  2. Motivasiya yaradın. İnsanların əksəriyyəti motivasiya məsələsində bir nüansı izləyir: işə başlamaq üçün motivasiya lazımdır. Ancaq motivasiya heç vaxt ilk andan mövcud olmur, sonradan qazanılır. Yəni motivasiya istəyirsinizsə, onu qazanın. Bu barədə yazılmış ən yaxşı kitablardan biri Jeff Haydenin müəllifi olduğu “Motivasiya mifi (The Motivation Myth)” kitabıdır. Müəllif kitabında qeyd edir ki, motivasiya hər hansı fəaliyyətin səbəbi deyil, o, fəaliyyətlərin nəticəsidir. Yəni motivasiyanın artması üçün işinizi vaxtında görməli, ertələməməlisiniz. Bunun üçün sizə lazım olan iki xüsusiyyət var: disiplinli olmaq və vərdiş yaratmaq. Disiplin özümüzlə bağlı bütün nüansları cəmləşdirən və bizə dəyər qatan fəaliyyətlərin sistemləşdirilməsidir. Bu fəaliyyətlərlə daim məşğul olduqda isə bu artıq vərdişə çevrilir. Beləliklə, vərdiş halını almış işi çox zaman ertələmirsiniz.
  3. Momentumu yaxalayın. Ertələmək xəstəliyinin öhdəsindən gəlmək üçün “başlamaq” lazımdır. Ertələmək xəstəliyi çox zaman çətin işlərin uzun zaman almasından və buna qarşı marağımızın azalması ilə üzə çıxır. Məsələn, çox hallarda vacib işə başlamaq istədikdə daxilimizdə bir müqavimətlə qarşılaşırıq. Bu müqavimət başlamağa mane olur, fikrimizi yayındırır və başqa işlərə fokuslandırır. Ancaq bu müqavimətin ömrü uzun deyil. Əgər siz bu müqavimətə qalib gələrək “başlaya” bilsəniz, gördüyünüz işi həm vaxtında tamamlayacaqsınız, həm də təxirə salmayacaqsınız.
  4. 2 və 5 dəqiqə qaydasını tətbiq edin. Ertələmək xəstəliyi “başlaya bilməməyin” nəticəsidir. Çünki beynimiz işi tam yerinə yetirmək üçün “mükafat” tələb edir. Əgər iş saatlarla davam edəcəksə, beynimiz bunu artıq bilir və az dopamin ifraz etdiyi üçün işi bitirmək əvəzinə təxirə salmağa sizi vadar edir. Ancaq bundan qurtulmaq üçün 2 dəqiqə qaydasını tətbiq edə bilərsiniz. Bəzi işlər 2 dəqiqədən az zaman alır: kirli qabları mətbəxə aparmaq, stolu səliqəyə salmaq, zibilləri atmaq, yatağı toplamaq və s. Əgər 2 dəqiqədən az zaman alacaq iş varsa, həmin an edin. Yoxsa təxirə salacaqsınız. Əgər iş 2 dəqiqədən uzun zaman alırsa, onda 5 dəqiqə qaydasını tətbiq edin. Beyninizi aldatmağın ən asan yolu onu işi sadəcə 5 dəqiqə görəcəyinizə inandırmaqdır. Məsələn, yazı yazacaqsınız və uzun müddət alacaq, beyninizə sadəcə olaraq “Mən bu işi sadəcə 5 dəqiqə görəcəm, sonra nə istəsəm edərəm” ifadələrini yeritməyiniz kifayətdir. Nəticədə 5 dəqiqə nəzərdə tutduğunuz fəaliyyətiniz uzun müddət davam edəcək.
  5. Prioritetləşdirməyi bacarın. Ertələmək xəstəliyi ilə bağlı ən effektiv mübarizə üsullarından biri də işləri prioritetləşdirməyi bacarmaqdır. Əlinizə bir dəftər və qələm alıb, hansı işləri ertələdiyinizi qeyd edin. Daha sonra onların səbəblərini və təxirə salmanın sizə potensial təsirlərini əlavə edin. İndi qarşınızda aydın rəsm var. Daha sonra ertələdiyiniz işləri vaciblik sırasına görə düzün. Hər işə süni deadline qoyun. Artıq əlinizdə konkret siyahı formalaşır. Əgər iş çox uzundursa, onu hissələrə bölün və ona uyğun zaman təyin edin. Çalışın, bu zaman bölgüsü reallığa uyğun olsun. Yəni siz bir işə sadəcə 1 saat fokuslana bilirsinizsə, 2 saat nəzərdə tutmağınızın mənası yoxdur, çünki etməyəcəksiniz. Zamanla real fokus müddətiniz artacaq. İşləri tamamladıqca isə üstündən xətt çəkin. Bu, beyninizin dopamin ifraz edərək özünü qane etməsinə səbəb olacaq və daha güclü motivasiya yaradacaq.

Son olaraq isə ertələmək xəstəliyi bütün hallarda sizin kimliyinizi təyin etmir. Siz necə və hansı üsullarla işləyirsinizsə, elə də davam edirsiniz. Sadəcə olaraq, əgər çox işi təxirə salırsınızsa, bu artıq sizdə vərdiş olacaq. Ona görə də iş görərkən diqqətinizi yayındıracaq cihazlardan, əşyalardan və ya fəaliyyətlərdən maksimum dərəcədə uzaq olun. Özünüzü mükafatlandırın. Mükafatlandırma motivasiya yaratmağın və təxirə salmamağın bir nömrəli dərmanıdır. Süni deadline təyin edin. Tapşırıqları hissələrə bölün. Ən əsası isə özünüzə qarşı daim dürüst olun, necə biri olduğunuzu qəbul edib, ona uyğun strategiya qurun.

Kanal:
Telegram kanalıYouTube kanalı

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button