Yuri Qaqarin: tarixi dəyişən səyyah
Bəşəriyyət tarixində cığır açan bir çox hadisə olub, ancaq kosmosda vaxt keçirən insanların sayı barmaqla sayılacaq qədərdir. İkinci Dünya müharibəsindən sonra ABŞ-SSRİ arasındakı mübarizə kosmos səviyyəsinə də gəlmişdi və hər iki ölkə rəhbərliyi üstünlük əldə etmək üçün kifayət qədər resurs xərcləyirdilər. Kosmos dedikdə ağlımıza ilk şəxs Yuri Qaqarin və ilk səyahət onun Yerin ətrafında dövrə vurmasıdır. Sovet kosmonavtı Yuri Qaqarin sadəcə 1.57 m hündürlüyə sahib idi, ancaq tarixi dəyişən əsas şəxslərdən birinə çevrilməyi bacardı. Onun həm uğurları, həm də sirli ölümü kosmos tədqiqatları baxımından cavablanmamış sualları miras qoydu. Bu yazımızda Yuri Qaqarin haqqında bəhs edirik.
Yuri Qaqarin haqqında qısaca
Yuri Qaqarin 1934-cü il martın 9-da Rusiyanın Kluşino kəndində dünyaya gözünü açmışdı. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul olurdu. Yuri Qaqarin 1951-ci ildə məktəbi bitirərək metal tökmə ixtisasına yiyələnmişdi. Ancaq həmin ilin avqustunda Saratov texnikumuna daxil oldu. 1955-ci ildə buranı əla qiymətlərlə bitirərək Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş etmişdi.
Yuri Qaqarin 12 aprel 1961-ci ildə kosmosa uçmuşdur. Kosmosda 1 saat 48 dəqiqə qaldıqdan sonra Yerə geri qayıtmışdı. 1968-ci il martın 27-də isə təyyarə qəzasında vəfat edir.
Yuri Qaqarin kimdir?
Yuri Qaqarin kəndli ailəsində dünyaya gəlmişdi. Uşaqlıq dövründə Nazi qüvvələrinin SSRİ-yə hücumu zamanı ailə üzvlərindən ikisi əsir düşmüş, nazi kamplarına aparılmış, ancaq sağ qala bilmişdilər. Yuri Qaqarin məktəbi bitirdikdən sonra texniki təhsillə maraqlanırdı. Ona görə də Saratov texnikumu onun diqqətini çəkən yeganə uçuş məktəbi idi. İlk uçuşu uğurlu alındıqdan sonra uçuşa olan marağını kəşf etdi və həftə sonları sadəcə uçmağını öyrənməyə sərf edirdi.
27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir. SSRİ Hava Qüvvələrinə qatıldıqdan sonra professional qırıcı təyyarə pilotu olur və MiG-15 kimi təyyarələri uçurur. 1957-ci ildə isə Valentina Qoryaçeva ilə evlənir və bu nikahdan 2 qızı olur.
9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir. Həmin il başlanan bu proqram üçün 20 nəfər şəxs seçilmişdi. Namizədlərin 25-30 yaş arasında olmağı, boylarının isə maksimum 157 sm olması vacib idi. O, hər iki şərti qarşılayırdı və buna görə də proqrama seçilən şəxslərdən biri olur.
Daha sonra o, su üzərində paraşutla tullanma, oksigen testləri və kosmosda izolyasiya otağı prosedurlarını əhatə edən ciddi fiziki məşqlərə başlayır. Proses rəqabətli olsa da, Qaqarin həm fiziki bacarığı, həm də qeyri-adi şəxsiyyəti ilə seçilirdi.
O, xarizmatik, bacarıqlı və üzündəki daimi təbəssüm sayəsində hər kəsin sevimlisi idi. Onun müsbət aurası Vostok 1 missiyasına aparan ən müsbət elementlərdən biri idi. Bu, həm də SSRİ hakimiyyəti üçün vacib idi, çünki tezliklə məşhur olacaq kosmonavtları təbliğ etmək üçün bu cür şəxslərə ehtiyacları var idi. Yuri Qaqarin də məhz belə bir şəxs idi.
Kosmosa uçan ilk şəxs
Tarixdə kosmosa uçan ilk şəxs Yuri Qaqarindir. O, 1961-ci ildə II Moskva Beynəlxalq Film Festivalında tamaşaçılara göstərilən “First Voyage to the Stars” sənədli filmindəki səhnələrin birində kosmik geyimdə üzə çıxmışdı.
12 aprel 1961-ci ildə idarə etdiyi raket Baykonur kosmodromundan havaya qalxır. Vostok 1 kosmik gəmisində səyahət edən Yuri Qaqarin Dünyanın ətrafında döndükdən sonra geri qayıdır. Həmin dövrdə kosmik uçuş və qravitasiya olmadan bir insana nə olacağı barədə heç nə bilinmirdi. Ona görə də onun uçuşu kosmik uçuşlarda cığır açır, çünki əldə edilən məlumatlar olduqca vacib və əhəmiyyətli proyektlərin gündəmə gəlməsinə səbəb olur. Yuri Qaqarin 327 km yüksəklikdə 108 dəqiqə səyahət etdi. Səyahəti ərzində kosmik gəmini idarə edir, yemək yeyir və su içirdi.
Yuri Qaqarin Yerə bizim bildiyimiz kosmik kapsulun içində qayıtmır. O, atmosferə girdikdən sonra Yerə yaxınlaşanda gəmidən tullanır və paraşutla enir. Kosmik uçuşu həyata keçirmək SSRİ adına nə qədər böyük səs yaratdısa, uğurla başa çatdırmaq bir o qədər nüfuz qazandırdı.
Kosmik siyasət üzrə ekspert və ictimaiyyətlə əlaqələr üzrə professor Howard McCurdy Yuri Qaqarin haqqında belə deyirdi: “Yuri Qaqarin çox xarizmatik bir insandır və kosmonavtlar korpusunda çox bəyənilir. Görünür, o, qorxmaz idi. Baş Kosmik Mühəndis (Sergei) Korolev trankvilizatorları götürərkən Qaqarin sakitcə kapsulda oturmuşdu. Qaqarin Vostok kapsulu ilə enmədi. O, gəmidən tullandı və paraşutla endi. Yerə endikdən sonra onun tükləri biz-biz olmuşdu.”
SSRİ-nin qəhrəmanı
Bundan sonra o, Xruşov tərəfindən SSRİ qəhrəmanı ünvanı ilə mükafatlandırıldı. Bəziləri ona müasir dövrün Xristofor Kolumbu deyirdi. Məşhur kosmonavt uçuşu ilə əlaqədar bir çox ölkədə səhayətdə olur, ancaq ABŞ-a girməsi qadağan edilir. Həmin dövrdə SSRİ kosmik rəqabətdə ABŞ-ı qabaqladığı üçün iki ölkə arasında münasibətlər daha da pisləşmişdi.
Yuri Qaqarin uçuşdan sonra hava qüvvələrinə geri dönür, ancaq SSRİ rəhbərliyi onun təhlükəsizliyini qorumaq üçün vəzifəsini artırır və təyyarələrdən uzaqlaşdırır. Qaqarin 1967-ci ildə Soyuz 1 missiyasında ehtiyat pilot olaraq təyin olunur və kosmosa ikinci dəfə göndərilmir. Onun əvəzinə göndərilən Vladimir Komarov isə faciəvi şəkildə dünyasını dəyişir. Belə ki, kosmik gəmi ilə geri dönərkən eniş modulunun paraşutu açılmır və yerə çırpılaraq həyatını itirir.
Sizə maraqlı ola biləcək yazı: Tanrı hissəciyi – Peter Higgsin həyat hekayəsi
Yuri Qaqarin necə öldü?
Yuri Qaqarin içki aludəçisi idi, ancaq bunun öhdəsindən gəldi və yenidən uçuşlara geri qayıtdı. O, özünü uçmağa həsr etdi və hətta təkrar istifadə edilə bilən kosmik gəmi yaratmağa kömək etmək ümidi ilə aerokosmik mühəndisliyə qoşuldu. 1968-ci ildə məşhur pilot və kosmonavt Yuri Qaqarin MiQ-15UTİ ilə təlim uçuşuna çıxdı. Qısa müddətdən sonra təyyarə Kirjax şəhəri yaxınlığında gözlənilmədən qəzaya uğradı. Həm Qaqarin, həm də uçuş təlimatçısı Vladimir Seryogin bu qəzadan qurtula bilmədi. Yuri Qaqarinin isə cəmi 32 yaşı var idi.
SSRİ bu hadisənin detallarını uzun müddət açıqlamadı və ört-basdır etməyə çalışdı. Qəza ilə bağlı müxtəlif nəzəriyyələr və fikirlər irəli sürüldü, ancaq heç biri öz təsdiqini tapa bilmədi. Nəhayət 2013-cü ildə Qaqarinin keçmiş dostu Aleksey Leonov apardığı tədqiqat işi ilə yeni dəlillər üzə çıxarır. Qəza ilə öz təsdiqini tapmayan fikirlərdən biri hava hərəkətinin (trafikinin) idarəsindəki xəta idi.
Onun qəza ilə bağlı fikri (təsdiqlənməmiş) belə idi: Hava hərəkətinin idarə edilməsində səhv. Uçuş zamanı qəhrəmanın MiQ-15-dən xeyli böyük model olan Sovet Su-15 Qaqarinin hava məkanını pozub. Turbulentlik Qaqarinin idarəetməni itirməsinə və nəticədə ölümünə səbəb oldu. Uçuş zamanı Yuri Qaqarin MiG-15-dən daha böyük olan SU-15 təyyarəsini idarə edirdi. Bu təyyarə digərindən ağır və böyük idi. Nəticədə səhv hesablamalar aparan Qaqarin türbülansa girir və burada idarəetməni itirərək qəza etməsinə səbəb olur.
Belə xəta kosmik təyyarə idarə edən şəxs üçün olduqca sadə idi, bəlkə də, buna görə SSRİ rəhbərliyi qəzanın detallarını açıqlamırdı. Həmin dövrdə xalqa Yuri Qaqarin haqqında düzgün informasiya verilmirdi. Məsələn, Çernobıl atom elektrik stansiyasındakı partlayışın da səbəbi olduqca sadə bir xəta idi və yenə də SSRİ rəhbərliyi dünya ictimaiyyətinə və xalqa dəqiq açıqlama etməmişdi.
Əlbəttə ki, real səbəbi bilməyəcəyik, ancaq Yuri Qaqarinin kosmik uçuşu tarixi dəyişdirdi. Həm ABŞ, həm də SSRİ üçün ən vacib məsələ raketi kosmosa qaldırmaqdan daha çox bir insanın bu səyahətdən necə uğurla çıxması idi. Yuri Qaqarin kosmosun əlçatan olduğunu və kəşf edilməyə hazır olduğunu sübut etdi.