Nərimanovun Leninə ermənilərlə bağlı məktubu
Nəriman Nərimanovun Leninə yazdığı məktubların mahiyyəti və kontenti çox insana məlum deyil. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Nərimanov Azərbaycan üçün vacib sayılan bir çox məsələni Mərkəzi Komitənin diqqətinə çatdırmışdı.
Rusiya Kommunist Bolşevik Partiyası Qafqaz bürosunun katibi G.Orjonikidze, Ermənistan və Azərbaycan arasındakı torpaq məsələsinə Rusiyanın münasibətinin formalaşmasında mühüm rol oynamışdı. O, 1920-ci ilin iyununda Xalq Komissarları Sovetinin Başçısı V. Leninin Azərbaycanın daxili və xarici siyasətinə dair göstərişi ilə təyin edildi. Beləliklə, N.Nərimanovun rəhbərlik etdiyi Azərbaycan hökuməti faktiki olaraq Ermənistanla danışıqlardan kənarlaşdırıldı.
Zəngəzurun ermənilərə verilməsindən sonra Nərimanov bu barədə fikirlərini məktub şəklində Leninə bildirir. Bu məktublardan birində isə Azərbaycan baş verən prosesləri daha tənqidi formada Leninin diqqətinə çatdırır. Bu məktubda tarix yox idi və əvvəldən göndərilmiş teleqraflara istinadən yazıldığı üçün Nərimanov məktubda başlıqdan da istifadə etmir.
Sizə maraqlı ola biləcək yazı: Atatürkün Nərimanova ‘yardım et’ məktubu
Nərimanov öz məktubunda iki məsələyə diqqət çəkir: Zəngəzurun ermənilərə verilməsi və Azərbaycanda hakimiyyətin azadlığı. Zəngəzur məsələsinə diqqət çəkən Nərimanov yazır: “Dəhşətli vəziyyət meydana gəlib. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın müstəqilliyini tanımış, fəqət eyni zamanda o, yəni Mərkəz, Azərbaycanın qeyd-şərtsiz torpaqlarını Ermənistana verir. Əgər bu torpaqlar Gürcüstana verilsə idi, ictimai fikirlərlər min bir üsulla mübarizə aparmaq olardı. Lakin Ermənistana, Daşnaqlara vermək, düzəldilməsi mümkün olmayan pis nəticələr gətirəcək bir xətadır.”
Azərbaycanın müstəqilliyi barəsində isə o qeyd edir: “Bizi dəhşətə gətirən Mərkəzin başqa qərarıdır: Mərkəzdən hər gün yeni nümayəndələr gəlib əllərindəki səlahiyyət və icazə sənədlərinə əsasən bu və ya digər səbəblərə görə tanınmış xalq komisarına tabe olmaq haqqında bizə əmrlər verirlər. Əziz Vladimir İliç, məgər ‘Müstəqil Azərbaycan’ sizin dilinizdən çıxmadımı? İndi isə vəziyyət eynən bu vəziyyətdədir: Hər zaman Denikini müdafiə edən Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın torpaqlarını almışdır. İndiyə qədər iki üzlü siyasət yeridən Gürcüstan müstəqillik qazanmışdır. Bu üç cümhuriyyətdən ilk olaraq Sovet Rusiyasını qucaqlayan Azərbaycan isə həm müstəqilliyini, həm də torpaqlarını itirmişdir.
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra rusların sayı burada artmış, dövlət dairələrində rus və ermənilərə yüksək vəzifələr verilmişdi. Ona görə həm Zəngəzur, həm də Dağlıq Qarabağ məsələsində Nəriman Nərimanov böyük mübarizə aparmışdı. Öz məktubunda isə bununla bağlı olaraq qeyd edirdi: “Bizə qarşı edilən bütün bu işlərin səbəbkarı kimdir? Birincisi Mərkəzin heç nədən xəbərinin olmaması və ikincisi Mərkəzdə olan erməni Daşnak kommunistlərinin iyrənc düşüncələri. Mən, sizin diqqətinizi bu məsələlərə çəkmək istəyirəm.
Bütün bu səylərə baxmayaraq Zəngəzur ermənilərə verildi, lakin Dağlıq Qarabağın daşnaklara verilməsinin qarşısı alındı. Nəticədə 1921-ci ildə qəbul olunan qərarda Lenin Qarabağın Azərbaycanın tərkibində qalması ilə bağlı göstəriş verdi. Nəriman Nərimanov fəaliyyəti dövründə bir çox şəxsə məktublar ünvanlamışdır. Məktublarında bu gün düşünülünənin əksinə ermənilərin azərbaycanlılara qarşı qətliamlarından və Azərbaycanda işğalçılıq siyasətlərindən söz açaraq azərbaycanlıların və türklərin Sovetlər hakim dairələrində haqqlarını qoruduğunu görmək olur.