Akademiya

İngilis dili öyrənmək üçün ən yaxşı tətbiqlər

İngilis dili öyrənmək indiki dövrdə artıq elə də çətin deyil. Bunun üçün sonsuz sayda məlumat bazası və alətlər mövcuddur. Əvvəllər insanlar kurslara yazılaraq bu dili öyrənirdilərsə, artıq tərtib olunan mobil proqramlar vasitəsilə istədikləri an telefonda istənilən dili öyrənmək mümkündür. Çünki bu tətbiqləri əldə etmək asandır və istifadə edərkən zövqünüzə/zamanınıza uyğun hərəkət etdiyiniz üçün dil öyrənmə prosesi də əyləncəli olur. Bu tətbiqlər həqiqi dərsləri və müəllimləri əvəzləməsə də, şəxsi inkişaf üçün çox faydalıdır. Hazırda ingilis dilini öyrənmək üçün saya bilməyəcəyimiz qədər tətbiq var, amma bu yazıda kateqoriyalarına uyğun bir neçə tətbiqdən bəhs edəcəyik. Bu tətbiqləri təcrübədən keçirmişik və uzun müddət istifadə etmişik.

1. DUOLINGO

Ən yaxşı pulsuz tətbiqlərdən biridir. Gün ərzində sadəcə 20 dəqiqə sərf etməklə ingilis dilini interaktiv şəkildə öyrənə bilərsiniz. Tətbiqi istifadə etmək üçün internet bağlantısı vacibdir. Ancaq oflayn olaraq götürdüyünüz kursları telefonun yaddaşına endirmək üçün tətbiqə ödəniş etməlisiniz. Duolingodakı dərslər sizin ingilis dili öyrənmək tərzinizə uyğunlaşır. Buradakı kurslar lüğəti effektiv öyrənməyə və nəzərdən keçirməyə kömək edəcək şəkildə hazırlanmışdır. İnteraktivlik test formasında təmin olunur. Cavabların səhv və ya düz olduğunu dərhal görürsünüz. Əgər öyrənmə prosesində çətinliklə qarşılaşsanız, tətbiq sizə bunu necə inkişaf etdirəcəyinizi də göstərir. Duolingonun statistikalarına görə 34 saatlıq Duolingo dərsi universitetdəki 1 semestrlik dil dərsinə bərabərdir. Tətbiqin ən önəmli özəlliyi isə daxilində beynəlxalq səviyyədə tanınan imtahanın olmasıdır. IELTS imtahanı sertifikatından qat qat ucuz şəkildə Duolingo sertifikatı əldə edə bilərsiniz. Bu sertifikatlar dünyanın bir çox universitetində də tanınır.
Tətbiqi endirmək və əlavə məlumat üçün 👉🏻 DUOLINGO RƏSMİ SAYT

2. MEMRISE

Bu tətbiqin 50 milyondan çox istifadəçisi var. Tətbiq daxilindəki dərslər ekspertlər tərəfindən hazırlanıb. Tətbiq sözlərin mənasını, tərcüməsini, işlənmə yerini qısa formalarla interaktiv şəkildə öyrədir. Burada sadəcə ingilis dilini deyil, həm də digər dilləri öyrənmək mümkündür. Bundan əlavə, tətbiq daxilində digər şəxslərlə də ünsiyyət quraraq dil biliklərinizi praktikadan keçirə bilərsiniz. Tətbiqdəki kurslar sizə həm dinləmə, həm yazma, həm də oxuma kimi vərdişlərinizi gücləndirir, bu da sizin ingilis dili öyrənmək bacarıqlarınızı daha da effektivləşdirir. Lüğətini artırmaq istəyənlər üçün çox gözəl proqramdır. Bundan əlavə telefonun kamerasından istifadə etməklə tətbiq üzərinə tutduğunuz əşyaları da anlayaraq onu seçdiyiniz dilə tərcümə edə bilir. Beləliklə, hər hansı bir əşyanın adını yazmadan da onun nə olduğunu öyrənə bilirsiniz. Tətbiqin ödənişli versiyasında isə daha çox imkan var.
Tətbiqi endirmək və əlavə məlumat üçün 👉🏻 MEMRISE RƏSMİ SAYT

3. BUSUU

Bu tətbiqin 100 milyondan çox istifadəçisi var. Dərslərin həcmi sizin vaxtınıza görə hazırlanıb. Tətbiq daxilində öyrənmək istədiyiniz dili öz cədvəlinizə uyğun tənzimləyə bilərsiniz. Maraqlı fakt: Tətbiqdəki 22 saatlıq dərs universitet və ya kollecdə semestr ərzində tədris olunan dərsə bərabərdir. Busuu tətbiqinin maraqlı hekayəsi də var. “Busuu” adı Kamerunda mövcud olan busuu dilindən götürülüb. Ancaq məsələ burasındadır ki, həmin dil yox olmaq üzrədir və tətbiq yaradıcıları həm buna diqqət çəkmək, həm də busuu dilini öyrətmək məqsədilə xüsusi dərslər tərtib ediblər. Tətbiq özündə 12 dil üzrə dərsləri ehtiva edir. Qeydiyyat ödənişsizdir, ancaq premium hesabı almaqla siz tətbiqin bir sıra funksiyalarını da əldə edirsiniz: qrammatika dərsləri, oflayn rejim, McGraw-Hill Education sertifikatı və lüğət məşqləri.
Tətbiqi endirmək və əlavə məlumat üçün 👉🏻 BUSUU RƏSMİ SAYT

4. HELLOTALK

Bu tətbiq digərlərindən fərqlənir. Burada ingilis dilini öyrənmək üçün xüsusi dərslərə deyil, dünyanın müxtəlif nöqtələrində yaşayan və ana dili ingilis dili olan şəxslərlə ünsiyyət qurmaq nəzərdə tutulur. Tətbiqin işləmə mexanizmi olduqca sadədir. Əslində bu platforma dillərin barteridir, yəni siz öz dilinizi öyrətmək qarşılığında dil öyrənirsiniz. Bu platformanən 150 ölkədən 30 milyona yaxın istifadəçisi var. Tətbiq daxilində dil bacarıqlarınızı audio, video və yazılı şəkildə yoxlaya bilərsiniz. Səs tanımlama sistemi sizin tələffünüzü də inkişaf etdirəcək. Tətbiq daxilində quraşdırılmış qrammatika aləti isə yazışarkən daha az səhv etməyinizə yardımçı olur. Tətbiqin rəsmi saytı yoxdur, ancaq iOS və Android platformalarının uyğun marketlərində axtarışa verib yükləyə bilərsiniz.

5. British Council – Learn English Grammar

Hər hansı dilə tam yiyələnmək üçün mütləq şəkildə onun qrammatikasını yaxşı bilmək lazımdır. The Learn English British Council tətbiqi daxilində müxtəlif mövzulara uyğun dərs və testləri cəmləşdirib. Başlanğıc (Beginner) səviyyədən ən yüksək (Advanced) səviyyəyə qədər bütün sahələrə uyğun testlərlə həm öyrənə, həm də özünüzü test edə bilərsiniz. İnterfeysi olduqca sadədir, burada əsas məqsəd qrammatikanı sadə yollarla izah etməkdir. Bütün səviyyələr üzrə qrammatikaya aid 12 mövzu və hər mövzuya aid 20 fəaliyyət var. Tətbiqin rəsmi saytı yoxdur, ancaq iOS və Android platformalarının uyğun marketlərində axtarışa verib yükləyə bilərsiniz.

6. Tandem

Hellotalk tətbiqinin alternatividir. Ən böyük dil platformalarından biridir. Burada da səsli və yazılı şəkildə digər insanlarla ünsiyyət qura bilərsiniz. Tandemin digər tətbiqlərdən fərqi daha çox sosial platforma formasında olmasıdır.
Tətbiqi endirmək və əlavə məlumat üçün 👉🏻 TANDEM RƏSMİ SAYTI

Əgər yazımızı bəyəndinizsə, o zaman bu məqaləmizə də göz atın 👉🏻 Elm adamlarından həyatlarına yön verən kitab tövsiyələri

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button