Texnologiya

Metaverse: Metakainat gələcəyi necə formalaşdıra bilər?


“Reallığa son qoyan şey reallıqdan daha da real kimi görünəndir”.

— Jan Bodriyar “Simulyakrlar və Simulyasiya”

“Big data”, süni zəka, sosial şəbəkələr, 3D avatarlar, VR eynəklər, NFT, blokçeyn, kriptovalyuta… “Metaverse” və ya dilimizə uyğunlaşdırsaq, metakainat, əslində, o qədər də anlaşılmaz, dərk edilməsi müşkül bir anlayış deyil. Hələ ki, bütün detallarınadək ortaya necə bir şey qoyulacağı məlum olmasa da, təsəvvür yaradan müəyyən məlumatlar var.

Günbəgün real həyatdan virtual aləmə daha çox keçid edirik, alternativ, paralel bir dünya, yeni, fərqli bir texnoloji ekosistem yaradılır. Sanki bəşəriyyət başqa ölkəyə, şəhərə köç edirmiş kimi, virtual məkanda məskən salmağa hazırlaşır. Əslində, otuz il öncə internetin kəşfi ilə bu prosesin toxumları səpilmişdi. Yeni yarananda funksionallığı çox az olsa da, bu gün internetdə hər şey var: onlayn alış-veriş, elektron mətbuat, kitab, film, oyun, video, sosial şəbəkələr, mesencerlər… Bir də ayıldıq ki, həyat öz şəklini dəyişib, tamam ayrı, tanınmaz bir libasa bürünüb. 

Artıq günün əksər hissəsi irili-xırdalı ekranlara – kompüterlərə, planşetlərə, smartfonlara baxmaqla keçir. Demək olar, hər şey onlayndır, oflaynda olmaq qapalı, dar bir məkanda oksigensiz qalmağa bənzəyir. İşimiz də internetdən asılıdır, əyləncəmiz, istirahətimiz də, dost-tanışlarla ünsiyyətimiz, dünyayla əlaqəmiz də.

 “Facebook”a və ya konkret hansısa şirkətə, korporasiyaya məxsus olmayan metakainat internet kimi ümumi ifadədir. Mütəxəssislərə görə, smartfonlar təkcə zəng vurmağa yarayan köhnə nəsil mobil telefonların davamı olduğu kimi, metakainat da internetin gələcəyinə çevriləcək. Beləliklə, “Web 2.0”dan ”Web 3.0”a keçəcəyik. Digər tərəfdən, “Facebook”, “Google”, “Microsoft”, “Nvidia”, “İntel”, “Unity”, “Roblox”, “Epic Games”, “Decentraland” kimi texnologiya nəhənglərinin sözügedən layihəyə milyardlarla dollar sərmayə ayırması məsələnin önəmindən xəbər verir.

Metaverse və ya Metakainat nədir?

Mövzunu aydınlaşdırmaqdan ötrü əvvəlcə, oyun dünyasına işıq salaq: “Fortnite”, “Minecraft”, “GTA”, “World of Warcraft”, “Pokemon Go”, “Second Life”… Bənzər videooyunları oynayan, onlar haqda az-çox təsəvvürə malik hər kəs avatarların, virtual mühitin, orada macəradan macəraya atılmağın nə demək olduğunu bilir. Oyun aləmində nə istəsəniz var: hər cür kimliyə, varlığa çevrilə bilən rəngarəng personajlar, Yer kürəsinin, kosmosun istənilən nöqtəsinə, hansısa fantastik məkana səyahət, “Disney”, “Marvel” kimi nağılvari dünyalar, balıq olub üzmək, quşa dönüb uçmaq…

Metaverse isə daha genişdir. Metakainatın isə daha böyük, iddialı məqsədləri var. Hədəf oyun seqmentindəki bu texnologiyanı bir qədər də təkmilləşdirməklə arealı genişləndirmək, onun istifadəsini ancaq oyun oynamaqdan çıxarmaqdır. Fiziki və rəqəmsal dünyanın birləşdiyi, sosial şəbəkələr və videooyunların iç-içə keçdiyi uydurma, virtual bir mühit yaratmaq!.. Nəticədə, gündəlik fəaliyyətlərimizin, az qala, hamısını kiberfəzada reallaşdıracaq, belə demək olarsa, metakainatın  sakininə – “rəqəmsal vətəndaş”a çevriləcəyik. 

Proqramçılar, dizaynerlər, memarlar həm reallığa bənzər, həm də xəyali, fantastik dünyalar inşa etməkdədirlər. Gələcəkdə insanlar virtual ictimai məkanlarda toplaşacaq, simulyativ mühitlərdə dolaşacaqlar: kitabxanalar, muzeylər, kinoteatrlar, alış-veriş mərkəzləri, restoran-kafelər… Küçələr, binalar, şəhərlər, ölkələr… Hər kəsə lazım olan hər şeyi birləşdirəcək Metaverse…

metakainat

Təhsil, iş, gəzinti, səyahət – bütün bunlar metakainatda da olacaq. Fərz edək ki, evdə oturub, virtual iclas zalında şirkətimizin vacib bir toplantısına qatılmışıq. Əynimizdə pijamayla divandayıq, amma problem yoxdur, avatarımız kostyumdadır. Evdən çıxmadan yenə avatarımızla virtual mağazaya gedir, alış-veriş edirik. Az sonra aldıqlarımız real həyatda qapımıza gətirilir. Muzeydə, sərgidə, konsertdə olur, istədiyimiz ölkəyə səyahətə çıxırıq.

Yalnızca həyati vacib təməl ehtiyacları ödəməklə, başqalarıyla real ünsiyyət qurmadan kiçik bir otaqda ömür sürmək, gerçəkliyi unudaraq həddən artıq müxtəlif hiss-həyəcanları, emosiyaları yaşamaq mümkün ola bilər. Bir ömrə yüzlərlə, bəlkə də, minlərlə ömrü sığışdırmaq… 

Əvvəllər təxəyyüldə yaradılan şeylər, məsələn, cizgi film qəhrəmanları şəkillərdən, animasiya filmlərindən çıxıb cürbəcür oyuncaqlar kimi maddiləşərək həyatımıza daxil olurdusa, indi biz özümüzü virtuallaşdıraraq onların dünyasına yollanmağa hazırlaşırıq.

Sizə maraqlı ola biləcək yazı: NFT nədir? – Rəqəmsal dünyanın yeni trendi

Metaverse reallıq hissini yarada bilərmi?

Bu məsələyə şübhə ilə yanaşmazdan öncə bir daha düşünməkdə fayda var: əgər insan reallığı görmə, eşitmə, iybilmə, dadbilmə, toxunma kimi hiss üzvlərindən beyinə ötürülən siqnallarla qavrayırsa, niyə də şüur müxtəlif sensorlar vasitəsilə metakainatda yaşananları həqiqət kimi qəbul etməsin?

Bu gün oyun həvəskarlarına yaxşı bələd olan virtual reallıq (VR) eynəkləri, qulaqlıqlar, smart əlcəklər var. Gələcəkdə belə cihazlar daha da təkmilləşəcək, üstəlik, beyinə implant edilməsi planlaşdırılan çiplər, “Neuralink” kimi layihələr gündəmdədir. Bəs bu çiplərlə şüura, beyinin gerçəyi qavrama qabiliyyətinə təsir göstərmək, virtuallığı reallıq qədər həqiqi, inandırıcı etmək mümkün olmayacaqmı?

metaverse

Rəqəmsal iqtisadiyyat, NFT, kriptovalyuta

Metaverse sadəcə yuxarıda sadalananları əhatələmir. Metakainatın iqtisadiyyatda da müəyyən dəyişikliklərə yol açacağı bildirilir. Gerçək həyatda öz imicini, statusunu formalaşdırmaq üçün şəxsi əşyalarına, aksesuarlarına, geyiminə, avtomobilinə fikir verən insanlar virtualda da fərqlənməyə, başqalarından üstün görünməyə çalışacaqlar. Beləliklə, NFT-lərin, yəni bizə məxsus rəqəmsal məhsulların alqı-satqısı kütləvi hal alacaq. Bir sıra məşhur brendlər indidən dəyəri on minlərlə dollar olan geyimlərini, aksesuarlarını avatarlarımız üçün satırlar. 69 milyon dollarlıq NFT rəsm əsəri, yəni sadəcə piksellərdən ibarət, “JPG” formatlı şəkil isə öz alıcısını çoxdan tapıb.

metaverse

Oyun sektorunda milyardlarla dollar vəsaitin dövr etdiyini, metakainatın yaradılmasıyla bunun daha da artacağını nəzərə alanda gələcəkdə kriptovalyutalarla çalışan belə platformaların qlobal iqtisadiyyatı necə formalaşdıracağı barədə düşünməli olursan. İnsanların həyat tərzi, dolayısıyla da, pul xərcləmə alışqanlıqları dəyişəcək. Tutalım, evdən bayıra daha az-az çıxsaq, dərsə, işə, konsertə, səyahətə real deyil, virtual formada getsək, nəqliyyat sisteminin aqibəti necə olacaq?

Təsəvvür etmə, bax!

Metaverse necə təsəvvür edilir? Metakainatı daha yaxşı anlamaqdan ötrü gələcəyi illər öncədən təsvir etməyə çalışan, bir çox fəlsəfi-ideoloji suallara qapı açan filmlərə baxmaq olar. Məsələn: “Ready Player One”, “The Matrix”, “Surrogates”, “Avatar”, “Free Guy”, “The Thirteenth Floor”, “Tron”, “Wreck-It Ralph”…

Sizə maraqlı ola biləcək yazı: Blokda olan vəsait və gözləmə müddəti

Doğrudanmı biz hamımız metakainata axın edəcəyik? Bunun yan təsirləri olacaqmı?

Bu gün milyonlarla, hətta milyardlarla insan videolardan, şəkillərdən, yazılardan ibarət sosial şəbəkələrdə toplaşıb. Sabah indikindən daha zəngin, videooyunlardakı kimi, hər cür simulyativ imkanlara sahib, reallıq qədər canlı, daimi, sərhədsiz bir oazis yaradılsa, niyə də hamı bir nəfər kimi orada toplaşmasın ki?! Əgər çoxluq bir yerə – lap virtual olsa belə – yığışırsa, insan qrup psixologiyasının diktəsi ilə “mən də orada olmalıyam!” deyir.

metaverse

Smartfonlardan, video oyunlardan, sosial şəbəkələrdən ayrılmaqda çətinlik çəkdiyimiz kimi, metakainatdan da aralanmaq bəlli bir iradə, nizam-intizam tələb edəcək. Günün çox hissəsini virtualda keçirmək psixoloji problemlərə, reallıq hissinin aşınmasına gətirib çıxara bilər. Gerçəkliyə dönəndə kəskin təzadla üzləşməyimiz adi çətinlikləri belə, həddən artıq ağır bir yük kimi görməyimizə səbəb olacaq. Nəticədə, sıxıcı, maraqsız gələn həyata qarşı yadlaşacaq, depressiyaya düşəcəyik. Çox güman ki, özümüzü röyalar aləminin ixtiyarına buraxıb illüziyalar içində yaşamaq arzumuz metakainatdakı müəyyən məhdudiyyətlərlə, qayda-qanunlarla tənzimlənəcək.
“Silikon Vadisi” krallarının, texnologiya nəhənglərinin dünya hakimiyyətini tədricən ələ keçirdiyi dövrümüzdə fiziki və rəqəmsal reallıqlar arasındakı sərhədlər bir az da itməyə başlayıb. Yeni bir eraya qədəm qoyan dünyamız, yəqin ki, zamanla təzədən şəkillənəcək, libasını dəyişib fərqli, tanınmaz bir görkəm alacaq. Amma dəyişikliklər bitməyəcək, istənilən halda bu günün yeniliyi sabahın geriliyidir.

Oxşar yazılar

Bunları da oxumadan keçməyin
Close
Back to top button