Faktlar

Bütün günbatımları yaşıl bir parıltı ilə bitir. Bəs onu görmək niyə bu qədər çətindir?

Sizə təqdim etdiyimiz bu fotoşəkil Nigella Hillgarth tərəfindən çəkilib. Foto ilk baxışda adi bir qürubu xatırlatsa da, ondakı fərqli xüsusiyyəti görmək elə də çətin dəyil. Bəli, düz tapdınız. Söhbət həmin o kiçik yaşıl parıltıdan gedir. Fotoqraf bu fotonu tərcümədə “Tutulması çətin olan yaşıl parıltı” mənasını verən “The elusive green flash” şəklində adlandırıb. Əslində, fotonun adının əksinə olaraq, bu, heç də nadir təbiət hadisəsi deyil, hətta bu proses hər günbatımında baş verir.

“Bütün günbatımları yaşıl bir parıltı ilə bitir. Bəs onu görmək niyə bu qədər çətindir?” Mark D. Kauffman tərəfindən bu prosesə “Popular Science” jurnalında verilən izahı növbəti abzaslarda oxuya bilərsiniz.

Bütün günbatımlarının sonu yaşıldır. Əgər bacarırsınızsa, tutun onu. Yaşıl parıltı şəklində adlandırılan prosesin hekayəsi daha yayğın bir sualı cavablandırmaqla başlayır: Səma niyə mavi rəngdədir?

Günəş işığı özündə görünə bilən bütün rəngləri birləşdirir və bu rənglərin hər birinin özünəməxsus dalğa uzunluğu vardır. İşıq təpə və çöküklərdən ibarət dalğalar şəklində yayılır. Dalğa uzunluğu isə iki qonşu təpə arasındakı məsafədir. Dalğa uzunluğu nə qədər qısadırsa dalğalar o qədər dik olur. Üç əsas rəngdən (mavi, qırmızı, yaşıl) ən qısa dalğa uzunluğuna malik olanı mavidir. Qırmızı rəng isə ən uzun dalğa uzunluğuna sahibdir. Günəş işığı Yer kürəsinə doğru gəldikdə atmosferdəki zərrəciklər qısa dalğa uzunluğuna malik mavi işığı demək olar ki, tamamilə atmosfer boyunca yayır, beləliklə də, səma mavi rənə boyanır. Digər rənglər isə bir araya gələrək Günəşin sarı rəngdə gördüyümüz parlaqlığını meydana gətirir.

Qürub vaxtı isə rənglər fərqli ölçüdə solğunlaşırlar. Günəş gözdən itməmişdən əvvəl son anda qırmızı işıq uzun dalğa uzunluqları səbəbilə nisbətən yuxarıdan keçərərk gözlərimizdən yayınırlar. Daha qısa dalğa uzunluğuna malik yaşıl rəng isə bu anda geriyə qalan tək şey olur. Beləliklə, “tutulması çətin olan” yaşıl parıltı effekti yaranır.

Yaşıl parıltı hər axşam qürub zamanı baş verə bilər, ancaq onu görmək çox çətindir. Havadakı nəm və atmosfer çirklənməsi kimi amillər bu yaşıl rəngi bizim gözlərimizə çatmadan dağıdır və adi günlərdə onu görə bilmirik. Əgər açıq havada və dəniz kənarındasınızsa, yaşıl parıltını görmək şansınız digərlərinə nisbətən daha yüksəkdir. Hə, bir də çalışın gözlərinizi qırpmayın.  

JSaffar

Bookworm, captain of Diplomaticos team

Oxşar yazılar

Back to top button