AkademiyaSəmərəlilikYouTube

Hər şeyi yadda saxlamaq üçün 5 effektiv metod

Qəbul etdiyiniz informasiyanı mənimsəmək və yadda saxlamaq üçün bir çox üsul var. Oxuduğunuz materialı analiz etmə, oxuma mexanizmalarını tətbiq etmə, oxuyarkən qeydlər aparmaq və s. kimi üsullardan istifadə etmək olar. Ancaq bütün bu metodlar oxuyarkən əldə etdiyiniz informasiyanın passiv qalmasına, yadınıza düşmədiyi müddətcə həmin qeydləri yenidən gözdən keçirməməyinizə səbəb olur. Oxumaq həyatımızın böyük hissəsində istiqamətimizi təyin edir. Ancaq oxuduğumuz bu qədər materialı həyatımızda istifadə etmiriksə, yadda saxlamaq üçün çalışmırıqsa, düşüncələrimizə təsir etmirsə, onda onun üçün sərf etdiyimiz zamanı boşa xərcləmiş oluruq. Bəs onda oxuduğumuz informasiyaları aktiv olaraq yadda saxlamaq üçün nə etmək lazımdır?

Hər şeyi yadda saxlamaq üçün 5 effektiv metod | Oxuduqlarınızı heç vaxt unutmayın

Müasir dövrdə bilik ən qiymətli xəzinədir. Daha çox kitab oxuya bildiyiniz zaman oxuduğunuz məlumatları qəbul etmirsinizsə, sonradan onu xatırlamırsınızsa, və ya tətbiq etmirsinizsə, onda onları nə üçün oxuyursunuz? Burada önəmli məqam var. Əldə etdiyiniz məlumatlar iki növdə olur: fakt və konsepsiyalarla dolu informasiya. Hansı ki, bu tip kitab və ya məqalələrdə sırf faktlara əsaslanılır və daha çox akademik janrda olurlar. Bu tip məlumatlar araşdırmaçı olmadığınız təqdirdə həyatınızda çox az tətbiq edəcəyiniz növdəndir. Digər kateqoriya isə asanlıqla qavradığınız, daha çox gündəlik həyatınızda tətbiq edəcəyiniz informasiyalardır. Bütün hallarda oxuduğunuz məlumatı yadda saxlamaq və daha sonradan xatırlamaq üçün müəyyən metodlardan istifadə etməlisiniz. Yaddaşımızı möhkəmləndirmək üçün ən effektiv üsullar hansılardır?

1. Önbaxış

yadda saxlamaq

Önbaxış yadda saxlamaq baxımından ən vacib elementlərdən biridir. Kitabı və ya məqaləni daha effektiv oxumaq üçün əvvəlcədən səhifələyərək nəzərdən keçirin. Bunun üçün mündəricata, mətn başlıqlarına, əgər varsa nömrələnmiş siyahılara və ya ümumi qısa xülasəyə baxa bilərsiniz. Bunu mətni oxumamışdan əvvəl etmək, mətni oxuduğunuz zaman beyninizi ən vacib məlumatı daha asanlıqla seçməyə hazırlayacaq. Nəticədə effektiv şəkildə həm sizə lazım olan informasiyanı alacaqsınız, həm daha sürətli oxumaqla vaxtınıza da qənaət edəcəksiniz, həm də oxuduqlarınızı daha yaxşı yadda saxlayacaqsınız.

2. İşarələmək

işarələmək

Məlumatı oxuyarkən onu işarələmək həmin məlumatın yadda saxlamaq baxımından çox effektiv ola bilir. Ancaq bunu düzgün şəkildə etdikdə istənilən nəticəni əldə etmək olar. Məsələn bir çox insanlar mətni oxuyarkən və ya göz gəzdirərkən işarələməyə meyillidirlər və mətni həqiqətən oxuyub dərk etdiklərini anlamırlar. Oxuma zamanı qələmlə lazımi sətirlərin altından xətt çəkmək sizin həmin informasiyanı sonradan tapmaq və yadda saxlamaq üçün ən yaxşı üsullardan biridir. Ancaq oxumağa bu fikirlə başladığınız təqdirdə mətnin məğzinə fokuslanmırsınız. Sizin üçün maraqlı olan altından xətt çəkəcəyiniz məlumatlar olur. Bu halda gələcəkdə onları xatırlamaqda problem yaranır, çünki sadəcə bu prosesə fokuslandığınız üçün həmin məlumatın necə formalaşdığı haqqında fikriniz olmur. Bu çox önəmlidir, nə qədər ki, az işarələyirsiniz, bir o qədər oxuduğunuzu dərk etməyə çalışırsınız. Bu metodu istifadə edərkən bir neçə rəngdən istifadə edərək məlumatı kodlaşdıra da bilərsiniz. Beləliklə, beyniniz onu avtomatik olaraq ayırd edəcək və daha yaxşı yaddaşında saxlayacaq. Bu metodu həm fiziki, həm də dijital oxuma alətlərində tətbiq etmək mümkündür.

3. Oxuduqdan sonra qeydlər aparmaq

qeydlər aparmaq, yadda saxlamaq

Oxuma zamanı ən vacib məqamlardan biri də mətni oxuduqdan sonra qeydlər aparmaqdır. Mətni tam oxuyub bitirməyə ehtiyac yoxdur, ancaq hər hansı bölməni oxuyursunuzsa, həmin hissəni bitirdikdən sonra qeydlər aparmağınız, aldığınız informasiyanın beyninizdə möhkəmlənməsinə səbəb olacaq. Burada sual yarana bilər ki, hansı detallar barədə qeydlər aparılmalıdır? Qeyd aparmalı olduğumu necə biləcəm? Əvvəl də qeyd etdiyimiz kimi, oxumadan əvvəl önbaxış keçirmək sizə hansı hissələrdə qeydlər aparmalı olduğunuzu göstərəcək. Qeydlər aparmalı olduğunuz hissələr açar sözlər, vacib hiss etdiyiniz informasiya, əsas məqamlar, qalın və ya incə şriftlərlə yazılmış cümlələr və ya nömrələnmiş siyahılar ola bilər. Buna siz özünüz qərar verəcəksiniz. Çox detallı şəkildə qeyd aparmağa ehtiyac yoxdur. Qeydlərin uzunluğu və formatı tamamilə sizin zövqünüzə görə dəyişir. Ancaq əsas məqam budur ki, qeydləriniz həmin informasiyanı yada salmaq üçün tətikləməlidir. Yazılanı təkrarlamaq əvəzinə onun qısa xülasəsini və ya əvəzləyəcək açar sözü istifadə edə bilərsiniz. Bu da mətni daha yaxşı yadda saxlamaq üçün vacib addımlardan biridir.

4. Oxuduqlarınızı ümumiləşdirin

oxuduqlarınızı ümumiləşdirmək

Və bu da bizi növbəti vacib mərhələ olan ümumiləşdirmə mərhələsinə gətirib çıxarır. Oxuduqlarınızı yadda saxlamaq üçün ümumiləşdirmək ən effektiv addımlardan biridir. Burada ən optimal üsul bölməni sona qədər oxuyub, geri qayıdıb əsas məqamları gözdən keçirib qeydlərinizə nəzər yetirməyinizdir. Daha sonra isə oxuduqlarını anladığınız tərzdə xülasə şəklində ümumiləşdirirsiniz. Qeydlər kimi bu hissənin də uzun olmasına ehtiyac yoxdur. Əsas məsələ odur ki, aldığınız informasiyanı tam mənimsədiyinizi dərk edəsiniz. Sadəcə oxuduqlarınızın ən vacib və diqqət çəkən məqamları ehtiva edən çox distillə edilmiş versiyasını yaratmalısınız. Nəhayət, oxuduqlarınızı tamamlaya biləcək ikinci dərəcəli məlumat mənbələrini axtarın. İkinci dərəcəli məlumat mənbələrinin kitab olması şərt deyil. Bu video, podkast, sosial media postu, hətta oyun da ola bilır. İkinci dərəcəli mənbələrin kitab vasitəsilə hazırladığınız materiala əlavə sinir əlaqələri qurmaq kimi ikili faydası var, lakin bu, həm də sizin maraq səviyyənizi yüksək saxlayır və ya çox maraqlı olmayan mövzular üçün maraq səviyyənizi potensial olaraq artıra bilər. Bu barədə ən vacib məqam budur ki, maraq effektiv öyrənmə və uzunmüddətli xatırlamanın ən mühüm tərkib hissəsidir.

Sizin üçün maraqlı ola biləcək yazı: Effektiv araşdırma üçün ən yaxşı vasitələr: İKİNCİ BEYİN strategiyası

5. Sistemləşdirmə – İkinci Beyin

İkinci beyin

Yuxarıda sadalanan metodları uzun müddət tətbiq etdikdə belə əldə etdiyiniz informasiyaları unutmağınız mümkündür. Çünki insan beyni əldə etdiyi informasiyaları praktikada istifadə etmirsə, onları passivləşdirir və zamanla unudur. Bədii ədəbiyyat oxuduqda, beynin onu təcrübə etməsinə gərək qalmır, çünki biz ancaq bizə maraqlı olan kitabları oxumağa üstünlük veririk. Ancaq faktlarla dolu yazı və ya kitab oxuduqda, beynimiz onları istifadə etmədiyi müddətcə yadda saxlamaq istəmir. Bunun səbəbi bizim gün ərzində daha çox informasiya qəbul etməyimiz və beynimizin həmin informasiyaları vəziyyətə görə prioritetləşdirməsidir.

Belə olduqda oxuduqlarınızı yadda saxlamaq, xatırlamaq və ya yenidən baxmaq üçün mükəmməl sistemə sahib olmalısınız. Müasir dövrdə bu daha asandır, çünki istifadə etdiyimiz cihazlar bizim əvəzimizə çox işi görməyi bacarırlar. Belə bir sistem qurmaq üçün sizə bir sıra proqram və istifadə etdiyiniz cihaz lazımdır.

Oxumaq üçün istifadə edilən ən məşhur cihazlardan biri Kindle cihazıdır. Bu cihaz xüsusilə kitab oxumaq üçün istehsal olunub və istədiyiniz qədər kitabı endirib, gözləriniz yorulmadan oxuya bilərsiniz. Ancaq Kindle proqramı Android və iOS cihazlar üçün də aktivdir, yəni oxumaq üçün Kindle cihazını almağa ehtiyac yoxdur. Haqqında danışacağımız sistem barədə ayrıca video yayımlayacağıq, ancaq qısaca necə işlədiyini nümunələrlə göstərəcəyik.

Amazon Kindle

Sistemin əsas proqramlarından biri Readwise proqramıdır. Bu sistem oxuduğunuz məlumatları yadda saxlamaq üçün qura biləcəyiniz ən effektiv sistemdir. Əvvəl də qeyd etdiyimiz kimi oxuyarkən lazımi informasiyanın altından xətt çəkmək, işarələmək onun yadımızda qalmasına xeyli kömək edir. Readwise oxuduğunuz materiallardakı işarələdiyiniz məlumatları çıxarır və qurduğunuz databazaya göndərir.

Readwise

Oxuduğunuz məlumatları daim saxlamaq üçün İnstapaperNotion proqramlarından istifadə edə bilərsiniz. İnstapaper internetdə gördüyünüz, ancaq həmin an oxuya bilmədiyiniz materialları saxlamağa kömək edən proqramdır. Chrome və Safari üçün əlavəsi də var. İstifadəsi olduqca asandır. Gördüyünüz yazını götürmək üçün veb səhifədə İnstapaper əlavəsini sıxırsınız.

Instapaper

İnstapaper əsas mətni və ona aid olan şəkilləri alaraq öz sistemində saxlayır. Digər saxlama metodu isə Notionda qura biləcəyimiz data bazadır. Qısaca olaraq Notion qeyd tutma proqramıdır, ancaq bazarda mövcud olan ən professional tətbiqetmədir. Yazıları saxlama mexanizmi İnstapaper ilə eyni olsa da, burada daha çox redaktə imkanı var.

Notion

Readwise İnstapaper və Kindle üzərində oxuduğunuz materiallardakı qeydləri Notion üzərində birləşdirmə funksiyası daşıyır. Yəni sizə lazım olan informasiyanı data bazaya əlavə edib, sizin üçün daha əlçatan olmasına xidmət edir. Proqramı Kindle, Notion və İnstapaper hesablarına bağladıqdan sonra, avtomatik olaraq Notion üzərində səhifə yaradır. Burada kateqoriyalara görə ayrı ayrı bazalar görə bilərsiniz. Books yazılan hissədəki qeydlər Kindle üzərindən gələnlərdir. Articles hissəsində olanlar isə İnstapaper üzərindən bura köçürülür. Podkastlar və tvitlər də uyğun kateqoriyadakı saytlardan bura gəlir. Readwise sadəcə kindle və ya instapaper ilə işləmir, sinxronizasiyaya sahib olduğu 10-larla proqram var. Beləliklə, Notion üzərində məlumatları yadda saxlamaq üçün yaratdığınız bu bazada istədiyiniz məlumatı istədiyiniz vaxt tapa bilərsiniz.

Readwise and Notion

Ancaq bir müddət sonra bu sistemin də effektiv olmadığını görsəniz, o zaman növbəti mərhələyə keçmək lazımdır. Bu mərhələdə isə edəcəyiniz oxuduğunuz material haqqında nə öyrəndiyiniz və onu 3 cümlə ilə ifadə etmə bacarığınızı göstərməkdir. Bir kitabı 3 cümlə ilə ifadə etmək asan deyil, ancaq yaddaşınız möhkəmləndikcə, sizdə vərdiş yaranacaq və asanlıqla özünüzü ifadə edə biləcəksiniz. Yaratdığınız daha bazada kitabla bağlı subyektiv fikirlərinizi, əlaqəli materialları və buna bənzər digər qeydləri də apara bilərsiniz. Bu sistem olduqca effektivdir, ancaq eyni zamanda bu qeydləri aparmaq üçün zaman tələb edir. Əgər zamanınız azdırsa, onda əvvəl qeyd etdiyimiz metod sizə daha çox kömək olacaq.

yadda saxlamaq

Yekun olaraq, insanların hər şeyi yadında saxlaması mümkünsüz kimi görünsə də, informasiyanı həyatımızda tətbiq etdikcə yaddaşımız bir o qədər güclənir. Buna görə də istehlak etdiyimiz informasiyanı niyə qəbul etdiyimizi, bizə nə gətirəcəyini bilməliyik. Əks təqdirdə, sadəcə olaraq zaman itirmiş oluruq. Quracağınız sistem sizin oxuduqlarınızı daha yaxşı yadda saxlamaq və həmişə xatırlamağınıza gətirib çıxaracaq. Ancaq hansı sistemin necə təsir etdiyini bilmək üçün bir müddət test etməlisiniz. İlk 4 mərhələyə çatmaq və tətbiq etmək olduqca asandır. İkinci beyin sistemi isə ilk baxışdan qarışıq gələr bilər, ancaq ilk 4 mərhələdə əldə etdiyiniz təcrübələr bu sistemin daha yaxşı işləməsinə səbəb olacaq.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button