Tech

Bitcoin uğurlu olarsa, nə baş verər?

Bitcoin bazar dəyəri trilyon dolları keçib rekord vurduğu bir həftədə (22-28 fevral, 2021), kriptovalyutalar uğur qazanarsa, bu nə mənaya gəlir?

Bütün bitcoinlərin trilyonlarla dollar dəyərə sahib olmasının yeganə səbəbi onlardan uğur gözlənilməsidir, baxmayaraq ki, bu gün çox da istifadə üçün yararlı deyillər. Kriptovalyutalar, yüksək qiymətləndirilmələrini əsaslandırmaq üçün dəyərli xidmət təklif etməlidirlər, əks halda bitkoinə sahib olmaq, kupon və ya “beanie babies” oyuncaqlarını toplamaq kimidir. Çünki, kiçik bir qrup insanın həyata keçirdiyi fəaliyyət növü mövcud 51,000 dollar dəyəri əsaslandırmağa imkan vermir.

Bəs Bitcoin uğurlu edən dəyərli xidmət nədir?

Bitcoin investorlarının böyük əksəriyyəti üçün uğur, qiymətin artmağa davam etməsi deməkdir. Belə davam etdiyi halda, nə vaxtsa kiçik bir oğlan “İmperatorun paltarı yoxdur” deyə bağıracaq və qiymət aşağı yuvarlanacaq.

Bitcoin həvəskarları uğurun bahalaşan qiymətlərdən daha çox məna kəsb etməsi mövzusunda olduqca qeyri-müəyyəndirlər. Onlar əsas iqtisadi məntiqdən daha çox mistisizmlə dolu mübahisələrə meylli görünürlər. Kriptovalyutalar üçün uğurun ən vacib kriteriyası onun ticari əməliyyatlarda istifadə edilməsidir, necə ki, Tesla bunu edir. Ödəniş sistemlərində istifadəsi  və ya təhlükəsiz-bölgə (safe-heaven) rolu kimi bütün digər dəyər təklifləri bununla bağlıdır. Kriptovalyutalar birbaşa real mallarla mübadilə edilə bilmirsə, o qədər də uğurlu olmayacaqlar.

Başqa sözlə, bitcoin üçün dəyər təklifi, bildiyimiz adi valyutaları – dollar, avro, yuan və digərlərini tamamilə və ya qismən əvəz etməsidir. Aşağıda bəhs etdiyim kimi, bitkoinlərin ya adi valyutaları tam əvəz edəcəyi, ya da heç əvəz etməyəcəyini, yəni tam uğurlu və ya tam uğursuz olmasının qaçılmaz olduğunu düşünürəm. Və üç il əvvəl Vox’da dediyim kimi, kriptovalyutaların məntiqli olduğunu düşünmürəm.

Bəs bitcoinləri (kriptovalyutalar) bildiyimiz adi valyutalar ilə necə müqayisə edə bilərik?

ABŞ dolları ABŞ hökumətinin borc öhdəliyidir. Bu ABŞ dollarına sahib olan şəxs üçün onun dəyəri, həmin dollarlar qarşılığında aldığı real əmtəənin dəyəridir.

Bitcoin sözündəki  “sikkə”(coin) və kriptovalyuta sözündəki “valyuta” sözlərinə baxmayaraq, onlar bildiyimiz mənalarda pul deyillər. Sadəcə, bitkoini sıradan bir insana izah etməyə çalışın və dərhal kriptovalyutaların əksər insanların, eləcə də peşəkar iqtisadçıların pul haqqında düşündüyü şəkildə pul olmadığı aydın olacaq.

Bitcoin ilə pulun müqayisə edilməsi pulun tək bir tərifinin olmaması ilə daha da çətinləşir. Bitcoin mərkəzi bankın kağız pulları və ehtiyatlarından ibarət M0 aqreqatı və ya pul təklifi kimi bildiyimiz M1 aqreqatı və ya başqa bir şeylə müqayisə edilməlidirmi? Daha sonra bitcoin bu gün istifadə etdiyimiz pulla eyni dövriyyə sürətinə sahib olacaqmı?

Bitcoin kriptovalyutası ilə adi valyutanın müqayisəsi üçün pul təklifi, M1 aqreqatından istifadə etdiyimizi və onların eyni dövriyyə sürətinə sahib olacaqlarını fərz edək. G20 ölkələrindəki M1 pulunun miqdarı 31 trilyon dollardır, bu da təbii ki, M1 pulu ilə 31 trilyon dollar dəyərində mal alına biləcəyi deməkdir. Bitcoinin qiyməti 550,000 dollara çatsa, bitcoin sahibləri 10 trilyon dollar dəyərində mal ala bilərlər.

Bitcoin, M1 pulun alıcılıq qabiliyyətinə bərabərləşərsə, bir bitkoinin qiyməti 1,5 milyon dollar olacaq. Bunlar heç də dəqiq təxminlər deyil, lakin adi valyutaların tamamilə dövriyyədən çıxarılması, bir bitcoinin qiymətinin təxminən bir milyon yarım dollar olacağı deməkdir. Bir milyon və ya iki milyon olub-olmaması, aşağıdakı müzakirə üçün əhəmiyyətsizdir, amma düşünürəm ki, o halda bitcoinin uğur qazandığını söyləyə bilərik ki, qiyməti bizim təxminlərdən biraz daha yüksək olsun.

Sizə maraqlı gələ biləcək yazı:Koreya İqtisadiyyatı – Hanqanq Çayındakı Möcüzə

Bu, bizi iki maraqlı sualla üz-üzə qoyur. Bitcoin sahiblərinə nə olacaq? Bəs bitcoini olmayan qalan insanların başına nə gələcək?

Əvvəla, indiki bitcoin sahibləri keçmiş əsrlərdə imperatorluqlar üzərində hökmranlıq etmiş padşahlar və imperatorlarla rəqabət aparacaq qədər dünyanın ən varlı insanlarına çevriləcəklər. Sözün əsl mənasında bütün pula sahib olacaqlar. İstədikləri hər şeyi ala biləcəklər. Onların sayı elə də çox deyil. Bu gün bütün pensiya fondları, ortaq investisiya fondları və digər yollarla aktivlərə sahib olan çoxluqla müqayisədə onlar çox kiçik bir qrupdur.

Beləliklə, bərabərsizliyin kəskin artması, bitcoinin uğurunun qaçılmaz bir nəticəsidir. Bu gün sərvəti bir çoxumuza fayda gətirən şirkətlər quran – Jeff Bezos və Elon Musk kimi ən varlı adamlarından fərqli olaraq – bitcoin aristokratları yalnız erkən kriptovalyuta satınalması edərək varlanacaqlar. Cəmiyyətə heç bir töhfələri olmayacaq.

Bitcoin aristokratları trilyonlarla xərcləməyə başladıqda, bu, qalanlarımız üçün nə deməkdir?

Bilirik ki, həddən artıq bərabərsizlik səviyyəsi sosial bölünmə və populizmə təkan verir. Bitcoin aristokratları artan təhlükə altına girəcək və hökumət buna cavab verməli olacaq. Qoruyacaq və ya hücum edəcək; neytral ola bilməz. Hər iki halda, siyasi və sosial qeyri-sabitlik daha da dərinləşəcək.

Əgər bitcoin investorları hamının bitcoin almalı olduğunu bildirərsə, bütün bunlar qiyməti daha da artırmağa kömək edəcək və mövcud bitcoin investorlarını daha da varlı edəcək.

Bitcoin sahibi olmayan qalanlarımıza nə olacaq?

Bitcoinin getdikcə daha çox adi valyutaları kənarlaşdırmağa başladığında, cəmiyyətdə köklü dəyişikliklər baş verəcəkdir. Bəziləri faydalanacaq. Bitcoin aristokratlarına sata biləcəkləri varlıq və xidmətləri olanlar firavan yaşayacaqlar. Kimlərsə evlərini tikməli, tualetlərini təmizləməli, uşaqlarına təhsil verməli və yeməklərini bişirməlidir. Kimlərsə də  bu qrup insanları cəmiyyətin qalan hissəsindən müdafiə etməlidir.

Ancaq onların da sayı çox azdır.

Təqaüdçülər kimi maddi rifahı adi valyutadan asılı olanlar ən çox əziyyəti çəkəcəklər. Çünki, bitkoinin dominantlığı artmağa davam etdikcə, adi valyutalara olan tələbimiz azalacaq. Hamımız bitkoin ilə ödəniş etmək və əmanətlərimizi bitkoində saxlamaq istəyəcəyik. Hər bir bazarda olduğu kimi, adi valyutalar ilə əldə ediləbilən mal və xidmətlərin miqdarı qaçılmaz olaraq azalacaq və həyatı ondan asılı olanlara daha çox zərər verəcəkdir.

Bitcoinin həvəskarları, əlbəttə, hər kəsin bitcoin almalı olduğunu söyləyəcəklər. Ancaq nəticə ondan ibarət olacaq ki, onun yüksəlişini davam etdirdikcə, adi valyutalar dəyər itirəcəkdir.

Bu səbəbdən bitcoin ilə adi valyutanın birlikdə mövcudluğunun qeyri-sabit tarazlıqda olacağını düşünürəm. Bitcoin uğurlu olarsa, onu daha çox istifadə etmək istəyəcəyik. Bu, onu daha da uğurlu edəcək, beləliklə adi valyuta daha da gözümüzdən düşəcək. Sonda, uğurlu olan bitcoin kəhanəti adi valyutanı tamamilə əvəz edəcək.

Ancaq bu ssenaridə bir ziddiyyət var. Bitcoin gündəlik həyatımızda istifadə etdiyimiz pula çevrilirsə, onun bir ölçü vahidi olmalıdır. Bitcoinin mövcud dəyişkənliyi onun belə bir ölçü vahidi olmasına imkan vermir. Hansı dükan sahibi hər dəfə bitcoin bahalaşanda və ya dəyər itirəndə hər dəfə mallarının qiymətini dəyişdirmək ya da kim əmək haqlarının və ya əmanətlərinin alıcılıq qabiliyyətində yüksək dəyişkənlik istəyər ki?

Bu ziddiyyət, bitcoinin uğurlu ola bilməməsinin səbəbi ola bilər. Uğur onun əməliyyatlarda istifadə olunduğunu ifadə edir, lakin bunun üçün bitcoinin bir ölçü vahidi olması gərəkdir. Amma bunun üçün bitcoinin alıcılıq qabiliyyəti sabitləşməlidir.

Xoşbəxtlikdən, bitcoin nə qədər uğurlu olursa, onun acı nəticələri və daxili ziddiyyətləri bir o qədər çox görünür. Belə ki, bitcoinlər və digər kriptovalyutalar biz o duruma çatmadan çox əvvəl məhv olacaqlar. Bu zaman isə bitcoinin qiyməti sıfıra enəcək.

Bitcoin bir balondur (bubble). Bu baloncuğun onu idarə etmək mümkün olduğu müddət ərzində mənası var – sadəcə onu vaxtında tərk edin. Gözünüz hər zaman “İmperatorun paltar yoxdur” deyə bağıran kiçik bir uşaqda olsun.

Məqalənin orijinal mətnini buradan oxuya bilərsiniz.

Show More
Back to top button