Akademiya

İngilis dilini təkmilləşdirmək üçün 6 ən yaxşı tətbiq

Mobil proqramlar İngilis dilini öyrənmək üçün böyük fayda gətirə bilir. Çünki onları əldə etmək asandır və istifadə edərkən zövqünüzə uyğunlaşdırdığınız üçün dil öyrənmə prosesi əyləncəli olur. Bu proqramlar həqiqi dərsləri və müəllimləri əvəzləməsə də, şəxsi inkişaf üçün çox faydalıdır. Hazırda ingilis dilini öyrənmək üçün saya bilməyəcəyimiz qədər proqram var, amma bu yazıda kateqoriyalarına uyğun bir neçə proqramdan bəhs edəcəyik. Qeyd edək ki, bu proqramları təcrübədən keçirmişik və uzun müddət istifadə etmişik.

MEMRISE

Memrise ingilis dilini öyrənmək üçün ən məşhur və sadə tətbiqlərdən biridir. Həm iOS, həm Android, həm də veb platforması mövcuddur. Tətbiqin istifadəçi interfeysi onun istifadəsini daha da asan edir. Proqramda qeydiyyatdan keçib sizə uyğun dili seçmək və öyrənməyə başlamaq lazımdır. Tətbiqdəki kurslar sizə həm dinləmə, həm yazma, həm də oxuma kimi vərdişlərinizi gücləndirir. Lüğətini artırmaq istəyənlər üçün çox gözəl proqramdır. Bundan əlavə telefonun kamerasından istifadə etməklə tətbiq üzərinə tutduğunuz əşyaları da anlayaraq onu seçdiyiniz dilə tərcümə edə bilir. Beləliklə, hər hansı bir əşyanın adını yazmadan da onun nə olduğunu öyrənə bilirsiniz.

Memrise tətbiqini buradan yükləyin: iOS; Android

QUIZ YOUR ENGLISH

Əgər siz ingilis dili üzrə imtahanlardan birinə hazırlaşırsınızsa, bu tətbiq sizin sevimli tətbiqiniz olacaq. Proqram Cambridge Evaluation English tərəfindən hazırlanmışdır və xüsusilə Cambridge B2 First və IELTS üçün də səviyyələr vardır. Yəni IELTS imtahanına hazırlaşırsınızsa, buradakı testlərlə özünüzü yoxlaya bilərsiniz. Proqramda başqaları ilə yarış mexanizmi qurulmuşdur, yəni siz həm zamana qarşı, həm də rəqiblərinizə qarşı yarışırsınız. Son dərəcə əyləncəli olan proqram, sizin bütün stressinizi də alacaq.

Tətbiqi buradan yükləyin: iOS; Android

THE BRITISH COUNCIL – GRAMMAR

Hər hansı dilə tam yiyələnmək üçün mütləq şəkildə onun qrammatikasını yaxşı bilmək lazımdır. The Learn English British Council tətbiqi daxilində müxtəlif mövzulara uyğun dərs və testləri cəmləşdirib. Başlanğıc (Beginner) səviyyədən ən yüksək (Advanced) səviyyəyə qədər bütün sahələrə uyğun testlərlə həm öyrənə, həm də özünüzü test edə bilərsiniz.

Tətbiqi buradan yükləyin: iOS; Android

BEELINGU

Oxuma bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, o zaman bu tətbiq tam sizə görədir. Tətbiqdəki mətnlər seçilmiş iki dildə oxuna bilinir. Azərbaycan dili dəstəkləməsə də, türk dilini seçərək ingilis dilindəki mətnləri tərcüməsi ilə birlikdə oxuya bilərsiniz. Mətnlərə həm də səsləndirmə funksiyası əlavə olunub, beləcə mətni oxuyarkən səsli qulaq asa bilərsiniz. Mətn seçimi isə çox şaxəlidir. İstənilən zövqə uyğun kontent tapıb oxuya bilərsiniz.

Tətbiqi buradan yükləyin: iOS; Android

HELLOTALK

İngilis dilini möhkəmləndirmək üçün ən önəmli məsələlərdən biri də danışmaqdır. Hellotalk tətbiqi məhz bunun üçün dizayn olunmuşdur. Bu proqram vasitəsilə siz dünyanın istənilən yerindən insanlara ünsiyyət qurub dilinizi inkişaf etdirə bilərsiniz. Hətta burada ana dili ingilis dili olan şəxslər məhz bu dil üzrə danışıq dərsləri də təklif edirlər. Proqramın əsas məqsədi qarşılıqlı ünsiyyət ilə dilin öyrənilməsidir. Yəni qarşı tərəfə siz də öz dilinizi öyrətməlisiniz. Amma narahat olmayın, sadəcə ingiliscə danışmaq üçün istifadə edən insanların sayı kifayət qədərdir. Proqramda həm səsli mesaj göndərmək, həm video zəng etmək, həm də mətn yazıları yazmaq mümkündür.

Tətbiqi buradan yükləyin: iOS; Android

BBC LEARNING ENGLISH

Davamlı olaraq ingilis dilində sadə, anlaşıqlı və öyrədici kontentlərə qulaq asmaq istəyirsinizsə, o zaman bu tətbiq tam sizə görədir. Bu tətbiqin ən böyük özəlliyi daxilindəki videoların 3-4 dəqiqəlik olması və sizi yormamasıdır. Kiçik hekayələrə qulaq asmaqla hər gün dinləmə qabiliyyətinizi möhkəmləndirə, söz bazanızı artıra və ingilis dilinizi daha da inkişaf etdirə bilərsiniz. 

Tətbiqi buradan yükləyin: iOS; Android

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button