Science

Adrenalin hormonu və təhlükə anında insan bədəninə təsirləri

Hər bir insan bədəni təhlükə ilə üz-üzə qaldıqda, həyəcanlandıqda və ya normal günlük vəziyyətində fövqəladə dəyişiklik baş verdikdə yeni yaranmış təhlükəli vəziyyətə qarşı mübarizə aparmaq, yaxud təhlükədən qaçmaq üçün xüsusi xidmət göstərən üzvi təbiətli bioloji aktiv maddələrlə təchiz olunmuşdur. İnsan bədənində bu xüsusi vəzifəni öz üzərinə götürən, təhlükə anında böyrəküstü vəzilərdən ifraz olunan adrenalin adlı hormondur. Bu hormonun başlıca vəzifəsi yaranmış təhlükəli və ya fövqəladə hesab olunacaq situasiyalarda qana qarışaraq müxtəlif orqanlara yayılmaq və mövcud şəraitə görə orqanları uyğun şəkildə hazırlamaqdır.

Adrenalin hormonunun insan bədəninə təsirləri nələrdir? İnsan qorxduqda, stress keçirdikdə, həyəcanlandıqda insanı daha çevik, daha cəld və daha diqqətli olmağa məcbur edən bu horman orqanlara hansı əmrləri göndərir? Təhlükə anında insan bədənində çox böyük təsirə malik olan bu hormandan qana nə qədər qarışır? Bu kimi sualları cavablamazdan öncə adrenalin və onunla eyni mənalı söz olan epinefrin anlayışlarının mənalarını, böyrəküstü vəzilər vasitəsilə hazırlanan bu hormonun niyə bu iki adla adlandırılmasını və kəşf edilmə tarixini öyrənməkdə fayda vardır. 

Adrenalin və epinefrin anlayışları

İlk öncə onu qeyd edək ki, adrenalin və epinefrin eyni şeydir. Normalda standartlara uymayan və fərqli anlayışlar üçün fərqli adlar, fərqli standartlar müəyyənləşdirən ölkə ABŞ olsa da, bu dəfə standartlardan kənara çıxan Böyük Britaniya olmuşdur. ABŞ da daxil olmaqla dünyanın bir çox ölkəsində epinefrin adı ilə tanınsa da, Böyük Britaniyada bu hormonun adı adrenalindir. Adrenalin adı Böyük Britaniyadan dünyaya yayılmışdır. Xüsusilə də xalq arasında “adrenalin” sözü “həyəcan” sözü ilə eyni mənanı bildirərək daha da məşhurlaşmışdır. Epinefrin sözü isə elmi terminologiya səviyyəsində qalmışdır. 

Hormonun epinefrin adlandırılması çox məntiqlidir. Çünki, bu sözün yunan dilindən tərcüməsi “böyrəyin üstündə” deməkdir. Epinefrin böyrəküstü vəzilərdə ifraz olunan ən məşhur hormon olduğu üçün bu ada layiq görülmüşdür. “Epinefrin” sözü ilk dəfə 1897-ci ildə John Abel tərəfindən böyrəyin üst hissəsindəki vəzilərdən toplanan ekstraktları bütövlükdə ifadə etmək üçün istifadə edilmişdir. İndi isə yalnız bir hormona verilən addır.

Digər tərəfdən, “adrenalin” adı da eyni dərəcədə məntiqlidir. Bu söz də latın dilində “böyrəyin üstündə”  deməkdir. Bu ad ilk dəfə 1901-ci ildə Jokichi Takamine tərəfindən ortaya atılmışdır. Qəribədir ki, o da böyrəküstü vəzilərdən aldığı və saflaşdırdığı ekstraktların hamısını adrenalin adlandırmışdır. Bu halda da söz ilk başda bir qrup ekstraktı adlandırmaq üçün istifadə olunsa da, sonda müəyyən bir maddənin adı olaraq məşhurlaşmışdır. 

Əslində, Abel və Takaminenin aldığı ekstraktların tərkibi eyni deyildi, ancaq bu, ilk başlarda müəyyənləşdirilmədiyi üçün hər iki ad eyni kimyəvi maddənin adı olaraq qəbul edildi. Sonradan aradakı fərqlər ortaya çıxsa da bu fakt dəyişdirilmədi.

Adrenalin hormonunun orqan və toxumalara təsiri

Təhlükə ilə qarşılaşan zaman özünü müdafiə etmək və ya olduğu yerdən qaçmaq üçün insan orqanizmi daha güclü və cəld olmalıdır. Bu cür qeyri-adi situasiyalarda orqanizmdə lazımi tənzimləmə aparılması və orqanları yaranmış yeni vəziyyətə uyğun olaraq qan ilə tam təmin etmək üçün ürək daha sürətlə döyünməlidir. Adrenalin hormonu qeyd olunan vəziyyətlərdə böyrəküstü vəzilərin daxili hissəsindən ifraz olunur, qana qarışır və bədənin müxtəlif hissələrinə yayılaraq orqanizmin təhlükəli vəziyyətə uyğun reaksiya verməsini təmin edir. 

Qana qarışan adrenalin molekulları tərəfindən edilən tənzimləmələr ürəyə, beyinə və əzələlərə gedən damarları genişləndirir, dəriyə qan ötürən damarları isə daraldır. Beləliklə, bədən üçün lazım olan əlavə dəstək təmin edilir. Dəriyə daha az qanın ötürülməsinin başqa bir səbəbi də var. Belə ki, hər hansı mövcud yaralanma halında çox qan itirilməsi riskini minimuma endirmək üçün bu hal baş verir. Həddən çox həyəcanlandıqda və ya qorxduqda insanın solğun görünməsinin əsas səbəbi də dəridəki qan miqdarının əhəmiyyətli dərəcədə azalmasıdır. 

Adrenalin hormonunun hər orqan üçün təsiri müxtəlifdir. Məsələn, ürəyə gedən damarları genişləndirən adrenalin molekulları ürəyin özündəki hüceyrələrin yığılıb-açılmasını sürətləndirir və tez-tez döyünən ürək orqanlara da daha sürətlə qan ötürür. 

Qaraciyərə çatan adrenalin molekullarının təsiri nəticəsində buradakı hüceyrələr qana daha çox şəkərin qarışdırılmasını həyata keçirir. Qanda artan şəkər miqdarı bədənə lazım olan əlavə enerji üçün bir növ yanacaq rolunu oynayır. 

Adrenalin hormonu qana qarışdıqda bədəni bütövlükdə yaranmış xüsusi vəziyyətə hazır hala gətirir. Həzm orqanlarının fəaliyyəti və həzm prosesi dayanır. Bu səbəbdən, həzm prosesində iştirak etməyən böyük miqdarda qan əzələləri qidalandırmaq üçün boşda qalır. Eyni zamanda, ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir. Ağciyər bronxları genişlənir, bədənə oksigenin daxil olması sürətlənir və qan oksigenlə tam qidalandırılır. Son olaraq, göz bəbəkləri genişlənir və gözlərin işığa qarşı həssaslığı artır. Bütün bu təsirlər bir araya gəldikdə, istər təhlükədən qaçmaq, istərsə də özünümüdafiə halında insan normaldan daha yüksək və daha güclü reaksiya sərgiləmiş olur. 

Qandakı adrenalin miqdarı nə qədərdir?

Helena Curtis və Sue Barnes öz əsərlərində qandakı adrenalin miqdarını ifadə etmək üçün bu nümunəni misal göstərirlər: “Əgər insan qanının miqdarını 200 kub metr həcmə malik bir göllə müqayisə etsək, bu zaman qandakı adrenalinin miqdarı cəmi bir çay qaşığı mayeyə bərabər olar”. 

Təhlükənin hiss edildiyi anda beyin böyrəküstü vəzilərə siqnal göndərir. Adrenal vəzinin daxilindəki hüceyrələr dərhal hərəkətə keçərək adrenalin hormonunu qana qarışması və bütün bədənə yayılması üçün sərbəst buraxır. 

Bədənimizdəki yüzlərlə damarın diametri və harada, nə qədər qan ötürdüyü görünməz bir hormon tərəfindən tənzimlənir. Bu çox kiçik miqdardakı hormon ilk növbədə nə vaxt və nə ediləcəyini çox yaxşı bilir, insan ehtiyac duymadıqca bədəni həyəcan vəziyyətinə gətirmir. Bundan başqa, o, hansı hüceyrələrə getməli olduğunu, hansı əmrləri verməli olduğunu çox yaxşı bilir və heç vaxt unutmur. Eyni zamanda, bədənin təhlükə vəziyyətindən normal halına qayıtması prosesində də heç bir zaman səhvə yol vermir. Əks halda yol verilən hər hansı bir səhv bədəndə düzəlməsi mümkün olmayan daimi xəsarətə yol aça bilər. 

Eyni zamanda, bu kiçik miqdardakı molekullar böyük məsuliyyətdir. Müəyyən bir sıra ilə bir neçə atomun birləşməsi nəticəsində ortaya çıxan az miqdarda adrenalin hormonunun təşkilatlanmış və çox sürətli fəaliyyəti inanılmaz dərəcədə mükəmməldir. Fövqəladə və qeyri-adi vəziyyətlərdə bədənimizin bizə xidmət göstərməyə və qorumağa daim hazır olan etibarlı əllərdə olmasını bilmək çox rahatladıcı və təhlükəsiz hiss etdirir. 

JSaffar

Bookworm, captain of Diplomaticos team
Back to top button