Texnologiya

NFT nədir? – Rəqəmsal dünyanın yeni trendi

NFT – Non-Fungible Token. NFT rəqəmsal dünyada məhsulun orijinallıq sertifikatı rolunu oynayır.

NFT-lərin necə işlədiyini başa düşmək üçün əvvəlcə fungibile sözünün nə mənaya gəldiyini başa düşməliyik. Bir şey eyni dəyərə malik bənzər bir şeylə mübadilə və ya əvəz edilə bilirsə fungible olur. Əvəz edilə bilən bir şeyin ən sadə nümunəsi valyutadır. Deyək ki, cüzdanınızda 5 ədəd bir dollarlıq əskinas var. Ola bilsin ki, siz bu qədər xırda pulu daşımaq istəmirsiniz, ona görə də onları bircə beş dollarlıq əskinasla dəyişdirirsiniz. İndi, fərqli formada olmasına baxmayaraq, pulunuzun dəyəri hələ də beş dollardır. 

Non-fungible şeylər isə əksinədir. Hər biri unikaldır və oxşar bir şeylə asanlıqla əvəz edilə bilməz. Mona Liza-nı düşünün. Orijinal sənət əsəridir. Onu, hədiyyə mağazasından alacağınız Mona Liza posteri ilə əvəz etmək mümkün deyil. Çünki poster eyni dəyərə malik deyil. Demək ki, non-fungible şey əvəz edilə bilməyən olmalıdır. Buna görə də, Mona Liza non-fungible-dir. Ondan yalnız bir ədəd var. Təəccüblü deyil ki, əvəz edilə bilməyən şeylər əvəz edilə bilən şeylərdən hər zaman daha qiymətlidir. Beləliklə, NFT-dəki NF(non-fungible) hissəsinin nə məna daşıdığını anladıq.

NFT
CryptoPunk-lar Ethereum blokçeynində saxlanılan 10000 unikal parçadan ibarət kolleksiyadır. Onlar Ethereum-da ilk NFT-lər idi. Bu xüsusi parça, ən bahalı CryptoPunk-dır. 2021-ci ilin mart ayında 7,58 milyon dollara satıldı.

İndi Token olan T haqqında danışaq. Bunu izah etmək üçün çoxmuzun uzun müddət izahından qaçdığımız bir şey haqqında danışmalıyıq – blokçeyn (blockchain).

Tutaq ki, mən dostum Lalədən üç dilim pizza almaq istəyirəm. Bu 3 dilim üçün məndən 6 dollar alacaq. Mən bank kartımı çıxarıram və onun terminalına toxundururam. Mən, kartımı toxunduran kimi bankıma mesaj göndərilir ki, sizin bankda hesabı olan Ramil pizzaya altı dollar xərcləmək istəyir və bu pul Lalənin bankına getməlidir.  Mənim bankım deyir ki, hesabımda 50 dollar var və mən Lalənin bankına 6 dollar göndərə bilərəm, beləliklə əməliyyatı təsdiqləyir. Bu pul Lalənin bankına daxil olduqdan sonra, onun bankı da eyni şeyi edir. Deyirlər, 80 dolları var idi, indi də 86 dolları var. Və bunu onun mədaxil-məxariclə bağlı çıxarışına əlavə edirlər.

İnternetin inkişafı ilə insanlar yeni üsullar axtarmağa başladılar. Eyni şeyi edə biləcəyimiz və bank olmadan iki şəxs arasında pul köçürmə əməliyyatını əlaqələndirə biləcəyimiz digər bir yol varmı? Nəticədə, blokçeyn adlanan bir konsepsiya meydana gəldi. Blockchain bankın etdiyi eyni şeyi yerinə yetirir. Ancaq bunu mənim bank hesabımda gizli etmək və Lalənin bankı ilə danışmaq əvəzinə, bütün əməliyyatlar internetdə açıq şəkildə həyata keçir. Aydın olması üçün, gəlin pizza alqı-satğısı nümunəsini kripto dünyasında təkrar edək.

Lalə mənim 3 dilim pizzam üçün məndən 6 kripto koin alacaq. Mən altı koin ödəmək istədikdə, əməliyyat dünyanın hər yerindən bir dəstə kompüterin hər bir əməliyyatı izlədiyi şəbəkəyə daxil olur. Əgər mənim hesabımda həqiqətən Laləyə ödəmək üçün altı koin yoxdursa, bu kompüterlər uyğunsuzluq olduğunu görüb, imtina edəcəklər. Yox əgər, mənim 6 koinim varsa, hər kəsə açıq qeydlərə baxan kompüterlər bu əməliyyat üçün sorğunu görəcək və təsdiq edəcəklər. Sizin altı koininiz var idi və indi Lalənin altı koini var. Beləliklə, bu əməliyyat hər kəsə açıq şəbəkədə sənədləşdirilir. İndi Lalənin o 6 əlavə koinə sahib olmasını hamı bilir. 

İndi isə, blokçeynin yüz minlərlə dollara satılan rəqəmsal məhsullar ilə nə əlaqəsi olduğunu düşünürsünüz? Biz valyuta əməliyyatlarını müqayisələndirərək, pizza nümunəmizdə blokçeyn haqqında danışdıq. Mən sənə bu qədər pul verirəm, sən də mənə bu qədər pul ödəyirsən və hamının nə qədər pulu olduğunu hamı bilir, çünki hər şey hər kəsə açıqdır. Bunu pul və ya valyuta olmayan bir şeyə  tətbiq etsək necə olar?

Deyək ki, bugün siz Laləyə altı koin ödəmək istədiniz və həmin əməliyyat təsdiqləndi. Sabah, malayziyalı bir iş adamı rəqəmsal dünyada mövcud olan bir məhsulu almaq istəyir. Məsələn, rəsm əsəri müqabilində rəssama koinlərlə 3 milyon dollar ödəmək istəyir. Blockchain-in maraqlı olduğu yeganə şey, malayziyalı iş adamının 3 milyon dollar dəyərində koinə sahib olub omadığıdır. Beləliklə, dünyadakı bir qrup kompüter bu alqı-satğı əməliyyatı üzrə incələmə aparır, bu iş adamının 3 milyon dollar dəyərində koinlərinin olduğunu söyləyir və əməliyyatı təsdiqləyirlər. Belə olduğu halda, bu məhsul – token yeni sahibinə transfer olunur və malayziyalı iş adamı əvəz edilə bilməyən bu məhsulun, yəni NFT sahibi olduğunu açıqlayır. 

Fiziki pullar və kriptovalyutalar “mübadilə edilə biləndir”, yəni bir-biri ilə ticarət edilə və ya dəyişdirilə bilər. Onlar da dəyər baxımından bərabərdirlər – bir dollar həmişə başqa bir dollar dəyərindədir; bir bitkoin həmişə digər bir bitkoinə bərabərdir. 

NFT-lər də kriptovalyutalar kimi işləyir, lakin bitcoin kimi fungible kriptovalyutalardan fərqli olaraq, onlar tamamilə unikaldırlar. Hər bir NFT-in bir-biri ilə mübadilə edilməsini və ya bir-birinə bərabər olmasını qeyri-mümkün edən bir rəqəmsal imza var. NFT, məlumatın qeyd olunduğu blokçeyn vasitəsilə bunu əldə edir. Bu məlumat, NFT-nin orijinallığını təmin edərək blokçeyndə şifrələnir. Bu isə öz növbəsində, rəqəmsal yaradıcıların yaratdıqları məhsulu unikal edərək, daha qiymətli olmasına kömək edir.

NFT

NFT-lər sizə kopyalana bilməyən bir şey vermək üçün nəzərdə tutulmuşdur: Fiziki sənət kolleksiyası baxımından desək: hər kəs əsərin kopyasını ala bilər. Ancaq, orijinala yalnız bir şəxs sahib ola bilər.

NFT-in müsbət və mənfi tərəfləri

NFT-lər sizə işinizi böyük bazara çıxarıb satmaq imkanı yaradır. Blockchain texnologiyası və NFT-lər sənətçilərə və kontent yaradıcılarına məhsullarından pul qazanmaq üçün unikal fürsət verir. Məsələn, rəssamlar öz əsərlərini satmaq üçün artıq qalereyalara və ya hərrac evlərinə etibar etməli deyillər. Bunun əvəzinə, sənətçi onu birbaşa NFT kimi istehlakçıya sata bilər ki, bu da onlara daha çox qazanc əldə etməyə imkan verir. Bundan əlavə, NFT-in bizə gətirdiyi möhtəşəm bir özəllik daha var. Hər hansı bir əsər satıldığı anda və ya yaradıcısının əlindən çıxdığı anda, yaradıcının onunla bağı qopurdu. Yəni, bir Picasso əsəri 200-250 milyon dollara satıldığında, Picasso-nun özünə ya da ailəsinə hər hansısa bir geri dönüş təmin etmirdi. NFT-də isə, əsər onun sahibini unutmur. Bunun üçün yaradıcılar məhsullarını elə proqramlaşdırırlar ki, sənətləri yeni sahibinə satılan zaman, həmin satışdan faiz əldə etsinlər. Bu olduqca cəlbedici xüsusiyyətdir, çünki rəssamlar sənətləri ilk dəfə satıldıqdan sonra ümumiyyətlə əsərin gələcəkdəki satışlarından gəlir əldə etmirlər. Belə olduqda, NFT satıldıqda və ya əl dəyişdirdikdə sizə hər dəfə məbləğ geri dönəcək.

Əgər bir şey nə qədər nadir tapılırsa, insan psixologiyasında daha çox dəyərə sahib olur. Müxtəlif növ məhsullar NFT olaraq satışa çıxarılır. Qəribəsi odur ki, insanlar əsas ehtiyaclarını ödəmək, yemək, sığınacaq, istilik və s. təmin etmək üçün kifayət qədər bolluğa sahib olan kimi, artıq heç bir dəyəri olmayan şeylərdə dəyər yaratmağa başlayırlar.

NFT-lər haqqında ekspertlər bəzi narahatlıqlarını ifadə edirlər. Bir məsələ ondan ibarətdir ki, bütün NFT-lər rəqəmsal sənət əsərini satan şəxsin əslində orijinal yaradıcı olduğunu təsdiq etmir. Bu isə o deməkdir ki, NFT dünyasında saxta əsərlər də ola bilir. Zatən, real həyatda da onlara rast gəlmək mümkündür. Lakin, bu saxtakarlığı xüsusilə onlayn bazarlarda müəyyənləşdirmək daha çətindir.

Kriptovalyutalarda olduğu kimi, blokçeyninin saxlanmasının ətraf mühitə təsiri ilə bağlı narahatlıqlar var. Mexanik olaraq, blokçeyn bütün günü bir sıra kiçik hesablamalar aparan kompüterlərə əsaslanır. Bu kompüterlər görməyə alışdığımız kompüter deyillər, onların yaddaşı, ekranı və ya başqa bir şeyi yoxdur. Onların etdikləri tək şey yalnız mikro hesablamalar aparmaqdır. Bir çox NFT-lər Ethereum şəbəkəsində yaradılır və saxlanılır, baxmayaraq ki, digər blokçeynlər də (məsələn, Flow və Tezos) NFT-ləri dəstəkləyir. Ethereum, bitcoin və ya dogecoin kimi kriptovalyutadır, lakin onun NFT-ləri dəstəkləyən blokçeyni də mövcuddur. Ethereum blockchain hazırda ən azı 33 terawatt saat elektrik istifadə edir. Bir terawatt saat elektrik enerjisinin nə olduğunu soruşa bilərsiniz. Bu, Serbiyanın istifadə etdiyi enerji ilə eyni gücə bərabərdir. Xatırladaq ki, elektrik enerjisi istehsalı adətən fosil yanacaqları yandıran, atmosferə karbon buraxan elektrik stansiyalarından gəlir və bu,ətraf mühit üçün böyük bir problem yaradır. Ethereum blockchain-in enerji istehlakı inanılmaz sürətlə artır və heç bir yavaşlama əlaməti sezilmir. Bu qədər enerji kompüter anbarlarında rəqəmləri kodlamaq üçün istifadə olunur ki, kimsə rəqəmsal bir şey ala bilsin. Bu qədər enerji sərfiyyatının insanların işini asanlaşdıran və ya bəşəriyyətə faydası toxunan bir şey üçün istifadə edilmədiyini düşünmək vahiməlidir. 

NFT bazarı 2018-ci ildəki təxminən 41 milyon dollardan 2020-ci ildə 338 milyon dollara yüksəldi. Business Insider-ə əsasən, 2021-ci ilin birinci yarısında NFT satışları 2,5 milyard dollar təşkil edib. Lakin, skeptiklər bu məhsulların həqiqətən onlara verilən dəyərə sahib olub-olmadığını sorğulayırlar. Tərəfdarları, NFT-lərin potensiala sahib olduğuna inanırlar. Lakin tənqidçiləri, bunun rəqəmsal balon ola biləcəyindən ehtiyat edirlər. Ümumilikdə, NFT-in mənfi və müsbət tərəfləri haqqında danışmaq tez hesab oluna bilər. Çünki, bazardakı spekulyasiyalar hələ yeni başlayır. 

NFT-ləri necə almaq olar

Əslində, istənilən rəqəmsal təsviri NFT kimi almaq olar. Ancaq alarkən nəzərə alınmalı olan bir neçə şey var, xüsusən də, yeni başlayansınızsa. Hansı bazardan alacağınıza, onu saxlamaq üçün hansı növ rəqəmsal pul kisəsinin tələb olunacağına və satışı başa çatdırmaq üçün hansı kriptovalyutaya ehtiyacınız olduğuna qərar verməlisiniz.

Ən geniş yayılmış NFT bazarlarından bəzilərinə OpenSea, Mintable, Nifty Gateway və Rarible daxildir. Daha spesifik NFT növləri üçün niş bazar yerləri də var, məsələn, basketbol videolarından məqamlar üçün “NBA Top Shot” və ya auksion tvitləri üçün “Valuables”.

NFT-ləri necə satmaq olar

NFT-lər də bazarlarda satılır və proses platformadan platformaya dəyişə bilər. Siz mahiyyətcə məhsulunuzu bazara yükləyəcəksiniz, sonra onu NFT-yə çevirmək üçün təlimatlara əməl edəcəksiniz. Siz işin təsviri və təklif olunan qiymət kimi xüsusiyyətləri özünüz daxil edə biləcəksiniz.

NFT-lərin dəyəri nə qədərdir

Teorik olaraq, hər kəs öz işini NFT kimi sata bilər, lakin son vaxtlar çox milyon dollarlıq satışların başlıqları bu sahəyə marağı daha da artırıb.

  • Fevralın 19-da Nyan Pişiyin GIF-i –  2011-ci ildə uçan pop-tart pişiyin memesi – 500.000 dollardan baha qiymətə satıldı.
  • Christie-nin rəqəmsal rəssam Beeple tərəfindən 69 milyon dollara NFT-ni satması rəqəmsal sənətdə yeni rekord müəyyənləşdirdi.
  • NFT şəklində futbol ticarət kartlarını satan Fransız firması Sorare ümumilikdə 680 milyon dollar yığmağı bacardı.

Oxşar yazılar

Back to top button