Faktlar

Yenilməz Armadalar həqiqətən yenilməzdirmi?

İdmanın bir sıra sahələrində fəaliyyət göstərən komandaların bənzətmələri olur: qırmızı şeytanlar, zadəganlar, aslanlar və s. Bu komandaların bəziləri isə tarixdə mövcud olmuş hadisələrə istinad edərək öz uğurlarını onların tarixi adları ilə adlandırırlar. Türkiyədə Fenerbahçe-Galatasaray derbisi ən məşhur derbilərdəndir və idmanın bütün sahələrində bu, özünü biruzə verir. Son zamanlarda basketbolda Galatasarayın Eurocup, Fenerbahçe Euroleague çempionu olmasından sonra bu rəqabət daha da qızışmışdı. Uzun illərdən bəridir ki, Galatasaraya “yenilməz armada” deyilir.

Son 10 ili nəzərə alsaq, istər güc, istərsə də büdcə cəhətdən Galatasarayı üstələyən Fenerbahçe bu derbilərin əksəriyyətinə qalib gəlir. “Yenilməz armada” həmişə yenilir. Bu zaman sual yaranır ki, məğlub olan komanda niyə özünə Yenilməz armada deyir. Bunun cavabını araşdırmaq üçün XX əsrin ortalarına səyahət etmək lazımdır. Belə ki, 1943-47-ci illər arasında Galatasaray Samim Göreç rəhbərliyində bütün matçlarda məğlub olmur, bu məğlubiyyətsizlik seriyasına görə də özlərini “yenilməz armada” adlandırırlar. Əlbəttə ki, o zamanlar Fenerbahçenin basketbol şöbəsi yox idi və 1952-ci ildə Samim Göreç və Turgut Atakol, Muhtar Sencer ilə birlikdə Fenerbahçenin basketbol şöbəsini açırlar. Bundan sonra isə Samim Göreçin Fenerbahçesi məğlub olmur və Galatasarayın bu ünvanını onların əlindən alır. Amma daha sonra Fenerbahçeyə “yenilməz armadanı yenən armada”deyirlər. Yenilməz armada artıq yenilir.

Galatasaray o illərdəki ləqəbini bir zamanlar tarixin ən güclü donanması olan və məğlub edilməyən ispan donanmasından alır. “Yenilməz armada” ispan donanması Böyük coğrafi kəşflər dövründə böyük ərazilərin kəşf olunmasında və Latın Amerikasının ispan vətəninə çevrilməsində böyük rol oynamışdır. Lakin gücünün zirvəsində olan donanma 1588-ci ildə tarixində ilk dəfə ağır məğlubiyyətə düçar olur. İngiltərə 1585-ci ildə Hollandiya (Şimali) ilə birləşərək ispanlara qarşı ittifaq qurur. Bu ittifaq İngiltərə ilə İspaniya arasında müharibəyə səbəb olur. İspaniya kralı II Filipp bu ittifaqa qarşı öz donanmasını İngiltərə ilə Atlantik okeanında baş tutacaq böyük müharibəyə hazırlamağa başlayır. Yaratdığı əzəmətli donanmanın adı isə “Yenilməz Armada” idi. II Filipp donanmanı İngiltərə ilə müharibəyə göndərməklə iki əsas hədəf güdürdü:

  • 1.İngilis gəmiləri koloniyalardan İspaniyaya mal daşıyan ispan gəmilərini vururdu. Əgər bu gəmilər məhv edilsəydi, onda ispan iqtisadiyyatı rahat nəfəs alacaqdı.
  • 2.Protestantlıq hərəkatı ilə qan gölünə dönən Hollandiya ən böyük dəstəkçisini itirəcəkdi. II Filipp ingilisləri məğlub etmək üçün hərəkətə keçir, lakin aldığı tələsik qərarlar onun donanmasının sonunu hazırlayır.

İspanların ingilislərin mümkün manevrlərinə qarşı bir planları yox idi, ingilis gəmilərinin topları daha uzun məsafəli idi. Son olaraq isə II Filipp hücum etmək üçün düzgün nöqtə və zaman seçməmişdi. Onun seçdiyi sahil dəmir atmaq və sahilə çıxmaq üçün uyğun deyildi. 1588-ci ildə ingilislərin sərt mübarizəsi ilə qarşılaşan donanma geri dönmək qərarı alır, dönüş yolunda qarşılaşdıqları qasırğa gəmilər arasındakı nizamı pozur və 24 gəminin parçalanaraq İrlandiya sahillərinə çırpılmasına səbəb olur. Beləliklə, əzəmətli və məğlubedilməz ispan donanması darmadağın olur və donanmadan sadəcə bir neçə gəmi gəmi İspaniyaya geri qayıda bilir. Tarixdə bu qasırğaya ispan donanmasını batıran Protestant Qasırğası da deyirlər. Beləliklə, uğursuz müharibə Yenilməz Armadanın gücünü get-gedə azaldır. Yenilməz Armada 1600-cü illərin sonunda Hollandiyaya da məğlub olaraq gücünü tamamilə itirir və əzəmətli ispan donanmasının dəniz hökmranlığını tamamilə bitir. Bununla da dənizlərdə hökmranlıq ingilis donanmalarına keçir və bu donanma İngilərəyə “Üzərində günəş batmayan imperatorluq” ünvanını qazandırır.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button