CV özümüzü ifadə etmək üçün ən vacib sənədlərdən biridir. Ali təhsildə karyera qurmaq, magistratura və doktorantura təhsili almaq, akademik jurnallarda məqalə nəşr etdirmək üçün professional sənədlər lazımdır. Akademik karyeranızda hansı mərhələdə olmağınızdan asılı olmayaraq, peşəkar akademik CV-nin olması vacibdir. İşlərə, qrantlara, təqaüdlərə və hətta konfranslara müraciət etmək üçün əksər qurumlar akademik CV göndərməyinizi tələb edir. Bu sənəd standart CV-lərdən fərqlənir və unikal formata malikdir. Yaxşı CV bacarıqlarınızı, akademik və peşə müvəffəqiyyətlərinizi qısa və təsirli şəkildə nümayiş etdirir.
Akademik proseslərdə ən kritik hissə bacarıq və nailiyyətləri düzgün sıralamaq və pozisiya üçün ideal namizəd kimi təqdim etməkdir. Akademik komitələr minlərlə namizədin sənədlərini yoxlayırlar. İstiqamətindən asılı olmayaraq hazırladığınız cv-lər rəqabətlə üzləşir. CV tərtib edərkən həm konkret olmaq, həm də lazımlı bütün informasiyaları çatdırmaq lazımdır. Ona görə də akademik cv hazırlayarkən diqqət edilməsi vacib olan bir sıra məqam var.
Akademik CV və biznes rezumesi arasındakı ən böyük fərq onun uzunluğudur. Standart CV-dən fərqli olaraq akademik cv-nin 1 və ya 2 səhifə ilə limitləşdirilməsinə gərək yoxdur. Çünki akademik nailiyyətləriniz çoxaldıqca cv-nin uzunluğunun artması da normaldır. Akademik CV-də indiyə qədər işlədiyiniz vəzifələrdəki tapşırıqları sıralamaq da vacib deyil. Burada əsas məqsəd müraciət ediyiniz sahənin tələblərinə uyğun olaraq vəzifə öhdəliklərini izah etməkdir. Akademik CV bir növ məqsədlər üçün siyahıdır. Bu siyahı açıq şəkildə göstərilən tarixlərlə əks xronoloji qaydada olmalıdır. Bu format CV-nizi nəzərdən keçirən şəxsin sənədi incələyərkən məhsuldarlığınızı ölçməsini asanlaşdırır.
Akademik CV – nizi yazarkən unutmamalı olduğunuz ən vacib məqam, müraciət etdiyiniz hər bir istiqamətə uyğunlaşdırmaqdır. Müraciət etdiyiniz intuisiya / mövqe üçün ən vacib olan nailiyyətlərə üstünlük verməlisiniz. İş elanını və ya müraciət tələblərini diqqətlə oxumaq və onların xüsusiyyətlərinə riayət etmək də vacibdir. Məsələn, bəzi təqaüd təşkilatları indiyə qədər yayımladığınız məqalələrin hamısını deyil, yalnız bir neçəsini tələb edə bilər. CV-ni vaxtaşırı yeniləmək lazımdır. İştirak etdiyiniz konfranslar, çıxışlar, nəşr etdirdiyiniz məqalələr, tədqiqat apardığınız araşdırmaları daim cv-ə əlavə etmək vacibdir. Bu, həm də sizin professional akademik karyeranızı da sənədləşdirmək kimidir.
Bura qədər akademik cv-nin nə olduğu barədə ümumi fikir formalaşdırdıq. Akademik CV-nin təsir gücü onun strukturundadır. Məqsəd akademik təcrübə və nailiyyətlərin düzgün və axıcı şəkildə sıralanması və oxucunu razı salmasıdır. Akademik CV-nin əsas elementləri bunlardır:
- Əlaqə vasitələri
- Tədqiqat obyekti və ya şəxsi profil
- Təhsil
- İş təcrübəsi
- Nəşr olunmuş məqalələr
- Mükafatlar və fəxri nailiyyətlər
- Qrant və təqaüdlər
- Konfranslar
- Tədris təcrübəsi
- Tədqiqat təcrübəsi
- Əlavə fəaliyyətlər
- Dil bilikləri və bacarıqlar
- Referanslar
Burada yarana biləcək bəzi suallara cavab verək. Akademik karyeranızın başlanğıc mərhələsində olsanız və məsələn, hələ nümayiş etdirəcək tədris təcrübəsi və ya təqaüdünüz yoxdursa, onda necə? Bütün bu sadalanların CV-də olması həqiqətən də vacibdirmi? Əgər akademik karyeranızın başlanğıcındasınızsa, yəni magistratura və doktorantura mərhələlərinə müraciət edirsinizsə, nəşrləriniz, iştirak etdiyiniz konfranslar, tədqiqatlar az ola bilər. Və ya qrant, təqaüd qazanmamış da ola bilərsiniz. Bu halda həmin hissələri qeyd etmirsiniz. Akademik CV-də strukturun bu cür qurulmasının səbəbi sənədin ən prestijli və rəqabətli hissələrə fokuslanmasıdır. Akademik namizəd kimi dəyərinizi effektiv təsdiqləməyinizə kömək edir. Məsələn, bəzən tədris və tədqiqat təcrübəsini professional iş təcrübəsi və məqalələrdən əvvəl yazırlar. Ancaq bu nüansın dəyəri çox deyil. Yəni, professional iş təcrübəsi toplamaq və ya elmi rəyli jurnallarda məqalə nəşr etdirmək daha çətindir.
Akademik CV üçün vacib olan struktur ilə tanış olduq, indi isə bacarıq və nailiyyətlərinizi ən yaxşı şəkildə vurğulamaq üçün hər bölmənin necə yazılmasına keçək.
1. Əlaqə vasitələri
Bu bölmə sənədin başlığı da sayılır. Adınızı böyük hərflərlə yazdıqdan sonra əlaqə detallarını qeyd edirsiniz. Əlaqə detallarının əhatə etdiyi informasiyalar isə bunlardır:
- Ad, soyad
- Professional ünvan və vəzifə (olmadıqda boş buraxıla bilər)
- Adres
- Elektron ünvan
- Telefon nömrəsi
- Linkedin profili (istəyə bağlı olaraq)
- Şəxsi sayt (istəyə bağlı olaraq)
- Akademik profillər (istəyə bağlı olaraq)
Linkedin profili texniki və biznes sahələrində tövsiyə olunur. Ancaq akademik sahədə də sənədi nəzərdən keçirənlər şəxsin onlayn profillərinə nəzər yetirirlər.
2. Tədqiqat obyekti və ya şəxsi profil
Bu ikisi arasındakı fərq nədir?
Tədqiqat obyekti tədqiqat planlarınızı əks etdirdiyiniz qısa və konkret bənddir. Şəxsi profil isə akademik keçmişinizin və ən yaxşı nailiyyətlərinizin xülasəsini verir.
Bəs hansını seçmək lazımdır?
Əgər tədqiqat proqramlarına və ya tədqiqat qrantına müraciət edirsinizsə, birincini, əgər akademik vəzifələrə müraciət edirsinizsə, ikinci bəndi seçin. Əksər hallarda seçim komitələri digər müraciət sənədlərini nəzərdən keçirməyə başlamazdan əvvəl akademik CV-lərinizə baxırlar. Əgər CV-niz effektiv nüanslarla başlayırsa, sənədi incələmək onlar üçün bir o qədər maraqlı olur.
Aşağıdakı şəkillərdə hər ikisinin də necə yazılması barədə nümunələr göstərilib.
3. Təhsil
Bu hissədə indiyə qədər aldığınız təhsil barədə qısa məlumat verməyiniz lazımdır. İnformasiyanı hazırlayarkən qeyd etməyiniz vacib olan əsas nüanslar bunlardır:
- başlama və bitirmə tarixi
- təhsil dərəcəsi (səviyyəsi)
- ixtisas
- fakültə
- varsa, nailiyyətlərin adı
- varsa, dissertasiya/tezis adı və elmi rəhbər
- ümumorta göstərici (GPA)
4. İş təcrübəsi
Əgər iş təcrübəniz varsa, bu hissədə bu barədə məlumatları qeyd edirsiniz. Beləliklə, sənədləri incələyən şəxslər sizin harada işlədiyinizi, hansı təcrübəyə malik olduğunuzu və onlara nə təklif edəcəyiniz haqqında ön fikirə sahib olacaqlar. Sadalanacaq işlərin müraciət etdiyiniz istiqamətlərə uyğun olaraq seçilməsi də vacibdir. Bu hissədə bunlar qeyd olunmalıdır:
- Vəzifə
- Şirkət (və ya institut)
- Tarixlər
- Vəzifə öhdəliklərinizin qısa təsviri
Standart CV-dən fərqli olaraq burada nömrəli və ya nöqtəli sıralamadan istifadə etməyin. Bacardığınız qədər qısa və konkret olmaqla, vəzifə öhdəliklərini yan yana sıralayın.
5. Nəşr edilmiş məqalələr
Bu hissədə nəşr edilmiş məqalələrin siyashısını qeyd edirsiniz. Ancaq diqqət edilməsi vacib olan məqam var. Yoxlamadan keçmiş və rəy bildirilmiş məqalələri ilk sırada, digərlərini isə onlardan sonra yayımlanma ardıcıllığı ilə düzün. Bu, oxucuların sizin ümumi nəşr fəaliyyətlərinizi müqayisə etməyinə də imkan yaradacaq. Sıralama isə belə olmalıdır:
- Kitab
- Kitab bölməsi
- Elmi rəyli məqalələr
- Digər çap olunmuş məqalələr
Akademik CV-də bu hissəni yazarkən bütün məqalələr üçün eyni ədəbiyyat siyahısı metodunu istifadə edin. Yəni, sıralamanı MLA, APA və ya Chicago stilində hazırlayın.
6. Mükafatlar və fəxri nailiyyətlər
Bu bölmədə indiyə qədər əldə etdiyiniz bütün mükafat və fəxri nailiyyətlərinizi qeyd edə bilərsiniz. Siyahını hazırlayarkən tərs xronoloji ardıcıllıqdan istifadə edin. Mükafatı verən orqanın adı və həyata keçirdiyi layihəni də qeyd edin.
7. Qrantlar və təqaüdlər
Bu hissə Akademik CV-dəki ən vacib elementlərdən biridir. Çünki burada qeyd edəcəyiniz informasiyalar sizin indiyə qədərki akademik fəaliyyətiniz ərzində nə qədər yaradıcı, rəqabətcil və dəyərli olduğunuzu göstərir. Bu bölmədə də indiyə qədər əldə etdiyiniz bütün qrant və təqaüdləri xronoloji ardıcıllıqla qeyd edin. Qrant və ya təqaüd aldığınız orqanın adı və həyata keçirdiyi layihəni də qeyd etmək vacibdir.
8. Konfranslar
Bu bölmədə indiyə qədər iştirak etdiyiniz konrans və tədbirləri qeyd edə bilərsiniz. Əvvəl də qeyd etdiyimiz kimi, burada da ardıcıllıq tərs xronologiya ilə düzülməlidi. Akademik CV-də bu hissədə qeyd ediləcək məlumatları 3 hissəyə bölmək olar: iştirak etdiyiniz konfranslar, dəvət olunduğunuz nitq çıxışları və kampus tədbirləri. Kampus tədbirləri daha çox institutlarda keçirilən tədbirləri əhatə edir.
9. Tədris təcrübəsi
Bu hissə əslində bir qədər çaşdırıcıdır. Yuxarıda iş təcrübəsi hissəsində çalışdığınız yerləri qeyd edirsiniz. Bu hissədə onların təkrarlanmasına gərək yoxdur. Bu hissədə akademik fəaliyyətinizdə qısa dönəmlərdə tədris etdiyiniz dərslər və ya seminarlar qeyd olunur. Əgər siz təcrübəli akademik keçmişə sahibsinizsə, bu hissədə dəvət aldığınız institutlar, qonaq seminarlar və s. kimi qısa dönəm ərzindəki fəaliyyətlərinizi sıralayarsınız.
10. Tədqiqat təcrübəsi
Akademik CV-nin bu hissədə akademik fəaliyyətiniz boyunca apardığınız tədqiqat təcrübələrini qeyd edirsiniz. Əgər layihələrdə iştirak etmisinizsə, o zaman onları sıralayırsınız. Əgər spesifik mövzu üzərində araşdırma aparmısınızsa, onda həmin tədqiqatın aparıldığı tarix və qısa informasiya qeyd olunur. Akademiyada və ya universitetdə çalışırsınızsa, bu halda CV-də vəzifəni 3 formada qeyd edə bilərsiniz: tam-ştat tədqiqatçı, elmi işçi və ya assistant. Əgər hazırda magistratura və ya doktorantura mərhələsinə müraciət edirsinizsə, təcrübəniz sadalananlar qədər deyilsə, o zaman kiçik təcrübəni belə qeyd etməkdə fayda var.
11. Əlavə fəaliyyətlər
Bir qədər əvvəl sadalanan bölmələrə aid olmayan fəaliyyətlərinizi isə burada sıralamaq lazımdır. Bunlar akademik olmayan iş fəaliyyətləri, universitet və institutdan kənar fəaliyyətlər, tərcüməçilik, media fəaliyyəti, bloq idarəsi və s. ola bilər. Əgər CV çox uzun olursa, yəni artıq 6-7 səhifədən çox olursa, o zaman bu cür fəaliyyətlərin hamısını qeyd etmək lazım deyil. Onların arasından sizi önə çıxaracaq, oxucunun diqqətini çəkəcək nüansları qeyd etməyiniz daha vacibdir.
12. Dil bilikləri və bacarıqlar
Artıq CV-ni yavaş yavaş sonlandırırıq. Bu hissə elə də uzun yazılmır. Bildiyiniz dilləri bildiyiniz səviyyəyə uyğun olaraq sıralamaq lazımdır. Tədqiqat aparan şəxslərin dil bilikləri layihə elan edən qurumlar üçün həmişə önəmli olur. Çünki müxtəlif dillərdə işləyə bilən şəxslər ədəbiyyat icmalını daha geniş hazırlaya bilirlər. Bacarıqları isə sıraladıqda müraciət etdiyiniz proqramın tələblərinə görə hazırlayın.
13. Referanslar
Son olaraq isə Akademik CV-də referansları qeyd edə bilərsiniz. Hazırda bu artıq o qədər də önəm daşımır. Çünki referanslar üçün tələb olduqda, bu ayrıca qeyd olunur və ayrıca tərtib olunur. Ancaq yaxşı referanslarınız varsa, bu hissədə onların məlumatlarını ad, soyad, elmi dərəcə və ya ad, korporativ və ya şəxsi email adresi, telefon nömrəsi ardıcıllığında sıralanır.
Sizə maraqlı ola biləcək yaz: Güclü Research Proposal necə yazılır?
Artıq bizim akademik CV-miz hazırdır. Bu strukturda hazırlanan CV-lər oxucunun diqqətini mütləq şəkildə çəkir və fərqlənir. Hazırladığımız sənəd sizin bütün keçmişinizi professional şəkildə göstərir və lazımi bütün informasiyaları özündə cəmləşdirir. Bundan sonrakı addım isə təqaüd, qrant, məqalə yayımlamaq, magistr və doktoranturaya müraciət zamanı tələb olunan sənədlər arasında Akademik CV-ni də göndərməkdir. Akademik CV ilə yanaşı akademik profillərin də olması zəruridir. Əgər sənədləriniz oxucunun diqqətini çəkəcəksə, sizin barənizdə internetdə araşdırma aparacaqlar. Belə olduğu təqdirdə akademik profiliniz varsa, axtarış sıralamalarında birinci həmin profillər çıxacaq. Akademik profili həm akademik platformalarda, həm də şəxsi sayt vasitəsilə yaratmaq olar. Akademik platformalar arasında ən çox istifadə olunan ResearchGate və Academia.edu platformalarıdır. Bu saytlarda profil yaradarkən, akademik CV-də doldurduğunuz kateqoriyalar aktivləşir. Həmin kateqoriyaları da əvvəl qeyd etdiyimiz şəkildə doldurmağınız kifayətdir. Qeydiyyat zamanı platformalar sizin CV-nizi də yükləməyinizə imkan yaradır. Profillər sizin haqqınızda çox az məlumat göstərir. Ona görə akademik platformalarda CV-nizi yükləmək digər insanların da sizin haqqınızda ümumi fikrə sahib olmasına gətirib çıxaracaq. Belə olduğu halda, başqa insanlar tərəfindən əməkdaşlıq, iş təklifləri və ya seminarlara dəvət də ala bilərsiniz.
Son olaraq akademik fəaliyyətiniz boyunca həm CV-ni, həm də platformaları yeniləmək vacibdir. Bu, həm də sizin öz fəaliyyətlərinizi yaxından izləməyinizə də şərait yaradacaqdır.