Texnologiya

Kainatın gizli kəşfiyyatçıları: Voyager Kosmik Cihazlar

Kainatı kəşf etmək, başqa qalaktikaları görmək, hətta oralara getmək insanlığın əsrlər boyudur ki, ən böyük arzularından biridir. Kainatın dərinliklərinə səyahət etmək yaxın zamanda mümkünsüz görünür, lakin insanların ixtira etdikləri cihazlar bizə bu gün kainatda nələr baş verdiyi ilə bağlı bir sıra siqnallar göndərir. 43 il əvvəl inşa edilən Voyager 1 və Voyager 2 kosmik cihazlar Yer kürəsindən hər gün daha çox uzaqlaşır və bizə kainatın dərinliklərindən məlumatlar göndərir. İnsanlığın kainatda başqa sivilizasiyaların olma ehtimalını nəzərə alaraq bu maşınlara dünyanın bütün dillərində mesajlar, mədəniyyətimizə aid plastinkalar da bu cihazlara əlavə olunmuşdur. 

Voyager Kosmik cihazlarının səyahət məqsədi nə idi?

Voyagerlərin əsas hədəfi Yupiter və Saturnun yanından keçmək və bu planetlərin şəkillərini dünyaya göndərmək idi. Voyager 2 Saturnu tam kəşf etdikdən sonra yoluna davam edəcək və sırası ilə əvvəl Uran, daha sonra isə Neptunun yaxınlığından keçəcəkdi. Voyagerlər dünyaya fotolar və elmi məlumatlar göndərdikdən sonra Neptunun cazibə qüvvəsindən istifadə edərək daha da irəli getmək üçün sürət yığıb yollarında davam edəcəkdilər.

Xarici planetlərin hər 175 ildə bir baş verən düzülüşündən istifadə etmək üçün Voyager 2 20 avqust, Voyager 1 isə 5 sentyabr 1977-ci ildə havalandırıldı. Voyager 1 digərindən sonra göndərilmişdi, lakin onun yolu Voyager 2 cihazına görə daha qısa olmalı, beləcə Yupiterə daha əvvəl çatması planlanmışdı. Voyager 1 Yupiterə 1979-cu ildə çatdı.

Yupiter

1979-cu ildən etibarən Voyagerlər dünyaya hədəflənən planetlərin şəkillərini göndərməyə başladı. Elm adamları Yupiterin və onun peyklərinin yaxından çəkilmiş şəkillərini böyük həyəcan və maraqla izləyirdilər. 12 illik fəaliyyəti dövündə Voyagerlər xarici planetlərin ətrafında fırlanan 24 yeni peyk kəşf etdi və bu, NASA-nın Dərin Kosmos Şəbəkəsinin (Deep Space Network) uzaqda olan siqnalları qəbul etməsi üçün inkişaf etdirilməsi üçün köməkçi oldu.

Saturn və Neptun

Yupiterdən sonra hər iki Voyager Saturna doğru irəliləməyə başladı. Voyager 1 özünün ən mühüm hədəfinə çataraq, Saturnun peyki Titanın yaxınlığından keçdi. Beləliklə, onlar üçün təyin olunmuş hədəfə çatan Voyagerlərə bundan sonra planetlərin orbitlərinə uyğun bir istiqamət təyin olundu. Voyager 2-nin yeni hədəfi isə Uran idi. Voyager 2 Urana 1986-cı ilin yanvar ayında çatdı. Daha sonra isə 1989-cu ildə Neptunu da ötüb keçir.

Voyagerlərlə necə əlaqə saxlanılır?

Voyagerlər 43 il əvvə kosmosa göndərildi, hal hazırda kainatın dərinliklərində olan bu cihazlarla əlaqə yaratmaq üçün mövcud olan texnologiya sadəcə Avstraliyada yerləşən Kanberra Dərin Kosmos Əlaqə Stansiyasında (Canberra Deep Space Communication Complex) var. Bu stansiya hər gün Voyagerlərdən siqnal alır.  Hal hazırda Voyagerlər dünyadan milyardlarla kilometr uzaqlıqdadırlar və onların göndərdiyi siqnallar o qədər cılızdırki, onların şiddətini qəbul edə biləcək texnika sadəcə buradadır.

1990-cı ildə Voyager 1-in kameraları son dəfə Yer kürəsinə doğru çevrildi və “Solğun Mavi Nöqtə” (Pale Blue Dot) adlı bu fotonu çəkdi. Bu görüntü ilə bağlı Voyager proyektinin əsas üzvlərindən biri olan Karl Saqan belə demişdi: 

“Dünyamız indiyə qədər yaşayış olan bilinən tək planetdir. İnsanlığın gedəcəyi başqa yer yoxdur. Ən azından yaxın gələcəkdə. Ziyarət etmək mümkündür, amma yerləşmək deyil. Xoşunuza gəlsə də, gəlməsə də dünya yaşaya biləcəyiniz tək yerdir. Bir birimizə qarşı daha mehriban olmalı və bu solğun mavi nöqtəni qorumalıyıq.”

Karl Saqan
Dairənin içindəki nöqtə Yer kürəsidir.

Qızıl planstinkalar

Hər iki kosmik cihazın üstündə qızıl plastinka var. Bu plastinkalarda 1.5 saatlıq dünya musiqiləri və 55 dildə səsləndirilmiş salamlama mesajları var. Plastinkaların üstündə onların necə işə düşdüyünü göstərən şəkillər və Dünyanın kainatdakı yerini ətrafdakı hərəkət edən ulduzlara görə necə hesablana biləcəyini göstərən xəritə də yerləşdirilib. Bütün səsli mesajlardan sonra planetimizdəki təbiət səsləri də (göy gurultusu, yağış, quş səsləri, od səsi, ürək döyüntüsü, gülüş ayaq səsləri və s.) əlavə olunub. Daha sonra isə mors əlifbası ilə “Ad astra per aspera”, yəni “Çox çalışaraq ulduzlara getmək” mesajı verilir. 2-ci plastinkadakı bu səslər bir ananın uşağını öpmə səsi ilə bitir.

Voyagerlər indi haradadır?

Hər iki Voyager Günəş sistemini çoxdan geridə qoyub və kosmosda fərqli istiqamətlərdə hərəkət edərək öz kəşflərini davam etdirirlər. Hər iki Voyagerin günü 2030-cu ilədək bitəcək və bundan sonra dünyaya siqnal göndərə bilməyəcəklər. Ancaq bu onların missiyasının bitəcəyi anlamına gəlmir. Saniyədə 17 km sürətlə hərəkət edən Voyager 2 ən yaxın planet sisteminin yanından 40000 il sonra, Voyager 1 isə parlaq Sirius ulduzunun yanından 296000 il sonra keçəcək. Voyagerlərdəki plastinkalar isə Günəş sistemimizə aid tək və son sübutlar olacaq.

Qısa faktlar

Aprel 2020 tarixində NASA-nın hesabatına görə Voyager 1 Günəşdən 22.3 milyard kilometr (149.0 AU), Voyager 2 isə 18.5 milyard kilometr (123.6 AU). uzaqlıqdadır.

Voyager 1 Günəş sistemindən hər il 3.6 AU*, Voyager 2 isə 3.3 AU* uzaqlaşır.
*AU – astronomik məsafə ölçüsü. 1 AU = 149598073 km.

Ulduzlararası Missiyada hal hazırda beş elmi tədqiqat komandası fəaliyyət göstərir:

  • 1. Maqnit sahə tədqiqi
  • 2. Zəif enerji yüklü parçacıq tədqiqatı
  • 3. Kosmik şüa tədqiqatı
  • 4. Plazma tədqiqatı (sadəcə Voyager 2-ə əsasən)
  • 5. Plazma dalğa tədqiqatı 

İstifadə olunan mənbələr:

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button