Elm

Yuxuların başqaları tərəfindən öyrənilməsi mümkün hala gəlirmi?

Sizlərə 2013-cü ildə Dr. Yukiyasu Kamitaninin rəhbərliyi ilə Kyoto Beynəlxalq Yüksək Telekommunikasiya Araşdırma İnstitutunda aparılan tədqiqat prosesini təqdim edirik. Söhbət əlbəttə ki, “Inception” filmindəkinə bənzər formada yuxulara müdaxilədən getmir. Ən azından, bu, ‘hələ ki’ mümkün deyil.

Bu tədqiqat işində ilk dəfə yuxu prosesinin necə şifrələndiyi və yuxuda baş verən proseslərin tərkib hissələrinin nələr olduğunu əvvəlcədən təxmin edə bilməyin mümkünlüyü müşahidə edilib. Araştırmalar gözləniləndən fərqli olaraq daha çox və tez-tez yuxu gördüyümüz REM (Rapid Eye Movement – Sürətli Göz Hərəkəti) mərhələsində deyil, qısa və kəskin yuxular gördüyümüz NREM (Non-Rapid Eye Movement) mərhələsində aparılıb. 

Tədqiqat boyu könüllü olmuş şəxslər dəfələrlə MRT cihazına uzanmalı olublar. Proses bu şəkildə aparılıb: Şəxsin hər yuxuya getdiyi anda araşdırmaçılar qısa bir müddət gözlədikdən sonra beynin aktivliyini qeyd etməyə başlayıblar və daha sonra onu oyandırıb qısaca olaraq yuxuda gördüklərini və özünü necə hiss etməsi barədə qeydlər aparmasını istəyiblər. Sonra yenidən həmin şəxsin təkrar yuxuya getməsini gözləyiblər və təcrübə bu şəkildə təkrar davam etdirilib. Nəticədə yüzlərlə yuxudan əldə edilən məlumatlar toplanılıb. 

Nümunə bir yuxu qeydinə baxaq: “Böyük bürünc bir heykəl gördüm… kiçik bir təpədə və onun ətrafında evlər, küçələr və ağaclar var idi.”

Daha sonra isə iştirakçıların yuxularında gördükləri və tez-tez rastlanılan əşyaları təqdiqatçılar qruplara ayıraraq müəyyən edilib: kitablar, avtomobillər, mebellər, kompyuterlər, kişilər, qadınlar və.s. Növbəti mərhələdə iştirakçılara yuxarıda qeyd olunan əşyalar göstərilib. Tədqiqatçılar onlara bu əşyalar göstərdikləri müddətdə MRT cihazı vasitəsilə onların beyninin fəaliyyətini və beyin dalğalarını qeyd edilib. Beləliklə, tədqiqatçılar artıq bir insanın yuxuda bir avtomobil və ya bir kitab görərkən necə bir beyin dalğası/fəaliyyəti görəcəyini müəyyən edə biliblər.

Tədqiqat prosesi nəticəsində artıq araşdırmaçılar şəxsin yuxuda nə gördüyünü bir neçə əşyanı əhatə edəcək səviyyədə müəyyən edə bilirdilər. Təbii ki, burada ən sadə, ən bəsit təxminlərdən söhbət gedir. Məsələn, şəxsin yuxuda avtomobil gördüyü məlumdursa da, onun hansı marka, hansı model və ya hansı rəngdə avtomobil gördüyünü müəyyən etmək hələ ki imkansızdır. 

Gələcəkdə yuxuların və beynin oxunması işində daha da irəliləyişlərin olacağı qaçılmaz görünür. Ancaq bütün bunlar özləri ilə bərabər bir sıra etik qayğı və narahatlıqları da ortaya mütləq şəkildə çıxaracaqdır. 

Mənbə: Matthew Walker – “why we sleep?” və Mehmet Emin Köse – digitalx 

JSaffar

Bookworm, captain of Diplomaticos team

Oxşar yazılar

Back to top button