Şəffaf Günəş panelləri yeni era başlada bilər
Son zamanlarda günəş enerjisindən istifadə aktual mövzulardan birinə çevrilib. Ən böyük xüsusiyyətlərindən biri enerji təchizatında böyük potensial vəd etməsidir. Koreyadakı elm adamları günəş enerjisindən istifadə etmək üçün yüksək güc vəd edən şəffaf günəş panellərinin ixtirası və inkişafı üçün yenilikçi dizayn təklif ediblər. Bu yenilik ətraf mühitin qorunması üçün önəmli addım ola bilər. Tədqiqatçılar yerindəcə enerji istehsal edə bilən “şəxsi enerji” qavramı haqqında araşdırmalarına başlayıblar. Məsələn, günəş batareyaları pəncərələrə, nəqliyyat vasitələrinə, mobil telefon ekranlarına və digər istehlakçı məhsullarına inteqrasiya edilə bilər. Ancaq bunun üçün günəş panellərinin səmərəli və şəffaf olması vacibdir. Bu məqsədlə elm adamları yaxında günəş panellərinin şəffaf variantları olan “şəffaf fotovoltaik (TPV)” cihazlar ixtira etdiblər. Ənənəvi qara günəş panellərindən (işığı udan) fərqli olaraq şəffaf panellər ultrabənövşəyi şüalardan istifadə edərək enerji depolayırlar.
Adi günəş panelləri “yaş tip” (həll əsaslı) və ya “quru tip” (metal oksid yarımkeçiricilərdən ibarət) ola bilər. Quru tipli günəş panellərinin yaş tiplərə nisbətən cüzi üstünlüyü var: daha etibarlı, ekoloji cəhətdən səmərəli və qənaətcildir. Üstəlik, üzərində mövcud olan metal oksidlər ultrabənövşəyi işığı udmaq üçün çox uyğundur. Bütün bunlara baxmayaraq, metal oksid TPV-lərin potensialı bu günə qədər tam araşdırılmamışdır.
Şəffaf Fotovoltaik (TPV) cihazları istehsal etmək artıq mümkün hala gəlir.
Bu məqsədlə Koreyanın İncheon Beynəlxalq Universitetinin tədqiqatçıları metal-oksid əsaslı TPV cihaz üçün yaratdıqları dizaynı açıqlayıblar. Onların fikrincə effektiv bir TPV cihazı yaratmaü üçün iki şəffaf metal oksid yarıkeçiricilər arasında ultra nazik silikon təbəqə qoymaq lazımdır. Tədqiqata rəhbərlik edən professor Joodong Kim belə deyib: “Məqsədimiz, sink oksidi ilə nikel oksidi arasında ultra incə amorf silikon qoymaqla yüksək enerji əldə edən şəffaf günəş panelləri dizayn etmək idi.”
Silikon tətbiq edilən bu dizaynın üç böyük üstünlüyü var:
- Birincisi, daha uzun dalğalı işıqdan istifadə edə bilir.
- İkincisi, effektiv foton toplama prosesini həyata keçirir.
- Üçüncüsü, yüklənmiş hissəciklərin elektrodlara daha sürətli çatmasını təmin edir.
Üstəlik, bu dizayn zəif işıq şəraitində də (məsələn, buludlu və ya yağışlı günlərdə) potensial olaraq elektrik enerjisi istehsal edə bilər. Bütün bu sadalananlara əsaslanaraq tədqiqat qrupu bu yeni günəş panellərinin real həyatda tətbiq olunmasının tezliklə mümkün olacağına nikbin baxır. Onlar bu cihazların şüşə binalardan tutmuş, elektrik avtomobillər, smartfonlar və hətta sensorlara malik həssas cihazlara da tətbiq edilə bilinəcəyinə inanır.