Faktlar

SWIFT nədir və Rusiyanın çıxarılmasının nəticələri

SWIFT nədir? Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasının nəticələri nə olacaq? Yəqinki bir çoxunuzu düşündürən ən aktual suallardan biridir.

Dünən gecə saatlarında Aİ, ABŞ və onların müttəfiqləri bir sıra Rusiya banklarını əsas beynəlxalq ödəniş sistemi olan Swift-dən çıxarmaq barədə razılığa gəliblər. Almaniya hökümətinin sözçüsü bildirib ki, bu rusların qlobal əməliyyatlarını kütləvi şəkildə məhdudlaşdıracaq. Rusiya neft və qaz ixracatında Swift sistemindən asılıdır. Lakin bu addım Rusiya ilə iş görən Qərb bizneslərinə də zərər verə bilər. ABŞ, Böyük Britaniya, Avropa və Kanadanın razılaşdırdığı tədbirlərə Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının məhdudlaşdırılması da daxildir.

Amma bununla yanaşı müzakirələrdə İtaliya və Almaniya da daxil olmaqla, bir çox Avropa dövləti bu addımın onların da iqtisadiyyatına zərər vuracağını düşünürdü. Son çarə olaraq görülən bu tədbir haqqında Vladimir Putin isə “bizim parçası olduğumuz sistemə zərər vurmaq kimi bir fikrimiz yoxdur” demişdi.

SWIFT nədir? Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasının nəticələri nə olacaq?

SWIFT nədir?

SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) – pulun bir hesabdan digərinə köçürülməsinə imkan verən beynəlxalq maliyyə strukturudur. 1973-cü ildə yaradılmış sistemin baş qərargahı Brüsseldə yerləşir. SWIFT sistemində 200 ölkədən toplam 11000 maliyyə institutu və bank iştirak edir.

SWIFT istifadəçilərin hesablarına köçürülən pulların bir hesabdan çıxıb digərinə daxil olduğunu xəbər verən onlayn rejimli mesajlaşma sistemidir. Yəni hər dəfə əməliyyat aparıldıqda qarşı tərəfə bu əməliyyatın aparılması ilə bağlı təsdiq gedir və nəticədə tranzaksiyalar reallaşır. Gün ərzində 40 milyondan çox belə mesaj göndərilir və bu mesajların ümumi həcmi trilyonlarla dollar təşkil edir.

SWIFT sistemini kim idarə edir?

SWIFT sistemi Avropa və ABŞ bankları tərəfindən birgə yaradılan sistemdir. Burada əsas məqsəd sistemin sadəcə bir idarəçidən asılı olmasının qarşısını almaq və heç bir qurumun monopolist olmasını istəməyən bankların fəaliyyəti idi. Yəni SWIFT üzərindən görüləcək ən sərt tədbirlərə bütün üzv ölkələr dəstək verməlidir. Ancaq bununla yanaşı SWIFT şəbəkəsini dünyanın aparıcı və güclü mərkəzi banklarıyla əməkdaşlıq edən Belçika Mərkəzi bankı idarə edir.

2012-ci ildə İran nüvə proqramına görə tətbiq olunan sanksiyalar çərçivəsində SWIFT sistemindən çıxarılmışdı. Nəticədə neft ixracından əldə etdiyi gəlirlərin demək olar ki, yarısını və xarici ticarət gəlirlərinin isə 30%-ni itirmişdi. 2014-cü ildə Qərb ölkələri Krımda baş verən hadisələrə görə Rusiyanı da eyni addım atacaqları ilə təhdid etmişdilər, ancaq Putinin müharibə xəbərdarlığına görə bu addım atılmadı.

Ümumiyyətlə, SWIFT təşkilat olaraq sanksiya qərarlarına təsir etmir, ancaq hökumətlərin tərəfindən qəbul olunan qərarları tətbiq edir.

SWIFT sistemindən uzaqlaşdırılmanın təsirləri

Aİ ölkələri və ABŞ-ın birgə qərarı ilə Rusiyanın bəzi bankları, eləcə də mərkəzi bankı SWIFT sistemindən uzaqlaşdırıldı. Bu o deməkdir ki, Rusiya şirkətləri rahat və sürətli ödəniş üsullarından istifadə edə bilməyəcəklər. Bu da onların qlobal miqyasda əməliyyat aparmalarını məhdudlaşdıracaq.

Belə yavaşlamalar ən çox neft və kənd təsərrüfatı sektorlarına zərər vuracaq. Çünki Rusiya dünyanın ən böyük kənd təsərrüfatı məhsulları və neft istehsalçısıdır. Ümumi gəlirlərinin böyük hissəsi də məhz Avropa regionundan gəlir. SWIFT sistemində uzaqlaşdırma nəticəsində ixrac məhsullarının ödənişlərində ciddi pozulamalar olacaq. Çünki belə olduğu halda banklar bir biri ilə birbaşa əlaqə saxlamalıdırlar. Nəticədə həm prosesin xərcləri çox olur, həm ödəniş prosesi uzanır, həm də gəlirlər azalır.

Rusiya rəsmiləri belə sanksiyaya hazır olduqlarını da dilə gətirdilər. Bunun səbəbi 2014-cü ildə belə təhdidlə üz-üzə qalacağını bilən Rusiya hökuməti, MİR kimi də tanınan Milli Ödəniş Sistemi yaratdı. Bu sistemdə ödənişlər birbaşa olaraq Rusiya bankları ilə üzv dövlətlərin bankları arasında baş tutur. Ancaq Rusiya ilə bərabər bu sistemdən istifadə edən olduqca az ölkə var.

SWIFT sistemindən Rusiya banklarını uzaqlaşdırmaq sadəcə Rusiyaya deyil, onunla əməkdaşlıq edən digər ölkələrə də zərər verəcək. Xüsusilə bu ölkəyə ixrac və idxal edən şirkətlər ciddi zərər görəcək. Xüsusilə alman şirkətləri Rusiya şirkətləri ilə sıx əməkdaşlıq edir.

Rusiya Avropa regionuna ən çox qaz satan ölkədir. Məlumdur ki, hazırda Rusiyaya alternativ tapmaq demək olar ki, mümkün deyil. Həm də Rusiyadan çəkilən boru kəmər layihələri Avropa ölkələrinin başqa ölkələrdən sıxışdırılmış qaz alıb, emal etməsindən ucuz başa gəlir. Böhran vəziyyətinə görə enerji mənbələrinin qiymətləri də artır. Bu da gələcəkdə bu regionda enerji qiymətlərinin fantastik hədlərə çatmasına səbəb ola bilər.

Rusiya Aİ-nin ən böyük beşinci ticarət əməkdaşıdır. 2020-ci ildə onlar arasındakı ticarət həcmi 174 milyon avro olmuşdu, bunun 79 milyon avrosu Aİ-nin Rusiyaya ixracatı idi.

SWIFT sistemindən kənarlaşdırılmanın Rusiya iqtisadiyyatına olacaq təsirlərini isə zaman göstərəcək. Çünki Rusiya bankları ödənişləri öz sisteminə malik olan, Rusiyaya qarşı sanksiyalarda iştirak etməyən ölkələr üzərindən də həyata keçirə bilər. Çin bu baxımdan Rusiyanın ən böyük müttəfiqinə də çevrilə bilər.

Bu yazıda SWIFT nədir və Rusiyaya necə təsirləri olacağından bəhs etdik. Ancaq bu məqaləmizi də oxumadan keçməyin 👉🏻 Rusiya və sanksiyalar: İtirən sadəcə Rusiyadırmı?

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button