ElmYouTube
Trend

HAARP nədir – süni zəlzələ, qlobal istiləşmə mümkündürmü?

Türkiyədə baş verən zəlzələdən sonra güclü texnologiyadan istifadə edərək süni zəlzələ yaradılması yenidən gündəmə gəldi. Xüsusilə də ABŞ-da bəzi layihələrdə istifadə olunan HAARP texnologiyasının Türkiyədəki zəlzələ ilə birbaşa əlaqəsi olduğu iddia olundu. Bu yazımızda HAARP nədir, nə üçün istifadə olunur və süni zəlzələlər ilə bağlı suallara cavab axtaracağıq.

Bu yazının videosu YouTube kanalımızda yayımlanıb. Abunə olmaq üçün 👉🏻 Science Arc YouTube

Süni zəlzələ maşını yoxsa əsrin texnologiyası: HAARP nədir?

HAARP iddiaları

Türkiyədə baş verən zəlzələnin HAARP ilə əlaqələndirilməsi ilk deyildi. Daha əvvəl də baş vermiş təbii fəlakətlərin arxasında HAARP dayanırdı.

  • 2010-cu ildə Haitidə baş verən 7 bal gücündə zəlzələ
  • 2011-ci ildə Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və tsunami
  • 2010-cu ildə Çilidə baş verən 8.8 bal gücündə zəlzələ
  • 2006-cı ildə Filippində baş verən torpaq sürüşməsi

Bu fikirləri səsləndirənlər konkret olaraq HAARPın hansi vasitə və üsullarla dağıdıcı zəlzələ və ya sunamilərə səbəb olduğunu izah edə bilmirlər. Onların fikrinə görə prosesin detalları ABŞ dairələri tərəfindən gizlədilir.

HAARP hekayəsi

HAARP texnologiyası bütün zamanların ən dahi mühəndislərindən biri olan Nikola Tesla ilə əlaqələndirilir. ABŞ ordusu Teslanın enerji transferi ilə bağlı fikirlərini və tədqiqatlarını izləyirdi, ona görə də enerjini dünyanın hər hansı nöqtəsinə istiqamətləndirə biləcək bir silah istədilər. Tesla bunu istəməyərək qəbul etsə də, silahi ixtira edə bilir. Sonradan əldə etdiyi silahın həqiqi gücünü gördükdən sonra parçalayır və istifadə olunmasının qarşısını alır.

Ancaq silahı parçalasa da, ona aid sənədlərini saxlayır və bu sənədlər onun ölümündən sonra ABŞ ordusunun əlinə keçir. Sənədlər aşkarlandıqdan sonra bir çox mühəndis, alim və tədqiqatçı bu silah üzərində yenidən işləməyə başlayır. Nəticədə silahı əldə edən güclər onu gizlətmək üçün HAARP adlı layihə həyata keçirirlər. Bu silahı istəyə uyğun tənzimləyərək qasırğa, tufan, zəlzələ və digər fəlakətləri yaratmaq olurdu. 1993-cü ildən bəri ABŞ ordusu bu silahı dünyanın bir çox nöqtəsində istifadə edib, bayaq sadaladığımız süni fəlakətlərə səbəb olub.

Alyaskada böyük tarlada yerləşdirilən yüzlərlə iri antenaların dünyanın istənilən nöqtəsinə ionosfer təbəqəsindən istifadə etməklə güclü radio dalğalar göndərərək təbii fəlakətləri tətiklədiyi deyilir. İnsanların dilində dastan olan, haqqında bir çox iddiaların real faktlardan daha çox danışıldığı hekayə budur.

HAARP nədir?

HAARP (High Frequency Active Auroral Research Program – Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) qütb parıltılarının qanunlarını, dinamikasını, mexanizmlərini və əsas təsir şəraitini öyrənmək üçün həyata keçirilən elmi-tədqiqat layihəsidir. Bundan başqa proqramın əsas məqsədi ionosferin xüsusiyyətlərini və davranışını öyrənmək, qanunlarını anlamaqdır. İonosfer yer səthindən təxminən 90-640 km hündürlükdəki sahəni əhatə edir. İonosfer neytral üst atmosferlə yanaşı Yerin aşağı atmosferi – bizim nəfəs aldığımız atmosfer qatı – və kosmos boşluğu arasındakı sərhədi təşkil edir.

HAARP və ionosfer

İonosfer elektriklə yüklənmiş çox sayda atom və molekul ehtiva edən bir bölgədir. Bu yüklü hissəciklər kosmosdan, əsasən ulduz Günəşimizdən gələn radiasiya sayəsində yaranır. Bu radiasiya atmosferdəki neytral atomları və hava molekullarını vurur və onları elektrik enerjisi ilə doldurur. Əsasən atmosfer və maqnitosfer arasında keçid olan ionosfer, atmosferin günəşdən gələn rentgen və ultrabənövşəyi şüalarının ona çata biləcək qədər incə olduğu, ancaq bu şüaları udmaq üçün kifayət qədər molekulların olduğu qalın bir yerdir. İonosfer olduqca dəyişkəndir, dəqiqələr, saatlar, günlər, fəsillər, hətta illərin bir birini əvəzlədiyi hər an onun profili də dəyişir. Bu profil Yerin maqnit qütblərinin yaxınlığında daha da mürəkkəbləşir, bu mürəkkəblik bizim müşahidə etdiyimiz qütb işıqları kimi fiziki təsirlər yarada bilər.

İonosferi ölçmək olduqca çətindir, çünki hava qatı nazik olduğu üçün hava şarları ora çata bilmir, peyklər isə hava qatının qalın olmasına görə burada orbitə çıxa bilmir. HAARP kimi bir digər proyekt də Norveçin Tromso şəhərinin yaxınlığında yerləşən EİSCAT adlı ionosfer qızdırıcısıdır. Burada ionosfer qatına 2-10 MHz diapazonunda radio dalğalar göndərərək, onu tətikləyir və necə reaksiya verdiyini öyrənirlər. HAARP da eyni işi daha yüksək və güclü tezliklə görməyi bacarır.

HAARP tədqiqat qurğusunun istismarı 11 avqust 2015-ci ildə ABŞ Hava Qüvvələrindən Alyaska Fairbanks Universitetinə təhvil verilib. Onun istifadə məqsədi isə dəyişməz qalıb. HAARP ionosferin öyrənilməsi üçün dünyanın ən yaxşı təchiz olunmuş yüksək tezlikli ötürücüsüdür. HAARP aşağıdakı tədqiqat qurum və qurğularının yaradılmasına həsr olunub:

  • İonosfer tədqiqat aləti – yüksək tezlik diapazonunda işləyən güclü ötürücü qurğu. Bu alət ionosferin limitli sahəsini tətikləmək üçün istifadə edilir.
  • Tətiklənmiş sahədə meydana gələn fiziki hadisələri müşahidə etmək üçün istifadə olunan mürəkkəb elmi-diaqnostik alət.

HAARP rəsədxanasında quraşdırılmış elmi alətlər həmçinin laboratoriyanın nəzərdə tutmadığı, passiv müxtəlif tədqiqat səyləri üçün də istifadə oluna bilər. Bunlara peyk mayaklarından istifadə etməklə ionosferin səciyyələndirilməsi, aurorada incə strukturların teleskopik müşahidəsi və ozon təbəqəsində uzunmüddətli dəyişikliklərin sənədləşdirilməsi daxildir.

HAARP nə üçün var?

ABŞ hərbi qüvvələri ionosferi araşdırmaqda olduqca maraqlı idilər, çünki atmosferin bu hissəsi radio dalğaların transmissiyasında böyük rol oynayırdı. HAARP ionosferdən gələcək reaksiyaları öyrənmək üçün dalğalar göndərir, bunun əsasında da atmosferin bu hissəsini daha dəqiq ölçməyin yollarından birini yaradırdı. ABŞ hərbi gəmiləri dünyanın bir çox yerində hərəkət edir. Xüsusilə Sakit və Atlantik okeanlarda mövcud olan qüvvələrlə birbaşa əlaqə saxlamaq, heç bir vasitə olmadan məlumat ötürmək ordu üçün vacibdir. HAARP proyektinin dolayı məqsədi də məhz bu idi. Heç bir peyk, əlavə qurğu olmadan ionosfer təbəqəsindən istifadə etməklə ordu qüvvələri ilə əlaqə saxlamaq. 

HAARP nədir

HAARP ionosferin limitli hissəsini ötürdüyü radio dalğalarla tətiklədiyi üçün HAARP Tədqiqat Stansiyasından kənarda fəaliyyət göstərir. Digər alətlər təcrübələri ölçmək üçün stansiya ərazilərində quraşdırılıb. Proqramın əsas məqsədi daim günəşdən gələn şüalara reaksiya verən ionosferin fikizkasını və təbiətini anlamaqdır. Günəş partlayışları zamanı Günəşdən ayrılan dalğalar Yerə doğru hərəkət edərək kommunikasiya və elektrik şəbəkələrini sıradan çıxara bilər. Ancaq ionosfer təbəqəsində baş verən hadisələr o qədər maraqlıdır ki, bu cür güclü dalğaları idarə edə bilən təbəqə bəşəriyyətin texnoloji inkişafı üçün də vacib ola bilər. Hər hansı səbəbdən Yer kürəsi təhlükə qarşısında qalsa, ionosferdə baş verənləri anlamaq bəşəriyyəti gözləyən təhlükələrin qarşısını da ala bilər. 

HAARP proqramı 1990-cı ildə təsdiqlənmiş, bazanın tikintisi 1993-cü ildə başlamış, 2003-cü ildə isə faəliyyətə keçmişdi. HAARP proyekti ümumi olaraq 290 milyon dollara başa gəlib. Ancaq ABŞ ordusu proqramdan istədiyi nəticələri əldə edə bilmədi. 2013-cü ilin may ayında isə HAARP proqramı müvəqqəti olaraq dayandırıldı, yeni idarəçilərə təhvil verilənə qədər fəaliyyət göstərmədi. 2014-cü ildə ABŞ Hərbi Qüvvələri HAARP proqramının tamamilə dayandırılacağını açıqladı, ancaq bu proses 2015-ci ilə qədər təxirə salındı. Elə həmin ilin avqust ayında Alyaska Fairbanks Universiteti HAARP proqramının yeni idarəçisi olaraq, laboratoriyaları tədqiqatçılar üçün açıq elan etdi.

HAARP konspirasiyaları

HAARP proyekti ümumi olaraq 290 milyon dollara başa gəlib. Konspirasiya nəzəriyyəçiləri HAARP proqramı çərçivəsində həyata keçirilən layihələrin göründüyündən daha fərqli olduğuna inanır. Onların fikrincə HAARP ilə qlobal istiləşməyə təsir edilir, süni zəlzələlər yaradılır, təbii fəlakətlər tətiklənir, hətta səmada bənzərsiz səslər yayılır. Daha çox sosial mediyada yayılan bu tip məlumatların arxasında həmişə HAARP ilə əlaqəli fikirlər görmək mümkündür. Məsələn, 2011-ci ildə Yaponiyada baş verən zəlzələ və sunaminin, 2013-cü ildə baş verən Oklahoma tornadosunun, 2006-cı ildə Filippində baş verən torpaq sürüşməsinin, son olaraq isə 2023-cü ildə Türkiyədə baş verən zəlzələnin birbaşa olaraq HAARP ilə əlaqəli olduğu gündəm oldu.

Bunun ən məşhur nümunələrindən biri sosial mediyada paylaşılan bu şəkildir.

Bir çox insan bunu üzən HAARP silahı kimi adlandırır və baş verən zəlzələlərin birbaşa bu silahla tətikləndiyini iddia edir. Ancaq bu üzən silahın HAARP ilə heç bir əlaqəsi yoxdur. X-Band Radar adlı bu cihaz nüvə hücumlarından qorunmaq üçün yaradılıb. ABŞ ordusu nüvə hücumlarından qorunmaq üçün bir çox radar quraşdırıb. Radarların quraşdırılması üçün əlverişsiz ərazilərdə isə bu cür mobil cihazlardan istifadə olunur. Həmin kürələrin içində dünyanın ən güclü radar mexanizmləri mövcuddur. 

Bəzi insanlar HAARP ilə insanların düşüncələrinin də idarə olunduğuna inanırlar. Bu nəzəriyyələrin sayı çox olsa da, əsas sual budur: Dağıdıcı zəlzələ yaratmaq üçün nə qədər gücə ehtiyac var? 

Sizə maraqlı ola biləcək yazı: Zəlzələ proqnozu nə üçün mümkün deyil?

Ümumi olaraq HAARP proyekti çərçivəsində mövcud olan bütün qurğuların müəyyən təsir etmə limiti var. Amma onlar birbaşa və ya dolayı yolla təbii fəlakətləri tətikləyə bilməzlər. Məsələn, 2011-ci ildə Yaponiyada baş verən 8.9 bal gücündə baş vermiş zəlzələ, tədqiqatçılara görə hər biri 50 kiloton gücdə olmaqla 600 atom bombasının eyni anda partlamasına bərabər idi. 2023-cü ildə Türkiyənin Kahramanmaraş bölgəsində baş verən 7.8 bal gücündə zəlzələ də 300 atom bombasının eyni anda partlamasına bərabər idi. Bu elə bir gücdür ki, bu cür gücü idarə etmək, ionosferdən istifadə etməklə istənilən bölgədə tətikləmək mümkün deyil.

Əgər belə bir texnologiya olsaydı və zəlzələ yaratmaq üçün yerin 10-12 km dərinliyinə enib, bu qədər atom bombası yerləşdirib eyni anda partladılsa belə zəlzələnin olacağının heç bir qarantiyası yoxdur. Yəni tektonik layların niyə aktivləşdiyi, nə səbəbə hansı istiqamətdə hərəkət etdiyini bilmədiyimiz üçün, süni fəlakət cəhdlərinin nəticəsiz qalma ehtimalı çoxdur. Bu qədər fiziki güc tələb edən bir fenomenin hava yolu ilə nəyisə tətikləməsi, xüsusilə də heç bir qurğu olmadan enerji ötürülməsi nə qədər məntiqli səslənə bilər?

Sadəcə ABŞ-da tornadolar səbəbindən iqtisadiyyata milyardlarla dollar zərər dəyir. Əgər HAARP düşünüldüyü kimi “uğurlu” təsiretmə mexanizminə sahib olsaydı, birinci növbədə bu məsələni həll etməyə çalışardılar.

Stanford Universitetinin professoru Umran İnanın məşhur “Popular Science” jurnalına verdiyi müsahibəsində HAARP cihazlarının dünyanın iqlim və ya seysmik aktivliklərinə təsirinin mümkün olmadığını izah etmişdi. HAARP olduqca yüksək radiasiya yaymaq qabiliyyətinə malik olsa da, bu, bir ildırımın Yerə təsirindən olduqca aşağıdır. Dünyada isə hər saniyədə 50-100 aralığında ildırım çaxır. HAARP cihazlarının bu qədər gündəm olmasının səbəbi burada aparılan araşdırmaların tərkibinin elmi olaraq açıqlanmamasıdır. HAARP proyektinin laboratoriyaları hamı üçün açıq deyil və buradakı tədqiqatçılar HAARP ilə bağlı araşdırmalar haqqında kifayət qədər informasiya vermir. Bütün bu iddialardan və tənqidlərdən sonra Alyaska Fairbanks Universiteti proqramı öz tərkibinə keçirdikdən bir müddət sonra Gakonada yerləşən ərazini ziyarətə açıq elan etdilər.

Mənbə:
High-frequency Active Auroral Research ProgramConspiracy Theories Abound as U.S. Military Closes HAARPAt open house, scientists explain what HAARP can — and can’t — do2022 HAARP Open House AnnouncedHAARP Official website

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button