Elm

Ağ irq – Qafqazoid nədir, haqqında nə bilirik?

Bu gün elmi çevrədə rədd edilməsinə qarşı, hələ də intelektuallar da daxil olmaqla bir çox insanlar tərəfindən irq anlayışının “qəbul” görülməsi bu araşdırmanın aparılmasını labüd etmişdir. İrqçilik paradiqması öncə elmi metodoloji yanaşma əsasında xronoloji, terminoloji və coğrafı olaraq  incələnmişdir. 

Beləliklə bu yazı, alman anatomist və fiziki antropologiyanın banisi sayılan Johann Friedrich Blumenbachın (1752-1840) Qafqaz dağlarına səfəri zamanı yerli xalqları adlandırdığı “QAFQAZOİD” – “ağ” irq termininə həsr edilmişdir.  Bu terminin dünya üzərindəki təsirlərinə və bu gün bir çox ölkədə xalqlar arasında fiziki görünüş və anatomik xüsusiyyətlərə görə “etnik” ayrı-seçkiliyin tarixi keçmişindən, xüsusilə Amerikada  “Caucasian” (Qafqazoid)” irqçiliyinin tarixi köklərinə bəhs ediləcəkdir.

irq

Kimdir J.F. BLUMENBACH?

Həkim, təbiətşünas, fizioloq və antropoloq. Hər şeydən öncə bir antropoloq kimi tanınır. Çünki o, ilk dəfə dünya üzərindəki insan kəllələrini və anatomiyalarını ölçərək beş böyük ailə – irq təyin etmişdir: “QAFQAZOİD” – ağ irq, “MONGOLOİD” – sarı irq,  “MALAYALI” – qəhvəyi irq, “EFİYOPİYALI” – qara irq, “AMERİKALI” – qırmızı irq. Blumenbach Qafqazoid irqinə aid olanların kəllə strukturlarının digərlərinə görə “mükəmməl” olduğunu iddia etmişdir. Onun bu ideyalarının özündən öncəki Carl Linnaeusun (1707-1778) coğrafiyalara və qida-dietə görə irqlərə bölmə prinsiplərinə əsaslandığını görürük. Belə ki,  C. Linnaeusa görə dünya üzərində dörd irq mövcuddur: 1. H.sapiens africanus negrus – Afrika qaraları – məkrli, tənbəl və özbaşına; 2. H.sapiens americanus rubesces – Amerikalı qızıl -inadkar, lakin sərbəst bir xarakter daşıyan və vərdişlərinə uyğun hərəkət edən bir insan; 3. H.sapiens asiaticus fuscusens – Asiyalı sarı – sərt, təkəbbürlü və iddialı bir insan; 4. H.sapiens europeaus albescens – Avropalı ağlar – ağıllı, yaradıcı və bacarıqlı. Sonuncu tərifdən anlaşıldığı kimi, faşizmin “elmi” bir kökəni vardır.

irq

İrqçilik siyasəti barədə araşdırmalar aparan, Carol C. Mukhopadhyay “Getting rid of the word Caucasian” məqaləsində, Amerikadakı “Qafqazoid” – “ağ” irqçilik siyasətinin tarixi köklərini və səbəblərini araşdırmışdır. O, Amerikadakı, “Qafqazoid” irqçiliyinin iki əsas səbəbini işıqlandırmışdır. Bunlardan birincisi, ABŞ qurularkən, 1790-cu illərdə vətəndaşlıq hüquqlarının müəyyən olunmasında əsas prinsiplərin təyin edilməsi, ikincisi isə XX əsrin əvvəllərində ölkəyə axın edən mühacirlərin qarşısını almaq üçün irəli sürülən siyasət olmuşdur. Hər iki siyasi prosesdə hüquqi baza yaratmaq üçün “elmi araşdırmalar” əsas götürülmüşdür. Hər iki qərarda “ağ” irqçilik əsas prinsip kimi götürülmüşdür.

Yuxarıda göstərilən səbəbləri geniş işıqlandıraraq C.C. Mukhopadhyay qeyd edir ki, J.F. Blumenbach Qafqaza səyahət zamanı Qafqazlıların Tanrı simasında bəşəriyyətin ideal forması olaraq yaradıldığını iddia etmişdir. Beləliklə avropalıların da daxil olduğu “ağ” irq propoqandasının “elmi” əsasları qoyulmağa başladı. Bu siyasətin dünya üzərində ilk öncə Amerikada tətbiq edildiyi çox barizdir. 1790-cı ildə Naturalized Aktına görə “Qafqazoid” – ağlar xüsusi imtiyazlar aldılar. Lakin burada bir problem vardı; Blumenbachin “Qafqazoid” irq tərifinə ermənilər, iranlılar-farslar, ərəblər, şimali afrikalılar və şimali hindistanlılar da daxil olmasına baxmayaraq, 1923-cü ildə, ABŞ Ali Məhkəməsi şimali hindistandan gələnlərin vətəndaşlığa müraciətini rədd etdi. Həmin vaxt – XX əsrin 20-ci illərində  yeni “irqçi elm” olaraq ortaya çıxan Yevgenistlər (eugenics) araşdırmaları Amerika hökumətinin “imdadına” yetişdi. Belə ki,  Yevgenistlər  “Qafqazoid” irqini 4 alt irqə böldülər: Nordik (Şimal), Alp, Aralıq dənizi və Yəhudi (Semit). Yevgenistlərə görə Nordiklər intellektual və mənəvi cəhətdən digər alt-irqlərdən daha üstün hesab edilirdi. Amerika hökuməti bu ideyaları əsas götürərək,  əsasən protestant xristianları olan “Nordiklərin” siyasi üstünlüyünü qoruyaraq, ayrıseçkilik immiqrasiya qanunlarını tərtib etmək və icra etmək üçün istifadə etmişdir. Beləliklə, “ağ” üstün irq siyasəti, Asiya və Afrikadan gələn mühacirlər üçün bir əngəl rolunu oynamışdır.

Sizə maraqlı ola bilər: Eksperimental Arxeologiya

Yevgenistlər  araşdırmaları, Anglo-sakson və Aryan terminlərinin yaranmasına və etnik anlamda faşizmə gətirib çıxarmışdır. Alman faşizminin təməllərində “nordik” irqçiliyi birəbir Blumenbachin “Caucasian” irqçiliyinin törəməsi idi. Mukhopadhyay  Amerikada “ağ” üst insan kimliyindən qurtulmağın və “Qafqazoid” terminlərindən uzaq durmanın yollarını göstərməyə çalışmışdır. Məqalənin digər hissəsini bu mövzuya ayırmışdır.

Məqaləni buradan oxuya bilərsiniz. 

Bu yazı, Yolanda MOSESin “Niyə “Qafqazoid” sözünü işlətməkdə davam edirik?” yazısından ilhamlanaraq qələmə alınmışdır.

 İstəyənlər bu linkdən faydalanbilər: Why Do We Keep Using the Word “Caucasian”?

 

Ejder Babazade

Prehistorical archaeologist, research fellow

Oxşar yazılar

Back to top button