Sciencearc Bülleten

Həyatınızı dəyişəcək 10 faydalı məsləhət

Bu gün 29 yaşım tamamlandı. 🥳 Ona görə də bu dəfəki bülleten yazısında 29 illik həyatım ərzində öyrəndiyim 10 faydalı məsləhət haqqında bəhs edəcəm.📍

Daxili standartlarla (defoltlar) potensialınızı üzə çıxarın ⏰

Çox vaxt biz həmişə etdiyimiz işləri edirik. Müəyyən bir nöqtədən sonra onlar artıq standartlarınız olur və davranışlarımızı idarə edir. Sonradan bu standartlar bizdən asılı olmayaraq vərdişə çevrilir və bundan artıq həzz almamağa başlayırıq. Ona görə də zaman-zaman yeni “defoltların” qurulması həyatınıza rəng qataraq böyük dəyişikliklərə səbəb ola bilər. Məsələn;

  • Ən azı həftədə bir dəfə idmanla məşğul olmaq;
  • Gündə 10 səhifə kitab oxumaq.

İntuisiyanıza etibar edin 🎯

Həyatınızın hər anı bir tapmacadır. Gələcəyi sadəcə proqnozlaşdıra bilirik, ancaq bunu edə bilmək üçün də keçmişimizi yaxşı bilməliyik. İndi yaşadığımız an isə hədiyyədir, ondan necə istifadə edəcəyimiz kimliyimizi müəyyən edir. Münasibətlərdə, işdə, səyahətlərinizdə və qərarlarınızda 100% özünüz olun. Hamımızın içimizdə nə etməli olduğumuzu söyləyən kiçik bir səs var; ona qulaq asmaqdan qorxmayın.

Gözləntilərinizi aşağı salın 📉

İnsanlar ertələməyi və işlərini təxirə salmağı xoşlayırlar. Ancaq bəzi hallarda ertələmə bir vərdişə çevrilir və bundan xilas olmağımız olduqca çətinləşir. Bunun əsas səbəbi isə yüksək standartlar təyin etmək və perfeksionist olmaqdır. İllər keçdikcə başa düşdüm ki, nəyə nail olmağa çalışsaq da, həmişə ondan daha yüksək mərtəbə var. Mükəmməl anı, şəraiti və ya şərtləri yaxalamaq sadəcə mümkün deyil, çünki mükəmməlin mükəmməli həmişə mövcud olacaq. Əgər işləriniz çətinləşir, gözləntilərinizin qarşılığını almırsınzısa, onları aşağı salın. Məsələn, məqsədiniz hər gün 100 səhifə kitab oxumaqdırsa, bu alınmaya bilər. Bunun əvəzinə özünüzə 1 və ya 2 saat kitab oxumağa vaxt ayırın; fokuslandıqdan sonra istədiyiniz performansı əldə edəcəksiniz.

Stolunuzun üstündə həmişə kitab saxlayın 📚

Oxumaq həyatımızda ən vacib fəaliyyətlərdən biridir, çünki diqqətimizi, yaddaşımızı, empatiyamızı və ünsiyyət bacarıqlarımızı inkişaf etdirir. Bundan əlavə, oxumaq stressi azaldır, psixi sağlamlığı yaxşılaşdırır və şəxsi/professional həyatınızdakı münasibətlərinizə müsbət təsir edir.

Masanızda kitab saxlamaq həmişə sizə oxumağı xatırladacaq və həvəsləndirəcək. Bu günlərdə Peter Furtadonun “Tarix günbəgün” adlı kitabını oxuyuram. Mən bu kitabı həmişə stolumun üstündə, kompyuterimin yanında saxlayıram. Evdən işlədiyim günlərdə fasilə zamanı götürüb bir neçə səhifə vərəqləməyə çalışıram. Demirəm ki, bütün günü oxuyuram, amma stolumun üstündə kitabın olması mənə oxuma vərdişi yaratmağı xatırladır.

Planlamaq ≠ icra etmək 🗓️

Planlamaq və icra etmək bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

Bunu anlamaq çox vacibdir. Nəyisə idarə etmək üçün dəqiq müəyyən edilmiş planınız ola bilər; lakin, işlər yaxşı getməyə və buna nail olmaya bilərsiniz. Və ya əksinə. Təsəvvür edin ki, idman zalına getməyi planlaşdırırsınız və heç bir planınız yoxdur. Sadəcə bir neçə təsadüfi hərəkəti məşq edib telefonunuza qayıdacaqsınız, çünki yeni plan hazırlamaq artıq gecdir və çox səy tələb edir.

Bu, həm də sizin gözləntiləriniz ilə bağlıdır, ona görə də çalışın, özünüz üçün uyğun bir plan hazırlayın. Özünüzü, vərdişlərinizi, davamlılığınızı, maraqlarınızı və ən əsası sizi müəyyən edən prioritetləri öyrənin.

Sizə maraqlı ola biləcək yazı: Hər şeyi yadda saxlamaq üçün 5 effektiv metod

Davamlılıq Keyfiyyətə gətirib çıxarır ☘️

Yəqin ki, bu, bir çoxunuz üçün yeni deyil, lakin bir daha qeyd etmək yerinə düşər: davamlılıq kəmiyyətlə birlikdə keyfiyyətə gətirib çıxarır.

Məsələn:

  • Yaxşı kod yazarı olmaq istəyirsinizsə, 6 ay kodlayın.
  • Yaxşı dizayner olmaq istəyirsinizsə, 100 dizayn layihəsi yaradın.

Sosial media platformalarında səhifə və bloq saytı idarə edirəm. Yadımdadır ki, fəaliyyətimin ilk dövründə kifayət qədər (gözlənilən) izlənmə almadığım üçün bir müddət fəaliyyətimə ara verdim. Ancaq bir neçə ildən sonra hobbilərimə yenidən nəzər yetirməyə qərar verdikdə, bloq yazıları yazmaq istədiyimi anladım. Uzun müddət həm vebsaytım, həm də sosial media səhifələrimin üzərində işlədiyim üçün indi kifayət qədər izləyicim var. Nəyisə bacarmaq üçün nəticəni çox düşünmədən davamlı olmağı bacarmaq lazımdır. dən narahat olmadan ardıcıl olaraq özünü göstərin.

Öhdəlik götürün 🗞️

Öhdəlik götürmək hər gün tətbiq etməyə çalışdığm ən vacib həyati tövsiyələrdən biridir. Həmişə təşəbbüskar olun. Mən təşkil etməyi, müzakirələr aparmağı, insanlara kömək etməyi, dostlarımla vaxt keçirməyi sevirəm. Özünüzü başqalarına açmaq həmişə rədd edilməyə də yol aça bilər. Yəni başqaları ilə münasibət qurmağınız uğurlu olmaya da bilər. Bununla belə, insanlarla münasibətinizi daim müsbət saxlayın və paylaşın. Əslində, təşəbbüskarlığı öz üzərinizə götürdükdə, gördüyünüz işlərdən zövq alacaqsınız, xüsusilə də müsbət rəy alanda özünüzü yüksək zirvələrdəki kimi hiss edəcəksiniz.

Həftədə ən az üç dəfə idman edin 🏋🏻

Bu, olduqca sadədir. Əgər stress səviyyəsini azaltmaq, yaşlanmağın qarşısını almaq və sağlam qalmaq istəyirsinizsə, idman vərdişlərinizi inkişaf etdirməlisiniz. Mən hər bazar ertəsi futbol oynayıram, həftədə üç dəfə idman zalına gedib, məşq edirəm, yaxınlarda isə həftəsonları üzməyi qərara almışam. İdman etməyə başladığım gündən mənim stress səviyyəm azalıb və özümü daha canlı, enerjili və həvəsli hiss edirəm.

Özünüzü başqaları ilə müqayisə etməyin 🛠️

Dürüstlüyünüz varlığınızın ipidir. Öz dəyərlərinizə uyğun yaşayın və özünüzdə doğru bildiyinizi edin. Başqalarının mühakiməsinin sizin həyatınızı təsir etməsinə və ya etməli olduğunuzu etməyə mane olmasına imkan verməyin. İnsanların sahib olduğu şərtlər və imkanlar müxtəlifdir. Başqaları ilə müqayisə sizi həmişə geri sala bilər, ancaq başqalarının təcrübələrindən istifadə etməklə öz yolunuzu cıza bilərsiniz. Özünüzü daim dünənki özünüzlə müqayisə edin. Bu halda daha uğurlu olacaq və gözləntilərinizi qarşılayacaqsınız.

Təyinat nöqtəsindən əvvəl səyahət 🏝️

Sonuncu bənd həyatımızda baş verən hadisələrə yanaşma tərzi ilə bağlıdır. Təyinat nöqtəsi olmadan səyahət baş tutmur, ona görə bir hədəf müəyyənləşdirməlisiniz. Ancaq hədəfi seçdikdən sonra onu unudub, hədəfinizə doğru getdiyiniz yolda səyahətə fokuslanın. Çünki səyahət zamanı çox şey öyrənəcək və təcrübə qazanacaqsınız. Bilmək olmaz, bəlkə də səyahətinizin nəticəsi hədəfinizi daha yaxşı istiqamətə doğru dəyişə bilər.

Yazını ən sevdiyim seriallardan birindən olan bir cümlə ilə bitirmək istəyirəm: Whatever you do in this life, it’s not legendary unless YOUR FRIENDS are there to see it (Həyatda nə edirsinizsə edin, DOSTLARINIZ onu görmək üçün orada olmasalar, bu əfsanəvi deyil).

Səyahətinizdə tək deyilsiniz. Ailəniz və dostlarınız nə olursa olsun, sizi dəstəkləmək və sevmək üçün həmişə orada olacaqlar. Dostlarınızın və ailənizin daim qədrini bilin.

Azimoff

Academic researcher, writer, blogger
Back to top button